» » “Əlincəqala”da bərpa işləri

“Əlincəqala”da bərpa işləri davam etdirilir

Bölmə: Sosial
“Əlincəqala”da bərpa işləri  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev deyib: “Tarixi abidələr baxımından Azərbaycan çox zəngin dövlətdir. Biz bu abidələri qorumalıyıq, bərpa etməliyik və xüsusilə ölkəmizin tarixi yerlərində qədim üsluba üstünlük verməliyik”.

Naxçıvan Muxtar Respublikasında xalqımızın qədim mədəniyyətinin, qəhrəmanlıq və mübarizə tarixinin izlərini özündə yaşadan qala və istehkamların bərpasına xüsusi diqqət yetirilir. Bu sahədə görülən işlərin davamı olaraq Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2014-cü il 11 fevral tarixli Sərəncamına əsasən “Əlincəqala” tarixi abidəsində bərpa işləri aparılır.

xalqinfo.az-ın məlumatına görə , Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, iyulun 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Əlincəqalaya gəlib, burada həyata keçirilən bərpa işləri ilə maraqlanıb.

Məlumat verilib ki, bərpa işləri zamanı Əlincəqalanın zirvəsinə yol çəkilib, gediş-gəliş xeyli asanlaşıb. Əlincəqaladakı qədim yaşayış evləri, təsərrüfat binaları, qala divarları, mühafizə yerləri, səngər və bürclər, su hovuzları bütün incəlikləri ilə tədqiq olunub, onların forması müəyyənləşdirilib və tarixi görkəmi saxlanılaraq bərpa edilib. İnşaat texnikası və planlaşma-məkan quruluşuna görə Naxçıvan memarlıq məktəbinin izlərini özündə əks etdirən qalanın şərq və qərb darvazaları da bərpa edilərək əvvəlki görkəminə qaytarılıb. Hazırda qala divarlarındakı bürclərdə və zirvəyə gedən yol boyunca işıqlandırma sistemləri quraşdırılır.

Bərpa işləri ilə tanışlıqdan sonra Ali Məclisin Sədri burada çalışan inşaatçılarla görüşüb, onları Ramazan bayramı münasibətilə təbrik edərək deyib: “Hər bir yerin qədimliyi, tarixi, mədəniyyəti onun abidələrində yaşayır. Əlincəqala tarixi abidəsində Azərbaycan tarixinin şanlı səhifələri yazılmışdır. Bu qala Naxçıvanın əyilməzlik simvoludur. Ona görə də Əlincəqalada bərpa işlərinin aparılması xalqımızın çoxəsrlik mədəni irsinin yaşadılması baxımından mühüm əhəmiyyət kəsb edir. Digər bir tərəfdən bu işlərin aparılması tarixi-mədəni irsimizin gələcək nəsillərə çatdırılmasına xidmət edir. Bu mənada tikinti ustalarının burada çəkdikləri zəhmət xalqımızın tarixinin yaşadılması yolunda atılan addımdır”.

Ali Məclisin Sədri bərpa işlərini keyfiyyətlə apardıqlarına görə inşaatçılara təşəkkür edib.

İnşaatçılar adından minnətdarlıq edən Əfqan Teymurov deyib ki, bu gün Əlincəqalada tarix yenidən yazılır. Abidənin bərpasında iştirak etmək ikiqat şərəfdir. Ali Məclis Sədrinin mütəmadi olaraq Əlincəqalada olması, bərpa işləri ilə maraqlanması, inşaatçılar üçün yaradılan şərait, onlara göstərilən qayğı hər kəsi ruhlandırır, daha əzmlə çalışmağa sövq edir.

Sonra Ali Məclisin Sədri inşaatçılarla xatirə şəkli çəkdirib.

Həmin gün Ali Məclisin Sədri "Əlincəqala" Tarix-Mədəniyyət Muzeyinin tikintisi ilə də maraqlanıb.

Bildirilib ki, Əlincə dağının ətəyində inşa olunan binada əsas tikinti işləri başa çatdırılıb. İş otaqları və ekspozisiya zalından ibarət olacaq bina qalanın tarixi görkəmi ilə ahənglik təşkil edəcək. Muzeydə Əlincəqalada təmir-bərpa işləri zamanı aşkarlanan və vaxtilə burada yaşayan sakinlərin həyat tərzini özündə əks etdirən məişət əşyaları, qədim silah nümunələri mühafizə və nümayiş olunacaq. Həmçinin burada eksponatlarla yanaşı, qalada aparılan tədqiqat işlərinə aid müxtəlif kitablar, qəzet və jurnal materialları da toplanacaq.

Ali Məclisin Sədri "Əlincəqala" Tarix-Mədəniyyət Muzeyinin tikintisi və qalada aparılan bərpa işləri ilə bağlı müvafiq tapşırıq və tövsiyələrini verib.

Sonda inşaatçılara bayram hədiyyələri təqdim olunub.
Mənbə/AZƏRTAC/
“Əlincəqala”da bərpa işləri
“Əlincəqala”da bərpa işləri
“Əlincəqala”da bərpa işləri
“Əlincəqala”da bərpa işləri

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler