» » Xətai icra başçısının bazarı hələ də bağlanmayıb- Fotolar+Video

Xətai icra başçısının bazarı hələ də bağlanmayıb- Fotolar+Video

Bölmə: Sosial
Xətai icra başçısının bazarı hələ də bağlanmayıb- Fotolar+Video
Bu il Novruz bayramı ilə əlaqədar təşkil olunmuş kənd təsərrüfatı mallarının satış yarmarkalarından birinin fəaliyyəti hələ də davam edir. Martın 15-dən etibarən Əhmədlidə, Məhəmməd Hadi küçəsində təşkil olunmuş yarmarka ciddi narazılıqlara səbəb olub.


Uzunluğu təqribən 200-250 metr olan, nəhəng dəmir konstruksiyalardan quraşdırılmış bu yarmarka artıq öz sərhədlərini aşaraq, xeyli ərazini əhatə edib. Bazar üçün qurulmuş obyektə yer tapa bilməyən alverçilər metronun çıxışına doğru yolboyu pərakəndə halda yerləşdirilib.

“Xalqinfo” xəbər verir ki, Musavat.com-un əməkdaşı küçənin qapadılaraq, bazara çevirildiyi ərazidə olub. Bazarı tapmaq o qədər də ciddi çətinlik törətməyib. Metrodan çıxan zaman bazarı görməmək mümkün deyildi. Çünki bazarın bir ucu gəlib, metroya çatmışdı. Bu bazardakı səs-küy digərlərindən heç də geri qalmırdı.

Bura Əhmədlinin ən böyük yollarından bir olan Məhəmməd Hadi küçəsidir. Şəhər sakinlərinin böyük bir hissəsi buranın həftə sonlarında bazara çevirildiyini bilmədikləri üçün bu yoldan istifadə etmək qərarına gəlirlər. Və yolun bağlı olduğunu görüb, geri qayıtmaq məcburiyyətində qalırlar. Bu kimi vəziyyətlər təkrarlandıqca, küçədə tıxaclar əmələ gəlməyə başlayır. Avtomobillərin səsi, bazar alverçilərinin “gəl, ay müşətəri” bağırtıları vəziyyəti daha da dramatikləşdiri.

Bu səs-küydən, narahatçılıqdan ən çox əziyyət çəkənlər, həmin əraziyə yaxın binalarda yaşayan sakinlərdir. Sakinlərin sözlərinə görə, burada bazar açıldığı gündən etibarən evlərində rahat otura bilmirlər.

“Gecə-gündüz səs-küydən yata bilmirik”

M.Hadi küçəsinin sakinlərindən biri olan Gülşən Sadıqovanın dediklərinə görə, ilk günlərdə şikayətçi olmayıblar. Çünki söz verilib ki, bazar bayramdan sonra ləğv ediləcək: “Əvvəl dedilər ki, yarmarka bayrama görə təşkil edilib, bayramdan sonra ləğv ediləcək. Biz də razılaşdıq ki, insanlara bir xeyri dəyər, həm də özümüz bayram vaxtlarında alış-veriş üçün uzağa getmərik. Buradan bazarlıq edərik. Bayram qurtardı, amma bazar ləğv edilmədi. Necə var idisə, elə də qaldı. Hətta daha da böyüyüb. Gecə-gündüz səs-küydən yata bilmirik. İşdən evə yorğun gəlirik. İstəyirəm ki, bir az yatım, dincəlim. Amma bu səs-küydən yatmaq olmur. Evə təmiz hava gəlsin deyə pəncərəni də aça bilmirik”.

“Rasim Məmmədov özünü qazanc bazarını bağlamaq istəmir”

Şikayətçi sakinlərdən olan Səməd İsayev isə məsələyə başqa tərəfdən yanaşır: “Bu bazar həqiqətən də bayram vaxtları üçün nəzərdə tutulmuşdu. Bayramdan sonra bazar ləğv ediləcəkdi. Amma gördülər ki, burada alver yaxşıdır. Camaat gəlib-gedir, yaxşı alver var. Getdikcə satıcıların sayı çoxalır və dolaysı yolla da buradan aldıqları “haqq” da artmış olur. Ona görə də, bazarı bağlamaq fikirlərindən daşındılar. İcra başçısı Razim Məmmədovun hələ də bu bazarı bağlamamasının səbəbləri müxtəlif ola bilər. Onlardan biri də budur ki, yəqin özünün qazanc bazarını bağlamaq istəmir. Görünən odur ki, icra başçısının pula çox ehtiyyacı var. Ya da digərləri kimi onun da gözü doymur”.

“Buradakı qiymətlərin başqa bazarlardan heç bir fərqi yoxdur”

Bazarda qarşılaşdığımız şəhər sakini Səxavət Tağıyev isə qiymətlərdən şikayətləndi: “Eşitdim ki, burada bazar açıblar. Gəldim ki, evə bazarlıq edim. Bayaqdan bazarın hər tərəfini gəzmişəm. Buradakı qiymətlərin başqa bazarlardan heç bir fərqi yoxdur. Hətta bəzi meyvələr daha bahadır. Ona görə də gəldiyim üçün peşmanam”.

“Bu bazarın olması vacibdir”

Ərazidə yaşayan sakinlərdən olan Əlövsət Nağıyev isə fərqli düşünür: “Məncə bu bazarın olması vacibdir. Çünki evimə yaxındır. Həftəsonları gəlirəm, evə lazım olan ərzaqları alıb, gedirəm. Yaşlı adamam, mənim üçün bura daha yaxşıdır. Qiymətləri də münasibdir. Düzdür, bura bazar yeri deyil. Yolun düz ortasında bazar olmaz. Amma mənim üçün əsas odur ki, yaxın və rahat olsun”.

“Bizim burada satdığımız ərzaqlar daha keyfiyyətlidir”

Bazarda çalışan satıcılar isə satdıqları ərzaqların qiymətlərinin digər bazarlardan daha ucuz olduğunu iddia edirlər: “Bizim burada satdığımız ərzaqlar daha keyfiyyətlidir. Gedin, başqa bazarlara da baxın, bura da baxın. Qiymətlərdə olan fərqləri görəcəksiniz. Biz daha ucuz satırıq. Bundan əlavə, bura bəzi bazarlardan fərqli olaraq, daha təmizdir və səliqəlidir. Yalandan deyirlər ki, guya bazarda antisanitar şərait var. Elə şey yoxdur. Hər şey tər-təmizdir. Özümüz buna nəzarət edirik. İstəyən gəlib, yoxalaya bilər”.

Xatırladaq ki, sözügedən yarmarkanı Xətai rayonunun İcra Hakimiyyətinin başçısı Rasim Məmmədov təşkil edib.


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler