» » Nuranənin yerində olmaq...

Nuranənin yerində olmaq...

Bölmə: Sosial, DÜNƏNDƏN-BUGÜNƏ
Nuranənin yerində olmaq...

Yeganə Cansail

Məşhur hekayədən bir deyim var: daşı aranızdakı ən günahsızı atsın. Son zamanlar baş verən məlum hadisələr nədənsə mənə bu cümləni xatırlatdı. Biz üzərimizdə qaya ağırlığında günahlarımızla pusquda dayanıb kiminsə qızını, arvadını təhqir etməkdən yorulmuruq. Nəinki dirisini, ölüsünü də söyürük, amma hirsimiz soyumur ki, soyumur. Bu qədər aqressiyaya səbəb nədir və kökü hardan başlayır?

Əlbəttə ki, ən birinci səbəbi bizi böyüdən şəxslər və ailəmizdə axtarmalıyıq. Uşaq yaşlarından şəxsiyyət kimi formalaşmayan, daima sındırılan, sualları cavabsız qalan, döyülən, təhqir edilən insan cəmiyyət üçün potensial cinayətkardır, zərərvericidir. Küçədə, hansısa yaxınımızın evində, restoranda dəfələrcə şahidi olduğumuz mənzərədir. Ana ağlayan övladını sakitləşdirə bilmədiyi üçün döyür, ya təhqir edir, adətən də uşağı yox, ərlərini söyürlər “dədən ölsün”, “atanın evi tikilsin” (ortada günahsız yerə atanın nəsli, qohum-əqrəbası da gedir), ən yaxşı halda isə telefona Üzeyirin mahnılarından qoyub verirlər uşağa ki, başı qarışsın. Nəticə olaraq, uşaq sevgisiz böyüyür, təhqir olunur və zövqü formalaşır. Elə ən böyük bəla da sevgisiz təməli qurulan ailələrdən, insanlardan başlayır. Məhz belə ailələrdə böyüyən uşaqlar gələcəkdə cəmiyyət arasında özlərini təsdiq edə bilmədiyi üçün sosial şəbəkələrdə şirə, pələngə dönürlər. Kiminə namus dərsi keçir, kiminə də “qaqa, bu mənim nömrəmdir, zəng vur filan yerdə görüşək söhbəti həll edək” yazıb öz təbirləriylə desək “zakon tolkavat” edirlər. Söhbətlərinin də məğzinə varsan boş, çürük məntiqə söykənən fikirlərdən başqa bir şey olmadığının şahidi olarsan. Belə insanlar həm də “kitabsızlıq” xəstəliyindən əziyyət çəkirlər. Danışdırsan kitabın üzünü axırıncı dəfə elə məktəbdə görüblər, o da əgər dərsə gediblərsə.

Mütaliəli insan heç vaxt hansısa xanımı klubda əyləndiyi üçün ittiham etməz. Hələ bu azmış ki, bir gəncin ölüm faciəsini lağlağı mövzusuna çevirib qeyrət dağarcığını sərgiləməz. Nuranənin ölümü çoxumuzu sarsıtdı. Onun yerində hər birimiz ola bilərdik. Gənc yaşda arzularının, karyeranın, dostlarının, sevdiklərinin ölümlə nöqtələnməsi əlbəttə ki, faciədir. Amma bu ölümə axmaq donlar geyindirib ağlına yox, ağzına (!) gələnləri yazan gənclərlə eyni mühitdə yaşamaq mənimçün daha böyük faciədir. Bu hadisə nə ilk, nə də sondur. Xatırlayıram ki, bir dəfə oğlan sevdiyi qızı evlərinə yola saldığı üçün elə blokdaca məhlənin oğlanları tərəfindən bıçaqlanmışdı. Sevdiyi oğlanla görüşdüyü üçün qardaşı, atası tərəfindən öldürülən qızlarımız da az deyil. Və bu cinayətlər demək olar ki, eyni təfəkkürə, məntiqə sahib beyinlər tərəfindən törədilir. Ssenarilər isə bir-birini təkrarlayır: “ailəmizin adını batırırsan”, “qaqaş, məhlədə ana-bacı var”, “qaqa, sən o qızı tanıyırsan? Alajsan onu?”, “qardaş, belə baxıram yaxşı oğlana oxşayırsan, amma o qız sənin tayın deyil...”

Bəli, bu cəmiyyətdə çoxumuz dərsdən qaçıb amma hamıya dərs keçən müəllimlərik. Nədənsə bizə elə gəlir ki, fərd olaraq özümüz daha ağıllı, daha ideal və günahsızıq. İstədiyimiz adamı ittiham edib təhqir edə bilərik, hansısa xanımı əxlaqsız damğasıyla möhürləyərik, ürəyimiz istəyəndə də kiminsə canına qıyarıq. Axı anamız-bacımız var, sonra namus bizi boğar.

Əziz oxucu, bu qədər bədbin ruhda yazı yazıb səndə də ruh düşkünlüyü yaşatmaq istəməzdim. Amma əmin olun ki, bu insanların da ömrü və namusu elə mübarizə apardıqlarıyla üz-üzə qalana kimidir. İnandırım sizi ki, söydükləri, əxlaqsız dedikləri xanım çox yox, bir balaca onlara gülümsəsə büründükləri qeyrəti soyunarlar. “Petux” dedikləri müğənniylə üz-üzə gəlsələr az qalar ayağından öpərlər. Bütün bu halların dəfələrcə şahidi olmuş insan kimi əminəm ki, bu adamlar “səmimiyyətsizlik”, “şəxsiyyətsizlik” və “kitabsızlıq” xəstəliyindən əziyyət çəkirlər.

Nə deyə bilərik, Allah şəfa versin!


Əlaqə üçün E-mail: xalqinfo@mail.ru

BAKI. Şəfa Rasimqızı Xalqİnfo.az


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler