» » Gənclərə qrant müjdəsi

Gənclərə qrant müjdəsi

Bölmə: Sosial
Gənclərə qrant müjdəsi
Azərbaycanda kənd təsərrüfatı sahəsində problemlər var. Nazirlik, hökumət mövcud problemlərin üzə çıxarılmasında, onun həllində maraqlı olmalıdır. Bunun üçün kredit, subsidiya kimi, qrant layihələrinin icrasına da ehtiyac yaranır. Çünki, bu layihələrlə problemin aşkarlanmasına və həlli yollarının tapılmasına nail olmaq mümkündür.

Ekspertlərin fikrincə, hökumət təşkilatları, dövlət qurumları bəzən problemlərin ortaya çıxarılmasında maraqlı deyil. Ona görə ki, Kənd Təsərrüfatı Nazirliyi hökumət qarşısında hesabat verəndə problemin çox olduğunu qabartmağa çalışmır. Lakin bu problem üzə çıxmadan, onu həll etmədən kənd təsərrüfatını inkişaf etdirmək mümkün deyil. Bu sahə hökumətin daim diqqətində olmalıdır ki, problemləri qeyri-hökumət təşkilatlarının, yaxud institutların köməyi ilə ortaya çıxarsın.

ANS PRESS-in məlumatına görə, Prezident İlham Əliyev bu il yanvarın 27-də “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının birinci ilinin yekunlarına həsr olunan konfransda bu məsələlərə ciddi toxunub, rəqəmlərin şişirdildiyini deyib: "Peykimizin olduğu bir vaxtda nəyisə gizlətmək, artırmaq çətin olacaq. Əvvəllər qiymətlər şişirdilirdi. Nəyə görə? Subsidiyalara görə. Məgər burada oturanlar bilmir subsidiyalarda hansı pozuntular baş verirdi? Yaxşı bilir və bəziləri bu pozuntuların iştirakçılarıdır. Ona görə buna son qoyulmalıdır. Dövlət bu pulu fermerlərə verir, məmurlara yox. Nəticə çıxarın. Bütün işlərdə şəffaflıq olmalıdır. Bütün sahələrdə səmərəli iş aparılmalıdır. Ancaq o təqdirdə Azərbaycanın uğurlu inkişafı təmin oluna bilər."

Ümumiyyətlə, iqtisadiyyatın müxtəlif sahələrinə, o cümlədən kənt təsərrüfatına ayrılan qrantlar hansı formada verilir, biznes planı olan şəxslərə qrant verilməsi mexanizmi necədir, belə layihələrlə nəyə nail olmaq mümkündür?

Kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmov bildirib ki, qrant məsələsi mühüm əhəmiyyət daşıyır, maraqlı və xüsusi yanaşma tələb edir. Xarici ölkələrdə biznesə yeni başlayan gəncə, sahibkara qrant verilir ki, müəyyən işlərini həyata keçirsin, araşdırma aparsın, hansısa layihəni reallaşdırsın. Qrant müəyyən layihə çərçivəsində verilir və qaytarılmır. Bu, Rusiyada daha geniş yayılıb.

Azərbaycanda bu mexanizmin şaffaf olmamasının təəssüf doğurduğunu söyləyən ekspert deyib ki, hökumət bunu Kənd Təsərrüfatı Nazirliyi vasitəsilə verir. Ancaq bunun şəffaf, real olması üçün şərtlər müəyyənləşdirilməlidir ki, kiminsə yeni bizneslə məşğul olmaq fikri varsa, bu istiqamətdə layihə həyata keçirmək istəyirsə ona qrant mütləq ayrılsın. Bu, xüsusi önəm daşıyır. Ona görə ki, qrantların verilməsi kənd təsərrüfatında mövcud problemlərin üzə çıxarılmasına, həllinə, alimlərin, cənclərin bu sahəyə cəlb olunmasına maraq oyadır.

O, misal kimi deyib ki, qrant layihələri qeyri-hökiumət təşkilatına verilməlidir. Hansısa fermer kooperativ, nümunəvi təsərrüfat yaratmaq istəyir. O, hökumətə layihə təklif edir ki, mənə qrant verin, imkan yaradın nümunəvi təsərrüfat yaradım. Bu kooperativ həm konkret bir işin görülməsi, yaxud hansısa mövcud olan problemin elmi əsaslarla aradan qaldırılması, həm istehsal, həm loqistika, həm tədarük, həm də satış ilə məşğul olacaq. Ona mütləq qrant ayrılmalıdır və nəzarətə götürülməlidir. Nəticədə sahibkar qrant layihələrinin köməyi ilə mövcud problemin aradan qaldırılması istiqmətində nümunəvi iş görə bilər. Bu da, Azərbaycanın sürətli və hərtərəfli inkişafında, iqtisadiyyatın rəqabət qabiliyyətinin artmasında, ölkənin ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsində, rayonların iqtisadi potensialının artmasında rol oynaya bilər.

Ölkədə verilən qrantlarla bağlı şəffaf statistikanın yoxluğu da narahatlıq yaradır. Bu sahəyə ayrılan vəsaitlər bir çox halda problemin həllinə yönəldilmir. Hökumət ayırsa da amma təyinatı üzrə xərclənmir. Kənd Təsərrüfatı Nazirliyi öz saytında göstərməlidir ki, aqrar sahə üzrə nə qədər qrant verilib. Qrantı təkcə hökumət vermir, beynəlxalq təşkilatlar da bu işə cəlb olunub. Yəni, praktiki işlərlə bağlı nə qədər qrant ayrılıb, kimlər hansı şərtlə alıb, hansı işlər həyata keçirilib,- bu barədə dəqiq məlumat yoxdur.

Bir sözlə, Azərbaycanda qrant layihələrini çox böyük ehtiyac var. Yeni biznesə girişənləri, bu sahə ilə ciddi məşğul olmaq istəyənləri - mütəxəssis, alim, kənd təsərrüfatı ilə bağlı iş görə biləcək insanları cəlb etmək üçün mütləq qrantlar ayrılmalıdır və bunun verilməsi şərtləri şəffaf olmalı, bunun kimlərə verilməsi, nə iş görülməsi, hansı nəticənin əldə olunması haqqında müvafiq məlumatlar dövlət strukturlarının saytlarında yerləşdirilməlidir.

Lakin hökumətdə belə düşünmürlər, qrant layihələri ilə bağlı sistemləşdirici işlərin aparıldığını və konkret bir neçə işin görüldüyünü buldiriblər. Hətta Dövlət İqtisad Universitetində gənclərin biznecə marağının artırılması, qrant layihələrinin, biznes planlarının hazırlanıb icrası məqsədilə xüsusi mərkəz də yaradılıb.

Bundan əlavə, iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev hökumətin iclasında vurğulamışdı ki, gənclərin sahibkarlıq təşəbbüsünün dəstəklənməsi, yeni biznes və məşğulluq imkanlarının yaradılması məqsədilə Quba-Xaçmaz Regional İnkişaf Mərkəzində ilk biznes inkubator fəaliyyətə başlayıb. Regionlarda kiçik sahibkarlıqla məşğul olan vətəndaşların güzəştli kreditlərə çıxışını təmin etmək və fermerlər arasında kooperasiya əlaqələrini gücləndirmək məqsədilə Sahibkarlığa Kömək Milli Fondla əməkdaşlıq edən bank olmayan kredit təşkilatlarının sayı 20-yə çatdırılıb. Bu isə kiçik sahibkarların uzun illərdir ki, üzləşdikləri girov problemini həll etməyə imkan verir.

Şəmkirdə, Xızıda məhsulların istehsalından satışınadək bütün mərhələləri əhatə edəcək özəl pilot aqroparkları, Bərdə və Xaçmazda aqrar-sənaye kompleksləri yaradılır. Ərzaq tələbatının yerli istehsal hesabına ödənilməsi məqsədilə 12 rayonda 30 min hektardan çox sahədə 19 iri fermer təsərrüfatının yaradılmasına 47 milyon manat güzəştli kreditlər verilib.

Kənd təsərrüfatı naziri Heydər Əsədov isə hökumətin son iclasında açıqlayıb ki, kənd təsərrüfatı texnikasının dəyərinin 40 faizinin dövlət tərəfindən qarşılanmasına və satılmış texnika ilə bağlı yaranmış borcların eyni hissəsinin dövlət hesabına silinməsinə, habelə güzəştlə satılan mineral gübrələrin həcminin hər hektar üzrə 50 manatdan 80 manata qədər artırılmasına və eləcə də bu mineral gübrələrin satış qiymətinə tətbiq edilən güzəştin həcminin 50 faizdən 70 faizə yüksəldilməsinə qərar verilib.

Bitkiçiliyin inkişafına birbaşa dəstək tədbirləri çərçivəsində 2014-cü ilin məhsulu üçün buğda və çəltik səpininə görə 20,1 milyon manat, əkin sahələrinin və çoхillik bitkilərin becərilməsində istifadə edilən yanacaq və motor yağlarına görə isə 51,8 milyon manat yardım edilib.

Xatırladaq ki, ölkə prezidenti tərəfindən 2015-ci ili “Kənd təsərrüfatı ili” elan olunub.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler