» » O mandatı daşımaram...

O mandatı daşımaram...

Bölmə: Sosial
O mandatı daşımaram...

Seymur Verdizadə

Milli Məclisin deputatı Astan Şahverdiyev məlum bəyanatla çıxış edəndə, onu ən sərt tənqid edən jurnalistlərdən biri də mən idim. Sosial tələblərlə küçəyə çıxan adamları “nəşəxor” adlandırmaq ziyalıya, ağsaqqala yaraşan hərəkət deyil. Adama deyərlər ki, əgər qazın, suyun, işığın gündəlik həyatımızda heç bir rolu yoxdursa, gəl, sən də üç gün bu şəraitdə yaşa...

Astan müəllim acizanə şəkildə Azərbaycan xalqından üzr istəyəndə, ən çox sarsılan yenə mən oldum. Üzr istəmək, buraxdığı səhvi etiraf etmək insanın böyüklüyünü göstərir. Amma burda söhbət səhvi başa düşməkdən yox, sındırılmaqdan gedir. Yetmiş yaşlı kişini gözümüzün qabağında çubuq kimi sındırdılar.

Astan Şahverdiyev ziyalıdır, tanınmış professordur. Tələbələri deyirlər ki, pis alim deyil, auditoriyada deməyə həmişə sözü var. Alimlərimizlə, ziyalılarımızla bu cür rəftar məni həmişə kədərləndirir. Elmi iş yazmaq, müdafiə etmək asan olsaydı, hamımız alim olardıq. Astan Şahverdiyev kimi neçə-neçə alimin, ziyalının gözdən düşməsinə səbəb haqları çatmaya-çatmaya ciblərində daşıdıqları həmin o başabəla mandatlardır. Şəxsən mən, o mandatı daşımaram...

Azərbaycanda parlament bir institut kimi sürətlə nüfuzdan düşməkdə, qınaq obyektinə çevrilməkdədir. Bəzi deputatlarımız öz səhvləri ucbatından tez-tez tənqidə məruz qalır, hətta ən ağır formada təhqir olunurlar. Bir də görürsən ki, hansısa deputat soğan kisələrinin arxasından, ya da zibil yeşiyindən “boylanır”. Jurnalistlər arasında deputatları ən çox tənqid edənlərdən biri də mənəm. Amma vəziyyətin belə eybəcər şəkil alması indi məni çox məyus edir. Yaşlı oxuculardan üzr istəyirəm, bir də görürsən ki, indiyə kimi hansısa yaralı barmağa “çiş” eləməyən dələduzun biri sosial şəbəkələrdə 70-80 yaşlı kişiləri, ağbirçək qadınları küçə söyüşləri ilə təhqir edir. Məni ayrı-ayrı fərdlərin təhqir olunmasından çox, dəyərlər sisteminin zədələnməsi narahat edir. Vətənə xidmət, böyüyə hörmət, ziyalıya məhəbbət analyışı sürətlə arxa plana keçir. İşi-gücü sosial şəbəkələrdə nifrin yağdırmaqdan ibarət olan adamların cəmiyyəti öz arxasınca aparmağına imkan vermək olmaz. Tənqidlə təhqirin sərhədlərini ayırd edə bilməyən adamlara öz yerlərini göstərməyin vaxtı çatıb.

Məqamı gəldiyi üçün bunu da yazmaq istəyirəm: Milli Məclisin deputatı Zahid Oruc bir neçə ay əvvəl “Azərsun” şirkətinin məhsullarını tənqid edəndə, qarşı tərəf ona elə cavab verdi ki, əlim üzümdə qaldı. “Azərsun” rəsmiləri Zahid Orucla elə davrandılar ki, sanki qarşılarındakı adam deputat yox, 24 saylı marşurutun sürücüsüdür. Həmin vaxt çox gözləsəm də, deputat həmkarlarından heç biri Zahid müəllimin müdafiəsinə qalxmadı. Hansı ki, o vaxt Zahid Oruc haqsız deyildi...

Neçə vaxtdan bəri bu suallara cavab axtarıram: Niyə sosial şəbəkə iştirakçıları deputatları bu qədər rahatlıqla təhqir edə bilirlər? İki uzunqulağın arpasını bölə bilməyən adamlara millət vəkillərini aşağılamaq, təhqir etmək səlahiyyətini kim verib? Bu cür suallar çox olsa da, cavab heç vaxt dəyişmir: Deputatların əksəriyyətinin arxasında seçicilərin dayanmadığını həmin adamlar da bilirlər. Deputatın əsas dayağı xalq olmalıdır. Xalqa arxalanan deputata heç kim dil uzada bilməz. Xalq həmin adamın dilini boğazından çıxarar. Odur ki, cibində deputat mandatı gəzdirən şəxs ilk növbədə xalqın rəğbətini qazanmalıdır. Bunun üçün heç olmasa, ayda-ildə bir dəfə xalqın xeyrinə iki kəlmə danışmaq lazımdır...


Əlaqə üçün E-mail: xalqinfo@mail.ru

BAKI. Şəfa Rasimqızı Xalqİnfo.az


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler