» » Su təsərrüfatı işçiləri peşə bayramını qeyd edib

Su təsərrüfatı işçiləri peşə bayramını qeyd edib

Bölmə: Sosial
Su təsərrüfatı işçiləri peşə bayramını qeyd edib
İyunun 5-i su təsərrüfatı və meliorasiya işçilərinin peşə bayramıdır. Prezident İlham Əliyevin 14 may 2014-cü ildə imzaladığı Sərəncamla bu tarix “Su təsərrüfatı və meliorasiya işçiləri günü” peşə bayramı kimi təsis edilib.

Bu münasibətlə “Azərsu” ASC və Meliorasiya və Su Təsərrüfatı ASC-nin kollektivləri Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, görkəmli dövlət xadimi Heydər Əliyevin xatirəsini yad edib, məzarı önünə əklil qoyublar. Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad olunub, məzarı üstünə gül dəstələri düzülmüşdür. Sonra Şəhidlər Xiyabanında Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsi anılmış, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyulub.

Bakı Biznes Mərkəzində “Su təsərrüfatı və meliorasiya işçiləri günü” peşə bayramı münasibəti ilə “Ümummilli lider Heydər Əliyev Azərbaycanın su təsərrüfatı və meliorasiya sahəsinin yaradıcısı və müəllifidir” mövzusunda elmi-praktiki konfrans keçirilib.

Azərbaycan Respublikası Prezidentinin Aqrar siyasət məsələləri üzrə köməkçisi-şöbə müdiri Azər Əmiraslanov son illər su təsərrüfatı və meliorasiya sahəsində irimiqyaslı layihələrin həyata keçirildiyini xatırladaraq qeyd etmişdir ki, bu sahədə görülmüş işlər kənd təsərrüfatının inkişafına və əhalinin sosial rifahının yaxşılaşdırılmasına xidmət edir. Sonra A.Əmiraslanov su təsərrüfatı və meliorasiya sistemində səmərəli fəaliyyətlərinə görə bir qrup əməkdaşın fəxri adlar və medallarla təltif olunması haqqında Prezident İlham Əliyevin sərəncamlarını oxuyub.

Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri Əhməd Əhmədzadə meliorasiya və su təsərrüfatının inkişafında ulu öndər Heydər Əliyevin böyük və tarixi xidmətlərinin olduğunu qeyd edərək bildirmişdir ki, qədim suvarma əkinçiliyi ənənəsi olan Azərbaycanda meliorasiya və irriqasiya işlərinə keçən əsrin əvvəllərində başlanılsa da, bu sahənin əsas inkişafı ulu öndərin respublikamıza rəhbərlik etdiyi 1969-1982-ci illərə təsadüf edir. Həmin illərdə meliorasiya və su təsərrüfatı sahəsində quruculuq işləri geniş vüsət almış, iri su anbarları, çoxlu sayda hidroqovşaqlar, nasos stansiyaları, müasir meliorasiya və irriqasiya sistemləri tikilib istifadəyə verilmiş, suvarılan torpaqların ümumi sahəsi 1,5 dəfədən çox artmışdır: “Azərbaycanda meliorasiya və su təsərrüfatının genişmiqyaslı, intensiv inkişafına ulu öndər Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi 1969-cu ildən başlanılmışdır. Ağstafaçay, Sərsəng, Yuxarı Xanbulançay su anbarları, Mil-Muğan, Lənkərançay hidroqovşaqları, həmçinin Baş Mil kanalı məhz ulu öndərin Azərbaycana rəhbərlik etdiyi dövrdə tikilərək istismara verilmişdir. Ulu öndərin meliorasiya və su təsərrüfatının inkişafına göstərdiyi diqqət hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bunun nəticəsidir ki, hazırda respublikada geniş suvarma sistemlərinə, kollektor-drenaj şəbəkələrinə malik meliorasiya və su təsərrüfatı kompleksi fəaliyyət göstərir. Cənab Prezidentin təşəbbüsü ilə həyata keçirilmiş böyük infrastruktur layihələri - Şəmkirçay və Taxtakörpü su anbarları, Taxtakörpü-Ceyranbatan su kanalı qısa müddətdə tikilərək istismara verilmiş və hazırda ölkə iqtisadiyyatının inkişafına töhfələr verməkdədir”.

“Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynov çıxış edərək bildirmişdir ki, su təsərrüfatı və meliorasiya işçiləri günü peşə bayramının təsis edilməsi ölkə başçısının su təsərrüfatı işçilərinin əməyinə verdiyi qiymət və göstərdiyi diqqətin bariz nümunəsidir. “Azərsu” ASC-nin sədri Azərbaycanın su təsərrüfatı sektorunun böyük tarixi yol keçdiyini xatırladaraq bu sahədə ulu öndər Heydər Əliyevin tarixi xidmətlərindən danışmışdır: “İstehlakçıların içməli su təchizatı və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılmasına yönəlmiş layihələrin əsas hissəsi ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır"

Q. Hüseynov qeyd etmişdir ki, Küllülü su mənbəyi, Şirvan-Muğan, Sabirabad-Saatlı, magistral su kəmərlərinin, həmçinin Xanbulançay, Mingəçevir və Quba sutəmizləyici qurğularının istismara verilməsi regionlarda əhalinin keyfiyyətli içməli su ilə təminatına mühüm töhfələr vermişdir. Hazırda44 şəhər və rayon mərkəzində su və kanalizasiya layihələrinin icrasına başlanılamışdır. İndiyədək həmin şəhərlərin 20-də həm su, həm də kanalizasiya şəbəkəsinin, 8-də isə su şəbəkəsinin tikintisi yekunlaşmışdır. Ötən müddətdə şəhər və rayon mərkəzləri ilə yanaşı, su qıtlığı müşahidə olunan 350-dən çox kənddə həyata keçirilmiş layihələrdən 360 mindən çox insan faydalanıb.

Dövlət başçısının ərzaq təhlükəsizliyinin və ixrac potensialının artırılmasının təmin edilməsi barədə tapşırıqlarına uyğun olaraq “Azərsu” ASC Zərdab, Hacıqabul və Şamaxı rayonları ərazisində əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması məqsədilə layihələr icra edir.

Ümumilikdə, “Azərsu” ASC-nin 13 illik fəaliyyəti dövründə 7500 km magistral və paylayıcı su xətti, 2800 km kanalizasiya kollektoru və xətti, 4 sutəmizləyici qurğu, 221 su anbarı, 110 su və kanalizasiya-nasos stansiyası tikilib, 292 artezian və subartezian quyusu qazılıb.Görülmüş işlər nəticəsində mərkəzləşdirilmiş qaydada içməli su ilə təmin olunan əhalinin sayı 2 dəfədən çox artaraq 4 milyon 500 mini keçmişdir. Hazırda ölkə üzrə xidmət göstərilən əhalinin 65,9, Bakı şəhərində isə 80,8 faizi fasiləsiz rejimdə içməli su ilə təmin edilir.

Konfransda Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov, Baş nazirin müşaviri Musa Məmmədov, Nazirlər Kabinetinin Aqrar siyasət şöbəsinin müdiri Əli Məmmədov, Su Təsərrüfatı İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Akif Məmmədov, Kənd Təsərrüfatı, Qida Sənayesi İşçiləri Həmkarlar İttifaqı Komitəsinin sədri Tofiq Quliyev ölkəmizdə su təsərrüfatı və meliorasiya sektorunda görülmüş işlərin əhəmiyyətindən danışmış, bu sahədə çalışan işçilərin əməyini yüksək qiymətləndirib.

Tədbirdə konfrans iştirakçıları adından Prezident İlham Əliyevə müraciət qəbul edilmişdir. Konfrans Azərbaycan Meliorasiya və Su Təsərrüfatı və “Azərsu” Açıq Səhmdar cəmiyyətlərinin fəaliyyətindən bəhs edən filmlərin nümayişi ilə başa çatıb.

Qeyd edək ki, Prezident İlham Əliyevin 3 iyun 2016-cı il tarixli sərəncamları ilə su təsərrüfatı sahəsində səmərəli fəaliyyətlərinə görə “Azərsu” ASC-nin 14 əməkdaşı fəxri adlar və medallarla təltif olunmuşlar. Təltif olunanlardan 2 nəfəri “Əməkdar mühəndis” adına layiq görülmüş, 12 nəfəri isə “Tərəqqi” medalı ilə mükafatlandırılıb.

Su təsərrüfatının inkişafında xüsusi xidmətlər göstərmiş və əmək fəaliyyətində fərqlənən 107 əməkdaş “Azərsu” ASC sədrinin əmri ilə Fəxri Fərmana layiq görülüb.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler