» » Çaylarda daşqın ilə bağlı

Çaylarda daşqın ilə bağlı xəbərdarlıq

Bölmə: Sosial, BLOK XƏBƏR
Çaylarda daşqın ilə bağlı  Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti Respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyəti açıqlayıb.

Xalqinfo.az bildirir ki, nazirlikdən Publika.az-a verilən məlumata görə, ötən günlər ərzində Balakən-Şəki bölgəsinə yağan lokal leysan xarakterli yağış nəticəsində iyulun 2-də axşam və iyulun 3-də gecə saatlarında Kişçay və Şinçay çaylarından qısamüddətli daşqın keçib. Hazırda həmin çaylarda sabit sululuq müşahidə olunur. Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 40-50, Kiçik Qafqazın çaylarında 50-120, Lənkəran-Astara bölgəsi çaylarında isə 80-90 faizini təşkil edir.

İyulun 4-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 9 sm artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi 255 m3/s olmaqla ongünlük normanın 85 faizini təşkil edir.

Ötən günlər ərzində yağan leysan xarakterli yağışlar nəticəsində iyulun 4-də Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 115 sm artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi 230 m3/s olmaqla, ongünlük normanın 157 faizini təşkil edir.

İyulun 4-də Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən azalma müşahidə olunub. Belə ki, Kür çayının Surra məntəqəsində 4, Salyanda 5, Bankədə 10 sm azalma qeydə alınıb, Araz çayının Novruzlu məntəqəsində isə suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb.

Hazırda Surra məntəqəsində suyun səviyyəsi 324 sm (2015-ci il iyulun 04-də 331 sm), Salyanda 93 sm (2015-ci il iyulun 04-də 85 sm), Bankədə 191 sm (2015-ci il iyulun 04-də 190 sm), Araz çayının Novruzlu məntəqəsində isə 47 sm (2015-ci il iyulun 04-də 42 sm) təşkil edir.

Hazırda ölkə ərazisindəki dağlarda yağıntıların arabir leysan xarakterli olması Şəkidəki oxşar hadisələrin Böyük Qafqazın digər cənub yamacı çaylarında da baş verməsinə səbəb ola bilər.

Bunu Trend-ə Azərbaycan Milli Elmlər Akademiyasının Coğrafiya İnstitutunun direktor müavini Elbrus Əlizadə deyib.

E.Əlizadənin sözlərinə görə, son günlərdə leysan yağışları nəticəsində Böyük Qafqzın cənub yamacının bir çox çaylarında qısamüddətli gursululuq baş verib. Hətta bəzi hallarda onlar daşqına və xarakterik olmasa da, selə çevrilib: “İyulun 2-də Şəkidə Kiş çayında baş verən də sel qarışıq daşqın hadisəsi olub. Əslində, hazırda sel mövsümü deyil. Çaylardan indi daşqın keçməli idi. Lakin Kiş çayının Damarçın qolu ərazisində uzun müddət yağıntının düşməməsi və yamaclarda qırıntı materiallarının çox toplanması nəticəsində yağan güclü leysan yağışı həmin çaydan sel qarışıq daşqının keçməsinə səbəb olub”.

İnstitut rəsmisi qeyd edib ki, Şəkidəki Kiş çayında daşqın-selin belə güclü olmasına və böyük ziyan vurmasına təbii amillər - yamaclarda suxurların uzun müddət yığılıb qalması və onların yamaclardan yuyulub getməsi ilə yanaşı, çay dərəsinin gələn sel materiallarını vaxtında və lazımi həcmdə ötürə bilməməsi səbəb olub. Buna görə də gələn sel-daşqın çay yatağından kənara çıxaraq ətrafa, təsərrüfata, körpülərə ziyan vurub: “Yəni çayın ötürmə qabiliyyəti az olub. Əgər həmin çay yatağı əvvəlki illərin materiallarından təmizlənsəydi, onda daşqın-sel belə nəticələrə səbəb olaraq, çox ziyan vura bilməzdi. Lakin çayın ötürmə qabiliyyəti artırılmadığından sel hadisəsi körpünü uçurtmuş, təsərrüfata böyük ziyan vurmuşdu”.

Kiş çayındakı sel xarakterli daşqın zamanı suyun daha çox lilli olmasının və ətrafı da lilli su basmasının səbəbini açıqlayan E.Əlizadə deyib ki, Kiş çayında Damarçın və Çuxadurmaz qollarında əsasən, gilli suxurlar olur. Həmin suxurlar isə yuyulmağa az davamlıdırlar: “Buna görə də orada yığılan suxurlar lilli gəlir. Ora üçün daşlı-palçıqlı sellər xarakterikdir, ona görə də su elə-belə də gəlməli idi. O, daşqın seli olduğundan onun gətirdiyi material həddindən artıq çox deyildi. Ətrafı da sel deyil, su çox dağıtmışdı. Sel bərk materiallar gələndə olur. Bu dəfə bərk gətirmələr olsa da, onlar gözlənilən qədər çox deyildi”.




Kainat Şirin



Xalqinfo.az

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler