» » Nazirlikdən açıqlama

Nazirlikdən açıqlama

Bölmə: Sosial, MANŞET
Nazirlikdən açıqlama“Azərbaycan Prezidenti İlham Əliyevin 23 fevral 2015-ci il tarixli Fərmanına əsasən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən ünvanlı dövlət sosial yardımı proqramının avtomatlaşdırılmış infrastrukturunun yaradılması, cari il fevral ayının 15-dən Vahid Elektron Müraciət və Təyinat Alt Sisteminin (VEMTAS) tətbiqinə başlanılması dövlət sosial yardımı sahəsində əhaliyə müasir və şəffaf xidmətlər sisteminin formalaşmasına imkan verib”.


Xalqinfo.az "Report"a istinadən xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elman Babayev deyib.
O vurğulayıb ki, “Elektron Hökumət” kifayət qədər geniş spektrlərini əhatə edən VEMTAS ötən müddətdə gözlənilən səviyyədə özünü doğruldaraq, dövlət xidmətlərinin təşkilində elektron texnologiyaların tətbiqi yolu ilə məmur-vətəndaş təmaslarının tam aradan qaldırılması və vətəndaşların şəffaf xidmətlərlə təminatına nail olunması sahəsində Azərbaycanın bir uğurlu islahat təcrübəsidir: “Mükəmməl proqram təminatları üzərində qurulan bu sistem ünvanlı dövlət sosial yardımının alınması üçün müraciətin edilməsi, müraciətlərə baxılması və yardım təyin olunub-olunmaması barədə qərar qəbulu, habelə həmin qərarlar barədə vətəndaşların məlumatlandırılması prosesinin tam avtomatlaşdırılmış şəraitdə, heç bir məmur müdaxiləsi mümkün olmadan, şəffaf şəkildə həyata keçirilməsini təmin edir. Dövlət idarəetmə və xidmətlər sistemində aparılan hər bir islahatın əsas məqsədi ümumi fəaliyyətin səmərəli təşkili və funksional tələblərin daha təkmil formada icrası ilə bərabər, əhaliyə xidmətlərin müasir və şəffaf, vətəndaşlar üçün çevik və rahat şəkildə şəkildə formalaşdırılmasıdır. VEMTAS bunun əyani bir nümunəsi kimi diqqəti cəlb edir. Azərbaycanın bu innovativ iş təcrübəsinə beynəlxalq səviyyədə də yüksək dəyər verilib və hazırda əmək və sosial müdafiə sahəsində digər avtomatlaşdırılmış sistemlər kimi, ünvanlı dövlət sosial yardımı üzrə Vahid Elektron Müraciət və Təyinat Alt Sistemi də BMT-nin portalında qabaqcıl təcrübə nümunələri kimi təqdim olunur”.
E.Babayev nəzərə çatdırıb ki, ailələri təmsil edən vətəndaşlar əvvəllər kağız üzərində rəsmi müraciət edilməsi üçün ayrı-ayrı qurumlara müraciət edərək müxtəlif sənədlər toplamalı, sonradan həmin sənədləri müvafiq qurumların əməkdaşlarına təqdim etməli olurdularsa, VEMTAS-ın tətbiqi nəticəsində bu praktikaya artıq son qoyulub: “Həmin şəxslər indi sadəcə olaraq “Ünvanlı sosial yardımla bağlı müraciətin edilməsi” e-xidməti vasitəsilə “Ərizə-bəyannamə”ni dolduraraq sistemə daxil etməklə kifayətlənirlər. Elektron qaydada edilən e-müraciətlərə VEMTAS tərəfindən elektron qaydada baxılaraq qərar qəbulu prosesi elə ilk gündən başlayaraq normal qaydada davam etdirilir. Ötən müddətdə artıq 48844 nəfər ailə üzvü olan 12383 ailəyə VEMTAS tərəfindən, yəni avtomatlaşdırılmış rejimdə ünvanlı dövlət sosial yardımı təyin edilib. Ümumilikdə isə ölkəmizdə 532 min nəfərdən artıq ailə üzvünü əhatə edən 124 mindən çox ailəyə ünvanlı dövlət sosial yardımı ödənilir. Ünvanlı dövlət sosial yardımı üçün elektron müraciət sisteminə keçilməsi, yardım almaq hüquqlarına da məhz elektron qaydada baxılaraq qərar verilməsi elə ilk gündən əhali tərəfindən rəğbətlə qarşılanıb. Bu gün nazirliyə və müxtəlif instansiyalara ünvanlanan çoxsaylı vətəndaş müraciətlərində də ünvanlı dövlət sosial yardımlarının avtomatlaşdırılmasından, həmin sistem vasitəsilə sosial yardımların təyinatında ünvanlılığın və şəffaflığın təmin edilməsindən razılıqlarını ifadə edirlər. Çünki insanlar yaxşı dərk edirlər ki, bu sistemdə ünvanlı sosial yardımın təyin olunması barədə qərar qəbul edilməsi prosesinə məmur müdaxiləsi qeyri-mümkündür. Bununla belə, avtomatlaşdırılmış sistem tərəfindən ailələrinə sosial yardımın təyinatından imtina edilməsinə görə ayrı-ayrı şəxslərin nazirliyin qəbul otağına müraciət edənlər olur. Müraciətləri araşdırılan zaman aydın olub ki, həmin vətəndaşlar öz ailə tərkibləri və real gəlirləri barədə sistemə düzgün məlumat daxil etməmələri, həmçinin ailələrinin orta aylıq gəliri hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan yuxarı olduğu üçün avtomatlaşdırılmış sistem tərəfindən onların ailələrinə sosial yardımın təyin edilməsindən imtina qərarı verilib. Belə şəxslərin şikayət müraciətlərinin bir sıra KİV-lər tərəfindən aksiya kimi təqdim edilməsi isə ucuz sensasiyaya, cəmiyyətdə dezinformasiya yaratmağa, sosial yardım sisteminin şəffaflaşdırılması sahəsində görülən işləri gözdən salmağa yönəlib”.
Şöbə müdiri əlavə edib ki, nazirliyin rəsmi şəxsləri həmin vətəndaşlarla görüşərək, onlara müvafiq hüquqi izahatlar veriblər. Onların diqqətinə çatdırılıb ki, vətəndaşlar elektron şəkildə müraciət zamanı “Ərizə-bəyannamə”ni doldurarkən səhv, yanlış məlumatlar daxil etdikdə, bu dərhal üzə çıxır. Çünki onların təqdim etdikləri məlumatlarla aidiyyəti qurumlarda onlar barədə olan rəsmi məlumatlar əldə edilərək yoxlanılır, uyğunsuzluq aşkar edilərsə, yardımın təyin olunmasından imtina qərarı verilir. Belə qərar verildiyi təqdirdə vətəndaşa bu barədə göndərilən elektron məlumatda da imtinanın səbəbləri göstərilir: “Ayrı-ayrı şəxslərin artıq iki aydır yardımlarını ala bilmədiklərini bildirmələri də əsassızdır. Çünki Azərbaycan Respublikası Prezidentinin 16 mart 2015-ci il tarixli Sərəncamına əsasən, ünvanlı dövlət sosial yardımlarının təyinat müddəti bir ildən iki ilədək uzadılıb. Hazırda yardım alanlar da Sərəncamın imzalandığı dövrdən, yəni ötən ilin martından sonra iki illik müddətə yardım təyin olunan ailələrdir. Ona görə də cari il ərzində hansısa ailəyə ünvanlı yardımın verilməsinin dayandırılması barədə qeyd edilənlər həqiqətdən uzaqdır. Onu da qeyd edək ki, ünvanlı dövlət sosial yardımı proqramı aztəminatlı ailələrin minimum maddi tələbatlarının ödənilməsinə yönələn, lakin onların yoxsulluqdan çıxmasını şərtləndirməyən passiv xarakterli sosial müdafiə tədbiridir. Bu səbəbdən aztəminatlı ailələrin özünüməşğulluq imkanlarına yiyələnməklə yoxsulluq vəziyyətindən çıxmalarına şərait yaradılması üçün onların aktiv sosial müdafiə tədbirlərinə cəlb edilməsi diqqətdə saxlanılır. Azərbaycan Prezidenti cənab İlham Əliyev Nazirlər Kabinetinin 2016-cı ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında bu məsələ ilə əlaqədar deyib: “Biz uzun illər insanlara ünvanlı sosial yardım veririk. Bu da çox ciddi sosial təşəbbüsdür. Yüz mindən çox ailəyə dövlət tərəfindən ünvanlı sosial yardım verilir. Biz bunu ona görə edirik ki, bu insanların maddi təminatı lazımi səviyyədə deyil. Ancaq biz tədricən o aztəminatlı ailələr üçün şərait yaratmalıyıq ki, onlar özləri pul qazansınlar, özləri işlə məşğul olsunlar. Çünki bəzi hallarda dövlət sektorunda açılmış iş yerlərinə o qədər də böyük maraq göstərilmir. Bəziləri deyirlər ki, mən dövlətdən yardım alıram, niyə gedib işləməliyəm? Bu, yaxşı hal deyil. Bu, ələbaxımlıq yaradır. Ələbaxımlıq da gələcəkdə çox böyük problem ola bilər. Ona görə, insanlar özləri daha da məsuliyyətli olmalıdırlar. Dövlət qurumları şərait yaratmalıdır ki, tədricən ünvanlı sosial yardım əvəzinə hər bir insan özü üçün iş qursun. Dövlət kömək edəcək. Prezidentin ehtiyat fondundan bu məqsədlər üçün ilkin olaraq 6 milyon manat ayrılıbdır. Lazım olarsa daha da çox vəsait ayrılacaq. Hər bir rayonda insanlar fərdi qaydada işlə təmin ediləcək. Onlar dövlətdən asılı olmayacaqlar. Onlar halal pul qazanacaqlar, ailələrini dolandıracaqlar”. Azərbaycan Prezidenti cənab İlham Əliyevin “Əhalinin özünüməşğulluğunun təmin olunması sahəsində əlavə tədbirlər haqqında” 7 aprel 2016-cı il tarixli Sərəncamı ilə əhalinin özünüməşğulluğunun təmin olunması üçün 6 milyon vəsait ayrılıb. Ayrılmış vəsait hesabına Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən ölkə üzrə təqribən 1400 ailənin özünüməşğulluq proqramlarına cəlb olunması, əmək qabiliyyətli ailə üzvləri olan belə ailələr üçün kiçik ailə təsərrüfatlarının yaradılması nəzərdə tutulur. Hazırda Sərəncamın icrası istiqamətində məqsədyönlü işlər aparılır və görülən işlər ölkədə aztəminatlı ailələr üçün dayanıqsız passiv sosial təminat tədbirlərindən dayanıqlı aktiv məşğulluq proqramlarının tətbiqinə keçid təmin ediləcək”.




Kainat Şirin


Xalqinfo.az

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler