» » Almaniyada 108 nəfər azərbaycanlı həkimə iş verilib - Onlar kimlərdir...

Almaniyada 108 nəfər azərbaycanlı həkimə iş verilib - Onlar kimlərdir...

Bölmə: Sosial, BLOK XƏBƏR, MANŞET
Almaniyada 108 nəfər azərbaycanlı həkimə iş verilib - Onlar kimlərdir...
Son zamanlar müxtəlif məqsədlər üçün xarici ölkələrə üz tutan azərbaycanlıların sayında artım müşahidə olunur. Bu sıraya daxil olanlar əsasən təhsil səviyyəsini artırmaq istəyənlər, fərqli yaşam tərzi axtaranlar və ya işlə təmin olunmaq arzusunda olanlardır…

Bu gün xaricə müalicə almaq üçün gedən xəstələrlə yanaşı, işləmək üçün müraciət edən həkimlərin sayı da az deyil. Məsələn, Almaniyada işləmək üçün müraciət edənlərin siyahısında azərbaycanlı həkimlərin də az olmadığı aşkara çıxıb.

Alman Tibb Assosiasiyasının ötən illə bağlı hesabatında bildirilib ki, Almaniyada xarici həkimlərin sayı 9,7 faiz artıb. Belə ki, 2016-cı ildə Almaniyada işlə təmin edlən həkimlər əsasən Suriya (746 nəfər), Rumıniya (223 nəfər), Serbiya (218 nəfər), Ukrayna (160 nəfər), Rusiya (109 nəfər) və Azərbaycandan (108 nəfər) olublar.

Maraqlıdır, bəs həmin 108 nəfər azərbaycanlı həkim Almaniyaya hansı yolla gediblər, bu prosedur necə baş tutub?


“Mütəxəssis kimi yetişən həkimlərə şərait yaradılmalıdır”


Tibb elmləri doktoru, professor Adil Qeybulla Modern.az-a açıqlamasında bu gün xüsusilə gənc həkimlərin xarici ölkələrə üz tutduğunu vurğulayıb:

“Təəssüf ki, bu gün xaricdə işləmək üçün müraciət edən azərbaycanlı həkimlərin sayı çoxalıb. Rezidenturadan keçən tələbələr Türkiyə, Almaniya kimi ölkərə meyl edirlər. Bunun səbəbi onların lazimi iş və ya normal səviyyəli yaşıyışla təmin edilməmələri ola bilər. Əlbəttə, bu, o qədər də yaxşı tendensiya deyil. Mən hesab edirəm ki, mütəxəssis kimi yetişən həkimlərə çalışmaları üçün şərait yaradılmalıdır. Əks halda, onların daha yaxşı həyat şəraiti üçün xarici ölkələrə axını davam edəcək. Eyni zamanda, kifayət qədər savadlı şəxsin Azərbaycanda qalıb fəaliyyət göstərmələri üçün hərtərəfli tədbirlər görülməlidir. Bu gün Amerikanın güclü olmasının əsas səbəbi vaxtında “beyin”lərə sərmayə qoymağıdır. Bu da öz bəhrəsini yüksək səviyyədə göstərir. Hər zaman ağıllı insanlara sahib çıxan biri tapılır”.


“Almaniya kimi ölkələrdə həkimə ehtiyac var”


A.Qeybulla azərbaycanlı həkimlərin xaricdə işləmək üçün hansı mərhələlərdən keçdiyi haqqında da danışıb.

“Almaniya kimi ölkələrdə həkimə ehtiyac var. Orada imtahandan keçib ölkənin müxtəlif yerlərində işləmək mümkündür. Bildiyim qədərilə, Azərbaycan diplomu Almaniya, Türkiyə, Rusiya kimi ölkələrdə tanınır. Hər halda, Azərbaycan Tibb Universitetində (ATU) təhsil alıb Almaniya və digər ölkələrdə işləyənlər çoxdur”.


“Universitet diplomu Ermənistandan başqa bütün ölkələrdə tanınır”


Azərbaycan Tibb Universitetinin (ATU) tədris hissə müdiri Nəsimi Qasımovun sözlərinə görə, xaricdə işləmək üçün həkimlərin qarşısına qoyulan tələblər ölkədən asılıdır.

“Azərbaycanlı həkimlər xaricdə işləmək üçün müxtəlif mərhələlərdən keçə bilər. Bu, getdikləri ölkədən asılıdır. Elə ölkə var ki, həkimlər yalnız dil imtahanı verməklə işlə təmin edilə bilər. Sadəcə, kurrikulumdakı fərqlər yenidən ödənməlidir. Yəni bizdə tədris edilən elə bir fənn ola bilər ki, həmin ölkədə yoxdur. ATU-nun diplomu Ermənistandan başqa bütün ölkələrdə tanınır. Dünyada mövcud olan qaydalara görə, xarici ölkələrdə tibb universitetlərinin diplomları yalnız sınaq imtahanı verildikdən sonra tanınır. Bu qayda bütün ölkələrdə tətbiq edilir”.


“Tələbələrin ən çox müraciət etdiyi ölkələr…”


Universitet rəsmisi həmçinin diplomun xarici ölkədə tanınma prosesindən də söz açıb.

“ATU məzunlarının iş, eyni zamanda təhsil üçün ən çox müraciət etdiyi ölkələr Almaniya, Türkiyə və Rusiyadır. Məzunlarımızın əsas çətinliyi dildir. Bəzi ölkələrdə işlə təmin olunmaq üçün dil biliyi ilə yanaşı, sınaq imtahanları da olur. ABŞ-ın bir ştatının diplomu o biri ştatda imtahan verildikdən sonra tanınır. Azərbaycanlı həkimlər orada işləmək üçün diplomu təsdiq etdirməli, imtahana girməli və dil bilgisi olmalıdır. Qeyd edim ki, həkimlərimiz xarici ölkələrdə işləmək üçün öz hesablarına müraciət edirlər”.


Səhiyyə Nazirliyi mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova azərbaycanlı həkimlərinin xaricdə işlə təmin olunmasını peşəkarlıq göstərici hesab edir.

“Bu gün Azərbaycanda kifayət qədər istedadlı həkim fəaliyyət göstərir. Bununla yanaşı, azərbaycanlı həkimlər işləmək üçün müxtəlif ölkələrə üz tuturlar. Bu, peşəkarlığın göstəricidir. Qeyd etməliyəm ki, Azərbaycan həkimlərinin diplomları bütün ölkələrdə tanınır”.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler