» » Xətaidə yolun genişləndirilməsi adıyla ağacların budaqlarını kəsiblər

Xətaidə yolun genişləndirilməsi adıyla ağacların budaqlarını kəsiblər

Bölmə: Sosial
Xətaidə yolun genişləndirilməsi adıyla ağacların budaqlarını kəsiblər


Xatırlayırsınızsa ölkə başçısı bu ilin iyulunda "Yaşıllıqların mühafizəsi haqqında" Qanunun tətbiqi barədə fərman imzaladı. Eyni zamanda dövlət rəhbəri Nazirlər Kabinetinin cari ilin birinci rübünün yekunlarına həsr olunmuş iclasda müxtəlif yerlərdə ağacların kəsilərək yerində ev tikilməsi ilə bağlı olduqca sərt çıxış etdi. Ölkə prezidenti bildirdi ki, nadir hallarda, o da Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəyi ilə haradasa ağac ya köçürülə, ya kəsilə bilər. Vəziyyət əvvəlki illərə nisbətən daha müsbətdir, ancaq biz istədiyimizə tam şəkildə nail ola bilməmişik. Gecə vaxtı gəlirlər, qanunsuz olaraq ağacları kəsirlər, yerləri düzəldirlər ki, ev tiksinlər. Ölkə başçısının da qeyd etidiyi kimi, ağacların qanunsuz kəsilməsi tam şəkildə dayandırılmalıdır. Buna qətiyyən yol vermək olmaz. Biz burada daha da ciddi məsuliyyət tətbiq etməli, ağacları kəsənlərə qarşı daha da ciddi tədbir görməliyik. Onlar məsuliyyətə cəlb edilməlidir. Faktlar göstərir ki, ayrı-ayrı yerlərdə yaşıllıqlara qənim kəsilən, onları məhv edənlərin sayı heç də az deyil. Dəfələrlə olub ki, mətbuat bu məsələyə biganə qalmayıb və bu məsələ ilə bağlı mövcud problemləri, şikayətləri ictimailəşdirib.

Qadağalara baxmayaraq, bəzi şəxslər zaman-zaman müxtəlif rayonların ərazilərində ağacları qıraraq, yerlərində müxtəlif iaşə obyektləri, hündürmərtəbəli binalar inşa edirlər. Bu durum hər zaman sadə vətəndaşları narahat etsə də, bir sıra məmurları, şirkət rəhbərlərini heç də narahat etmir. Əslində, onlar daha çox ağac kəsib, yerində hansısa bina inşa etmək istəyirlər. Müşahidələr də sübut edir ki, bir neçə rayon var ki, həmin rayonların ərazilərində daha çox ağac kəsimləri, yaşıllıqların məhv edilməsi baş verir.

Təəssüf ki, paytaxtın bir sıra yerlərində ağacların kəsimi, habelə digər xoşagəlməz hallar baş verir. Məsələn, bir müddət bundan əvvəl paytaxtın Xətai rayonu Gəncə prospekti 39 ünvanında yaşıllıq sahəsi və ağacların kütləvi şəkildə yandıralaraq məhv edilməsi barədə məlumatlar yayıldı. Bu barədə məlumatı və yanğını əks etdirən video görüntüləri mətbuata rayon sakinləri göndərdi. Onların iddiasına görə, yaşıllıqların yandırılaraq məhv edilməsinə səbəb orada tanınmış iş adamlarından birinin yeni hündürmərtəbəli bina tikmək istəyidir. Sakinlər deyirdi ki, baş verənlərə dəfələrlə etiraz etsələr də, onları dinləyən olmayıb. Baş verənlərdən icra başçısının marağı olduğu da iddia olunurdu. Sadalananlar belə deməyə əsas verir ki, Xətai rayonu bəzi yaşayış məskənləri arasında yer alaraq, demək olar, ilk pilləni tutur. Ayrı-ayrı vaxtlarda Xətai rayonu ərazisində ağaclar o qədər kəsilib, məhv edilib ki, həmin ərazidə yaşıllıq görən insanlar buna sevinirlər. Qeyd edək ki, əməkdaşımız bu günlərdə rayonun "Ukrayna" dairəsi adlandırılan ərazisində təmir-tikinti adı altında yeni ağacların kəsilməsini müşahidə edib. Düzdür, burada yolun genişləndirilməsi ilə bağlı müəyyən işlər gedir. Amma ərazidəki ağacların da qırılması, bəzilərinin budaqlarının kəsilməsi göz qabağındadır. Belə çıxır ki, bir sıra vəzifəli şəxslər ölkə rəhbərliyinin ağacların kəsilməsinə, yaşıllıqların məhv edilməsinə qarşı səsləndirdiyi sərt ittihamlarını deyəsən, "yaddan çıxarıblar". Bu gün paytaxtın məhz Xətai rayonunda yaşıllıq massivləri məhv edilərək yerində obyektlər tikilir. Aidiyyəti qurumlar isə yaşıllıqların məhv edilməsinə və yerlərində iaşə obyektlərinin tikilməsinə göz yumurlar. Bununla da ətraf mühitin korlanmasına şərait yaradırlar.

Sakinlər deyir ki, Xətai rayonunda elə ərazilər var ki, hətta yaşıllıqlar hasara alınaraq məhv edilib. Bu da vətəndaşların çoxsaylı narazılığına səbəb olub. Sakinlər yaşıllıqların məhvi ilə bağlı dəfələrlə Xətai Rayonu İcra Hakimiyyətinə müraciət etsələr də, heç bir nəticəsi olmayıb. Sakinlər bildirirlər ki, yaşıllıqların məhvi ömrümüzün qısalması anlamına gəlir. Burada yolun genişləndirilməsinin ağacların kəsilməsinə səbəb olması, ərazidəki toz-torpaq sakinlərin narahatlığı ilə qarşılansa da, bunun heç bir faydası yoxdur. Biz hələ ərazidəki toz-torpağı, bir sıra obyektlərin qarşısında yaranmış durumu, antisanitar vəziyyəti demirik. Belə ki, ərazidə xeyli zibil, məişət tullantıları var. Bütün bunlar isə həmin yerdə fəaliyyət göstərən obyektlərin, mağaza və dükanların işinə mənfi təsir göstərir.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler