» » İşıqları qəfil söndürəcəklər?

İşıqları qəfil söndürəcəklər?

Bölmə: Sosial
İşıqları qəfil söndürəcəklər?"Azərişıq" regionlarda sayğac qoyulması prosesinə start verilib
Qonşu ölkələrdən fərqli olaraq Azərbaycanın elektroenergetika sistemindəki vəziyyəti qənaətbəxş hesab etmək olar. Türkiyədə, hətta ABŞ kimi dünyanın bir nömrəli inkişaf etmiş ölkəsində uzunmüddətli və genişmiqyaslı enerji kəsintisi yaşansa da, Azərbaycanda bu sahədə ciddi problemlər yoxdur. Bu sahəyə dövlət qayğısı möhkəmdir və ciddi islahatlar aparılır. Ekspertlər ölkənin elektrik enerjisi təminatında ciddi nöqsanların olmadığı fikrindədirlər.

Ölkə prezidentinin bu il fevralın 9-da imzaladığı sərəncamla “Bakıelektrikşəbəkə” Səhmdar Cəmiyyətinin əsasında “Azərişıq” Açıq Səhmdar Cəmiyyəti yaradılıb. Bunun məqsədi regionlarda elektrik enerjisi ilə təchizatı Bakı şəhərinin səviyyəsinə qaldırmaqdır. Buna nail olmaq üçün xeyli işlər görülməli, ilk növbədə, regionlarda elektrik sayğaclarının dəyişdirilməsi, yeni yarımstansiyaların inşası, kabel xətlərinin çəkilməsi, yeni transformatorların quraşdırılması mütləqdir.

Anspress bu istiqamətdə görülən işlər, sayğacların kim tərəfindən, hansı hesaba quraşdırılması və dəyişdirilməsi, ölkəmizin enerji təhlükəsizliyinin təminatı və s. məsələlərlə bağlı araşdırma aparıb.

İndiyədək köhnə yaşayış binalarında, fərdi evlərdə sayğaclar dövlət hesabına qoyulub. Amma yeni tikililər, özəl MTK-lar üçün hüquqi və fiziki şəxslər texniki şərt alanda müəyyən ödəniş etməlidir. Yəni köhnə bina evlərində sayğaclar "Bakıelektrikşəbəkə" tərəfindən dəyişdirilib. Bundan sonra da ilkin quraşdırma dövlət hesabına olacaq. Bu məsələ "Azərişıq" ASC-nin təsdiqlənmə prosesində olan yeni Nizamnaməsində və strukturunda daha aydın şəkildə əksini tapacaq.

Hazırda Bakı şəhəri üzrə 900 minə yaxın, ölkə üzrə isə təqribən 1,5 milyondan çox sayğac quraşdırılıb və bu proses davam edir.

“Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev bildirib ki, yeni yaradılan qurum ilk gündən yüksək səviyyədə fəaliyyətə başlayıb. İndi 7 region üzrə təhvil-təslim işləri başa çatmaq üzrədir. Qısa müddətdə Şimal, Şərq, Qərb və başqa regionlarda 30 ədəd yeni transformator məntəqəsi quraşdırılıb, yeni xətlər çəkilir.

Ölkə prezidentinin bu ilin ilk rübünün yekunları ilə bağlı keçirdiyi iclasda qeyd etdiyi kimi, qarşıda görüləcək çox işlər var. "Azərişıq" rəhbərliyi tərəfindən 2015-2025-ci illər üzrə Regionlar Proqram hazırlanır. Yeni yarımstansiyaların inşası, kabel xətlərinin çəkilməsi, transformatorların quraşdırılması nəzərdə tutulur. Regionlarda yeni layihələr əsasında görüləcək işlər araşdırılır, analiz olunur. Bu proqram uzunmüddətli olacaq. On il ərzində görüləcək işlər, rayonlar üzrə aparılacaq dəyişikliklər burada əksini tapacaq.

Onun sözlərinə görə, bu layihədə yeni sayğacların quraşdırılması, dəyişdirilməsi, xüsusilə son texnologiyalı avadanlığın qoyulması nəzərdə tutulur. Bakıda aparılan işlər regionlarda da tətbiq ediləcək. Belə ki, elektron sayğaclar quraşdırılacaq, abonentlərin mənzillərinə qədər olan xətlər, köhnəlmiş dirəklər mərhələ-mərhələ yenilənəcək. İndi sayğacı olmayan abonentlərin sayğacla təminatı həllini tapır. "Azərişığ"ın hər bir abonentinin fərdi sayğacı olacaq. Bu mərhələdən sonra istismar müddətini başa vuran sayğaclar dəyişdiriləcək.

Hazırda Bakı şəhərində 70-80 min abonent ÇSM tipli sayğaclardan istifadə edir. Bu işlər davam edir. Amma regionlarda həm elektron, həm də SMART tipli sayğaclardan istifadə olunur. İstismar müddəti başa çatan yeniləri ilə əvəzlənəcək, olmayanlar isə ən son texnolgiyalı, dəqiq ölçülü sayğaclar təmin olunacaq. Sayğacların istismar müddəti 3 ildən 15 ilədəkdir.

Sayğacların çöldə olmasına gəlincə, o deyib ki, abonentə narahatlıq yaranmasın deyə evdən nisbətən aralıda qoyulması daha məsləhətlidir. Çünki ev sahibinin qonağı, xəstəsi, istirahət günləri olur, həm onların, həm də bizim əməkdaşlarımızın işinin rahatlığı üçün mənzil kənarında olması daha məqsədəuyğundur.

O, enerji təhlükəsizliyindən də danışıb: ""Azərişıq"la bağlı Prezidentin sərəncamında da göstərilib ki, elektrik enerjisi tam keyfiyyətli, fasiləsiz və təhlükəsiz şəkildə verilməlidir. Ölkəmizin elektrik təminatı, yaxud enerji kəsintisi ilə bağlı heç bir problem yoxdur və buna yüksək səviyyədə nəzarət var".

Prezident İlham Əliyev iclasda bildirib ki, bir neçə il ərzində yaratdığımız enerji potensialı bütün sovet dövründə yaradılan potensialdan böyükdür, ondan çoxdur: “Azərbaycanda həm alternativ su elektrik stansiyaları və əsas qaz elektrik stansiyaları tikilib. Amma ötürücü xətlərdə hələ ki, vəziyyət o qədər də yaxşı deyil. Xüsusilə, rayonlarda, kənd yerlərində bir balaca külək əsən kimi dirəklər aşır, işıq verilməsi dayandırılır. Buna dözmək olmaz. Mən dəfələrlə məsələ qaldırmışdım, demişdim, göstəriş vermişdim ki, gedin bu sahəni düzəldin. Bölgələrdə insanlarla görüşlər əsnasında mən onların xahişlərini, problemlərini eşidirdim. Deyirdilər ki, tez-tez işıqlar sönür, tez-tez işıqsız qalırıq. Azərbaycan kimi ölkədə belə vəziyyət dözülməzdir. Biz gördük ki, bu inzibati tədbirlər səmərə vermir, struktur islahatlarına keçdik. Əminəm ki, “Azərişıq” yaxın zamanlarda bütün şəhər və rayonlarımızda elektrik enerjisi ilə təminatı Bakının səviyyəsinə qaldıracaq. Bu, çox ağır, çətin işdir. İndi böyük səylər göstərilməlidir...”

Xatırlatmaq yerinə düşər ki, bu il martın 31-də Türkiyədə elektrik sistemində qəfildən nasazlıq baş verib və nəticədə Ankara, İstanbul şəhərləri də daxil olmaqla, ölkənin əksər bölgələrində işıqlar sönüb. Bundan bir neçə gün sonra Amerika paytaxtı Vaşinqtonda elektrik enerjisinin verilişində fasilələr yaranıb. Ağ Ev, ABŞ konqresi və Dövlət Departamenti olmaqla bir çox dövlət əhəmiyyətli bina qaranlığa qərq olub.

T.Mustafayev bununla bağlı deyib ki, Azərbaycanda bu kimi hadisələrin baş verməsi mümkünsüzdür. Narahatlığa əsas yoxdur. “Azərişıq” təkcə Bakı şəhərində deyil, bütün regionlarda fəaliyyət göstərir. Hazırda bütün rayonlarda elektrik xətlərinin dəyişdirilməsi prosesi gedir. Bu da bütün regionların fasiləsiz elektriklə təchizatı deməkdir. Ölkəmizdə təhlükəsizlik tədbirləri çox yüksək səviyyədə həyata keçirilir və elektrik təhlükəsizliyinə daim nəzarət olunur.

Bir sözlə, yeni islahatlar əsasında yaradılan “Azərişıq” ASC qarşısında enerji təhlükəsizliyinin və elektrik sisteminin yüksək dayanıqlı olması vacib şərt kimi qoyulub və buna nəzarət gücləndirilib. Əminik ki, işıqlarımız heç zaman qəfil sönməyəcək!

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler