» » Bakı kütləvi yanğın təhlükəsi qarşısındadır

Bakı kütləvi yanğın təhlükəsi qarşısındadır

Bölmə: Sosial, BLOK XƏBƏR, MANŞET
Bakı kütləvi yanğın təhlükəsi qarşısındadırPaytaxtda binalara üzlənən sintetik poliuretanla bağlı şok faktlar
Avropa Kimya Agentliyi, ABŞ-ın Ətraf Mühitin Mühafizəsi Agentliyi poliuretan təhlükəsi barədə ictimaiyyəti xəbərdar ediblər

Zığ şossesi 16 ünvanda 9-mərtəbəli yaşayış binasında baş verən yanğın arxasında onlarla evsiz sakinlə bərabər bir sıra müəmmalar da buraxdı.

Xalqinfo.az xəbər verir ki, "Bizim Yol" qəzetinin əməkdaşı yanğın günü və ondan sonra hadisə yerində olub:

Birinci gün qarşımıza çıxan hər kəs yanğının fasaddan başladığını deyirdi. Rəsmilər də bir növ təsdiqləmişdilər. İnternetdə yanğının başlanğıcından aparılan videoçəkilişə diqqətlə baxdım. İki hissədən ibarət binanın prospektə baxan istiqamətində yanğın alt mərtəbədən start götürür və cəmi 30 saniyə ərzində birinci "qanad" alovlara qərq olur. Binanın digər "qanadı" da ikinci 30 saniyədə alovlara təslim olur və tam 1 dəqiqə ərzində bütövlükdə binanın alov aldığı görünür. Binada maye qaz olmadığından partlayış ehtimalı sıfırdır, videoda da partlayış səsi eşidilmir.

Binaya yuxarıdan aşağı benzin tökülmüş olsaydı, yəqin ki, yanğın belə sürətlə yayılardı. Küləyi çox günahlandırmaq doğru deyil, o, bəlkə, alovun istiqamətini dəyişər, yanğının söndürülməsinə əngəl ola bilərdi. Sakinlər binaya üzlük əvəzinə çəkilən materialın benzinə bərabər olduğunu deyirlər, katalizator rolunu da o oynayıb. Üzlükdən əsər-əlamət qalmayıb, hamısı yanıb külə dönüb. Binanı kim yandırıb, niyə yandırıb - bunu araşdırmaq istintaqın işidir. Mənə maraqlı olan bir avtomobilin yolun kənarında saxlayıb yanğını başından videogörüntüyə almasıdır. Təxribatdırmı? Bizi istəməyənlərin işidirmi? Bizi istəməyənlər olsaydı, yanğın üçün iki çıxışı olan bina seçməzdi. Bina birbloklu olsa da, xoşbəxtlikdən, iki çıxışı var. "Camaat evakuasiya olunub" deyirik, amma əslində birinci özləri-özlərini evakuasiya ediblər, əsasən ikinci çıxışdan təxliyə olublar. Yanğınsöndürənlərin hadisə yerinə 1 dəqiqədə gəlməsi mümkün deyil. Xeyli günahsız insan da oturduqları yerdə işə düşüb. Layihəni icra edənlər gələn xaricilərə xoş görünsün deyə yalnız prospektə açılan hissədə yenilik edirlər, arxa hissəsi isə əvvəlki kimi qalır. Demə, heç nə səbəbsiz deyilmiş, insan itkisinin olmaması məhz arxa üzün sintetiklə örtülməməsinin nəticəsidir. Yanğın həmin hissəyə keçməyib, orada olan mənzillər zərər görməyib. Bu da bir daha deməyə əsas verir ki, binanın alışıb sürətlə yanmasına köhnə daş üzlüyün üstündən çəkilən poliuretan (polyurethane) materialı səbəb olub.

Poliuretan - sənayedə istifadə olunan sintetik polimer materialdır. Ona tərif deyənlər biznes maraqlarını güdənlərdir. Bir çox rus, ingilis saytlarında poliuretanın risklərindən xeyli materiallar var. Yandırdığınız zaman poliuretan köpüyünün benzindən heç də pis alışmadığı deyilir. Hətta bir çox hallarda avtomobillərin öz-özünə yanması məhz bu materialla əlaqələndirilir. Bu material avtomobillərin oturacaqlarında, qapılarda, qoltuqlardadır. Yüngül avtomobillərin salonu pəncərənin açıq və ya bağlı olmasına baxmayaraq təxminən 5-10 dəqiqə içərisində yanır. Poliuretan köpüyü digər karbohidrogenlərdə olduğu kimi, yanmazdan əvvəl qaz halına keçir. İnşaat sahəsində də bu material dəhşət saçır. Məsələn, djtomix.com saytına görə, təhlükəli sayılan kimyəvi məhsul poliuretan narahatlıq yaradır. Adətən izolyasiya işlərində istifadə olunan poliuretanın ən böyük təhlükəsi onun tez alışma qabiliyyətli olmasındadır. Əgər poliuretan yanırsa, alovları tez yayılır, nəticədə yüksək temperatur qatı qara tüstü və zəhərli qazlar yaradır. Bu zaman meydana gələn köpük yanan mayeyə çevrilir. Poliuretandan qalxan toz buludları belə alovlanmaya meyllidir. Bu, ağciyərlər üçün də zərərlidir, poliuretanın toz və ya dumanı ilə nəfəs almaq tənəffüs xəstəliklərinə səbəb ola bilər. Onun tətbiqi zamanı maskalar və xüsusi eynəklərdən istifadə tövsiyə olunur. Xüsusilə gözləri qorumaq şərtdir. Bu məhsulun uzunmüddətli risklərini nəzərə alan mütəxəssislər hətta ondan bəzi hallarda ölüm faktının olduğunu da qeyd ediblər. Ən pisi də odur ki, yanan zaman ondan ayrılan zəhərli qazlar insanı bir neçə dəqiqə ərzində zəhərləyə və öldürə bilir. ABŞ-ın Ətraf Mühitin Mühafizəsi Agentliyi poliuretanın potensial sağlamlıq riskləri haqqında ictimaiyyəti xəbərdar etmək üçün fəaliyyət planı hazırladığını da açıqlayıb. Rusiyanın kvartirobus.ru saytının yazdığına görə, poliuretan Avropa Kimya Agentliyi tərəfindən insan orqanizmi üçün təhlükəli hesab edilən 14 məhsuldan biri və birincisi kimi təsbit olunur. Poliuretan kiçik alovun təsiri altında çox tez alışır və hətta yanğının mənbəyi ilə birbaşa əlaqəsi kəsilsə də, alovlanmaqda davam edir. Bunun əyani sübutunu da hadisə zamanı gördük. Alovlar tamamilə ram edilsə də, qəfildən heç əlaqəsi olmadan yuxarı mərtəbələrin birində yenidən qığılcımlar yarandı. Fəhlələrin çoxu materiala penoplast da deyirlər. Poliuretan penoplast tezalışan material hesab olunur, tərkibindəki sianid turşusunun çoxluğundan tüstüsü həddən artıq zəhərlidir.

Bu yanğın bir mesajdırmı, kimsə nəyisə sübut etməyəmi çalışır? Bəlkə də, bizə əyani göstərdilər ki, "baxın görün, sizə necə bir "ölüm tələsi" hazırlanır". Yanğın təsadüf olmuş olsa belə, yenə də "yaxşı bir təsadüfdür" deyə bilərəm. Ən əsası, insan tələfatı olmadı. Amma bizə hazırlanan o "ölüm tələsi"ndən bu şəkildə xəbərdar olduq. Hazırda ətraf binaların sakinləri də onları gözləyən təhlükə səbəbindən ayaq üstədirlər. 33-cü binada yaşayan Zülfiyyə xanım dedi ki, qonşuları təmirin dayandırılması, üzlüklərin sökülməsi ilə bağlı ərizə hazırlayıb, həftənin birinci iş günü FHN-ə, Bakı Şəhər İcra Hakimiyyətinə göndərəcəklər. Onun dediyinə görə, 8 aydır "həbsxana həyatı" yaşayırlar. Artıq pəncərələrinin də üzərinə əlavə dəmir qoyulub, ikinci pəncərə yerləşdiriblər, nə bina "nəfəs ala bilir", nə də sakinləri.

Yanan binanın sakinləri köç etməyə başlayıblar. "Azərsu" əməkdaşı ön hissədə yerləşən bütün mənzillərdə yanğının olduğunu söylədi. Mənzilləri zərər görməyənlər isə hələlik orada qalırlar. Binada su və elektrik xətləri bərpa olunub, sadəcə rabitə əlaqəsi yox idi. Amma bina tam təmirə dayananda digərləri də kirayə evlərə çıxacaqlar. Fəhlələr yenə iş başındaydılar. Amma bu dəfə yuxarı mərtəbələrə qalxmaq üçün dəmir konstruksiyalara birləşdirilən taxtalar sökülür, onlar da dəmirlə əvəz olunurdu. Hökumət təmsilçiləri ilə də söhbət etdim. Dedilər ki, poliuretanla bağlı şübhələrini yoxlamaq üçün onu elə həyətdəcə test ediblər - materialın üzərinə benzin töküb yandırıblar. Benzin alovlansa da, material sona qədər yanmayıb. Telefonla çəkilmiş videosunu da göstərdilər. "Test" açıq havada aparılıb. Kiçik bir sintetik parçanın hansı ərazini ağuşuna alacağına ümid edirdilər ki? Düzgün müqayisə olmadığını dedim. Videogörüntüdə bina tam alovlanandan sonra bir anlıq sanki alov sönür, amma bu, adama elə gəlir. Əslində isə alov qapalı hissəyə keçir, sonra yenidən daha gur alışır. Test - sınaqdır, tikinti şirkəti bu işi görmədən əvvəl etməliydi ki, nəticəsi qabaqcadan bilinsin. Bizdə iş-işdən keçəndən sonra test edilir. Tez deyilmi, bir az da gözləsəniz, yerdə qalan binalar da yansa? Bunun adı rəsmən dəlləklikdir ki, "sınağı" da xalqın başında aparılır. Məni inandırmağa çalışdılar, amma mənim də öz məntiqim var. Adıçəkilən materialın ekspertizaya göndərilməsi ilkin şübhələrin onun üzərində olduğunu təsdiqləyir. Və bu gecikmiş "test"in aparılmasına ehtiyacın özü də sübut edir ki, birinci "şübhəli" sintetik üzlükdür. Belə davamlıydısa, niyə axıracan yanıb qurtarırdı? Ekspertizanın rəyi hətta poliuretanı "haqlı" çıxartsa belə, sabah bu hadisələr təkrarlanacaq. Sakinlər tikintidə işləyənlərdən eşitdiklərinə istinadən söylədilər ki, indiyə qədər 4 binada məhz poliuretan üzlükdən yanğın baş verib. Mütəxəssis olmasam da eksperiment obyekti kimi kiçik bir poliuretan parçasını götürməyi doğru hesab etmirəm. Mənim yaşadığım yararsız, ancaq 7 ballıq zəlzələyə davamlı ola biləcəyi deyilən bina da eyni şəkildə bu andır materiallarla "makiyaj" edilir. Yandakı bina isə çox köhnəldiyindən onu sökəcəklərini deyirlər. Belə də etmək olar, hər iki binanın sakinlərini əşyaları ilə birlikdə "təxliyyə" edib, ikisinə də od vursunlar, baxaq görək hansı tez yanır. Məncə ən real test bu olar.

8 aydır 16 binanı üzərinə götürən "TNH" şirkəti indiyə qədər də bu işi bitirməyib. Binaların pəncərələri, dam örtüyünün yenilənəcəyi, zirzəminin təmir olunacağı deyilsə də onlar bu müddətdə yalnız üzlük çəkməklə məşğul olublar. Tikintidə işləyənlərlə söhbət etdim, yeni briqada imiş. Burada iki ayda bir briqadalar dəyişir. 16 binanın (mən hələ bu qədərini bilirəm) tenderini "udan" şirkətin öz əməkdaşları sadəcə əmr verənlərdir. Briqadalarda isə çoxu "südəmərdir", tikinti təcrübəsi yoxdur. Biri üzlüyün adını alkapon deyir, digəri penoplas, o biri də politan. Materialın adını düzgün bilən yoxdur. Bunlar nəinki mütəxəssis deyillər, heç tikintini tikə-tikə də öyrənməyiblər. Əsl "boss"lar isə görünmürdü. Bu gün kompensasiyanı şəhər İcra Hakimiyyəti üzərinə götürüb. Niyə? Tenderi (əgər tender olubsa-H.H.) elan edən BŞİH olsa da tikintini "TNH" şirkəti həyata keçirir. Bina sakinləri deyirlər ki, həmin gün orada fəhlələr işləyirmişlər. Elə yanğın da onların işlədiyi yerdən başlayıb. Burada cavabdeh həmin materialı istifadə edən şirkət və onun istifadəsinə imkan verən məmurlardır. Niyə kompensasiya dövlətin büdcəsindən ödənməlidir? İki kilometr ərazidə 20-yə yaxın binada üzləmə işini bir şirkət üzərinə götürüb. Əgər üzərinə götürübsə, deməli, buna texniki və maliyyə gücü olmalıdır. Əks halda tenderi niyə ona qazandırsınlar ki?! Niyə kompensasiyanı bu şirkət ödəməsin? Ödənişi dövlətin üzərinə qoyurlarsa, deməli, bu şirkətin dövlətdə olanlarla bir "qohumluq əlaqəsi" var ki, verdiyi zərər son nəticədə xalqın pulundan qarşılanır. Bu tikintidə işləyən iş icraçısı da mənimlə söhbətində poliuretanın yuxarı qiymətlərlə Koreyadan gətirildiyini demişdi. Bakının mərkəzindəki binaların fasadları daş materialla üzlənir, poliuretana gözdən uzaq yerlərdə üstünlük verilir. Briqada rəhbəri poliuretanın kvadrat metrinin bazarda 128, daşın isə 77 manat olduğunu söyləmişdi. Deməli, həm də daşdan baha qiymətə alınır. Burada maraq nədir? Məlumatıma görə, poliuretan vurulandan sonra gümüşü rənglə rənglənib, ən sonda isə işıqlarla bəzədilməsi nəzərdə tutulub. Elektrikdən qığılcım almayacağına da zəmanət yoxdur.

Bir neçə cümlə də polisin davranışı haqqında. O gün bilmədim ki, redaktorun mənə tapşırığını icra edim, yoxsa türklər demiş, polislə uğraşım. 10 polisdən 8-i məni hadisə yerinə buraxmır, 2-ci vəsiqəmi görəndə üzr istəyib kənara çəkilirdi. Halbuki məni buraxmadıqları yerdə media nümayəndələrinə brifinq keçirilirdi. Sakinlərlə də insidentləri az olmadı. Artıq bir az səlahiyyətlərinizin hüdudlarını öyrənin, cənablar!

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler