» » “Mən Vətən yolunda şəhid olmağa gedirəm” -

“Mən Vətən yolunda şəhid olmağa gedirəm” - Talış yüksəkliyində həlak olan xüsusi təyinatlı

Bölmə: Sosial
“Mən Vətən yolunda şəhid olmağa gedirəm” -
Vətəni qibləgah edən şəhidlər

Emin Bağırov 2014-cü ildə Bakıdakı 182 nömrəli məktəbi bitirib, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasına sənəd versə də, bu sınaqda qalibiyyət qazana bilmədi. Elə həmin ilin oktyabr ayının 8-də əsgər getdi. Getdi ki, Vətənin keşiyində dursun.

Modern.az saytı “Aprel şəhidləri” silsiləsindən növbəti yazını təqdim edir...

2010-cu ildə Türk dünyasında yeni qəhrəmanlıq dastanı yazan Mübariz İbrahimov torpaqlarımızdakı düşməninin bir bölük əsgərini məhv edəndən sonra, Eminin hərbiyə marağı daha da artmışdı. Mübariz İbrahimov uşaqlarımıza danışdığımız nağıl qəhrəmanlarının canlı obrazını yaradaraq, Türk dünyasının əfsanə qəhrəmanı oldu. Adını qəhrəmanlıq səhifəmizə qızıl həriflərlə yazdı. Mübarizin şəhadətindən sonra gənclərimizdə vətənpərvərlik hissləri birə-beş çoxaldı. Və hər ailədə yeni mübarizlərimiz doğuldu, onun qəhrəmanlığının şahidi olan oğlanlarımız isə o ideallarla yaşadı. Hər bir oğul MÜBARİZ olmaq istədi.

Emin gözünü dünyaya açandan evdə babasından, atasından, nənəsindən, əmilərindən vətənpərvərlik dərsləri almışdı. Hər gün böyüklər namaz üstə olanda “Vətənimizin torpaqlarını özümüzə qaytarmaq üçün oğullarımıza güc ver”, “Vətəni sevmək imandandır” sözlərini eşitmişdi. Uşaq vaxtından qardaşlarının da, özünün də ən sevdiyi oyuncaqlar avtomat, tank, pulemyot idi. Üzlərinə Azərbaycan Bayrağının şəklini çəkib döyüşə gedən əsgərlər misalı sıra düzülüşü edər, bir biri ilə dava-dava oynayardılar. Beləcə Vətəni sevməyi, onun sərhədlərini qorumağı öyrəndilər. Müharibə şəraitində yaşayan ölkəmizin ictimai-siyasi həyatı, arzulamadığımız müharibə xəbərləri onları müharibə uşaqları etdi.

Hərbi xidmətə yola düşən günü 2014-cü il oktyabrın 8-də sevincinin həddi-hüdudu yox idi. Arada onu yola salmağa gələn dostlarına da pıçıldamışdı ki, “mən Vətən yolunda şəhid olmağa, o uca şəhadət zirvəsinə yüksəlməyə gedirəm”. Onun bu fikirlərini eşidən ata-anası adi bir gəncin, adi bir fikri kimi qəbul etsələr də, Tanrı dərgahında Eminin sidq-ürəkdən dediyi arzusu dərhal eşidilmişdi. Məqamı yetişəndə Allah bəndəsini öz arzusuna çatdıracaqdı.

Əvvəlcə Beyləqanda hərbi xidmət keçdi. Atası İmran kişi, əmiləri yanına gedib-gələndə onlara da deyirdi ki, “mən bilmirəm ki, bəzi oğlanlar niyə deyir ki, əsgərlik pisdir, ağırdır. Allaha and olsun ki, əsgərlikdən gözəl xidmət ola bilməz”. Hətta uğurlarından da danışırdı. Az keçmədi ki, hər yerdə birinci olmaq istəyən Emin Bağırovun vətənpərvərliyi, cəsarəti, verilən tapşırıqları heç bir çətinlik olmadan yerinə yetirməsi hərbi hissə komandirinin də diqqətindən yayınmadı. Orduda nümunəvi xidmətinə görə iki dəfə məzuniyyətə buraxıldı, evə gəlib əzizləri, doğmaları ilə də görüşdü. Günlərin bir günündə atasına xəbər elədi ki, Xüsusi Təyinatlı Qüvvələr bölüyünə yazılmaq istəyir. Atası da onun bu arzusunu çox sevinclə qarşıladı. İmran kişinin eşitdiyi sözlərdən ürəyi lap dağa döndü. Oğlu yolun ən çətinini, peşənin ən şərəflisini seçmişdi.

Yenə həmin anda Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovu xatırladı. Axı 1987-1989-cu ildə Sovet ordusu sıralarında birlikdə xidmət keçmişdilər. Sovet Ordusunun xoşagəlməyən bir adəti var idi. Əsgərlər birləşib çoxluq olanda yerliçilik iddialarını irəli sürür, hansı respublikanın çağırışçısının daha güclü komandası olmaqla, özləri haqqında nüfuz formalaşdırırdılar. Sovet Ordusunda bu qaydalara “Dedovşina” deyirdilər. İmranın xidmət etdiyi hərbi hissədə isə ermənilərlə azərbaycanlıların arasında nüfuz davası gedirdi. Həmin hərbi hissədə azərbaycanlılar erməniləri üstələmişdilər. Lakin hər zaman Bakıya, Azərbaycana içlərində bir hikkə gəzdirən ermənilər milliyyətcə yəhudi olan çəlimsiz Alberti təkləmişdilər. Günlərin bir günü İmran hərbi hissəyə təzə gəlmiş Albertin ermənilər tərəfindən sıxışdırılmasının şahidi olur və korpusda xidmət edən azərbaycanlılarla Alberti müdafiə və mühafizə edirlər. Əsgərlər biləndə ki, Albert xidmətə Suraxanıdan çağırılıb, onu öz tərəflərinə çəkib təklənməkdən xilas edirlər. Bir neçə il sonra, hərbi komissarlığa gedən İmran Bağırov divarda bir qəhrəman şəkli görür, diqqətlə baxanda, onu xatırlayır. Komissarlıqda olan lövhədə Albert Aqarunovun tankın üzərində döyüşə girib erməniləri Azərbaycandan qovan bir qəhrəman olduğu və qəhrəmanlıqla həlak olduğu yazılır. Sonradan məlum olur ki, İmranın qohumu Nazim də Albertlə eyni döyüşdə Şuşada Vətən torpaqlarını müdafiə edərkən şəhid olub. O zaman İmran fikirləşir ki, Albert Aqarunov Vətən torpaqlarını müdafiə etməklə, həm əsgərlikdəki qisasını ermənilərdən alıb.

...Sonuncu dəfə mart ayının axırında evə gələndə Emini heç tanımadılar. 6 ay XTQ-də keçdiyi kişilik, hərbi dərsləri onu lap başqalaşdırmışdı. 1 metr 80 sm olan boyu bir az da ucalmışdı. Enli kürəkləri, qüvvətli qolları əynindəki hərbi paltarın altından da özünü büruzə verirdi. Emin sözün əsl mənasında lap kinolardakı qəhrəmanlara bənzəyirdi. Təlimlərdə paraşütdən tullananda suya düşdüyündən, bir az nasazlamışdı. Hərbi hissədən evə getməyə icazə vermişdilər. Bütün qohum-qonşu, dost tanış başına yığışmış, bir qəhrəmana, cüssəli bahadıra bənzəyən bu oğlanın maraqlı söhbətlərinə qulaq kəsilmişdilər. Bir-iki gün keçəndən sonra isə təkidlə atasına demişdi ki, “mən artıq evdə qala bilmirəm. Hərbi hissə üçün darıxıram”.

Anası Sədaqət, nənəsi Xanımzada da onu fikrindən yayındıra bilməmişdi. Yola düşəndə qardaşı Yaqubu yanına çağırıb pıçıldamışdı: “Qardaş, sənə bir söz deyim, mənim istədiyim qız başqasına qismət olarsa, onun adını öz qızıma qoyacam, yox əgər nə vaxtsa şəhid olub, bu arzuma çatmaramsa, onda sən öz qızına o qızın adını verərsən...”.

Bunu deyəndə, Yaqub, onun kürəyinə vurub, sən yenə başladın... Bu boyda xidmət keçibsən ki, şəhid olasan. Hələ o qədər işləyəcəksən ki... 20 gündən sonra, xidmətini tam başa vurub, Xüsusi Təyinatlıların tam heyətində olacaqsan”.

- Zarafat etdim,- deyib qardaşını könlünü almış, sonra isə “hə, Xüsusi Təyinatlılarda xidmətə başlayan kimi evimizi təmir etdirəcəyəm. Onda atamın da, sənin də əziyyətin az olacaq. Onda daha firavan yaşayacağıq” söyləmişdi. Son dəfə belə ayrılıb getmişdi evlərindən.

Aprelin 1-ni Bağırovlar ailəsi səbirsizliklə gözləyirdilər. İmran kişi həyətində bir qurbanlıq qoç saxlamışdı, ikisini də əlavə almışdı ki, oğlunun əsgərlikdən gəldiyi günü bayram etsinlər. Bilirdi ki, Eminin gələcəyini eşidən el-obada, qohum-əqraba hər kəs gözaydınlığına gələcək.

Aprelin 1-i isə gündüzdən ermənilərin torpaqlarımızda yenə təxribat törətmələri barədə xəbərlər yayılanda, İmranın kürəyi sancdı. İçində bir təlatüm yarandı. Ayın 2-si oğlu Emin ona zəng vuraraq, gümrah səslə: - Ata, kef elə, qalibiyyət və nailiyyət bizim tərəfdədir. Düşməni torpaqlarımızdan qovmuşuq. 1-2 günə evə qayıdıram. Narahat olma. Hər şey əladır - demişdi.

Telefonu qapadandan sonra, elə bil ki, qeybdən İmranın qulağına bir səda gəldi: “Oğlun şəhid olacaq...”.
Tez ətrafına baxdı. Kimsə yox idi. Hirslə əlində gördüyü işi yarımçıq qoyub, evə çıxdı. Əsəbi, nigaran vaxtlarında Qurani-Kərimi oxuyub rahatlıq tapırdı İmran kişi. Kitabdan bəzi surələri bir az mütaliə edəndən sonra, oğlunun adına səhifə açdı. Səhifədə “Şəhidlərə aid ayə” çıxdı. Düz ayın 5-nə qədər ürəyi köksünə sığmadı.

Aprelin 1-dən sonra Ermənistan qoşunlarının torpaqlarımızda təxribat törətmələri məlum olanda, xüsusi təyinatlıların bölüyündə təlim keçən Emin Bağırov əslində yol çantasını yığıb evə qayıtmalıydı. Hərbi hissə komandiri, əməliyyata gedən dəstəni formalaşdıranda, Emin Bağırovu bölmədən kənarlaşdırmışdı. Lakin Eminin cavabı öznünü çox gözlətməmişdi. Emin: “Öncə vətəndir, ata-ana gözləyər. Mənim evdə iki qardaşım var... Çox xahiş edirəm, məni də döyüşə yazın. Döyüş qabiliyyətimdən xəbəriniz var...” .Çox yalvar-yapışdan sonra, hərbi hissə komandiri ona da XTQ-nin üzvləri arasında döyüş bölgəsinə getməyə icazə vermişdi.

Elə ilk döyüşdən üzüağ çıxmışdılar. Hərbçilər 25 ilə yaxın düşmən nəzarəti altında olan Talış kəndi istiqamətində yüksəkliyi azad etdiklərinə görə, sevinclərindən Vətəni öyən, Ordumuzun gücünü tərif edən mahnılar oxuya-oxuya irəliləyirdilər. Talış yüksəkliyində olan döyüşdə ən yaxın dostları Nicat və Təbriz də onunla idi. Əməliyyat baş tutmuşdu. Onlar burda xeyli ərazi azad etmişdilər. Hətta düşmənin arxa istehkamına keçib, onları məhv etmişdilər. Qarşı tərəfdən atılan top və mərmilər tükənmək bilmirdi. Qızğın döyüş gedən vaxt ətrafa mayor Ələsgər Eynullayevin ağır yaralanıb yüksəklikdə qaldığı barədə xəbər yayılmışdı. Təcrübəli hərbçilər mayoru güllə və mərmi yağışının altından xilas etmək haqqında fikirləşirkən, Emin hər kəsdən xəbərsiz irəliyə atılıb, yüksəklikdə yaralı halda huşunu itirən mayoru sürüyüb, çıxara bildi. Onun bir göz qırpımında etdiyi bu qəhrəmanlıqdan dostları xüsusi zövq aldılar. Bütün hərbi əməliyyatlarda öndə gedən, 6 ay ərzində özünü ən cəsur döyüşçü kimi göstərən Emin Bağırov qızğın döyüşdə də həmin cəsarətini nümayiş etdirirdi.

Aprelin 4-ü, dan yeri ağarmağa başlayanda komandirlər Raquf Orucov, Vüqar Yusifov öndə gedərək, əsgərləri arxaları ilə Talış yüksəkliyinə aparıb, oranı azad etmişdilər. Oradan da düşməni qovub geri oturtmuşdular. Əslində qarşıdan kimsə həmlə gözləmədiyi halda, birdən minaatan mərmisi gəlib Təbriz Əsgərovu və Nicatı vurdu. Təbriz Əsgərov elə yerindəcə həlak olmuşdu, Nicat isə yaralanmışdı. Yaxın dostu Təbrizin həlak olduğunu görən Emin onu götürmək üçün özünü qabağa atdı. Elə bu vaxt atılan digər mərmi Eminin həyatına son qoydu. Emin həmin an arzuladığı şəhidlik məqamına yetişərək, Tanrısının yanına uçdu.


Oğlunun şəhidlik xəbərini bütün Binəqədi rayonu bilsə də, İmrangildən gizli saxlayırdılar. Nəhayət aprelin 5-i qardaşı və rayon əhli bu xəbərdən valideynləri agah etdilər.
Emin bu həyətə gəlininin qolundan tutub bəy paltarında girməliykən, dostlarının, hərbçilərin çiyinlərində gəlmişdi. Eminin tabutu həyətə gələndə babası Vəzirxan kişinin naləsindən yer-göy titrədi. Nərə çəkib ağladı. Bu kəndin içərisində hələ kimsə belə dil deyib, ağlamamışdı:

Bağım qara boyandı,
Axar sular dayandı.
Mənim ahu-zarımdan,
Çərxi fələk oyandı.

Əzizim hay mənimçün,
Göndərdi pay mənimçün.
Mən ölsəm sənə qurban,
Sən öldün vay mənimçün.

O gündən sonra kişi saraldı-soldu. Daha ağlaya bilmədi, qəhəri boğazına yığdı. Dərdi ürəyinə. Eminin il mərasimini verəndən düz 20 gün sonra, 2017-ci il aprelin 24-də “Emin” deyə-deyə dünyadan köçdü. Ölən günə qədər Emin dilindən düşmədi. Şəklini gözünün qabağına qoymuşdu. Deyirdi ki, “şəkil gözümün qabağında olsun ki, hər gözümü açanda onu görüm”.

“O gün bu gün hamımız dəli-divanə olmuşuq Emin üçün. Qadınlar ağlayıb, ürəyini boşaldarlar. Kişilər dərdi içərilərinə vururlar... İndi də İmran ürəyimi dağlayır” - deyir Eminin nənəsi Xanımzada. Hər gecə Eminin paltarlarını qucaqlayıb yatır. Balasının ətrini alır paltarlarından.

Atası İmran anasına deyir ki, “bir uzaq yer istəyirəm ki, qaça-qaça gedim oralara, səsim yayıldıqca “Emin....” deyib qışqırım, çağırım oğlumu, bəlkə səsimi eşidə...”.
İmranı Eminin döyüşdüyü, xidmət etdiyi yerlərə də apardılar. Gedib balası gəzən yerləri addım-addım gəzib qayıtdı. Hərbi hissədə xüsusi təyinatlılar “Aprel döyüşləri”ndə həlak olanların adına bağ salıblar. Orda Eminin adına da ağac əkiblər. Emini hamı çox istəyirdi. Emin uşaq yaşlarından hörmət qazanmışdı.

Xanımzada nənə danışdıqca, qovrulur, yanıb tökülürdü, gözlərinin yaşını silə-silə bir dəqiqə unutmadığı Eminin uşaqlığı vərəqlədi:

- Əlindən tutub birinci sinfə aparmağım gəlir yadıma. Elə ilk gündən sinifdə seçilməyə başladı. Məktəbdə ən dəcəl uşaq idi, dalaşqan idi. Məktəbdə teatrlarda baş rolu oynayardı. Səlis danışığı, məntiqi var idi balamın. Bir dəfə şah rolunda, bir dəfə dəcəl oğlan rolunda çıxış etmişdi. Sonradan Respublika Gənclər Teatrında da müsabiqələrin qalibi oldu. Hara getsə baş çıxarardı, hamı ilə dil tapıb dost olurdu. Sonra idmana getdi. Bu gördüyün medalların hamısını idmanda qazanıb. Atasının artıq pulu olmadı ona müəllim tutsun, oxutdursun...

Eminin anası Sədqət xanım qaynanasının yanında hələ də danışmağa ürək eləmir. 25 ilə yaxındır ki, bu ocağa gəlin gəlib, ancaq qaynanası ilə ana-bala münasibətində olublar. Eminin şəkillərini düzür stolun üstünə, sevə-sevə oxşayır oğlunun gözlərini, boyunu... Xeyli keçəndən sonra o da danışmağa başladı:

- Emin deyirdi ki, “ana, Xüsusi Təyinatlı Qüvvələrdə qalacam”. Üç oğlum var. Böyük oğlum ikinci dərəcəli əlildir. İkinci oğlum Yaqub və Emin hər ikisi idmanla məşğul olurdular. Halallıqla dolanan ailəyik, malımıza haram qatmırıq, kiçik bir dükanımız var. Evdə hamı ibadət edir, ona görə dükanda spirtli içki satmırıq. Alver zəif olur. Amma buna baxmayaraq Allaha asi deyilik, şükür edirik. Allah verdiyini bir gün alır... Neyləyə bilərik.

- Oğlunuza görə də şükür edirsiz?

- Neynəməliyik ki, Allah verib, Allah da aldı. Elə almadı, şəhid elədi, ən uca məqamı verdi övladımıza. Şəhidlərin anasına Allah əvvəlcədən səbr verir. Mənə də səbr verdi. Əsgər getməmişdən əvvəl deyirdi ki, “mən şəhid olacam əsgərliyimin sonunda. Mənim adım zirvələrdən gələcək. Sən şəhid anası olacaqsan”. İnanmırdım, elə bilirdim ki, uşaqdır da, boş-boş danışır. Birinci sinfə gedəndə müəllim ondan soruşmuşdu ki, böyüyəndə kim olacaqsan, o müəlliminə “Əsgər olacam” - deyə cavab vermişdi.

Yaqub qardaşı Eminlə elə bil ki, bir almanın iki üzüdür. “Yaman çətindir Eminsiz mənimçün”- deyir, Yaqub.
“Hara baxıram onu görürəm. Mən onunla fəxr edirdim ki, əsgərlikdə belə hörmət, ad-san qazanıb. Özündən böyüklərlə birlikdə hər 19 yaşlı oğlan döyüşə girməz. Emin isə elə qəhrəman idi ki, Vətən üçün, torpaq üçün döyüşə atılmışdı. Döyüş bölgəsindən yaralı zabiti çıxarmaq əsl qəhrəmanlıq deyil bəs nədir? Emin bunu da bacardı. Qardaşım əlbəyaxa döyüş növü üzrə, idmanın uşu növü üzrə respublika çempionu idi. Özü də kəskin nişançı idi. Atdığı güllə də, ox da hədəfə dəyirdi. Paraşütdən tullanma üzrə ikinci yeri tutanda bizə xəbər elədi, elə sevinirdi ki... Anam deyəndə ki, cənnət anaların ayağı altındadır, qardaşım deyirdi ki, ana gəl öpüm ayaqlarının altından. Hamımız qisas haqqında düşünürük. Hamımız silaha sarılmağa hazırıq. Biz bu gün də Ali Baş Komandanın əmrini gözləyirik, qisas hissi ilə yaşayırıq”.

İmran Bağırovun son sözləri ilə Emin hekayətini sona yetişdirmək istəyirəm:

- Emin həmişə gülürdü. Həyata gülürdü. Dünyaya gülürdü. Ona gülməyi biz öyrətmişdik. Ona öyrətmişdim ki, kim olursansa ol, Vətənə xeyirli oğlan ol. Torpağı qorumaq dindən imandandır, ancaq torpağı hamı qorumalıdır. Ölüm əbədi həyatdır. Mən elə bilirdim ki, ata-anasız yaşamaram. Emin öz ölümü ilə məni bərkitdi. İndi atamın da yoxluğuna dözürəm. Quran oxuyanda deyirdim ki, Allah mən şəhid olum. Ancaq oğlumu mənim əvəzimə apardı. Emin əbədiyyətdir. Hamı gedəcək, Şəhidlər qalacaq”.

Bİnəqədinin kənd qəbristanlığında Eminin qara mərmərdən məzarı ucalır. Özünün arzuladığı kimi, ən yüksək yerdədir. Buradan Bakının hüdudları görünür. Onun məzarını, qibləgahımızı ziyarət edəndə, anası Sədaqət xanım məzarın yanında yatan pişiyi göstərib dedi ki, Emin burada dəfn edilən gündən bu pişik onun məzarının ətrafından çəkilmir.

Bu dünyada bir Emin var idi. Çox az ömrü yaşadı. Bu ilin 15 iyulunda 20 yaşı olacaq. Bu dünyadan özü ilə bir nakam sevgi apardı. Özündən başqasına həyat verib, qəhrəmanlıqla həlak oldu. Vətən Mübariz kimi, Fərid kimi, Emin kimi oğlanları ilə Vətən olur. Tanrının da, xalqın da yaddaşında qəhrəmanların yeri, şəhidlərin yeri bir başqadır. Emini məmurlar unuda bilər, Tanrı isə unutmayıb, O Tanrının dərgahına ucalıb.


“Mən Vətən yolunda şəhid olmağa gedirəm” -
“Mən Vətən yolunda şəhid olmağa gedirəm” -
“Mən Vətən yolunda şəhid olmağa gedirəm” -
“Mən Vətən yolunda şəhid olmağa gedirəm” -
“Mən Vətən yolunda şəhid olmağa gedirəm” -
“Mən Vətən yolunda şəhid olmağa gedirəm” -
“Mən Vətən yolunda şəhid olmağa gedirəm” -
“Mən Vətən yolunda şəhid olmağa gedirəm” -
“Mən Vətən yolunda şəhid olmağa gedirəm” -
“Mən Vətən yolunda şəhid olmağa gedirəm” -
“Mən Vətən yolunda şəhid olmağa gedirəm” -
“Mən Vətən yolunda şəhid olmağa gedirəm” -
“Mən Vətən yolunda şəhid olmağa gedirəm” -

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler