» » iyun ayında şagirdlər məktəbə niyə getdiklərini anlamırlar-

iyun ayında şagirdlər məktəbə niyə getdiklərini anlamırlar- Təhsil Nazirliyindən yenilik

Bölmə: Sosial, BLOK XƏBƏR
 iyun ayında şagirdlər məktəbə niyə getdiklərini anlamırlar-

Dərs ilinin iyunun 15-dək uzadılması valideyn və şagirdlərdən əlavə, müəllimlərin də narazılığına səbəb olub.

Bəzi şagirdlər artıq özləri üçün yay tətilini açıq elan ediblər, digərləri isə imtahanları var deyə, “xala xətrin qalmasın”, hər gün məktəbə gəlib 2-3 dərsdən sonra evə yollanır. Bir çox məktəblərdə artıq dərsliklər də toplanıb, məntiqə görə, dərs keçməyə nə səbəb, nə də vəsait qalmayıb. Ən çox şikayəti isə buraxılış siniflərinin şagirdləri edir. Bu günlər onların qəbul imtahanına hazırlaşmaq üçün ayırdıqları vaxtı “yeyir”.

Sosial şəbəkələrdə də etirazlar səngimir. Qərardan narazı qalanlar imzatoplama kampaniyasına başlayıblar, Təhsil Nazirliyindən dərs ilinin vaxtının dəyişdirilməsi tələb olunur.

Virtualaz.org saytının paytaxt məktəblərində apardığı müşahidələrə görə, məktəblərdə dərsə davamiyyət azalıb. Tədris proqramı bitdiyindən yalnız test tapşırıqları yerinə yetirilir.

“Bu gün bizim sinifdən 8 uşaq dərsə gəlməmişdi. Azərbaycan dilindən test etdik. Dərsə gəlməyən uşaqlara testdən “2” yazacaqlar”.



Bunu Binəqədi rayonunda yerləşən 246 saylı məktəbin şagirdi Arzu deyir. Onun yanındakı sinif yoldaşları da söhbətə qatılırlar: “Hər gün imtahanlar olacaq. Sinif rəhbəri dedi ki, yoxlama gələndə dərsdə olmayan uşaqları məktəbdən çıxaracaqlar”.

Dərs çıxışı nəvəsini məktəbdən aparan Nəsibə Məmmədova da tədris günlərinin uzadılmasına etiraz edir: “Kitablar bitib, indi dərsləri təkrarlamağı tapşırırlar. Müəllimlər də narazıdırlar. Amma məktəbə yoxlama gələcəyindən qorxurlar. Buna görə də, etiraz etmək istəmirlər”.

Məktəblə üzbəüz parkda oynayan şagirdlərə yaxınlaşırıq. “Kaş həmişə bu cür dərs olardı. Nə dərs soruşan var, nə də ev tapşırığı verən, məktəbdə yalnız əylənirik”, - şagirdlərdən biri sualımıza belə cavab verir.

Adının açıqlanmasını istəməyən riyaziyyat müəllimi də etiraz edənlərdəndir. “Dərslərin 2 həftə uzadılmasına baxmayaraq, tədris proqramı verilməyib. Uşaqlara test tapşırıqları veririk, amma onlar da bitmək üzrədir. Onsuz da uşaqların dərsə marağı azdır, isti günlərdə məktəbə gəlmək istəyən yoxdur”.



Xətai rayonunda yerləşən 55 saylı orta məktəbin yanındayıq. Məktəbə keçib, şagird və müəllimlərlə danışmağa icazə verilmir. Biz də dərs çıxışı uşaqlarını gözləyən valideynlərlə söhbətləşirik. 5-ci sinifdə oxuyan nəvəsini gözləyən Nəsimi Məmmədov deyir ki, uşaq dərsə getmək istəmir: “Hər gün 5-6 nəfər dərsə gəlmir. Bizim uşaq da dərsə həvəssiz gedir. Həftə sonu kitabları yığıcaqlar. Ondan sonra nəvəm də dərsə getməyəcək”.

Dərsdən çıxan uşaqlar səs-küylə yanımızdan keçir. Onlardan bir neçəsinə yaxınlaşıb söhbətləşirik: “Müəllim dedi ki, direktor hər gün davamiyyəti yoxlayacaq. Dərsə gəlməyən uşaqları məktəbdən uzaqlaşdıracaqlar”, - balacalardan biri deyir.

Məktəbdə apardığımız sorğudan bəlli olur ki, şagirdlərin çoxu müəllimlərin təkidi ilə dərsə gəlir. Dərsə gəlməyənlərin evlərinə zəng vurub məktəbə çağırırlar. Amma buna baxmayaraq, dərsə davamiyyət aşağı düşüb.



“Elitar” gimnaziyada da vəziyyət fərqli deyil. Əksəriyyət dərs ilinin uzadılmasına etiraz edir. “Dedilər, guya uşaqların dərs yükünü azaltmaq istəyirlər. Dərs yükünü azaltmaq üçün əlavə kitabların sayını azaltsınlar. Mən dərs ili başlayandan kitab alıram. Dərsliklər qalır bir qıraqda, TQDK-nın vəsaitindən, hansısa müəllifin kitabından dərs keçilir. Dərsliklərdəki nöqsanları aradan qaldırsınlar”, - sualımızı cavablandıran valideyn Səbinə Babayeva narazılıq edir.

Övladını qarşılamağa gələn Nizami Qənbərov da dərs günlərinin uzadılmasına qarşıdır: “Təhsil Nazirliyi qərar verərkən ictimaiyyətin rəyini nəzərə almalıdır. Axı, təhsil yalnız nazirliyin, dövlətin işi deyil. İctimai rəy mənfidirsə, bunu tətbiq etməməlidirlər. Nazirliyin dərs ili ilə bağlı açıqlamasında deyilir ki, əksər ölkələrdə dərs ili uzundur. Axı, başqa ölkələrə baxıb qərar vermək olmaz. Məsələn, dünyanı texnika ilə idarə edən Yaponiyada, Çində proqram ağır deyil. Uşaqların başını şeirlə, qəzəllə doldurmurlar”.



Dərs ilinin uzadılmasına etiraz edənlər imza toplayaraq Nazirlər Kabinetinə, Təhsil Nazirliyinə ünvanlayıblar. Təhsil Nazirliyi isə qərarın tədrisin gedişinə müsbət nəticələr verəcəyində israrlıdır. Buna görə də, edilən müraciətlərə müsbət cavab verilmir. Nazirliyin bu iddiasının özünü nə qədər doğruldacağını zaman göstərəcək. Hələlik isə builki tədris mövsümünü məktəblərdə zorlanan şagirdlərin müzakirəsi ilə yola salırıq.



Virtualaz.org

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler