» » “Başına iş gəlib, nə düşmüsən ortalığa?” –

“Başına iş gəlib, nə düşmüsən ortalığa?” – Doğum şöbəsinin müdiri

Bölmə: Sosial, BLOK XƏBƏR
“Başına iş gəlib, nə düşmüsən ortalığa?” –
Şamaxıda doğuş zamanı baş vermiş uşaq ölümünün təfərrüatları bəlli olub.


"Xalqinfo" xəbər verir ki, Şamaxı Mərkəzi Xəstəxanasında uşaq dünyaya gətirən Ziyafət Həsənovanın bacısı oğlu AzNews.az-a bildirib ki, xalası iyunun 8-də Şamaxı rayon Mərkəzi Xəstəxanasında qeysəriyyə üsulu ilə oğlan usağı dünyaya gətirib. Uşağa beyində birinci dərəcəli qansızma diaqnozu qoyulub. Bundan sonra xəstəxananın şöbə müdiri Nəzakət Abdulrazaqovanın göndərişiylə uşaq Bakıya Elmi Tədqiqat Pediatriya İnstitutuna göndərilıb: “Uşağı atası Afiyəddin Həsənova veriblər ki, aparın Bakıya. Ana isə vəziyyəti ağır olduğundan Şamaxıda saxlanılıb. Hazırda uşağın anası çox pis vəziyyətdədir. Bakıda isə bildiriblər ki, uşaqda üçüncü dərəcəli qansızmadır. Uşağın çəkisini də Şamaxıda səhv çəkiblər. Bakıda deyirlər ki, uşağın çəkisi 2 kiloqram 700 qramdır. Şamaxıda isə demişdilər ki, uşaq 2 kiloqram doğulub”

C.Zəliyev bildirib ki, Ziyafət Həsənovanın hələ də uşağının ölməyindən xəbəri yoxdur: “Elmi Tədqiqat Pediatriya İnstitutunda bildiriblər ki, uşağın ölmə səbəbi vaxtından əvvəl doğuşdur. Bizdən qeysəriyyə əməliyyatına görə 500 manat pul almışdılar. Uşaq öləndən sonra pullarını geri qaytardılar ki, səsinizi çıxarmayın. Bütün bunların başında isə Tamara Qədirova və Nəzakət Abdulrazaqova durur”.

AzNews.az saytı sözügedən məsələylə bağlı həm Həkim Tamara Qədirovanın, həm də doğum şöbəsinin müdiri Nəzakət Abdulrazaqovanın fikirlərini öyrənib.

T.Qədirova bildirib ki, uşaq doğularkən heç bir reaksiyası olmayıb və yalnız oksigen aparatına qoşulduqdan sonra vəziyyəti nisbətən normallaşıb: “Uşaq doğuldu, ağlamadı. Oksigen verdik bir az rəngi dəyişdi. Nə lazımdırsa elədik. Əməliyyat edən həkim Nəzakət Abdulrazaqovanı çağırdım ki, doktor, uşağın vəziyyəti yaxşı deyil, sonra məni təqsirkar görəcəklər ki, nə əcəb Bakıya göndərməmisiniz. Burda aparat yoxdur ki, uşağın orqanlarını yoxlayaq. Uşağın qeysəriyyə ilə doğulması məsləhətini Nəzakət xanım vermişdi. Bəli, uşaq yarımçıq doğulmuşdu. Hardasa bir ay tez əməliyyat edilmişdi. Uşağı Bakıya göndərməyimizin səbəbinə gəlincə, bizdə avadanlıqlar çatışmadığına görə, belə etdik”.

“Bəs uşağın çəkisini niyə düzgün təyin edə bilməmisiniz” sualına Qədirovanın verdiyi cavabı olduğu kimi təqdim edirik: “Gəlin, xalat geyin, keçin içəri tərəziyə baxın. Bizim tərəzi düz çəkir. Allah səni saxlasın. Mən pis bir iş görməmişəm ki. Əgər pis iş görmüşəmsə, gəlib lap üzr də istəyərəm”.

Ziyafət Həsənovaya qeysəriyyə əməliyyatını təyin edən şöbə müdiri Nəzakət Abdulrazaqova isə özünü təqsirkar saymır: “O qadın 5 aylığında gəlib bizim məsləhətxanaya. Hər şey qaydasındaydı. Bunun doğuşu düşürdü iyun ayının 16-na. Biz də uşağı 10 gün tez götürdük. Yəni buna icazə var. Amma bunun uşağının çəkisi az idi. Uşağın ölçülərinə görə 34 həftəlikdir. Amma fakt uşaq 38-39 həftəlik idi".

- Uşağın çəkisi Bakıda 2.7 kiloqram gəlib. Amma siz 2 kilo demisiniz...

- Bizim həkim 2.6 kiloqram yazıb, Bakıda 2.7 kiloqram yazılıb.

- 1500 qram doğulan uşaqlar var ki, sağ qalırlar. Elmi Tədqiqat Pediatriya İnstitutundan bildiriblər ki, ölümün səbəbi vaxtından əvvəl doğuşdur.

- O uşağın anadangəlmə fiziki inkişafında çatışmazlıq olub. Onun yoldaşı çox narazılıq edir. Uşağı ağlaya-ağlaya tutub vermişəm uşaq həkiminə. Sonra uşağın rəngi ağardı, vəziyyəti dəyişdi.

-Amma Tamara doktor deyir ki, uşaq ağlamırdı doğulanda.

-Yox, ağlayırdı.

- Axı bu təbii doğuş deyil ki, sancı tutsun. Siz konkret vaxt təyin etmisiniz. Amma qeyseriyyə 1 ay əvvəl təyin olunub . Niyə bir ay əvvələ təyin etmisiniz?

-Bunun birinci usağı da qeysəriyyə əməliyyatı ilə doğulub. 38-39 həftəlik hamiləlikə doğuşa qəbul edilib. İlk dəfə gəlişləriylə də uyğun gəlir. Mən uşağın çəkisini 2 kilo bilirdim. Amma burdakı həkim 2.6, Bakıdakı 2.7 kiloqram yazıb. 2700 qramlıq uşaq yetişmiş uşaqdır. 2500 qramdan 1 qram artıqdırsa, uşaq yarımçıq uşaq hesab edilmir.

-Uşağın atası bildirir ki, sizə 500 manat verib sonra uşaq öləndən sonra pulu qaytarıb özlərinə vermisiniz.

-O kişiyə de ki, bir oğul birinci arvadından var, bir oğlu da bu arvaddan. Başına iş gəlib, nə düşmüsən ortalığa? Siz bu xəbəri elan eləmək istəyirsiz? Bunu elan etməyin, o şikayət edəni bir az yatızdırın. Belə şeylər çox olur. Çalışın onları sakitləşdirin, hamımız insanıq.


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler