» » Yaddaş pozğunluğuna və nevrozun yaranmasına gətirib çıxarır

Yaddaş pozğunluğuna və nevrozun yaranmasına gətirib çıxarır

Bölmə: Sosial
Yaddaş pozğunluğuna və nevrozun yaranmasına gətirib çıxarır


Son zamanlar paytaxtda şadlıq saraylarının və restoranların sayı durmadan artır. Lakin şadlıq saraylarının sayı artıqca keyfiyyəti aşağı düşür. Demək olar ki, bu obyektlərin yarısından çoxunda saysız-hesabsız problemlər yaşanır. Belə ki, restoranlar və şadlıq saraylarında səs-küydən oturmaq mümkün deyil. Musiqini o qədər ucadan səsləndirirlər ki, hansı musiqinin çalındığını anlamaq olmur. Bu həm də insan sağlamlığına mənfi təsir göstərir.

İnsanın psixologiyasına təsirsiz ötüşmür. Həkimlərimiz bildirir ki, toylardakı səs-küy insanın eşitmə qabiliyyətinin zəifləməsinə gətirib çıxarır. Hətta zehni yorğunluğa da səbəb olan amillərdən biridir. Bundan başqa yaddaş pozğunluğuna və nevrozun yaranmasına gətirib çıxarır. Ümumiyyətlə, səs-küy hər kəsə fərdi qaydada təsir göstərir.

Psixoloqlar hesab edir ki, güclü sinir sisteminə malik olan insanlara bu səs-küy bir qədər zəif, zəif sinir sisteminə malik insanlara isə güclü təsir göstərir. Toy zamanı səs-küyün insan orqanizminə təsirini azaltmaq üçün şadlıq saraylarının sahibləri zal tikdirərkən mütləq akustikanı nəzərə almalıdırlar. Paytaxtda yalnız bir neçə şadlıq sarayında səs normal yayılır. Digərlərində isə səs sanki tavana dəyir, yenidən insanın üstünə qayıdır. Yəni səs bərabər paylanılmır. Bu da nəticədə insanların sağlamlığına təsir göstərir. Əslində, bu faktorlar nəzərə alınsa, toya gələn insanların sağlamlığı da qorunmuş olar.

Bundan başqa toylarda israfçılığa yol verirlər. Menyudakı yeməklərin çeşidləri çoxdur, ofisiantların mədəni vəziyyəti və xidməti aşağı səviyyədədir, gəlin avtomobillərinin qiymətləri fantastik həddədir, yeməklərin hazırlanmasında istifadə olunan ərzaqlar bahalıdır, müğənnilər toylarda yüksək pul müqabilində çıxış edirlər və s. Bakı saraylarında 25-150 manat arasında dəyişən menyuda isə yemək çeşidləri həddindən artıq çoxluq təşkil edir. Demək olar ki, bir stol arxasında oturanları maksimum 12 nəfər dəyərləndirsək hərəyə 5-6 adda yemək düşür. Bu qədər yeməyi isə insan orqanizmi 3-4 saat ərzində həzm etməyə qadir deyil. 2000-ci illərin əvvəllərindən bahalaşmağa və menyudakı yeməklərin sayının artmasından sonra Azərbaycanda mədə-bağırsaq xəstəliklərinin sayında artmalar müşahidə olunur.

Xatırladaq ki, Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi AZS 746-2012 "Şadlıq saraylarının təsnifatı və qaydalar" dövlət standartını təsdiqləyib. Standartda şadlıq saraylarının təsnifatı, texniki və digər tələblər öz əksini tapıb. Sənədə əsasən sarayda qarderob otağı, tualet, sanitar qovşağı, telefon, gözləmə zalı (avanzal), bar, artistlərin otağı, gəlin otağı, administrator otağı, şəkilləri çap etmək üçün otaq olmalıdır. Qəbul olunmuş normativlərə əsasən vestibül təqribən əsas zalın dörddə biri qədər (orta hesabla 1 nəfər yerə 0,3-0,45 kv.m) sahəni tutmalıdır.

Standartda həmçinin şadlıq saraylarının qarderobuna, barına, sanitar qovşaqlarına da ayrı-ayrılıqda tələblər müəyyənləşdirilib. Standartda mərasim zamanı sarayda həkimin olması tövsiyə olunur.

Texniki tələblər sırasında şadlıq sarayının mətbəxinə olan tələblər də əsas yeri tutur. Standarta əsasən sarayın mətbəxinin ümumi sahəsi 1 nəfərə 0,40 kv.m təşkil etməlidir. Mətbəxdə arakəsmələrlə, yaxud ayrı otaqlar olmaqla soyuq qəlyanaltıları hazırlamaq üçün ayrıca bölmə, manqal yeməklərinin hazırlanacağı ayrıca yer (havalandırma sistemi güclü olan bölmə) olmalıdır. Ət məhsullarının qəbulu, kəsilməsi və hissələrə ayrılması üçün də xüsusi otaq və ya bölmə olmalıdır. Standartda həmçinin yeməklərin hazırlanmasına, qabların yuyulmasına, masa örtükləri və dəsmallara, xidmət dəstinə, ümumi sanitariya norma və qaydalara, xammalların anbarda saxlanmasına da tələblər qeyd edilib.

Standarta əsasən, şadlıq sarayının zalında masa ilə oturacaqların arasında olan məsafə 40-45 sm, bir masanın oturacağı ilə ona paralel olan masanın oturacağı arasında olan məsafə 80-100 sm təşkil etməlidir. Masa arxasında hər nəfər üçün 55-60 sm-lik bir bölüm ayrılır, lakin xidmət lüks səviyyəsində verilirsə, məsafə 75 sm-lik bölümü əhatə etməlidir. Masaların forması - kvadrat, düzbucaqlı və dairəvi olur. Fransız üslubda xidmət üçün dairəvi masalardan, ingilis üslubda xidmət üçün düzbucaqlı və kvadrat masalardan istifadə edilir. Sənəddə istifadə olunan masaların ölçüləri də qeyd edilib.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler