» » Obyektlərin tikintisinə icazə ilə bağlı əlavə tələblər müəyyənləşib

Obyektlərin tikintisinə icazə ilə bağlı əlavə tələblər müəyyənləşib

Bölmə: Sosial, İqtisadiyyat
Obyektlərin tikintisinə icazə ilə bağlı əlavə tələblər müəyyənləşib
Nazirlər Kabineti qərar verib. Azərbaycanda dövlət əhəmiyyətli tikinti obyektlərinin tikintisinə icazə ilə bağlı əlavə tələblər müəyyənləşib.

Xalqinfo.az xəbər verir ki bu, Nazirlər Kabinetinin təsdiq etdiyi “Təhlükə potensiallı və ya dövlət əhəmiyyətli tikinti obyektlərinin tikintisinə icazə ilə bağlı əlavə tələblər”ində əksini tapıb.

Dövlət əhəmiyyətli tikinti obyektlərinin tikintisinə icazə ilə bağlı aşağıda göstərilən əlavə tələblər müəyyən edilir:

- Respublika əhəmiyyətli muzeylərdə, dövlət kitab-xanalarında və arxivlərində təyinatından asılı olaraq yanğından mühafizə sistemlərinə və avadanlıqlarına, o cümlədən yanğın-söndürmə maddələrinə (materiallarına) olan tələblərin yerinə yetirilməsi;

- Dünya, ölkə və yerli əhəmiyyətli tarix və mədəniyyət abidələrində (o cümlədən, memarlıq abidələrində) bərpa, gücləndirmə və yenidənqurma işlərinin aparılması məqsədi ilə vizual və instrumental müayinələrin aparılması;

- Nüvə (atom) reaktorlarında nüvə və radiasiya təhlükəsizliyi sistemlərinin nəzərdə tutulması;

- Metro stansiyalarının giriş (dəhliz) və tunel konstruksiyalarının (əsasən örtüklərin) xüsusi hallarda baş verə biləcək əlavə yüklərin layihələndirilmədə nəzərə alınması, tunellərdən müvəqqəti sığınacaq kimi istifadəsinin təmin edilməsi tələblərinin yerinə yetirilməsi;

- Aşırımı 100 metrdən və ya uzunluğu 1000 metrdən artıq olan körpülərdə eninə rəqslərin (seysmik, külək və s. təsirindən) söndürülməsinin konstruktiv həllərinin təminatı;

- Tutumu 2 min nəfərdən artıq olan qapalı və üstüörtülü idman qurğularında və konsert, konfrans saraylarında daxili divar üzlüklərinin, asma tavan və örtüklərinin materiallarının və konstruksiyalarının odadavamlılığa və radiasiya fonunun dərəcəsinə görə sınaq nəticələrinin, eləcə də bu obyektlərin akustik hesablamalarının yerinə yetirilməsi;

- Dövlət vəsaiti hesabına inşa olunan 75 metrdən hündür ictimai və çoxfunksiyalı bina və qurğuların normal istismarını təmin edən dinamiki göstəricilərin müvafiq normaların tələblərinə uyğunluğunun təmin edilməsi və obyekt istismara qəbul edilməzdən əvvəl birbaşa sınaqlarla yoxlanılması;

- Uzunluğu 1000 metrdən artıq olan tunellərdə ventilyasiya və işıqlandırma sistemlərinin müvafiq normalara uyğun olaraq yerinə yetirilməsi;

- Hündürlüyü 100 metrdən artıq olan qurğularda (qüllələrdə, dorlarda və borularda) ildırımötürücü sistemlərin tətbiqi;

- Hava və dəniz limanlarında, dəmiryolu vağzallarında və avtovağzallarda ətraf mühitin və insanların təhlükəsizliyinin təminatı;

- Xəzər dənizi akvatoriyasında inşa olunan obyektlərdə qəzaların qarşısının alınması vasitələrinin nəzərə alınması, eninə rəqslərin (seysmik, külək və s. təsirindən) söndürülməsinin konstruktiv həllərinin və metal konstruksiyaların korroziyadan mühafizə tədbirlərinin təminatı;

- Xüsusi təyinatlı tikinti komplekslərində (hərbi hissələrdə, penitensiar müəssisələrdə, habelə sığınacaqlarda və digər mülki müdafiə qurğularında) ventilyasiya, siqnalizasiya və müşahidə sistemlərinin yaradılması;

- Telekommunikasiya şəbəkələrinin və qurğularının mühafizə zonalarında əlavə təhlükəsizlik tədbirlərinin yerinə yetirilməsi;

- Yerüstü peyk idarəetmə mərkəzlərində mühafizə zonalarının saxlanılması və idarəetmə siqnallarının peykə ötürülməsinə və peykdən qəbul edilməsinə maneə törədə bilən vasitələrin qarşısının alınması;

- Dövlət və beynəlxalq əhəmiyyətli neft, qaz boru kəmərlərində, 110 kilovat və ondan artıq gərginlikli elektrikötürücü xətlərdə, tutumu 10 min kubmetr və daha artıq olan neft, neft və kimya məhsullarının saxlandığı qurğularda qəzaların qarşısının alınması vasitələrinin nəzərdə tutulması və mühafizə zonalarının təminatı;

- Məhsuldarlığı 10 min kubmetr/gün və daha artıq olan su və həcmi 20 min kubmetr və daha artıq olan çirkab sutəmizləmə qurğularında, əhalisinin sayı 5000 nəfərdən artıq olan yaşayış məntəqələrinin suqəbuledici qurğularında baş verə biləcək qəzaların qarşısının alınması vasitələrinin nəzərdə tutulması və mühafizə zonalarının təminatı.


Leyla Həsənova

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler