» » Ziyan çəkən rayonlarda

Ziyan çəkən rayonlarda SON VƏZİYYƏT

Bölmə: Sosial, BLOK XƏBƏR
Ziyan çəkən rayonlarda  Ötən gün yağan güclü leysan və dolu nəticəsində İsmayıllı, Tovuz, Şəki, Şamaxı və Göyçay rayonlarında ciddi fəsadlar qeydə alınıb.


Xalqinfo.az Publika.az-a istinadən bildirir ki,Publika.az həmin rayonlardakı son vəziyyəti öyrənib.

Şəki Şəhər İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsi sədrinin müavini Sadiq Yusifov bildirib ki, güclü yağışlar nəticəsində əsasən iki yaşayış məntəqəsinə ziyan dəyib: “Bunlar əsasən Şorsu və Cumakənd kəndləridir. Həmin kəndlər bir neçə gün bundan əvvəl yağmış leysan nəticəsində zərər çəkib. Bu kəndlərdə bir sıra elektrik dirəkləri aşmışdı, hazırda onlar bərpa olunub. Həyətyanı sahələrə, təsərrüfatlara da ciddi ziyan dəyib".

Şəki şəhər Fövqəladə Hallar Komissiyasının sədr müavini Valeh Ələkbərov selin rayona vurduğu ziyanla bağlı əməkdaşımıza danışmaqdan imtina edib.

“Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli isə sel sularının Şəkinin yollarına ciddi ziyan vurmadığını bildirib.


“Şəkinin yollarında heç bir problem yoxdur. Bu barədə mediada yazılanlar həqiqəti əks etdirmir. Yolların asfaltına heç nə olmayıb. Bəzi yerlərdə yolun torpaq hissəsini yağış suları yumuşdu, bu da bərpa olunur. Bir neçə kənddə sakinlərə gediş-gəliş üçün müvəqqəti yol verilib. Hazırda texnika ərazidə işləyir və bərpa işləri yaxın günlərdə başa çatacaq”, - deyə o qeyd edib.


Tovuz rayonundakı vəziyyətlə bağlı məlumat verən Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Mahir Həsənov bildirib ki, güclü yağış və dolu səbəbindən kənd təsərrüfatına ziyan dəyib: “Sel sularının Aşağı Quşçu, Dondar Quşçu, Əsrik və Azaflı kəndlərini rayon mərkəzi ilə birləşdirən körpünü uçurması barədə məlumat doğru deyil. Bizim rayonda yalnız kənd təsərrüfatına ziyan dəyib. Dolu əsasən dağ kəndlərinə ziyan vurub. Ən çox zərər Kirən, Əlibəyli, Keçməli, Böyük Qışlaq, Yanıqlı, Əhmədabad, Poylar kəndlərinə dəyib. Kənd təsərrüfatının bütün sahələrinə ziyan dəyməsi barədə Fövqəladə Hallar Nazirliyinə də məlumat verilib”.


Güclü sel Şamaxı rayonunun əsasən çaykənarı kəndlərindəki yolları sıradan çıxarıb.

Şamaxı Rayon İcra Hakimiyyətinin Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Sərdar Ömərpv deyib ki, çayqırağı kəndlər olan Dəmirçidə, Ərcivanda avtomobil yollarını sel basıb: “Amma ciddi fəsadlar olmayıb. Hazırda bizim texnikamız orada işləyir, yolları bərpa edir”.

Şöbə müdiri sel nəticəsində heç bir insan itkisi olmadığını deyib: “Heç bir itki olmayıb. Nə evlərə, nə də mal-qaraya heç bir ziyan dəyməyib. Vəziyyəti nəzarətdə saxlayırıq”, - deyə o bildirib.


Göyçay rayon icra başçısının birinci müavini, rayonun Fövqəladə Hallar Komissiyasının sədri İkram Vəliyev isə hadisə nəticəsində Qaraməryəm, Aşağı Qaraməryəm və Yekəxana kəndlərinə ziyan dəydiyini açıqlayıb.


“Bu kəndləri elektriklə təmin edən elektrik xətlərinə ziyan dəyib. “Azərenerji” ASC-nin əməkdaşları rayondadırlar, problemi aradan qaldırmağa çalışırlar. Hazırda bir neçə yaşayış məntəqəsinə elektrik verilişində problem var. Bu da qısa zamanda aradan qaldırılacaq. 100 hektardan çox taxıl, noxud sahələrinə ziyan dəyib, 14 ailənin xırdabuynuzlu heyvanlarını sel aparıb. İki evin zirzəmisinə su dolmuşdu. Fövqəladə Hallar Nazirliyinin əməkdaşları həmin evlərdə iş aparır. Hadisə nəticəsində iki kəndi birləşdirən körpü uçub. Alternativ yol var, lakin körpünün təmiri üçün işlər aparılır. “Azərsu” ASC, “Azərkörpü”, Fövqəladə Hallar Nazirliyinin əməkdaşları hazırda hadisə yerində iş aparır”, - deyə o bildirib.









Kainat Şirin



Xalqinfo.az

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler