» » Azərbaycanın qadın polis müşkülü… - Zorakı kişinin qənimi

Azərbaycanın qadın polis müşkülü… - Zorakı kişinin qənimi

Bölmə: Sosial, BLOK XƏBƏR, MANŞET
Azərbaycanın qadın polis müşkülü… - Zorakı kişinin qənimi

Təəssüf ki, insanların ölüm xəbərlərini yemək resepti kimi oxuyub keçirik. Hər kəs oxuduğu xəbərdən sonra “Allah göstərməsin”lə özünü ovudur. Bu gün ölkədə məişət zəminində baş verən zorakılıq o qədər həddini aşıb ki, bu mıxını yerdən qoparıb qaçan ata bənzəyir. Ailə sirrini yaymaq istəməyən biri səhəri elə bir faciə müəllifinə dönür ki, bütün media, hüquq onun əməlindən danışır. Baş verən ailədaxili cinayətlərdə yenə qurban qadınlar çoxluq təşkil edir. Qadınlara bu xor baxış nədən qaynaqlanır? Sağlam cəmiyyət o vaxt yaranır ki, qanunu vəziyyət gərginləşəndə yox, qabaqcadan yaratsın və icrasına başlasın. Lap xəstəliyin peyvəndi kimi.

Zorba məişətin zorakı kişiləri...

2006-cı ildə “məişət zorakılığı” ifadəsi ilə tanış olan Milli Məclis mübarizə ilə bağlı bəyənat qəbul etdi. Əvəzində Avropa parlamentləri “Zorakılıqdan azad qadınlar” adlı şəbəkəyə qoşulmuş, mübarizə ilə bağlı fəaliyyətə keçmişdilər. Zorakılığın tək qadınlara deyil, kişilərə, uşaqlara da edilməsi nəzərə alınmaqla. Bu gün də İsveçrə, Xorvatiyada zorakılıqla mübarizə məqsədi ilə orta məktəblərdə kurslar təşkil edir. İspaniyada zorakılıq qurbanlarının qorunması ilə bağlı ayrıca qanun mövcuddur. Almaniyada kişilərin qəzəbinin idarə olunması üçün xüsusi psixoloji mərkəzlər yaradılıb. Norveç və Birləşmiş Krallıqda təcavüzə uğramış qadınlar və zorakılıq qurbanları ilə bağlı Milli Mərkəzlər işləyir. Bizdə isə...

Nəhayət bizdə, 2010-cu ildə “Məişət zorakılığının qarşısının alınması haqqında” qanun qüvvəyə mindi. Zorakılığın ən ağır nəticəsi ölümdür. Təəssüf ki, biz tək qətllə sonlanan zorakılıq hallarını saya bilirik. Zorakılığın digər halları rəsmi qeydiyyata alınmır da. Qanunda fiziki (zor tətbiq etməklə döymək, işgəncə vermək), psixoloji, cinsi zorakılıq haqqında maddə nəzərdə tutulub. 20 maddə bu boyda cəmiyyət dərdini çözəcək iqtidarında ola bilərmi? Hələ məsul şəxslərin çoxu məsələni tam qavramayıbsa, yaxud qadın-kişi ayrı-seçkiliyi tərəfdarları sabah gender bərabərliyindən danışacaqsa. Kişilərin qadınlardan tək fiziki gücü deyil, bir çox mənalarda üstünlüyü cəmiyyətə saqqız kimi yapışan düşüncədir. Bu saqqızı təmizləmək üçün düşüncə inqilabı etmək gərəkdir. Hər öldürülən qadına çoxluqla “yəqin namussuzluq edib” şübhəsi ilə yanaşılırsa, onda kişilərin gərəksiz qısqanclığının zərərindən, psixoloji zorakılığının nəticələrindən danışmağa dəyməz. Axı 60 yaşlı qadın ərinin qısqanclığı üzündən nə üçün baltalanmalıdır? Kişi qəzəbinə tuş gələn qadının başı körpə uşaqları qarşısında necə amansızlıqla kəsilə bilər axı?

Azərbaycanın qadın polis müşkülü… - Zorakı kişinin qənimi













Qanunun boş qalmış səhifəsi...

“Məişət zorakılığının qarşısının alınması haqqında” qanunun qəbulundan 6 il keçib, amma belə cinayətlər davam edir. Gender hüququ üzrə mütəxəssis, sosial işçi Gülnar Nəzərovanın qənaətinə görə, məlum qanundan nəinki vətəndaşların, müvafiq qurumların çox əməkdaşının da xəbəri yoxdur. “Qanunda (maddə. 10, 11. 12) məişət zorakılığı törətmiş şəxsin zərər çəkmiş şəxsə qarşı edə biləcəyi hərəkətlərə tətbiq olunan məhdudiyyətlər barədə mühafizə orderi nəzərdə tutulub . Mühafizə orderi sadə desək, zərərçəkənin qısa və üzünmüddətli zorakılıqdan qorunması tədbiridir. Lakin praktikada mühafizə orderinin tətbiqi halına rast gəlinməyib. Bəzən mühafizə orderinin tətbiq edildiyi oxşar cəmiyyətlərdə qanunlar problemi tam olaraq həll etmir. Məsələn: Tükiyədə mütəmadi olaraq uzaqlaşdırma qərarı tətbiq edilməsinə baxmayaraq, qadınların kişi doğmaları tərəfindən öldürülməsi faktları da var. Problemin həlli üçün sistemli mübarizəyə ehtiyac var. Maariflədirmə tədbirləri kütləvi xarakter almalı, sosial çarxlar nümayiş etdirilməlidir”.

Zorakılğı divara dirəyən çarə...

Qanun qəbul etmək, layihə formatında fəaliyyət, şiddətlə mübarizə məişətdə zorakılıq qurbanlarının sosial, tibbi, psixoloji vəziyyətini ələ almaqda yetərsizdir. BMT-nin Bakı Ofisinin rəsmisi Bahica Əliyevanın fikrincə, ölkəmiz Avropa Şurasının “İstanbul Konvensiyası”nı (Şuranın 18 üzvü öz qanunvericiliyinə daxil edib, 20 üzvü ratifikasiya edib) ratifikasiyası etməyənə qədər zorakılıqla mübarizə effekt verməyəcək: “2014-cü ildə qəbul edilmiş vacib sənəd məhz məişət zorakılığı ilə mübarizəyə həsr olunmuş və hüquqi qüvvəyə malik yeganə beynəlxalq sənəddir. Konvensiya açıq-aydın məişət zorakılığı hallarının insan hüquqlarının pozulması olduğunu vurğulayır. Eləcə də, qadınlara qarşı zorakılıq üzrə geniş hüquqi çərçivəni hazır şəkildə üzv olacaq ölkələrə təqdim edir. Konvensiyada 3 əsas istiqamət var: zorakılığın qarşısının alınması, qurbanların müdafiə olunması və zorakılıq törədənlərin təqib edilməsi. Konvensiya qadınlara qarşı zorakılıq, o cümlədən məişət zorakılığı kimi məsələləri səmərəli şəkildə həll edilməsi üçün işə cəlb olunmuş bütün müvafiq dövlət qurumları, xidmət qruplarını və qeyri-hökumət təşkilatlarını fəaliyyətini əlaqələndirən rəsmi dövlət qurumunun formalaşdırılmasını şərt kimi müəyyən edir. Həm də Konvensiyanın GREVİO adlı monitorinq mexanizmi də yaradılıb ki, orada mütəxəssislər qrupu bir araya gətirərək üzv öklələrin bu istiqamətdə atdıqları addımları mütəmadi əsaslarda qiymətləndirir və mövcud boşluqları aradan qaldırmaq üçün müvafiq tövsiyələr verir. Beynəlxalq hüquq etiraf edir ki, Konvensiya məişət zorakılığı ilə mübarizə üzrə ən mükəmməl hüquqi çərçivəni təsvir edir. Qadın hüquqlarının müdafiəsində maraqlı olan hər dövlətin, həmçinin Azərbaycanın bu Konvensiyanı imzalaması şərtdir”.

Azərbaycanın qadın polis müşkülü… - Zorakı kişinin qənimi













Qadın polis müşkülümüz...

Məişət zorakılığı ilə mabarizədə mövcud qanun hüquq müdafiəçilərini razı salmır. Qanunda mübarizə tədbirlərində qadın polislərin missiyası, artırılması məsələsi heç əksini tapmayıb.

Elnurə adlı xanım Sumqayıt sakinidir. O, dini inancına görə hicablı, qapalı geyimdə olduğundan bu günə qədər iş tapmaqda çətinliklə qarşılaşıb. Ayrı-seçkiliyə məruz qalan xanım üstəlik, həyat yoldaşının fiziki zorakılığı ilə dəfələrlə qarşı-qarşıya gəlib. Sonuncu dəfə döyülən xanım polisə müraciət edib. Özünün də dediyi ki, qadın polis olsaymış, dərdini daha ətraflı deyəcəkmiş. Elnurə kimi susan saysız qurbanlarımız var. Azərbaycanda məişət zorakılığı ilə mübarizənin həlli yolundan biri qadın polis qruplarının yaradılmasıdır. “Polis qadınlıq iş deyil” deyənlərin sayı çoxluq təşkil edir. Polis peşəsinin ağır iş şəraitli, məsuliyyətli olduğundan xanımlar bu sənəti seçməyə ürək etmir. Qızlarda yaranmış az-çox həvəsi isə ailələri ört-basdır edirlər. Ölkədə Daxili İşlər Nazirliyi orqanlarında çalışanların yalnız 3,5%-ni xanımlar təşkil edir. Belə xanımlar dəftərxana şöbələrində işləyir, informasiya texnologiyalarına cavabdehlik daşıyırlar, vəssəlam. Polis uniformasını daşıyan xanım daha ciddi və sadə olmalıdır. Hər qadın bər-bəzəkli geyim, saçdan, kosmetikadan könüllü imtina edərmi? Halbuki dünyada bu istəkləri qurban verən çoxlu qadın var. Bu qadın polislər cinayət axtarışı idarələrində kişilərlə çiyin-çiyinə fəaliyyət göstərirlər. İran kimi şəriət qanunlarını üstün tutan ölkədə belə çevik qadın polis taboru var. Çadralı polis qadınlar yüksək fiziki hazırlığı ilə seçilirlər. Türkiyədə yol polisində işləyənlərin çoxunu xanımlar təşkil edir. Hətta 1996-1997-ci illərdə Türkiyənin Daxili işlər naziri Akgenar Maral adlı xanım olub.

Polis qadınlar olsa, onların ən azı ailə münaqişələrinə nüfuz etmək, ailənin daxilində baş verənləri həssaslıqla öyrənmək imkanı olar. Zorakılıq görən qadınların problemi daha şəffaf şəkildə araşdırılar, boşanmalarda belə çirkin səhnələr ortaya çıxmaz. Kütləvi aksiyalarda qadınları kişi polislər aqressiv şəkildə sürükləməz, polis orqanına gətirilən qadınların işi ilə elə qadın polislər məşğul olar. Həm də 1999-cu ildə qəbul olunmuş “Polis fəaliyyəti haqqında” qanun qadınların da bu peşəyə yiyələnməsi üçün hər hansı qadağa qoymur.

“Get, ər sevər də, döyər də”

Gender problemləri üzrə mütəxəsis, “Təmiz Dünya” İctimai Birliyinin rəhbəri Mehriban Zeynalova buna belə aydınlıq gətirir: “Azərbaycanda qadınların polis peşəsinə yiyələnməsində bir sıra əngəllər var. Döyülən qadın polisə müraciət edəndə çox halda “get, ər adamı sevər də, döyər də” təsəllisi ilə qarşılaşır. Qadın polis olsa belə soyuq reaksiya olmaz. Qadınlar cinayətkarlığa qarşı mübarizədə çox zəif hesab olunurlar. Polisdə işləyən qızla evlənmək istəyən şəxs ilk növbədə gələcək xanımının işindən uzaqlaşmasını təklif edir. Ailələr qızlarının kişi kollektivlərində işləməsinə izn vermirlər. Qadın polislərin çoxaldılması mütləqdir. Daxili işlər nazirimiz də bu məsələni qabarıq şəkildə bəyan edib. Biz polis orqanları ilə mütamadi tədbirlər keçiririk. Amma DİN polislə bağlı stereotiplərin dəyişdirilməsinə dair ayrıca bir konsepsiya hazırlamalıdır. Məişət zorakılığı ilə mübarizədə qadın polislər böyük çevriliş edə bilər. Bir də gender mütəxəsislərinin illik hesabatları DİN tərəfindən rəsmi mövqe kimi ictimaiyyətə çatdırılmalııdr. Polis qadın və kişilərin fəaliyyətində kvota sistemini də təklif etmək olar. İlin sonunda polis orqanlarına daxil olmaq istəyən xanımlar üçün “açıq qapı günü” təşkil olunmalıdır”.

Azərbaycanın qadın polis müşkülü… - Zorakı kişinin qənimi













“Qısqanc ər qadın polis tələb edir”

Məişət zorakılığı ilə mübarizə məsələsində ümumilikdə polis heyətinin üzərinə çox böyük məsuliyyət düşür. Ekspert Bahica Əliyevanın fikrincə, istər kişi, istərsə də qadın polislərin məsələyə dair həssas yanaşması təmin edilməlidir. Amma məişət zorakılığı qurbanı olan qadın məsələnin həssaslığını da nəzərə alaraq öz problemini eyni cinsli şəxslə daha asanlıqla paylaşacaq. Bununla yanaşı, qadın polislərin sayının artması cəmiyyət arasında qadın roluna dair olan stereotiplərin aradan qaldırılması baxımından da çox əhəmiyyətlidir.”

Digər ekspert Gülnar Nəzərovanın fikrincə, çox halda qadınlar kişi polislərə zorakılığa məruz qaldıqlarını bildirməkdən çəkinirlər: “Qadınlar daha çox susmağı üstün tutur. Qadın polislərin olması zorakılıqla mübarizədə mühüm amil olsa da ictimai qınağa görə bu sahəyə maraq göstərən qadınlar azdır, həm də qadın polislər cəmiyyət tərəfindən qəbul edilmir. Maraqlısı budur ki, ailəsində heç bir qadının polis olmasına razılıq verməyən kişi ailəsindən olan qadının üzərinin yoxlanılması vaxtı qadın polis tələb edir”.

Sabiq polis rəisi, hüquqşünas Mahmud Hacıyev də qadın polislərin azlığından narahatdır: “Tarixən polis xidməti orqanları güc strukturu hesab olunub. Bu səbəbdən indi də bizdə polis peşəsinə qadın işi kimi baxmırlar. Bu düşüncəylə bağlı məsələdi. Amma sözsüz qadın və kişilərin hüquqları bərabər olduğundan bu sənəti seçməkdə azaddırlar. Müvafiq qanunda da qadağa qoyulmur. Son zamanlar ailə məişət zorakılığı hallarının çoxalması qadın polislərinin artırılması zərurətini yaradır. Xüsusən etiraz aksiyalarında, hər hansı problemlə bağlı polisin işində qadın polislərə ehtiyac duyulur. Kişi polislərin tutduğu qadınlarla yalnış davranışı, onları müşayiət etməsi ictimaiyyətə xoş təsir bağışlamır. Avropa, Asiya ölkələrində polis qadınlar kişilər qədər fəaldır. Ümumiyyətlə, polis orqanlarının xidməti üç hissədən ibarətdir. Əməliyyat, istintaq, xidməti iş. Polis sənətinə olan antipatiyanı yox etmək, daha sonra qadınların da bu işin öhdəsindən gələ biləcəyinə inanmaq lazımdır. Hətta istintaq işinin aparılmasında da qadınların işləməsi yaxşı olardı. Çünki müstəntiqin işi xüsusi tapşırıqlar verməkdir. Polis xidmətində işləyən qadınların vəzifəsi dəftərxanada oturmaqla bitməməlidir. Bundan başqa təklif edərdim ki, kadrlar şöbəsində komplektləşdirilmə aparılsın. Həm qadın, həm də kişi polislərin bərabər sayda fəaliyyət göstərilməsinə şərait yaradılsın”.

Qeyd edək ki, Azərbaycanda Polis Akademiyasına hər il cəmi 3-5 nəfər qız tələbə qəbul olunur.


Əlaqə üçün E-mail: Xalqinfo@mail.ru

BAKI. Şəfa Rasimqızı Xalqİnfo.az


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler