» » “Çörəyi nisyə yemək bilirsiniz nə deməkdir?” -

“Çörəyi nisyə yemək bilirsiniz nə deməkdir?” - Problem

Bölmə: Sosial, BLOK XƏBƏR
“Çörəyi nisyə yemək bilirsiniz nə deməkdir?” -
Quba rayonunun Xınalıq kəndinin sakini 47 yaşlı Yusif Şabanov kənd sakinlərinin heyvanlarını otarmağa yer tapmadıqlarını deyib.


“Xalqinfo” xəbər verir ki, bizimyol.info-ya müraciət edən kənd sakininin sözlərinə görə hər kənddə olduğu kimi onlarda əhaliyə örüş üçün torpaq paylanmayıb, nəticədə insanlar heyvanlarını harada otaracaqlarını bilmirlər: "Kənd camaatının örüşlə torpaqları ilə bağlı ciddi problemləri var. Örüş sahələri adambaşı camaata paylanmalıdır. Ancaq bizdə paylanmayıb. Sakinlər də bir az sadəlövh olduğundan səslərini çıxarmırlar. Ona görə də haqları tapdanır".

Yusif Şabanovun dediyinə görə onlara çatmayan otlaq sahələrində başqa yerlərdən gəlmiş fermerlər öz heyvanlarını otarırlar: "Həmin ərazilərdə sürü ilə heyvan otarılır. Soruşanda da, deyirlər "yuxarınındır". Camaata qıymadıqları örüş sahələrini imkanlı insanlara paylayırlar. Bütün yamacları, dağları zəbt ediblər. Kənd camaatı isə qalıb kənarda. Aidiyyatı qurumlara dəfələrlə müraciət etmişik. İşə yaramayıb. Hətta kənd təsərrüfatı ilə bağlı təşkilatlara da müraciət etmişik. Onlar da adlarını müstəqil qoyub, ancaq dövlətdən asılı olduqlarından bizim işimizə baxmayıblar, problemimizi dinləməyiblər. Bu gün hamı cəmiyyətdən, hakimiyyətdən öz şəxsi mənafeləri üçün istifadə edir. Mən bilirəm ki, bizim bu problemlərimizdən cənab prezidentimizin xəbəri yoxdur. Yoxsa problemimizi dərhal həll edərlər".

Y. Şabanovun sölərinə görə əslində çox kiçik olan örüş problemini böyüdüb Qarabağ münaqişəsi səviyyəsində şişirdiblər: "Halbuki məmurlar istəsələr bizim illərdir təngə gəldiyimiz bu problemi ikicə saatın içində həll edərlər. Problemi bu qədər böyütməyin heç məntiqi yoxdur. Məsələ çox sadədir, bu məmurlar kənd camaatına biganədirlər, ancaq öz şəxsi mənafelərini güdürlər. Vəzifə səlahiyyətlərindən istifadə edib özlərinə gün-güzəran yaradıblar, kəndlini də qoyublar pis günə. Bakıda universitet oxuyub gələn gənclərimizin hamısı işsizdir. Məcburiyyətdən mal-heyvan saxlayırlar. Onu da otarmağa yer yoxdur. Kənddə heyvandarlıqdan başqa gəlir mənbəyi yoxdur. Maldarlıqdır, onu da burnumuzdan gətirirlər. Məsələn, mən bələdiyyədə işləyirəm. Aylardır maaşımı ala bilmirəm. Ona görə elə mənim də yeganə çarəm mal-heyvan saxlamaqdır. Ona da imkan vermirlər. Təkcə əkin-biçinə yox, axı mal-qaraya da torpaq lazımdır".

Xınalığın problemi kənd camaatına örüş sahələrinin paylanmamasıdır. Y. Şabanov deyir ki, kənddə 50 ailəyə 300-400 hektar torpaq düşməlidir. Ancaq onlara 150 hektar verirlər. Bu azmış kimi verilən bu rorpağa da gətirib əlavə insanları şərik ediblər: "O şərik də ki, Allah heç düşmənə də göstərməsin", - deyir Yusif Şabanov: "Bu dəqiqə Xınalıqda 230 təsərrüfat var. Onların 60 faizi köçüb qışlağa. Bizlər qalmışıq. Biz də ki, otarmağa torpaq tapmırıq. Bütün torpaqlarımız başqa bölgələrdən Xınalığa gələn sahibkarlara verilib. Gəlib burada özlərinə təsərrüfat yaradıblar. Əslində biz buna qarşı deyilik. Yaxşı edirlər. Ancaq birinci yerli camaatı torpaqla təmin etsinlər, sonra başqalarını. Mənim anlamadığım budur ki, niyə bizim haqqımızı başqalarına verirlər? Nə məqsədə? Xınalığı idarə edən strukturlar inanın ki, Xınalığı sırf qazanc mənbəyi kimi sevir. Başqa heç nə onların vecinə deyil. Xınalığın abadlaşdırılması, onun qorunması bu insanları zərrə qədər də maraqlandırmır. Onlar üçün Xınalıq sadəcə və sadəcə qazanc mənbəyidir. Bəlkə də onlardan himni soruşsanız bilməzlər. Bildikləri tək şey var, varlanmaq, təsərrüfat yaratmaq, pul qazanmaq, kəndlini əzmək".

Yay gəlir, Xınalıq sakinlərinin dərdi başlayır. Heyvanlarını otarmağa torpaq tapmılar. Hələ yay yaxşıdır, yenə haradansa ot yolub tökürlər heyvanın qabağına. Payız ondan da betərdir deyir Y. Şabanov: "Payız gələndə bilmirik heyvanlarımızın qarnını necə doyuraq. Bizim problemimiz örüş torpaqlarının paylanmaması və kəndimizdə başqalarının özünə qurduğu şəraitdən bizim zərər görməyimizdir. Torpaqlarımızda təsərrüfat yaradıblar biz qalmışıq kənarda. Bizim sahələrimizdə mal-qara saxlayırlar, bizim heyvanımızı otarmağa yerimiz yoxdur. Bir sözlə, gözümüzün içinə baxa-baxa haqqımızı yeyirlər. Səsimizi də çıxara bilmirik. Onlar varlanır, biz lap dibə vururuq. Təsəvvür edin kənddəki ticarət mərkəzlərinə borcu olmayan bir kəndli də yoxdur. Hamı borcludur, hamı nisyə alır. Çörəyi nisyə yemək bilirsiniz nə deməkdir? Həqiqi mənada Xınalıq əldən gedir".

Örüş sahələrinin kənardan gələn sahibkarlar tərəfindən tutulması xəbəri yeni deyil. Daha öncə İmişli rayonunun fermerləri də bu problemlə qarşılaşmışdılar. Hətta bir qrup fermer örüş yerinin əllərindən alınmasına etiraz olaraq mal-qara ilə birgə rayon icra hakimiyyəti qarşısında aksiya da keçirmişdilər.


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler