» » Yerli məhsullar da sürətlə bahalaşır -

Yerli məhsullar da sürətlə bahalaşır - Araşdırma

Bölmə: Sosial, BLOK XƏBƏR
Yerli məhsullar da sürətlə bahalaşır -
İqtisadçı ekspert: “İdxal olunan məhsulların maya dəyəri bütövlükdə valyutadan asılıdır”
Manatın devalvasiyasından sonra ərzaq məhsullarının qiyməti demək olar ki, yarıbayarı bahalaşıb. Bir çox məhsulların xaricdən gətirildiyini deyib məhz buna görə də qiymətinin bahalaşdığını deyən satıcılar yerli məhsulların qiymətinin bahalaşmasını müxtəlif səbəblərlə izah etdilər.

Öncə bir neçə marketə baş çəkib yerli məhsulların qiymətləri tanış olduq. Bir neçə gün öncə 15 -18 qəpiyə satılan kənd yumurtası indi 20-30 qəpikdir. Çəki ilə 50 qəpiyə satılan un indi 70 qəpik, qutuda 90 qəpiyə satılan unlar isə 1 manat 50 qəpikdir. Yerli pomidorda 1 manat, xiyarda 50 qəpik, soğanda 30 qəpik, kartofda 40 qəpik, kərə yağlarında növündən asılı olaraq 80 qəpikdən 2 manatadək, duru yağlarda isə 40 qəpik bahalaşma var. Yerli sulara, meyvə şirələri də 20 qəpik bahalaşıb.

Satıcıdan yerli kənd yumurtasının niyə baha satıldığını soruşub bu yumurtaların ki, xaricdən gətirilmədiyini irad bildirdikdə, satıcı bu yumurtaların ərsəyə gəlməsində xaricin də rolu olduğunu dedi: “Yumurtalar asanlıqla ərsəyə gəlmir. Toyuqların yemi, preparatları xaricdən gətirilir. Ona görə də qiymətləri bahadır. Həm də yumurta azlıq təşkil edir”.

Pomidor satıcısı isə bunları dedi: “Mən pomidoru ucuz qiymətə satıb ailəmi nə ilə dolandırım. Həmin qazandığım pula indiki bahalıqla nəsə almaq mümkündürmüz sizcə?! Xırda bir bahalıq bütün məhsullara təsir edir”.

Mağazalarda yerli istehsal olan “Azərsun”un məhsulları da bahalaşıb ki, bu da xammalın xaricdən alınması ilə izah olunur.

Qeyd edək ki, bir sıra un məmulatlarının da qiymətində bahalaşma müşahidə etdik. Əvvəllər 20 qəpiyə satılan peraşki indi 30 qəpiyə, 50 qəpiyə satılan xaçapuri 1 manata, 30 qəpiyə satılan şor qoğalı 50 qəpiyə satılırdı. Dönərlərin qiymətində isə hələ ki, artım yoxdur. Un məmulatlarının bahalaşma səbəbinə gəlincə isə satıcılar bunu unun və kartofun bahalaşması ilə izah edirdilər.

Maraqlıdır, ölkədə istehsal olunan ərzaq məhsullarının qiymətinin bu dərəcədə bahalaşmasının səbəbi nədir?

Suallarımızı cavablandıran iqtisadçı ekspert Rəşad Həsənov idxal olunan məhsulların maya dəyərinin xarici valyutadan asılı olduğunu və buna görə də bahalaşma baş verdiyini dedi: “Əgər milli valyuta dəyərini itirirsə, yerli istehsal olunan məhsulların bahalaşması doğrudur. Təbii ki, idxal olunan məhsulların maya dəyəri bütövlükdə valyutadan asılıdır. Yerli istehsal olunan məhsulların da qiymətinin bahalaşması baş verir. Bunun da müxtəlif səbəbləri var. Birincisi, yerli istehsal olunan məhsulların böyük bir qismi xammalın istifadəsi baxımından idxaldan asılıdır. Yəni adi meyvə şirələrindən süd məhsullarına qədər, hətta quşçuluq təsərrüfatı məhsullarının hər birinin maya dəyərinin müəyyən bir hissəsi idxaldan asılı vəziyyətdədir. Yəni xaricdən gətirilmiş texnologiya, xammal, biznesin inkişaf etdirilməsi üçün xarici valyuta ilə götürülmüş kreditlər də qiymətlərə təsir edir.



Eyni zamanda, son olaraq fərdi təsərrüfatlara keçəndə, məsələn kənd yumurtasının da qiyməti bahalaşıb, halbuki bu yerli istehsaldır. Yerli istehsal olunan kənd yumurtanın baha qiymətə satılmasına səbəb təsərrüfat yumurtası istehsal edənlərin qısa müddət sonra yemi baha almasıdır. Həmçinin kənd yumurtasının istehsal edən adam marjasını artırmalıdır. Çünki bu adamın sabah bazardan evi üçün alacağı bütün məhsulların qiyməti bahadır. Əgər bu adam əvvəl 500 manat məbləğində gəlir əldə edirdisə, bu ailənin xərclərini görürdüsə, bu gün həmin şəxs artıq 600-700 manat qazanmalıdır.

Broyler məhsulları Azərbaycanda yeganə sahələrdən biri hesab olunur ki, son dövrlərdə bu sahədə ciddi nailiyyətlər əldə etdi. Hazırda quşçuluq məhsullarına olan tələbatın 100 faizini ödəmək gücündədir. Amma məsələ ondadır ki, 83 faiz maya dəyəri xarici valyutadan asılıdır. Çünki damazlıq yumurtaya qədər xaricdə istehsal olunur, yem xaricdən gəlir. Onlara lazım olan preparatlar, texnologiya xaricdən gəlir. Mən o yanaşmanı doğru hesab etmirəm ki, yerli istehsal, idxal yaxud da yerli şirkətin anbarında olan məhsul nə üçün bahalaşdı deyirlər. Bahalaşmalıdır, ona görə ki, şirkətin xarici valyutada öhdəliyi, krediti var. Həmçinin məhsulun satışından sonra xarici tərəfdaşlarına ödəniş etməlidir. Bu ödənişləri etmək üçün isə bazardan valyuta almalıdır. Bunu da baha qiymətə alacaq. Burada başqa çıxış yolu yoxdur. Bu da məsələnin həlli deyil”.

Ekspert qiymət tənzimləməyin yeganə yolunun gömrükdə ciddi islahatların aparılması və rəqabət mühitinin yaradılması olduğunu dedi: “Bunu tənzimləməyin yeganə yolu liberal iqtisadiyyata keçid, xüsusilə gömrükdə ciddi islahatlar, idxalla, ixracla bağlı bütün problemlərin aradan qaldırılmasıdır. Rəqabət mühiti artarsa, bu zaman idxal indiki faizindən xilas olar. Digər tərəfdən, rəqabət mühitinin artması nəticəsində daha çox çeşidli, keyfiyyətli və aşağı qiymətli məhsulların ölkəyə gətirilməsində biznes marağı olar. Əgər əvvəl biznesmen 20 faizə işləyirdisə, rəqabət bunu 10 faizə gətirib çıxardar. Bunlar son nəticədə bazar qiymətlərinin tənzimlənməsinə gətirib çıxarar. Əks halda biz bu kimi iddialarla sadəcə olaraq biznesi, vətəndaşı köçdürə bilərik. Həmçinin iş yerləri ixtisar ola bilər, iflaslar ard-arda başlaya bilər. Ümumiyyətlə götürəndə biznesin aktivliyinə heç bir maraq olmaz. Bu zaman da məhsul, ərzaq çatışmazlığı ölkədə baş alıb gedər”. Musavat,com

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler