» » Bizə ermənidilli şou proqramlar niyə lazımdır?

Bizə ermənidilli şou proqramlar niyə lazımdır?

Bölmə: Sosial
Bizə ermənidilli şou proqramlar niyə lazımdır?
Sovet illərində Ermənistan SSR-də 500-ə yaxın Azərbaycan dilli orta məktəb vardı və bu məktəblərin heç birində erməni dili tədris edilmirdi. Ermənilər bunu kadr çatışmazlığı ilə izah etsələr də Qərbi Azərbaycanın - İrəvanın, Göyçənin, Zəngəzurun və Ağbabanın başbilənləri o vaxt bunu məkrli erməni siyasəti ilə əlaqələndirirdilər. "Düşmən istəmir ki, onların dilini öyrənək" deyirdilər.

Bu gün Azərbaycan toplumunda bir çox soydaşlarımızın ANS ÇM radiosunda yayımlanan Qafqaz çartında bir-iki erməni mahnısının səslənməsinə bəlkə də səmimi qəlbdən, bəlkə də küyə gedərək etiraz etdiyini görəndə Göyçədə böyümüş bir türk kimi həmin günlər yadıma düşür. Və Birinci Qarabağ müharibəsində ermənilərə uduzmağımızın bir səbəbini də elə bunda görürəm. Biz ermənilərin əhatəsində böyüyə-böyüyə ermənicə bilmədiyimiz halda, ermənilər İrəvanda yetişdirdikləri sünnətsiz kəşfiyyatçını Ağdama molla kimi yerləşdirə bilmişdilər.

O vaxt Ermənistan SSR-də ermənilər hər yerdə bizimlə türkcə danışırdılar, toylarında türk musiqisi oxumaqdan çəkinmirdilər, bizim yazarların, sənətçilərin uşaqlıq xatirələrinə qədər hər incəliyinə bələd idilər. Azərbaycanda isə ermənilər dilimizi elə bizim səviyyədə bilirdilər. Yəni böyüməkdə olan erməni yeniyetmələrin qulağını türk dilinə alışdırırdılar, hamısını potensial kəşfiyyatçı, dezinfarmator, provakator kimi yetişdirirdilər.

Aradan 20 il keçməsinə baxmayaraq Gəncədə böyümüş Aleksey Manvelyan Azərbaycan türkcəsində çox gözəl yazıb-pozur, ermənilərin gündəlik həyatından reportajlar hazırlayır. Bəlkə də Manvelyan doğrudan da Azərbaycana hörmətlə yanaşan adamdır, amma burası reallıqdır ki, onun reportajları Azərbaycanda ermənilərə olan qəzəbi xeyli yüngülləşdirir, qisas hissinin üzərinə su səpir. Yəni Manvelyan bu baxımdan Ermənistana xidmət edir. Onun reportajlarından belə çıxır ki, İrəvanda yaşayan sadə ermənilər Azərbaycana və onun musiqisinə çox dözümlü yanaşan, siyasətdən, millətçilikdən çox uzaq tolerant insanlardır. Amma Ermənistan SSR-də böyümüş bizlər bilirik ki, bu belə deyil. Məhz ermənilərin Azərbaycan türkcəsində və rusca qurduqları bu təbliğat maşının təsiri ilədir ki, bu ölkədə əli qələm tutanların çoxu İrəvana getməkdən çəkinmir. Ermənilərin baş qəhrəman olduğu romanlar yazırlar. Təbliğat o qədər güclüdür ki, ermənilərin işğal etdiyi Cəbrayıl rayonunu təmsil edən, yetərincə böyük auditoriyaya malik jurnalist qızımız da ermənilərdən üzr istəyir. Bu sahədə ermənilərin təbliğat maşınına uduzmağımız göz qabağındadır.

Əcaba, bəs bizim təbliğat maşınımız hardadır? Bu illər ərzində neçə nəfər ermənicə normal danışa bilən, Manvelyanın bizi inandıra bildiyi səviyyədə ermənilərin damarını tuta bilən jurnalist yetişdirə bilmişik? Son 25 ildə Dağlıq Qarabağda böyüyən ermənilər Azərbaycanın mədəniyyətindən, musiqisindən və mentalitetindən uzaq düşüblər. Qondarma rejimin Dağlıq Qarabağ ətrafına çəkdiyi informasiya hasarını nəylə dağıtmışıq? Artıq XXI əsrdir və mentor avazı ilə 60-cı illərin erməni dilində danışan bir-iki xəbər proqramı ilə heç nə etmək olmaz. Dağlıq Qarabağ gəncliyinin beyinlərinə məhz maraqlı şou proqramlarla girmək mümkündür. Təbii ki, əvvəlcə ən dəbdə olan, siyasətdən uzaq bir sıra erməni mahnıları ilə... Müəyyən auditoriya yığandan sonra bunun gözünə Azərbaycan və Türkiyə musiqisini də qatmaq lazımdır. Və bundan sonra qondarma rejimin qurduğu ideoloji hasarı dağıtmaq olar. Ümumiyyətlə, ermənicə şou proqramları Azərbaycanın bütün tele-radio kanalları hazırlamalıdırlar. Hər halda Azərbaycanda 150 mindən çox erməni yaşayır və gec-tez onlar bizim informasiya məkanının məhsullarına aclıq hiss edəcəklər. Dağlıq Qarabağda yaradılmış 15 min kvadratkilometrlik konslagerin sakinlərini doğru sözə inandırmaq elə də çətin olmaz.

Bu məsələni dövlətçilik ənənəsində bizdən daha təcrübəli olan türkiyəli qardaşlarımız daha tez anlayıblar. Türkiyə bozqurdlarının çox tanınmış nümayəndəsi, MHP İqdır millət vəkili Sinan Oğan hələ 1998-ci ildə Bakıda bu sətirlərin müəllifi ilə söhbət edərkən Ankaraya getməyi və orada Ermənistana yönəlik bir saytın yaradılmasında iştirak etməyi təklif etmişdi. Mənim ermənicə düz-əməlli bilmədiyimi görəndə çox təəssüf etmişdi. Qərbi Azərbaycanda böyümüş azərbaycanlı jurnalist Qafar Çaxmaqlı da dəfələrlə Azərbaycanda peşəkar ermənidilli jurnalistlərin yetişdirilməsinin vacibliyini vurğulayırdı. Təsadüfi deyil ki, bu günlərdə Qafar müəllimin müəllifi olduğu türkcə-ermənicə lüğət Türkiyədə çap edildi.

Ey mənim vətənpərvər və Qarabağ uğrunda hər an canını verməyə hazır olan soydaşlarım. Gəlin Qarabağ uğrunda canından keçmiş Milli Qəhrəman Çingiz Mustafayevin adını daşıyan bir radionun bu istiqamətdə atdığı ilk addımları dəstəkləyək. Unatmayın ki, Azərbaycanın müzəffər Qarabağ fəthi məhz Dağlıq Qarabağda böyüməkdə olan gənclərin beyninə son 25 ildə yeridilmiş çirkabın təmizlənməsindən başlayır.
Anspress

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler