» » Ölkədə savadsız sürücülərin və qəzaların sayı günbəgün artır

Ölkədə savadsız sürücülərin və qəzaların sayı günbəgün artır

Bölmə: Sosial
Ölkədə savadsız sürücülərin və qəzaların sayı günbəgün artır

“Adımı harasa yazdırmışdılar, nə mən onların üzünü gördüm, nə də onlar mənim, axırda da 900 manatımı verib vəsiqəmi aldım”
Yol-nəqliyyat hadisələrinin sayı günbəgün artır. Xəbərlərin böyük bir hissəsini son vaxtlar az qala bu məlumatlar tutur. Bəs sürət həddini aşan kimlərdir? 40 ilə yaxın təcrübəsi olan taksi sürücüsü V.Abdullayev pulla satın alınan sürücülük vəsiqələrini qəzalarda "günahkar" bilir. Onun sözlərinə görə, vəsiqələrin alınmasında ciddi islahatlara ehtiyac var:

"Yaxın qohumum da sürücülük vəsiqəsinin verilməsi işi ilə məşğuldur. "QAİ"də işləmir, məktəblə əlaqəlidir, vasitəçilik edir, vəsiqəni alıb verir. Əvvəllər bir az "ucuz" idi, oğlanlarımın hər birinə 700 manata vəsiqə aldıq. İctimai nəqliyyatı sürmək üçün "D" kateqoriyası "baha"dır, 1000 manatdan az olmaz. Doğrudur, oğlanlarım sürücülük vəsiqəsini satın alıblar, amma onlara təlimi özüm vermişəm. Özüm isə Sovet vaxtında sürücülük məktəbini Rusiyada bitirmişəm. 6 ay əziyyət çəkərək oxuyub, imtahan verərək vəsiqə almışam, buradakı kimi pulla deyil. Sonradan "D" kateqoriyasını 3 aya endirdilər. Hazırda isə heç kursa da getməyə ehtiyac yoxdur, pulunuzu verin, ay yarım, 2 ay sonra vəsiqə cibinizdədir. Nəinki sizin sürmək bacarığınıza baxmırlar, sizi heç görmürlər, tanımırlar. Gedib şəklinizi çəkdirirsiz, vəsiqə verəndə də ancaq onu görürlər. Sürücülük vəsiqəsinin hər kəsə paylanmasını düzgün saymıram. Bunun nəticəsidir ki, avtomobillə törədilən qəzaların sayı artıb. Çoxu heç yol hərəkəti qaydasını da bilmir. Yolu qorxa-qorxa gedirik, bilmirik ki, sükan arxasındakı bizi buraxacaq, ya yox. O, özü də bilmir axı yol özünündür, yoxsa qarşıdakının, birbaşa üstümüzə gəlir. Kursda təhsil alan sürücülər qaydaları bilir, oxumayan haradan bilsin? Yol qaydalarında cüzi yeniliklər, dəyişikliklər olsa da, baza yerindədir. Elə yerlər də var ki, işarəni ağacın arxasında gizlədirlər ki, görünməsin. Bunu mən bilirəm, amma "xam" sürücü bilmir. Bakıda elə yollar var ki, dolaşıqdır. Peşəkarlar dərhal hərəkət üstünlüyünün kimdə olduğunu bilir, rüşvətlə "prava" alan isə bütün hərəkəti dayandırır. "Amay" Ticarət Mərkəzini keçəndən sonra yolun sağında "yol ver" işarəsi var. Amma gəlin görək buna hamı əməl edirmi? İşarələri bilmədikdən sonra necə əməl etsinlər? Sağdan gələnlər üstümüzə sürür. Çoxluq onun nə üçün olduğunu belə bilmir. Neçə gündür xəstəxanaya gedib-gəlirəm, oğlumu xəbərdar edirəm ki, "burada ehtiyatlı ol, çoxu işarənin nə olduğunu bilmir". O qədər başı çıxmayan, savadsız sürücülər var ki".

Naşı sürücü sükana oturanda "canavar"a dönür

Peşəkar sürücü vəsiqənin təcrübəsizlərin əlinə bu şəkildə keçməsində Dövlət Yol Polisində (DYP) əyləşənləri qınayır: "İnsanların taleyini həll edən belə vacib bir peşəni pulla satmaq olmaz. Sonra da deyirlər ki, mədəniyyətsiz sürücülər qəza törədirlər. O, sürücü deyil ki, pul verib sürücülük statusu alıb. Vəsiqəni pulla almağa insanları özləri sürükləyirlər. Pul yığmaq üçün hər şeyi düzüb-qoşublar. Biləni də dolaşdırırlar ki, qoy zəhmət çəkib rüşvətini verib alsın. Suallar mürəkkəbdir, adi yol qaydalarına aid yox, daha çox az rast gəlinən vəziyyətlər barədədir. İmtahanı ilk cəhddən verən birini tanımıram, əgər kimsə qarşısına məqsəd qoyubsa ki, sürücülük vəsiqəsini öz gücünə alacaq, bunu 3-4 imtahandan sonra edə bilib. Hətta bildiyimə görə imtahan şöbəsində elə hiylələr edirlər ki, düyməni düzgün cavabın üzərinə qoysanız da, yanlış göstərə bilər. Bu hiylə hələ Sovetin vaxtından var, indi onların sayı daha da artıb".

Yeri gəlmişkən, iş yoldaşım Mehman sürücü hüququ qazanmaq üçün 2 dəfə imtahan vermişdi və sonda da istəyinə nail olmuşdu. Kimsəyə də bir qəpik verməmişdi. Mən özüm də pulla imtahan verməmişəm, əziyyət çəkib oxumuşam. Sürücü olmaq üçün nəzəriyyəni öyrənmək avtomobilin özünü idarə etmək qədər vacibdir. Müsahibim də təsdiqləyir ki, bunların biri olmadan hərəkətli yolda nəqliyyat idarə etmək cinayətdir: "O vaxt avtobus sürücüsü işləmək üçün 3 il sürücünün yanında oturub praktika keçirdik. Yalnız bundan sonra ictimai nəqliyyatı idarə etməyə icazə verilirdi. Amma indi pulunu ver, "prava"nı al, dərhal da avtobus sür, problem deyil. Əksəriyyəti də cavan uşaqlardır. Hər gün baş verən qəzaları görürlər, amma yenə abırları yoxdur, sürəti azaltmırlar. Elə bil ki, kardırlar, kordurlar, ətrafda baş verənlərdən sanki xəbərsiz kimi davranırlar. Xəbərdarlığı eşidirlər, fikirləşirsiz ki, qəzalar bir az səngiyəcək. Əksinə olur, sabahı gün ondan da çox sayda qəza xəbərini eşidirik. Əvvəlki illərə nisbətən son 2-3 ildə qəzaların sayı xeyli artıb. Səbəbkar isə sükan arxasında sürəti "sevən" naşı sürücülərdir. Yerdə baxırsız ki, normal insandır, sükana oturanda canavara dönür. Mən sürücülük həyatımda heç vaxt qəza törətməmişəm. Amma iki dəfə mənim maşınımı "svetofor"da dayandığım zaman vurublar. Cavan idilər, heç sürücülük vəsiqəsini də öz "beyinləri" ilə alana oxşamırdılar. İndiki cavanların 90 faizi sürücülük vəsiqəsini satın alır. Artıq sistem belə qurulub, həyatımızın asılı olduğu belə bir məsuliyyətli işi alver obyektinə çeviriblər. Onlar da özlərinə əziyyət vermir, "puluna minnət" deyib alırlar. Çox az adam oxuyaraq öz biliyinə vəsiqə alır. Ətrafımızda beləsini mən heç tanımıram da. Amma rüşvətlə sürücülük vəsiqəsi alanları sadalaya bilərəm".

"Pulunu "ödə", sonra gündə bir adam vur"

Müsahibim qəbul olunan sürət həddindən kənara çıxmadığını deyir: "Qəzaların 95 faizinə sürət səbəb olur. Əgər sürət həddi ötülməzsə, qəza da az olar, hətta olarsa belə, ağır faciə ilə nəticələnməz, yüngül xəsarətlərlə ötüşərlər. Bir var qarşıdakı maşını saatda 150 km sürətlə vurasız, bir də var 40-50 ilə. İkinci halda uzaqbaşı avtomobil əziləcək, saatda 150 km sürətlə gedən avtomobildə qəza baş verərsə, ölüm qaçılmazdır. Mən ətrafda yol polisi əməkdaşı var, ya yox, bunlara fikir vermirəm, qaydalara əməl edirəm. Sürücülərin çoxu isə sanki yol hərəkəti qaydalarına "QAİ"nin xətrinə əməl edir, ondan uzaqlaşdılarsa, vəhşiləşirlər. Əziyyət çəkib oxumuşam və özümü peşəkar sürücü sayıram, ona görə də qaydalara riayət etməyi peşə borcum bilirəm. Başqaları isə avtomobil idarə etməyə həvəskar kimi baxırlar. Maşın sürəti sevmir, sükan arxasında spirtli içki içib oturmaq, telefonla danışmaq, hətta siqaret belə çəkmək olmaz. Bunlar sürücünün diqqətini yayındıran amillərdir. Diqqət isə daim yolda olmalıdır. Doğrudur, vəsiqəni satın alan sürücülər çoxdur, amma qəzalarda piyadaların da iştirakı az deyil. Getdiyiniz yolda qarşınıza çıxırlar. Piyadaların çoxu yol hərəkəti qaydalarını bilmirlər. Bilənlər də əməl etmirlər. 100 metrlikdə keçidi qoyub yolun ortası ilə gedirlər. Piyadanın yolu keçiddir, maşın yolu deyil. Qanunla keçid olan yerlərdə piyada vurulubsa, sürücü həbs olunmamalıdır. Təbii ki, ölümə əgər sürət həddini aşma səbəb olmayıbsa. Sürücülük vəsiqəsini pulla alan çox vaxt buna fikir vermir, ölənin də "qanı batır". Bizə nə var, bizdə hər şey pulladır, pulunu "ödə", sonra istəyirsən gündə bir adam vur. Çox belə hadisələr eşitmişəm, piyadanı vurub, 100-150 min manatla "canlarını qurtarıblar". Pulun varsa, heç nədən qorxma".

Sürücü paytaxtdakı mürəkkəb yollardan da narazıdır: "20 Yanvar dairəsi hərəkət üçün ən qarışıq və təhlükəli yerdir. Yolu heç bir şəkildə düz qurmayıblar, hərəkət o cür tənzimlənməməli, orada ikitərəfli "svetofor" olmalıdır. Yol dairəyə girənindir. Nəzərə alsaq ki, adını çəkdiyim yer nəqliyyatın ən çox olduğu ərazidir, dairədə daim avtomobillər hərəkətdədir. Bu tərəfdən gedən nə qədər gözləməlidir? Ona görə məcbursuz birtəhər qaydanı pozmaqla da olsa, irəli soxulasız, yoxsa axşamacan ordasız. Üçüncü mikrorayonda da vəziyyət eynidir, kim basıb keçdisə, yol onundur. Ya da gərək əlinizlə digər sürücülərdən yolu keçmək üçün "icazə" alasız. Bakıda bu tipli yollar çoxdur və həmin yerlərdə qəzalar da baş verir. Dairədə "svetofor" olmur, çünki üstünlük hüququnu sürücülər bilməlidir. Amma barəsində söhbət gedən yollar mürəkkəb olduğuna və bizdə də savadsız sürücülər üstünlük təşkil etdiyinə görə bu şəkildə tənzimlənməməlidir. Ukrayna dairəsində isə piyadalar, elə sürücülər üçün də risk yüksəkdir, onlara görə keçid nədir, zolaq belə yoxdur, halbuki 4 tərəfə yol ayrılır, hər biri də ikitərəflidir. Orada xeyli qəzalar da baş verib. Kənar küçələrin heç elə bil ki, bu ölkəyə dəxli yoxdur, ancaq mərkəzdə piyada zolaqları çəkilir".

"İmtahanda əlini heç nəyə toxundurma" dedilər

Peşəkar sürücü hesab edir ki, sürücülük imtahanlarını DYP-dən alıb Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına vermək lazımdır. Sürücülük vəsiqəsini isə test imtahanlarını uğurla verənlər ASAN xidmətdən alsınlar. Təhsilli, savadlı sürücülərin sayı nə qədər çox olarsa, nəqliyyatın hərəkətində də bir o qədər müsbət dəyişikliklər baş verər. Piyadaların cərimələnməsi isə təkcə "Nizami" kinoteatrının ətrafında qayda yaratmaqla düzələn deyil, bunu hər yerdə, həm də qanun çərçivəsində tətbiq etmək lazımdır. Cərimələr hansısa qurumun büdcəsini doldurmağa yox, həqiqətən də insanların maariflənməsinə xidmət etməlidir: "Baxmayaraq ki, yol polisinin yolda müəyyən üstünlük hüququ var, onlar bundan istifadə edir, hətta qaydanı pozmaq lazım olmayanda belə qayda pozurlar. Nə vaxt baxırsız sükan arxasında telefon əllərindən düşmür. Bunu sıravi bir sürücü edərsə, onu yerindəcə cərimələyirlər, polisə isə qayda pozmağı "qanuniləşdiriblər". İrad tutsanız, deyəcəklər ki, xidməti işlə bağlıdır. Amma araşdırılsa, xidmətlə bir əlaqəsi yoxdur. İlk növbədə yol polisi başqa sürücülərə və eyni zamanda piyadalara nümunə olmalıdır. Amma əksinə, qaydanın çoxunu özləri pozurlar. Elə bəzi yol qəzalarında da onların iştirakı və "xidmətləri" olur".
A.Əhmədov da taksi sürücüsüdür. Etiraf edir ki, sürücülük vəsiqəsini pulla alıb. Deyir, 2 il əvvəl adını sürücülük kursuna yazdırıb, amma dərslərə getməyib, sonda da vəsiqəni 900 manata alıb. Kürəkəni özününkünü tanışlıqla 850 manata əldə edib: "Həftədə bir neçə dəfə dərsə getməyə həvəsim yox idi. Adımı haradasa yazdırmışdılar, sonra sənədləri gətirdilər, imzaladım. Qaydaları evdə kitablardan oxudum, sürməyi isə əvvəldən öyrənmişdim. İmtahan vaxtı çağırdılar. Oturdum kompüterin önündə. Yaxınlaşıb tapşırdılar ki, əlimi heç nəyə toxundurmayım. Dedilər ki, "15 dəqiqə sonra çölə çıx". Heç suallar belə ekrana gətirilməmişdi. Dediklərinə əməl elədim. Camaat necə, mən də elə. Uzaqda deyəsən bir-iki nəfər özü testə cavab verməyə çalışırdı, kompüterin səsi gəlirdi. Pullu olanları isə görünür bir tərəfdən yığmışdılar. Şəhərdə hərəkət etsəm də, açığı, bəzi qaydaları dəqiq bilmirəm. İşarələr olanda bilirəm, işarə olmayanda isə düşürəm birinin arxasınca, ya da digər sürücülərin hərəkətini gözləyirəm".
Deyir, çevrədə 10 nəfərdən 7-si "prava"nı satın alır. Kiminlə söhbət edirsə, "adımı yazdırmışam, "prava" alacam", cümləsini eşidir. 2-3 ay sonra gedib həqiqətən "alırlar". Rüşvətsiz vəsiqə alan eşitməyib. İki il əvvəl Gəncəyə gedirmiş, 15 yaşlı nəvəsi yanında oturub. Yol polisi ona cərimə yazıb, özünü də xəbərdar edib ki, yalnız 18 yaşdan yuxarı "uşaqlar" ön oturacaqda əyləşə bilər. O da inanıb. Indi nəvəsinin 18 yaşa çatmasını gözləyir ki, yanında əyləşdirsin. Bu da rüşvətlə "oxumağ"ın nəticəsi.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler