» » Darısqal, havasız, nəmişlik otaqlardan Cocuq Mərcanlıya... - Fotolar

Darısqal, havasız, nəmişlik otaqlardan Cocuq Mərcanlıya... - Fotolar

Bölmə: Sosial, BLOK XƏBƏR, MANŞET, GÜNDƏM
Darısqal, havasız, nəmişlik otaqlardan Cocuq Mərcanlıya... - Fotolar

"Xalqinfo" movqe.az saytının Cocuq Mərcanlıya qayıtmaq üçün ərizə yazan Hüseynovlar ailəsindən hazırladığı reportajı təqdim edir:

Müharibənin od-alovunu görən, 23 il məcburi köçkün həyatı yaşayan Hüseynovlar ailəsinin düşmənlə üz-üzə, təmas xətində yerləşən evinə qayıtmaq istəyinə, cəsarətinə sadəcə heyran qalmışdım. Sevincdən üzləri, gözləri gülürdü...Qanadları olsaydı uçub gedərdilər sanki...

23 illik Vətən həsrəti...

Onların öz evlərinə geri dönəcəklərinə necə sevindiklərini telefonla danışarkən da hiss etmişdim. Həyəcanla “gəlin, sizi gözləyirik, axşamdan o xəbəri alandan bəri özümüzə yer tapa bilmirik “ deyən Hüseynovlar ailəsinin kiçik oğlu Şahəddinlə söhbətimdən sonra bir daha əmin oldum ki, müharibə, illərlə yaşanan məşəqqətli köçkün həyatı, ölüm qorxusu belə insanlarda Vətəninə, torpağına, elinə-obasına olan həsrəti öldürə bilməz... Bu yeganə hiss idi ki, itirdiklərinə, acılarına, yaşadıqlarına rəğmən yenidən onları öz evlərinə geri dönməyə, öz ocaqlarının başına yığışmağa vadar edirdi.

Zənnimdə yanılmamışdım da... Məni qarşılamaq, 23 ildir ki, məcburi köçkün həyatı yaşadıqları evə aparmaq üçün iki üzvü birdən gəlmişdi Hüseynovlar ailəsinin...Cəbrayılın Cocuq Mərcanlı kəndinə köçmək üçün sanki hazırda dayanmışdılar Şahəddin Hüseynovla həyat yoldaşı Gülxarə Kazımzadə...Sevincdən ayaqları yer tutmurdu sanki...

Şahəddinlə həyat yoldaşı evdə Cocuq Mərcanlı kəndinin bərpa ediləcəyi, öz ata ocaqlarına yığışıb yenidən ana torpaqda əkin-biçinə başlayacaqları günü səbirsizliklə gözlədiklərini söyləyirlər. Şahəddin deyir ki, bu 23 ildə doğulduğu, ilk qədəmlərini basdığı torpağına qayıtmaq üçün heç bu qədər səbirsiz olmayıb: “Ötən axşam eşitdik ki, cənab Prezident Cocuq Mərcanlı kəndinin bərpası, orada evlərin tikilməsi üçün sərəncam verib. O saatdan az qala dəqiqələri sayırıq. Bu sərəncamla Prezidentimiz bizim evimizə, elimizə-obamıza qayıtmaq həsrətimizə son qoydu sanki...Bu elə hissdir ki, ola bilər ki, onları sözə çevirib sizə, sizin oxucularınıza çatdıra bilməyim. Yəni, Vətən həsrətinin bitməsi sözlə ifadə oluna bilməyən bir hissdir. Bunu ancaq doğulduğu, ilk addımlarını atıb üzərində yürüdüyü, oynadığı, suyundan içdiyi, havasını içinə çəkib böyüdüyü torpağına illərlə gendən baxanlar bilə bilər. Sənindir, amma toxuna bilmirsən, sənindir, amma gedib doyunca gəzib-dolana bilmirsən, sənindir, amma yaşıl çəmənində uzanıb gözlərini səmaya zilləyərək uşaqlığının xatirəsini yada sala bilmirsən... Bax Vətən həsrəti belə bir hissdir”.

Bir parça kağız, geriqayıdışın məhək daşı...

Şadəddinlə danışdıqca, onun Vətən həsrətini hiss etdikcə bu ailənin 22 ildir ki, öz doğma torpağına qayıtmaq üçün yazdığı məktubların, ərizələrin bu həsrətin məhək daşı olduğunu anlayırsan. Bu düşüncələrdən məni Hüseynovlar ailəsinin 23 ildir ki, məskunlaşdıqları zavodun həyətinin dəmir darvazasının vahiməli səsi ayırdı. Düz 23 ildir ki, sığındıqları bu şəraitsiz, nəmişlik qoxuyan bu məkan bu ailənin öz evinə qayıtmaq əzmini, inamını sarsıda bilməmişdi...

Darısqal, havasız, nəmişlik otaqlardan Cocuq Mərcanlıya... - Fotolar














Ömrünün 67-ci qışını yaşayan Hüseynovlar ailəsinin ağsaqqalı Gəray dayı da Cocuq Mərcanlıya qayıdış xəbərini eşidəndən özünə yer tapa bilmədiyini söyləyir: “Mənim ən böyük arzum Vətəndə ölməkdir. Deyəsən Prezidentimiz mənim bu arzumu gözümdə qoymayacaq. Tapşırıq verib, pul ayırıb ki, Cocuq Mərcanlı bərpa olunsun. Bu xəbəri eşidəndən sevincimizin həddi-hüdudu yoxdur. Mən illərdir ki, öz evimə, elimə-obama qayıtmaq, orada bizim ailəmizə bir şərait, ev tikilməsi üçün müraciət edirəm. Onda Lələtəpə ermənilərin nəzarətində idi. Çoxları mənim belə bir ərizə yazdığımı eşidəndə təəccüblənirdi. Çünki, Cocuq Mərcanlıda yaşamaq həyat üçün təhlükəli idi. Torpaqlarımızı işğal edən erməni dığaları kəndin iki addımlığında idilər. Amma, bizim ailə buna rəğmən öz torpağına qayıtmağa israrlı idi. Cocuq Mərcanlı icra nümayəndəliyinə dəfələrlə məktub, ərizə yazdım ki, bizim kənddəki evimizi bərpa etsinlər, biz evimizə dönək. Kəndə qayıdış üçün ilk ərizə yazan ailələrdən biri də bizik, Hüseynovlar ailəsi...Bəlkədə kənardan pafoslu səslənə, görünə bilər bu istək. Amma, biz öz evimizin, baxçamızın, torpağımızın hər qarışının həsrətini çəkirik. Həmin ərəfədə Lələtəpə yüksəkliyinin ermənilərin əlində olması da bizim bu fikrimizdən daşındıra bilmirdi. Kim nə deyir desin, bizi ora çəkən torpaqdı a bala, torpaq...”.

“Bu gün Cocuq Mərcanlı, sabah Şuşa, Xankəndi, Kəlbəcər...”

Danışdıqca köksündəki hıçqırtını içində boğmağa çalışan, gah kövrəlib, gah da özünü ələ almağa çalışan Gəray dayı Cocuq Mərcanlıya qayıdarkən ilk ziyarət edəcəyi yerin məzarlıq olduğunu söyləyir: “Torpaqdan, insanın öz evindən didərgin düşməsi çox ağır dərddi. Mən öz atamı, anamı, iki balamı, doğmalarımı o yurdda qoyub gəlmişəm. Hərdən fikirləşirdim ki, onlar bu həyatda yaşamasalar da, məndən şanslıdırlar. Çünki, o torpaqda doğulub orada dəfn olunublar, ruhları öz obamızda dolaşır. Lələtəpə ermənilərin nəzarətində olanda gizlin-qaçaq gedib məzarlığı ziyarət etmişdim. Amma ondan sonra ora getmək çox təhlükəli oldu. Düşmən məzarlıqda adam görən kimi atəş açırdı. Öz yurdumuzda atamızın, anamızın, doğmalarımızın uyuduğu qəbiri ziyarət edə bilmirdik. İndi görün biz illərdir nələrə həsrət qalmışıq. Hərdən buna görə özümü aciz hesab edirdim. Bəlkədə içimizdə o torağa qayıtmaq inamı olmasaydı bu dərd öldürərdi bizi. Ümid sonda ölür deyirlər. Cənab Prezident bizim içimizdə olan o ümidi dirçəltdi. Bu sərəncam o torpağa qayıdışın ilkin addımlarıdır. Bu gün Cocuq Mərcanlı, sabah Şuşa, Xankəndi, Kəlbəcər... Bu yol bizi o torpaqlara aparır”.

Darısqal, havasız, nəmişlik otaqlardan Cocuq Mərcanlıya... - Fotolar














Hüseynovlar ailəsinin ən ümdə arzusu...

Gəray dayının ailəsində bu xəbərə sevinci böyükdən kiçiyə hər kəsin üzündən sezilirdi. İllərdir ki, darısqal, havasız, nəmişlik otaqlara sığınan üç qardaş- Vüsal, Şahəddin, Şahin qardaşları ailəlikcə didərgin düşdükləri evlərinə geri dönəcəkləri günü gözlədiklərini söyləyirlər: “Özünüz ailəmizlə, uşaqlarla hansı şəraitdə yaşadığımızı görürsünüz. Biz burada çarəsiz yaşayırıq. Amma burda ən şəraitli, təmirli ev belə öz evimizin yerini verə bilməz. Öz torpağımıza qayıdıb orada yaşamaq istəyirik. Bu Hüseynovlar ailəsinin arzusudur. İllərdir həyata keçəcəyi günü səbirsizliklə gözlədiyimiz diləyimiz...Prezidentimizin bir sərəncamı bizim torpağımıza qayıdış arzumuzun gerçəkləşəcəyi günün uzaqda olmadığından xəbər verir”.

Vüsal, Şahəddin, Şahin qardaşlarının övladları bu gün Bakıda 314 saylı məktəbdə təhsil alsa da, onlar uşaqların da Cocuq Mərcanlıda məktəbə getmək arzusunda olduğunu söylədilər. Şahəddin deyir ki, Cocuq Mərcanlıdan qaçqın düşəndə onun 6 yaşı olub: “O günü bütün təfərrüatı ilə xatırlamıram. Amma öz torpağımıza qayıtmaq üçün o yurdda doğulmaq kifayətdir”.

Məşəqqətli köçkün həyatı-“Böyük Qayıdış”ın ilk addımları...

Gəray dayının qız övladı Almaz isə məcburi köçkün həyatının gözünün qarşısından kino lenti kimi gəlib getdiyini söyləyir. 1993-cü ilin noyabr ayının 27-i idi. Məcburi köçkünlər öz evlərindən didərgin düşüb Beyləqanın düzünə səpələnmişdilər. Biz açıq düzənlikdə gecələyirdik. Səhər durub görürdük ki, saçımıza, üzərimizə örtdüyümüz yorğanın üzərinə şeh düşüb. Bu zavodun rəhbəri dayımla dost idi. Bizi görmək üçün Beyləqana gəlmişdilər. Çöldə gecələdiymizi görüb bizi yığıb Binəqədiyə, bu zavoda gətirdi. Beton, şəraitsiz olsa da, sığınacaq yerimiz oldu. O vaxtdan burada yaşayırıq. Amma içimizdə həmişə öz evimizə dönməklə bağlı mökhəm inam olub. Bunun üçün atam ərizə yazırdı ki, bizim Cocuq Mərcanlıdakı evimiz bərpa olunsun, biz evimizə qayıdaq. Deyəsən arzumuz gec də olsa gerçək olur. Evimizə qayıdacağıq...

Bərəkətli torpağa qayıdış...

Gəray dayının ömür-gün yoldaşı Yaqut xanım da, Cocuq Mərcanlıda övladlarını, gəlinlərini, nəvələrini başına yığıb öz evinə yığışacağı günü gözləyir: “Cocuq Mərcanlı çox bərəkətli torpaqdı. Üzüm, badam bağları vardı. Həyətimizdə bir bağ-bağatımız vardı ki... Təsərrüfatımız, bostanımız... Düşmən bütün düzənimizi pozdu, evimizi dağıtdı, bizi öz torpağımızdan didərgin saldı. Bayramlarda qəbir üstünə, öz doğmalarımızı ziyarətə gedə bilmirik. Lələtəpə azad olanda elə bildik ki, Cocuq Mərcanlının üzərindən qara bulud götürüldü. Biz torpağa bağlı insanlarıq... Biz ancaq o torpağın üzərində var ola bilərik. Sağ olsun cənab Prezidentimiz bizim öz evimizə, obamıza qayıdışımız üçün sərəncam verib”.

Yaqut xanım danışdıqca səbirsizlənən Gəray dayı, bir istəyinin də cənab Prezidentə çatdırılmasını dərc etməyimizi xahiş etdi: “Özünüz görürsünüz ki, mən böyrək xəstəsiyəm, hər iki böyrəyimə şlank qoşulub. Arzumdur ki, Cocuq Mərcanlıda tikiləcək ilk evlərə köçənlərdən biri də, bizim Hüseynovlar ailəsi olsun. Axı mən illərdir ki, bununla bağlı ərizə, məktub yazıram. İllərdir ki, üç oğlum evlənib bu darısqal, nəmişlik qoxuyan otaqlarda yaşayır. Bu uşaqların, da haqqıdır ki, bu beton nəmişlik divarlardan çıxıb gen, havası təmiz, doğma torpaqlarda təhsil alıb böyüsünlər. Onlar Cocuq Mərcanlıda doğulmayıb. Amma hər birinin qəlbi o torpaqda döyünür. Ömür vəfa etsə, öz torpağıma qovuşmaq istəyirəm. Bu mənim həyatda ən böyük arzumdur. Bunu elə belə də yazın... Ölsəm də öz evimdə ölmək istəyirəm...”


BAKI. Şəfa Rasimqızı Xalqİnfo.az

Xalqinfo.az saytı ilə əlaqə üçün E-mail: xalqinfo@mail.ru

Darısqal, havasız, nəmişlik otaqlardan Cocuq Mərcanlıya... - Fotolar
Darısqal, havasız, nəmişlik otaqlardan Cocuq Mərcanlıya... - Fotolar
Darısqal, havasız, nəmişlik otaqlardan Cocuq Mərcanlıya... - Fotolar
Darısqal, havasız, nəmişlik otaqlardan Cocuq Mərcanlıya... - Fotolar

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler