» » Yuxu nədir və hansı növləri var?

Yuxu nədir və hansı növləri var?

Bölmə: Sosial, MARAQLI
Yuxu nədir və hansı növləri var?
Yuxu həqiqət aləminə açılan pəncərələrdən, olmuş və olacaq hadisələrin eyni ilə görülməsindən, yaxud bəzi işarələrlə müşahidə edilməsindən ibarətdir. İnsan imana yönəlib Allaha yaxınlaşdıqca hər yuxu əbədi aləmlərdən gələn bir işıq, bir işarə kimi qaranlıqları aydınladıb yol göstərir. Yuxuların misal aləmi[1] adlanan və fiziki - maddi aləmin fövqündə duran başqa aləmlərlə əlaqəsi var.

Yuxularda gözə, maddəyə və işığa ehtiyac olmur, hər şey bəsirət və ruhla sezilir. Məhz buna görə də yuxular bir çox hallarda insana təsəvvürəsığmaz gözəllikləri göstərir. İnsana dəfələrlə dünən, bu gün və sabah haqqında cildlərlə kitaba sığmayan məlumatlar bircə yuxu ilə verilib. Və bu cür yuxuların sayı heç də az deyil. İnsan qısa müddətdə saatların, günlərin, ayların, hətta illərin hadisələrinə şahid olur yuxularda.

Publika.az meneviyyat.az-a istinadən bildirir ki, yuxu görməyən insan yoxdur. Buna binaən yuxuya ruhun təbii müşahidəsi də deyə bilərik. Bu müşahidə ilə insan cismaniyyət hüdudunu aşır, tamam ayrı bir aləmə səyahət edir və kim bilir, bəlkə də, bu aləmdə qədərə aid bir çox sirləri görür. Onun üçün də doğru yuxuları qiymətləndirmək, onları anlamağa çalışmaq, düzgün yozmaq çox önəmlidir. Doğru (sadiq) yuxular mələk vasitəsi ilə ilham edilir və dünya həyatına dair əlamətləri daşıyır.

Şeytandan olan yuxular da var. Bu kimi yuxularda şeytan insanı şübhəyə, vəsvəsəyə salmağa çalışır. Necə ki mələk nuraniyyəti ilə hər şeyə nüfuz edə bilir, eləcə də şeytan Peyğəmbərimizin (s.ə.s) buyurduğu kimi insan bədənində damarda dolaşan qan kimi dolaşır. Pis yuxuların mənbəyi şeytan və ya xəbis ruhlar ola bilər. İnsan öz həyatını bir balaca nəzərdən keçirsə, gördüyü yuxularla yaşadıqları arasında müqayisə aparsa, nə qədər yuxunun çin çıxdığını görər. Əgər hər adam gördüyü yuxuların yalnız yozulanlarını qeydə alsaydı, cildlərlə kitab olardı.

Röyalar eyni zamanda insanın mənəvi aləminin də varlığını ortaya qoyur. Məhz yuxular sayəsində qəlb və bəsirət kimi iki fərqli xüsusiyyətimizin var olduğunu dərk edir və cismin boğucu üçölçülü çərçivəsindən xilas oluruq. Hərçənd ki həqiqəti dərk etmiş insanların o biri aləmləri görmək üçün yuxulara ehtiyacları yoxdur. Onlar daima bu cahanı və o biri aləmi birlikdə görür və sonsuzluğun gözəlliklərini seyr edirlər. Lakin bu qapı hər kəsin üzünə açıq deyil. Açılanda da ciddi səy və ruhi-mənəvi təcrübələrdən sonra açılır.

Yuxular məna aləmində cərəyan edir


Yuxular misal aləmindən yazılıb-pozulub insanın müşahidəsinə təqdim olunan qədər yazılarının əksidir. Gözlər bu aləmə yumulduğu an o biri aləmdə cərəyan edən hadisələrə açılır. Məhz yuxuların cərəyan etdiyi bu aləmə məna aləmi də demək olar.

Məna aləmində hər şey fərqli məna kəsb edə bilir. Orada bəzi hadisələr açıq-aydın, bəziləri isə müxtəlif simvollarla təqdim olunur.

Məsələn, bəzi adamlar gələcəyə aid uğurlarını əvvəlcədən yuxuda görür və verəcəyi imtahanın suallarını bütün detallarına kimi müşahidə edirlər. "Yusif" surəsində kök inəklərin, yetişmiş sünbüllərin bərəkət və bolluğa, arıq inəklərlə quru sünbüllərin isə qıtlığa işarə etməsi kimi bəzi yuxular da rəmzlərlə ifadə edilib yozuma açıq buraxılmışdır. Qeybə inandığımıza görə bütün bunlar bizə qeyri-adi gəlmir.

Yuxuların Quran və Sünnə kimi əhkamda əsas qəbul edilməsi də doğru deyil. Sadəcə insanlar yuxuda gördükləri həqiqətləri öz həyatlarında tətbiq edə bilərlər. Bunda da bir günah və qəbahət yoxdur. Lakin insan bu kimi yuxularla başqalarına təsir etməməlidir. Məsələn, bir adamın "Peyğəmbərimizi yuxumda gördüm. Mənə: "Çərşənbə günü dırnaqlarını kəsmə", − dedi" kimi yuxularını danışıb kimisə çərşənbə günü dırnaq kəsməkdən çəkindirməsi doğru deyildir. Həm də unutmayaq ki, yuxunu onun özü üçün də yozub məna çıxarmaq olar.

Yuxuda Rəsulullahı görmək

Təbii ki, ən gözəl yuxular Peyğəmbərimizin təşrif buyurduğu yuxulardır. Çünki belə röyalar doğru yuxulardır. Mütləq xeyir əlaməti olan bu yuxular necə görülməsi baxımından fərqli şəkillərdə yozulur. Peyğəmbərimiz bir hədisində: "Məni yuxuda görən, həqiqətən, görmüş sayılır, çünki şeytan yuxuda mənim surətimə girə bilməz", - buyurmuşdur.[2] Şeytan müxtəlif surətlərdə insanların yuxularına girə bilər, amma Peyğəmbərimizin surətinə girməsi mümkün deyildir. Peyğəmbərimiz yuxularda fərqli surətlərdə - məsələn, saqqalsız - görülmüşdür. Amma bu yuxunun bir mənası var. "Mən Peyğəmbərimizi kostyumda gördüm", - deyən bir müsəlman bunun həqiqət olduğuna inanmalı, yuxunu hansı istiqamətdə yozacağını bilməlidir.

Peyğəmbərimizi yuxusunda görən bir insan Onun sünnəsinə doğru-dürüst riayət etmirsə, bu yuxu onun üçün ciddi xəbərdarlıq, hətta bir imtahan ola bilər. O: "Mənim bu qədər qüsurum ola-ola, görəsən, bu lütfün səbəbi nədir?" - deyə düşünərək əməllərini təkrar gözdən keçirməli, qaydaya salmalıdır.

Axırzamanda saleh yuxular

Peyğəmbərimiz (s.ə.s): "Nübüvvətin qırx altı parçasından biri də yuxudur", - buyurur.[3] Bu, peyğəmbərliyin məzmun və məna baxımından "qırx altı dərinliyindən, qırx altı parçasından, qırx altı mənasından və qırx altı əsasından biri" mənalarına gələ bilər. Təfsir alimləri bu hədisi belə izah edirlər: Allah Rəsulu peyğəmbərlikdən əvvəl nübüvvətlə əlaqəli məsələləri altı ay müddətində yuxularında görüb tanımışdı. Buxaridə Aişə anamız Allah Rəsulunun yuxularını gün kim aydın gördüyünü və ertəsi gün də gördüyü yuxunun çin çıxdığını nəql edir. Bəli, bu yuxu hadisəsi düz altı ay davam etmişdir. Bu isə bir ilin yarısı deməkdir. Peyğəmbərlik də iyirmi üç il davam etdiyindən bu altı ayı vəhyin nazil olma müddətinin qırx altıda bir hissəsi saymaq olar. O, bu zaman içərisində Hira mağarasında və Xədicə anamızın yanında peyğəmbərlik vəzifəsinə alışmış və sonra da yuxu mərhələsinin sona çatması ilə vəhy gəlməyə başlamışdı.
Peyğəmbərimiz (s.ə.s) bir başqa hədisində yuxu ilə bağlı buyurur: "Axırzamanda ən etibarlı şeylər yuxulardır".[4]

Niyə? Çünki yuxuların arxasındakı həqiqət, yəni peyğəmbərlik daha yoxdur, hətta bir mənada vəlayəti-kübra (böyük vəlilik, övliyalar) da yoxdur, bilavasitə Peyğəmbərimizlə zaman fövqü bir məqamda görüşmək və əmr almaq da mümkün deyil. Məsələn, İmam Rabbani, İmam Şazəli, Şah Geylani, Əhməd Rufai kimi övliyalar yaşamır. Bizim də hamımız ümmi insanlarıq. Bu baxımdan birbaşa həqiqət aləmində olan peyğəmbərlik qəndilindən işıq ala, zamanın fövqünə vara, peyğəmbərlərlə müəyyən məqamlarda görüşə bilmirik. Halbuki Cüneyd Bağdadi: "Mən birbaşa görüşdüm, mənə yuxumda bunları dedi və ya mənə açıq-aşkar bu əmri verdi", - deyir. Biz isə bütün bunlardan məhrumuq. Vəziyyət belə olduqda bu qədər günah, bu qədər qarmaqarışıqlıq içində Allah bizə olan lütflərini yuxular və ya bəzi saf qəlblər sayəsində "yəqzan"la , yəni "oyaq halda Peyğəmbərimizlə görüşmək" vasitəsi ilə çatdırır. Bizi başda Peyğəmbərimiz (s.ə.s) olmaqla bir çox səhabə, övliya və müqərrəbinlə görüşdürür. Buna görə də Rəsulullah buyurur ki: "Axır zamanda ən doğru çıxan şeylərdən biri də yuxulardır". Ancaq bir məqamı da unutmamalıyıq ki, yuxulara dəyər vermək yuxularla yaşamaq demək deyil.

Allah Rəsulu bu yuxulara mübəşşirat demişdir. Mübəşşirat muştuluq, sevindirici xəbər və müjdə bildirən şeylərə deyilir.

Hədisdə Peyğəmbərimiz :

- Məndən sonra nübüvvətdən qalan şey mübəşşiratdır, - buyurduqda səhabələr soruşur:
- Mübəşşirat nədir, ey Allahın Rəsulu?
Peyğəmbərimiz:
- Saleh yuxular. Saleh insanların gördüyü yuxulardır, nübüvvətin də qırx altı hissəsindən biridir, - cavabını verir.

Allah Rəsulu saleh yuxunun nə olduğunu da deyir: "Ən doğru röyalar səhər vaxtlarında görülən yuxulardır".[5] Gecə qalxıb təhəccüd namazı qılır, virdləri, zikrləri oxuyursunuz. Sonra sübh namazını gözləyərkən başınızı bir yerə söykəyib bir az yatırsınız. Məhz bu anlarda görülən yuxular daha doğru yuxular, saleh röyalardır.

Allah Rəsulu sübh namazını qılandan sonra üzünü əshabına tutar və "Mübəşşirat varmı?"- deyə soruşardı ki, hədisdə belə yuxulara "mübəşşirat" yəni "müjdələr" deyilməsinin bir mənası da budur.

Həqiqətən də, nübüvvətin sona çatması ən böyük nemətin getməsi deməkdir. Peyğəmbərimizin dayəsi Ümmü Eymən ziyarətinə gələn Həzrət Əbu Bəkir və Həzrət Ömərə: "Məni Rəsulullahın vəfatından çox vəhyin kəsilməsi kədərləndirir", - deməsi bu həqiqəti daha aydın göstərir. Bizlər də acı qürbət günlərini yaşayırıq; nə Rəsulullaha dərdlərimiz deyə bilir, nə də vəhyin gəlişinə şahid oluruq. Belə bir zamanda görülən müjdəli yuxular bizim üçün mənəvi güc mənbəyidir.
Lakin bütün bunlara baxmayaraq, biz yuxularla yaşayan insanlar deyilik. Uşağa həmişə konfet verilmir, çünki şəkər dişləri çürüdür.

Halbuki insanın düzgün və nizamlı qidalanması vacib şərtdir. Əksinə "Şəkər güc verir, beynimiz qlükoza ilə qidalanır..." və s. deyə yeməkdə davam etsəniz, xroniki xəstəliklərə tutula bilərsiniz. Məhz bunun kimi biz də hər şeyi yuxulara calasaq və yuxulardan kənara çıxa bilməsək, "yuxu adamı"na çevrilərik. "Yəqzan" da bunun kimi. Çünki bunlar Kitab və Sünnə kimi əsas dini qaynaqlar, sübut və dəlil sayılan meyar və qaydalar deyil. Ən gözəl şey müstəsna lütflər arxasınca qaçmadan sadə müsəlman kimi yaşamaqdır. Elə isə gəlin hamımız "Rütbəli deyil, sıravi olmaq daha yaxşıdır" deyib sıravi insanlardan biri olaq. Sağlığında Cənnətlə müjdələnən Həzrət Ömərin bir sözə verdiyi cavab bu məsələyə gözəl nümunədir.

Belə ki: "Bir gün Həzrət Ömərə:

- Sən Peyğəmbəri məmnun etdin. Əbu Bəkiri razı etdin. Cənnətə gedəcəksən və Firdövslər sənin otağın olacaq, - deyirlər.
O, məhzun təbəssümlə bunu deyənlərə baxıb belə cavab verir:
- Bu dünyaya gəldiyim kimi getsəm, çox sevinərəm.

Biz tərtəmiz hislərlə yaşasaq, bütün varlığımızla "Kitab və Sünnə" desək, dinin almaz düsturlarını, Quran və Sünnə prinsiplərini həyatımızın düsturuna çevirsək, Allah da bunları cavabsız qoymaz, inşallah, vəlilərə verdiyini bizə də lütf edər.

Həmçinin istər yuxular, istərsə başqa yollarla mələkut aləmindən əldə edilən bilgilərə və ya yozulan müşahidələrə dini hökmlər qədər mütləq yanaşmaq olmaz. Üstəlik şəriət məsələləri ilə ziddiyyət təşkil edirsə, onlara əsla etibar etmək olmaz.

Yuxuda xoşagəlməz şeylər görəndə nə etməli?

Yuxuların heç də hamısı gözəl nəticələrdən xəbər vermir. Hətta bəzi saleh yuxuların işarələri bizim üçün bir imtahan vəsiləsidir. Məsələn: Rəsulullahın Uhud döyüşündən əvvəl gördüyü yuxu kimi.

Peyğəmbərimiz bu yuxusunu "əshabımdan yetmiş nəfər vəfat edəcək" şəklində yozmuşdu. Bu cür yuxular görməklə bağlı Peyğəmbərimiz (s.ə.s) buyurur: "Kim yuxusunda pis bir şey görərsə, oyanandan sonra sol tərəfinə üç dəfə tüpürsün və Allaha sığınsın. Belə edərsə, yuxu zərər verməz".[6]

Allah Rəsulu başqa bir hədisində belə buyurur: "Gözəl bir yuxu görsəniz, oyanandan sonra Allaha həmd edin. Yuxunuzu təkcə sevdiyiniz insanlara danışın. Yuxunuzda xoşagəlməz şeylər görsəniz, oyananda sol tərəfə üç dəfə yüngülcə tüpürün və Allaha sığının. Gördüyünüzü də heç kimə danışmayın. Belə etsəniz, yuxunuz sizə zərər verməz".[7]

Bir də insanın şəxsiyyəti (xarakter və xasiyyəti), gündəlik məşğuliyyətləri, ya da üzüntü və arzuları ilə bağlı yuxular var. Axşam çox duzlu yeməkdən sonra yuxuda çay sahilində gəzişmək normal haldır. Yaxud da ac yatdanda yuxuda ziyafət süfrələrində otura bilərsiniz. Bunlar ancaq xəyal dünyası ilə bağlı olan yuxulardır və heç bir dəyəri yoxdur.

Yuxu yozumunda bəzi məsələlər

Yuxu görmək nə qədər önəmlidirsə, onun yozulması da bir o qədər əhəmiyyəltidir. Hətta "Mərifət yuxunu görmək deyil, onu yozmaqdır" deyilmişdir. Onun üçün də hər gələnin yuxu yozumuna girişməsi düzgün deyil. Yuxu elmdir və Quran və Sünnə mənəblərinə söykənən yozumlar üçün təcrübə çox vacibdir. Bundan irəli gələrək yuxu yozan hər şeydən öncə Quranı yaxşı bilməli, hətta onun ruhunu qavramalıdır. İnsan ilhama, yəni Allahın lütf etdiyi əngin qəlbə sahib olmaqla yanaşı, misal aləmi ilə şəhadət aləmi (maddi aləm, görünən dünya) arasındakı rəmzlərin nəyə işarə etdiyini də bilməlidir.

Yuxunu yozan şəxs zaman və şəraitin xüsusiyyətlərini də nəzərə almalıdır. Yoxsa yozumlar yanlış nəticələrə gətirib çıxarar.

Abdullah ibn Ömərin yuxusu


Abdullah ibn Ömər (r.a) rəvayət edir:

"Hamı gəlib Allah Rəsuluna yuxusunu danışır, O da yozurdu. Mənim də həmişə "Kaş ki bir yuxu da mən görəm, gəlib Allah Rəsuluna danışam," - deyə ürəyimdən keçirirdim. Bir gün yuxu gördüm. Tanımadığım bəzi adamlar əlimdən tutub zorla bir səmtə sarı dartırdılar. Məni bu halda sürüyə-sürüyə dərin bir çuxurun yanına gətirdilər. Çuxur pıqhapıq qaynayırdı. Mənə oranın cəhənnəm olduğunu dedilər. Onlar məni orada saxlayırdılar. Mən də qan-tərin içərisində tir-tir titrəyirdim. Bu vaxt "Ora atılmayacaqsan. Sənə qəm və qorxu yoxdur,"- dedilər".

Bu yuxunu görən Həzrət Ömərin oğlu Abdullahdı. O, atası kimi böyük səhabələrdən biridir. Həm bir elm okeanı, həm də təqva və zühdün zirvəsində dayanan bir insandı.

Abdullah ibn Ömər sözlərinə belə davam edir:

"Mən yuxunu bacım Hafsaya danışdım. O da Peyğəmbərimizə danışmışdı. Allah Rəsulu yuxunu dinlədikdən sonra belə buyurmuşdu:
"İbn Ömər nə gözəl insandır. Kaş təhəccüd namazı da qılaydı!"[8]
[1]Ruhlar aləmi ilə cisism aləmi arasında keçid aləm.

[2]Müslim, Röya, 10; İmam Malik, Muvatta, Röya, 1.
[3]Əbu Davud, Ədəb, 96.
[4]İbn Macə, Röya, 9.
[5]Buxari, Röya, 9.
[6]Buxari, Tibb, 39.
[7]Buxari, Tibb, 3.
[8]Buxari, Təhəccüd, 2.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler