» » İki yerə baxanda içim sızlayır

İki yerə baxanda içim sızlayır

Bölmə: Sosial
İki yerə baxanda içim sızlayır
Fazil Mustafa

Sübh tezdən artıq vərdişə çevirmişəm, dənizə gedirəm. Qaçıram, yüyürürəm, çimirəm, sahildə adam tapanda futbol oynayıram. Təbii ki, sahilboyu xeyli gəzdiyimə görə dənizin səviyyəsiz formada hasarlanmasının da bir daha şahidi oluram. Bir neçə mövzu barədə hər dəfə düşünməli oluram ki, Allahın bir nemət olaraq verdiyi bu dəniz bizə, yəni biz azərbaycanlılara nə dərəcədə yaraşır. Şairlərin dəniz haqqında, qağayılar və dalğalar haqqında şeirlərini, qatar-qatar buruqlarını, əlçatmaz kürüsünü, osetrin balığını qoyun bir tərəfə, sadəcə düşünün ki, bu gözəl dənizin bizə verdiyi sevginin, sağlamlığın, maddi sərvətin cüzi bir hissəsini belə? şükranlıq olaraq qaytara bilirikmi?

İlk olaraq hasarlanmadan başlayım. Diqqət yetirirəm ki, dənizə çıxan yolu hətta hasarlarla bağlamış adamların evlərindən nə səhər, nə axşam işıq gəlir, demək ki, əsas yaşayış məskəni kimi düşünülməyib, o zaman yaşamadığınız yerdə dənizə gedən çıxışı bağlamaqları, dənizin içinə qədər hasarlar çəkməyi, ən hündür hasarlarla dənizi gözəgörünməz etməyi nədən özlərinə rəva bilirlər, doğrusu anlamaq olmur. Bir də gördün təklif etdim ki, Xəzəri hasarlayıb insanların dənizə giriş-çıxışını əngəlləyənlər üçün Xəzərin içində estakadalar quraşdırılaraq, bir qəbirstanlıq yaradılsın, bu adamları öləndən sonra cənazələrini bu estakadaların üzərinə qoyaq ki, iy verənə qədər dənizin havasından, suyundan doya bilsinlər.

İkincisi, çimərlik saxlayan iri və xırda sahibkarlara hər dəfə insanın ürəyi ağrıyır. Axı Xəzər dənizi turizm üçün həqiqətən də sıxıntılı yerdir, nə qədər pul töküb çimərlik yaradırsan, cəmi iyul-avqust ayları sabit çimərlik mövsümü olur, o zaman da Bakının küləyi iki-üç gün davam edən kimi, bu çimərliklərdə gözətçilər ağzıgünə yatırlar. Heç bu yerlərin mühafizəçilərinin məvacibini verməyə sahibkarın pulu olmur. Vergi orqanlarının da vecinə deyil, yer açdınsa, gəlirin var-yox, fərq etməz, öz pulunu əvvəlcədən alıb gedir. Hələ qeyri-rəsmi ilişən qurumların tələblərini demirəm. Bu adamlar da məcbur olub xidmət qiymətini qaldırırlar, bu zaman da müştəriləri qaçır. 20 nəfərin işini 5 nəfər gördüyünə görə əhaliyə xidmətin keyfiyyəti də aşağı olur, lazımi infrastruktur yaradılmır, antisanitariya baş alıb gedir..

Açığı nə ağılla bu sahəyə pul yatırırlar, mənə də maraqlıdır, inanmıram ki, başqa yerdən gəliri olmayan hansısa sahibkarın ilboyu da tikililərin amortizasiya xərclərini ödəməyə imkanı çatsın. Fikrimcə, çimərlik biznesi rentabelli olmadığına görə, bu işə dövlət təşviqi və dəstəyi olmalıdır, əks halda Xəzər turizmi fiaskodan başqa bir şey olmayacaq. Heç hotellərin və sanatoriyaların cazibədarlığı qalmayıb, hansısa gənclər düşərgəsinə həmkarlar xətti ilə göndəriş də yoxdur, bir sözlə, dənizdən səmərəli istifadə imkanları bu və ya digər səbəbdən Azərbaycan insanı üçün xeyli çətinləşib.

Üçüncüsü, təsəvvür edin ki, Xəzərin isti hissəsi bizim, farsların və türkmənlərin əlində deyil, rusların əlində olsaydı, inanın ki, sübh tezdən sahildə iynə atmağa yer tapılmazdı. Sübh tezdən yay aylarında sahildə idman edən, yuyunan, balıq tutan 10-15 adam görəndə sevinirsən. Günəş işığından faydalanmağı sevməyən bizim kimi görən neçə millət olar? Cəmiyyətimizin tənbəlliyi bu sahildən daha rahat görünür. Məsələ sosial vəziyyətlə, kasıbçılıqla deyil, Allahın verdiyi nemətə həssaslıqla, şükranlıqla bağlıdır, ələvə pul xərcləyib xarici ölkələrə gedənlər əgər bu dənizin, bu qumun dəyərini anlamış olsalar, buradan bir addım da kənara qoymazlar.

Dördüncüsü, Xəzrin sahillərində müalicəvi hava və qum qatı var, havanı balonlara yığıb daşımaq mümkün olmadığına görə düşüblər qumun üstünə, Qızılqumun, Qırmızıqumun sahildən gecə-gündüz daşınması nəticəsində burada həqiqətən ekoloji fəlakət yaşanır və indi nə qədər müvafiq qurumlar qarşısını almağa çalışsalar da, yenə də imtiyazlı şəxslər üçün bu elə də çətinlik yaratmır.

Beşincisi, dəniz kənarında idman meydançaları olmalıdır, futbol, voleybol, qaçış, hamısı da ödənişsiz əsaslarla, qoy insanlar kütləvi şəkildə bu sağlamlıq fürsətindən yararlana bilsinlər, təəssüf ki, olan meydançaları da yoxa çıxarırlar.

Mən adətən iki yerə baxanda içim sızlayır, birincisi, qeyd etdiyim kimi, Xəzər dənizi və ona olan münasibətimiz, ikincisi isə məsuliyyətsilikdən şoranlaşdırdığımız torpaq sahələrimizdir. Həm də ona görə ki, dənizə çıxışı olmayan ölkənin, əkməyə torpaq sahəsi olmayan ölkənin əhalisinin hansı sıxıntılar yaşadığını oxuyuram, eşidirəm, duyuram. Nemətlərə şükranlıq- əslində çatışmayan əsas anlayışımız budur, məncə...

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler