» » Nazir Milli Parklardan danışıb

Nazir Milli Parklardan danışıb

Bölmə: Sosial, MANŞET
Nazir  Milli Parklardan danışıbEkologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov “Caspian PlatForum”da çıxışı zamanı Milli Parklardan danışıb.

Xalqinfo.az “Qafqazinfo”ya istinadən məlumatına görə, H.Bağırov deyib ki, Azərbaycan Milli Parklarını Gürcüstandakılar ilə müqayisə etmək düzgün deyil: “Bəzən bizi Gürcüstan ilə müqayisə edirlər. SSRİ dövründə Gürcüstanda milli parklar var idi, yəni onların konsepsiyası var idi. Borjomidə milli parklar yaşayış sahələri ilə yanaşıdır. Biz milli düşüncəyə görə bunu edə bilmirik. Biz insanlarımızı başa sala bilməyəcəkdik ki, mal-heyvanını milli parkda otarma, get öz pay torpağını ək-becər. Amma Gürcüstanda bunu edirlər. Bizə deyirlər ki, niyə Gürcüstanda Milli Parklara 2 milyon turist gedir, Azərbayanda 2 min. Bunu da unutmayaq ki, Gürcüstana gedən 2 milyonun 450 mini Borjomiyə müalicəyə gedən azərbaycanlılardır. Biz Göygöl qoruğunu açdıq, 40 gün ərzində 70 mindən çox adam gəldi. Yəni bizdə Milli Parklara heç də 2 min adam getmir. Amma ora gedən adamlar bizi və qoruğu nə günə qoyduqlarını gördünüz. Deyirdilər ki, bizim işimiz zibilləmək, sizin işiniz təmizləməkdir. Göygöldə kabab bişirmək üçün xüsusi yerlər də ayırdıq”.

***

Nazir daha sonra Azərbaycan SSRİ-nin Kommunist Partiyasının Mərkəzi Komitəsinin 1-ci katibi olan qohumu Mircəfər Bağırov haqda danışıb.

H.Bağırovun atasının əmisi oğlu olan M.Bağırovun təqdim edildiyi kimi şəxs olmadığını deyib: “Bəli, Mircəfər Bağırov atamın əmisi oğludur. O dövrün baxışlarını bölüşmürəm və bir-iki insanın məsuliyyəti saymıram. Mircəfər Bağırovun ayağına yazılan “cinayətlər” 90 faizi həqiqətə uyğun deyildi. Ondan əvvəlki Kommunist Partiyasının başqa rəhbərləri repressiyaya məruz qalmışdılar. Bunları Mircəfər Bağırov yox, Moskvadan etmişdilər. Növbə də ona çatdı. Bunun da iki səbəbi var idi. Birinci, Xruşovla şəxsi problemləri var idi. Xruşov Politbüronun üzvü Beriyanı öldürtdürüb, çevriliş edərək hakimiyyəti ələ keçirtdi. Əlinə fürsət düşdüyü üçün Mircəfər Bağırovdan qisasını aldı. Mircəfər Bağırovla Beriyanın yaxşı münasibətləri var idi. İkincisi, Mircəfər Bağırovun həbsindən sonra onun masası ətrafında oturub daima onunla qədəh qaldıran məşhur yazıçıları özlərini çox diskomfort hiss etdilər. İndi də həmin şəxslərin oğul-qız yazıçıları bu narahatlığı davam etdirirlər.

Həmin dövrdə onun masası ətrafında oturanlar qısa müddətdə mövqelərini dəyişdilər. Psixoloji baxımdan bunu anlamaq olur. Çünki onlara dedilər ki, kəsin, doğrayın, yıxın, sürüyün. Axı dünən bunlar bir yerdə idilər. Həmin diskomfortun təzyiqidir ki, indi də deyirlər belə olub. Xəyanət edən bunu ömür boyu müdafiə etməlidir. Mircəfər Bağırov mələk deyildi, amma kim mələk idi? Repressiyaya məruz qalanların əksəriyyəti Kommunist partiyasının rəhbərləri idi. Bağırov iki dəfə ev dustağı olmuşdu, həmin yazıçıların donoslarının hesabına. Üçüncü dəfə ölümü ilə qurtardı, qəbri də yoxdur. İnsanın həyatında ən qiymətlisi həyatın özüdür. Mircəfər Bağırov səhv edibsə də, həyatını verdi. Mən hələ bunu demirəm ki, tarixçilər indi üzə çıxarırlar, dəfələrlə Azərbaycan qarşı ərazi, insanların köçürülməsi ilə bağlı təzyiqlər olub. Bunlar indi çap olunur.

Mənim atam iki ali təhsili olan şəxs idi, çox vaxt Ukraynada kömür təchizatı sahəsində işləyirdi, ordan da cəbhəyə getdi. 1943-cü ildə mədəsindən yara aldı, mədəsi deşildi, Bakıya göndərdilər. Müalicə olundu, sağ qaldı, amma mədəsindəki yara ölənə qədər sağalmadı. Sonra Qubada ona istehlakçı korporativin sədri vəzifəsi verdilər. Ya keçmiş işini, ya da Mircəfər Bağırova aidiyyatını nəzərə alıb bunu etdilər. 1954-1955-ci illərdə vəzifədən çıxarıb pasportunu əlindən aldılar. Ukraynaya qayıtmaq istəyəndə icazə vermədilər. Özü danışırdı ki, 1943-cü Mircəfər Bağırov korporatorların qurultayında zala daxil olanda atama deyib ki, sən burda neynirsən? Atam deyir "kəkələ-kəkələyə qaldım cavab verə bilmədim", Bağırov isə gözləməyib çıxıb getdi. Yəni Mircəfər Bağırovun öz qohumları üçün rolu da olmayıb”.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler