» » “Yanğın söndürmək, əlinə şlanq alıb qaçmaq deyil...” Rza Xudiyev + Video

“Yanğın söndürmək, əlinə şlanq alıb qaçmaq deyil...” Rza Xudiyev + Video

Bölmə: Sosial, BLOK XƏBƏR
“Yanğın söndürmək, əlinə şlanq alıb qaçmaq deyil...” Rza Xudiyev + Video
“Bir gün arı ilandan soruşur ki, ikisi də sancır. Bəs necə olur, ilan sancanda insan ölür, arı sancanda özü. İlan da qayıdır ki, bir var həvəskar, bir də var peşəkar”. Bu təmsili müsahiblərimdən biri peşəkarlıqla bağlı sualıma cavabında demişdi. Nəsə o gündən bu günə kimi hər dəfə peşəkar sözünü eşidəndə ağlıma ilk gələn bu olur. Elə ona görə yeni hazırladığım “Ömrün 40 ili” layihəsinə giriş üçün məhz bu təmsili seçdim. Bu layihədə biz bir ömrün 40 ilinə nə sığa bilər yox, nə sığdırıla bilər sualına cavab tapacağıq. Belə deyək, müsahiblərim ömrünün 40 ilini müxtəlif sahələrə sərf etmiş, bel büküb, saç ağartmış insanlar, daha doğrusu, peşəkarlar olacaq.

Layihəyə başlayan zaman xeyli götür-qoy etdik, bir dəftər dolusu nömrə yığdıq. Bəzi nömrələrin altından, bəzilərinin isə üstündən xətt çəkdik. Redaktorumla ilk kimdən başlayaq deyə fikirləşəndə küçədən yanğınsöndürən maşınlarının səsi qulağımıza dəydi. “Yenə harasa yanır”- deyib müzakirəmizə geri döndük (iş yerimizin yaxınlığında depo olduğu üçün tez-tez eşidirik). Qısa söhbətdən sonra qərara gəldik ki, bayaq söhbətimizi yarı bölən yanğınsöndürənlər elə ilk müsahibə üçün də maraqlı olar. Sorub-soruşdurub artıq 40 ilini bu sahəyə həsr edən, ölkədə baş verən ən böyük yanğınların iştirakçısı olan FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin rəis müavini Rza Xudiyev müsahibə üçün ən uyğun şəxs olduğunu öyrəndik. Qəribədir ki, müsahibə üçün qərarlaşdırdığımız gün elə yanğınsöndürənlərin peşə bayramına təsadüf etdi. Elə söhbətimizə də bu nüansla başladıq:

- Bayramınız mübarək, bu, qeyd etdiyiniz neçənci bayramdır?

- Səhv eləmirəmsə, 36-cı bayramımdır. 40-a az qalıb.
“Yanğın söndürmək, əlinə şlanq alıb qaçmaq deyil...” Rza Xudiyev + Video






- Seçdiyiniz peşə nə qədər şərəfli olsa da, bir o qədər də ağırdır. Belə deyək, canını oda atmaq hər kişinin işi deyil.

- Bu peşə mənim üçün yad deyil. Atam da Böyük Vətən müharibəsindən qayıdandan sonra Yanğından Mühafizə Xidmətində sürücü işləyib. 36 il təmiz iş stajı ilə bu orqanda çalışıb. Yeri gəlmişkən, artıq bu il mənim də 36-cı ilimdir. Uşaqlığım elə yanğınsöndürən maşınların əhatəsində, atamın dostlarının, iş yoldaşlarının qucağında keçib. O vaxt işçilərin çoxu müharibə veteranları idi. Onlar təcrübə və nizam-intizamına görə çox fərqlənirdilər. Mənim oyun meydançam xidmətin bağçası, oyuncaqlarım isə özümdən dəfələrlə böyük qırmızı maşınlar olub. Bilirsiz, uşaq üçün qırmızı maşın nə deməkdir? O vaxt bu maşınlar çox uşağın arzusu idi. Elə indi də.

- Çox valideyn, xüsusilə də analar bəzən övladını belə çətin peşələrdən yayındırır.

- Düzdür, anam çox narahat idi, Azərbaycandan kənara çıxmağımı istəmirdi. Atam “Məndən artıq kişidir? Mən o boyda müharibəyə gedib gəlmişəm. Qoy övladım da təhsilini alıb gəlsin”-dedi. Elə onda anamın ürəyi rahatladı, mənə icazə verdi. O vaxt azərbaycanlılar yalnız Xarkova göndərilirdi, buna baxmayaraq mən indiki Yekaterinburq şəhərinə getdim. Orada təhsil almaq üçün bir neçə seçim qarşısında qalmışdım. Sonradan qərara gəldim ki, elə atamın peşəsini davam etdirim. Sənədlərimi verdim və yüksək nəticə ilə məktəbi bitirdim. Təhsilimi tamamladıqdan sonra elə orada təyinatla işləməyə başladım və 2 il dalbadal ən yaxşı növbə rəisi adını qazandım. Daha sonra təyinatla Moskva şəhərinə göndərildim və akademiyaya qəbul oldum. Əlaçı olduğum üçün SSRİ Daxili işlər naziri Bakatinin əmri ilə mənə kapitan rütbəsi verildi. Qarşımda iki seçim var idi: ölkəmə, ailəmin yanına qayıtmaq, ya da orada yüksək vəzifələrin birində çalışmaq. Mən birinci variantı seçdim və ailəmin yanına qayıtdım.

“Yanğın söndürmək, əlinə şlanq alıb qaçmaq deyil...”

Rza Xudiyev ailəsinin yanına qayıtmaq üçün yüksək vəzifələrdən imtina edərək 1991-ci ildə Bakıya qayıdır. Çətin bir zamanda Azərbaycana qayıdan Xudiyev özünü bu dəfə də ölkəsində təsdiq etməli idi. 9 il Nəsimi rayonunda rəis müavini işlədikdən sonra əməliyyat növbətçisi vəzifəsinə qaldırılıb. Elə bu müddət ərzində də paytaxtda baş verən ən böyük və mürəkkəb yanğınların söndürülməsinə rəhbərlik edib.
“Yanğın söndürmək, əlinə şlanq alıb qaçmaq deyil...” Rza Xudiyev + Video






- Hərdən arzusunda olduğumuz peşədə bir az çətinlik görən kimi, bəlkə də, başqa sahəni seçməliydim deyə fikirləşirik. Siz seçdiyiniz peşədə hər an təhlükə, ölümlə üz-üzəsiniz. Bəs uşaqlıqda aldandığınız qırmızı maşınlar, əyləncəli görünən peşə sizi heç peşman edib?

- Yox, qətiyyən. Baxmayaraq ki, təcrübəm 40 ilə yaxınlaşır, ancaq indi də bu xidmət mənim üçün maraqlıdır. Çoxuna kənardan sadə görünə bilər. Ancaq yanğın söndürmək, əlinə şlanq alıb qaçmaq deyil, sən böyük biliklərə sahib olmalısan. Yaxşı kimya, fizika fənnini bilməlisən. Bundan başqa, insan gərək çalışdığı sahəni sevsin. Sırf maaş xətrinə, gün keçirmək üçün işləmək olmaz. Xüsusilə də, bizim sahədə. Mən hər gün tabeliyimdə olan insanlara deyirəm ki, siz hər gün nəyisə öyrənməlisiniz. Bizim sıralarımızda bu gün gənclər çoxdur. Biz də gənc olmuşuq, bizə də yol göstəriblər. Nəzəriyyə ilə yanaşı praktik tapşırıqlar da önəmlidir. Yanğının söndürülməsi böyük bir elmdir və xüsusi işləmək lazımdır.

- Son illərin ən böyük yanğınlarından olan Azadlıq prospektindəki binanın söndürülməsi zamanı yaranan bir neçə nüans çox müzakirələrə səbəb oldu. Məsələn, vertolyotun suyu binadan çox, kənarlara tökməsi, binaya vurulan suyun yüksək mərtəbələrə çatmaması və s.

- Bəzi şeylər var ki, kənardan baxıb şərh vermək çox asandır. Həmin vertolyotlarda 5 ton su olur və o bütün suyu eyni yerə tökə bilməz. Məcburdur ki, suyu hərəkət halında olan zaman boşaltsın. Mən Xətai rayonundan oraya 14 dəqiqəyə çatmışam. Bildiyimiz kimi, o vaxt bütün binaları üzləyirdilər. Biz həmişə buna qarşıydıq. Bu barədə müəyyən orqanların hamısına məktub göndərərək yazırdıq ki, binaları yanan materialla üzləmək olmaz, təhlükəlidir. Bilirdik ki, belə bir faciə baş verəcək. Ancaq bizə qulaq asan olmadı. İndi üzlüklər dəyişdiriləndən sonra bir yanğın hadisəsi qeydə alınmayıb. Hər hansı bir mənzildə olur, ancaq bu bir neçə dəqiqə ərzində bütün binanı örtmür və vaxtında qarşısını ala bilirik. Hər bir materialın yanma sürəti var. Həmin binada yanğın aşağıdan baş vermişdi və qısa bir zaman ərzində tam ətrafı bürümüşdü. Oraya çatanda ilk tapşırığım o oldu ki, birinci insanlar çıxarılsın. İkinci mərtəbəyə çatanda artıq hiss etdik ki, boğuluruq.

“Binaya daxil olanda meyitlər artıq pilləkənlərdəydi”
“Yanğın söndürmək, əlinə şlanq alıb qaçmaq deyil...” Rza Xudiyev + Video





- Neçə yanğınsöndürən öz maskalarını sakinə verdiyi üçün zəhərlənmişdi. Bəs onların yanında əlavə maska olmur?

- Olur, niyə olmur. Ancaq orada vəziyyət gözləniləndən qəliz idi. İnsanları 4 tərəfdən yanar bir materialın içində bağlamışdılar. O yanğın hər dəfə yadıma düşəndə çox pis oluram. Biz binaya daxil olanda meyitlər artıq pilləkənlərdəydi. Qapıların bəzisi bağlı, bəzisi taybatay açıq idi. Kimin ki, pəncərəsi, nəfəslikləri açıq idi, yanğın o evlərə daha çox yayılmışdı. Əsas ölənlər də pilləkənlərdəydi. Düzdür, bu kimi hallarda insan panikaya düşür. Ancaq sağ qalmağın yeganə yolu soyuqqanlı davranmaqdır. İnsanlar adicə yanğın zamanı nə etmək lazım olduğunu bilmir. Pəncərələr, qapılar taybatay açıldığı üçün alovun dili qatlanıb içəri girmişdi. Hətta bəzi mərtəbələrdə açıq olan qapılardan mənzillərdəki yanğınlar birləşmişdi. Bizə xəbər gəldi ki, yanğınsöndürənlər içəridə qalıb, düşmək mümkün deyil. Əmr verdim, tez onları xilas etdik. Hərdən belə də olur.

- Çox vaxt sakinlər yanğınsöndürən maşınların gec çatmasından gileylənirlər.

- Şəhərdə yanğın depoları müxtəlif yerlərdədir. Hər bir avtomobilin çatma vaxtı var. Mümkün deyil ki, bütün depolardan çıxan maşınlar 3 dəqiqə ərzində yanğın baş verən yerə çatsın. Dünya praktikasında da bu yoxdur. Yollardakı tıxacı, məsafəni nəzərə alıb biz hər istiqamətdən maşın göndəririk. Adicə olaraq, bir yerdə zibil qabı belə yananda biz 3 istiqamətdən yanğınsöndürən maşın göndəririk. Bundan başqa, maşınların da müəyyən sürəti var. Həmin sürət həddini aşsa, bu qəza ilə nəticələnə bilər. Çünki maşında tonlarla su olur və su ləngər vuranda maşın aşa bilər. Bu yaxınlarda sürücü təcrübəsiz olduğu üçün belə bir hal yaşanmışdı. Bizim sürücülərdə o mədəniyyət də formalaşmayıb ki, təcili yardım, yanğınsöndürən maşınlarına yol versinlər. Avropada, Amerikada yanğınsöndürən maşın gələndə bütün avtomobillər kənara çəkilir. Mən özüm bu işin içində olduğum üçün təcili yardım görən kimi maşınımı mütləq kənara çəkib yol açıram.

Biz jurnalistlər söhbətləşdiyimiz hər insana, qarşılaşdığımız hadisələrə necə reportaj gözü ilə baxırıqsa, müsahibim də getdiyi hər yerə əvvəlcə yanğınsöndürən nəzəri ilə baxır. Dediyinə görə, opera, kino, konsert zalına gedəndə əvvəlcə yanğına qarşı təhlükəsizliyin nə dərəcədə olduğuna baxır, sonra səhnəyə:

“Bəlkə də bu, vərdişdir. Hətta axşam yatmamış bütün elektrik cihazlarının cərəyandan ayrılıb ayrılmamasına baxıram. İki dəfə evi gəzəndən sonra ürəyim rahatlayır. Ancaq adam var, ütünü cərəyana qoşub başqa otaqda 1 saat telefonla danışır. Ən çox əhalinin toplaşdığı yerlərdən biri olan metropoliten üçün yeni bir sistem hazırlamışıq. Hazırda eskalatorların əl tutan yerlərinin içi ilə gizli bir boru xətti aparılıb. Dünyanın heç bir yerində o sistem yoxdur. Bu, vacib idi. Gecə saat 2-dən sonra metro stansiyalarında, tunellərdə bizim təlimlərimiz olur. Mən özüm 3 böyük metro faciəsində iştirak etmişəm. Hansı ki, birində 200-dən çox insan ölüb.

“İlk dəfə ən çox insan ölümünü o yanğında görmüşəm”

Müsahibim hər yanğın sonrası keçirdiyi hissləri xəbər alıram:

“Hər dəfə yanğın söndürüləndən sonra, elə bil ki, çiynimdən böyük bir yük düşür. Həyatını xilas etdiyin insan ikinci dəfə doğulur. Tam ifadə edə bilməsəm də, burada fərəh hissi də var. Yadıma gəlir ki, Musa Nağıyev adına təcili yardım xəstəxanasında yanğın baş vermişdi, dam örtüyü yanırdı. Palatalara bir göz gəzdirən zaman gördüm ki, xəstələr olan yerin tavanı çat verib, hər an çökə bilər. Biz tez cərrahiyyədən çıxan xəstələri çarpayı ilə birlikdə oradan qaçırdıq. Heç 3 dəqiqə keçməmiş tavan aşdı. Yadımdadır, o vaxt oradan 180-ə yaxın xəstə çıxarmışdıq. Vaxtında qərar qəbul etdiyim üçün ürəyimdə böyük bir rahatlıq hiss eləmişdim. Belə deyim, saniyələrlə yarışırıq və bir səhv qərar nə qədər insanın həyatına son qoya bilər".

- Heç vaxt unutmaram dediyiniz yanğın hansıdır?

- 1992-ci ildə ermənilər tərəfindən terror hadisəsi olmuşdu. Yanvarın 8-i idi. Bu tarix heç vaxt yadımdan çıxmaz. Gəminin içərisinə 92 vaqon yerləşirdi. Təsəvvür edin, nə böyüklükdə olar. Aşağı hissəsində nəqliyyat, yuxarı hissəsində sərnişinlər yerləşdirilirdi. Həmin yuxarı hissədə terror olmuşdu və gəmi limana 500 metr qalmış yana-yana gəlirdi. 30-a yaxın adam ölmüşdü. Birinci dəfə ən çox insan ölümünü o yanğında görmüşəm. Yanğından sonra uzun müddət özümə gələ bilməmişdim. Onu da deyim ki, əvvəllər əynimizdə rezin plaş, Sovetdən qalma döyüş paltarları olurdu. Şəkillərdə gördünüz ki, bir hissəsi yanğın zamanı yanırdı. İndi geyimlərimiz dünya standartlarına cavab verir. Bax, bir nümunəni də otağıma qoymuşam ki, gələnlərə göstərim.
“Yanğın söndürmək, əlinə şlanq alıb qaçmaq deyil...” Rza Xudiyev + Video






Otaqdan söz düşmüşkən qocaman yanğınsöndürənin kolleksiyası gözümüzdən qaçmadı. Müxtəlif forma və ölçülərdə qırmızı yanğınsöndürən maşınlarından hazırlanmış kolleksiyanın hələ böyük bir hissəsinin evdə olduğunu öyrənəndə bir az da onlardan söz açmaq qərarına gəldik:

“Bunların hamısını getdiyim ölkələrdən gətirmişəm. Xaricdə yanğınsöndürən maşın istehsal edən zavodların qarşısında belə mağazalar olur. Oradan seçib alıram. Evə uşaqlı ailələr gələndə yoldaşıma deyirəm, tez yığışdırsın. Axı onlara maraqlı gəlir. Eybi yox, mən uşaqlara neçə dənə lazım olsa, maşın alaram, ancaq kolleksiyamdan biri qırılsa, elə bil ürəyim qırılır. Mənim üçün bunlar çox dəyərlidir”.

“Bircə şeydən nigaranam ki, yanğınsöndürənlərin maaşı çox aşağıdır”

- Söhbət əsnasında nəsə təqaüdə çıxmaq sözlərini eşitdim. Sizcə, artıq vaxt yetişib?

- Hər şeyin bir sonu var. Artıq övladlarım çalışır. Mənim də təqaüdüm pis olmaz. İnsanda bir yorğunluq dövrü olur. Deyəsən, mən də bir az yorulmuşam. İstəyərdim ki, özümə və ailəmə daha çox vaxt sərf edim. Çünki gərgin iş rejimində çalışmışıq və ailəmə çox vaxt sərf edə bilməmişəm. Bircə şeydən nigaranam ki, yanğınsöndürənlərin maaşı çox aşağıdır. Özüm üçün demirəm, mənim maaşım 1000 manatı vurub keçib. Ancaq yanğınsöndürən əməkdaşlarımızın maaşları çox aşağıdır. Təsəvvür edin, hər yanğında həyatını riskə atan bir insan cəmi 300 manat maaş alır. Yanğınsöndürənlər mənim üçün çox əzizdir. Onlar mənim döyüş yoldaşlarım, çiyin qardaşlarımdır. Hər yanğında 40 il siqaret çəkən adamdan çox tüstü udurlar. Hərdən gənc yanğınsöndürənlərin yanına gedib çay içirik, söhbətləşirik. Mən rəhbər vəzifədə olan insanların özünü yuxarıdan aparmasını sevmirəm. Onsuz da, burada işləyənlərin çoxunun atası, babası yanğınsöndürən olub. Bu, elə bir gəlirli sahə deyil ki, hamı qohum əqrəbasını yanına yığsın. Əksinə, təhlükəli sahədir. Ancaq atasını, babasını o qırmızı maşınlarda, həyat qurtaran zaman görən uşaqlar da bu sahədə işləməyi arzulayır. Elə bizim ailənin bu sahədə iş stajı 130 ildən artıqdır. Oğlum da babasının peşəsini davam etdirmək istədi. Yoldaşım narahat olanda, mən də o vaxt atam deyən sözləri dedim. Elə qızım da bizim sahəni seçib.

Sonda müsahibimdən öyrəndim ki, sən demə, yanğınsöndürənlərin bir-birlərinə xüsusi arzusu varmış:

“Şlanqın heç vaxt islanmasın, sənə quru şlanqlar arzu edirəm”.

Elə biz də bu gözəl arzuya qoşulub, dünyadakı bütün yanğınsöndürənlərə quru şlanqlar arzu edirik.(Qafqazİnfo.az)


Əlaqə üçün E-mail: Xalqinfo@mail.ru

Şəfa Rasimqızı
Xalqİnfo.az


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler