» » Azərbaycan təhsilində "zəlzələ" nə vəd edir?

Azərbaycan təhsilində "zəlzələ" nə vəd edir?

Bölmə: Sosial
Azərbaycan təhsilində "zəlzələ" nə vəd edir?Azərbaycan təhsili onu gözləyən ciddi islahatların bircə addımlıq məsafəsindədir. Təhsilin keyfiyyətini yüksəltməyi vəd edən, dövlətin gələcək illər üçün təhsil siyasətini özündə əks etdirən “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın həyata keçirilməsi ilə bağlı Fəaliyət Planı"nın yanvarın 19-da ölkə Prezidentinin sərəncamı ilə təsdiqlənməsi strategiyadakı məsələlərin icrasını reallaşdırır.

Təhsil sistemimizi kökündən dəyişməyi nəzərdə tutan yeni sənəddə 2024-cü ilə kimi təhsilin bütün pillələri və istiqamətləri üzrə, eləcə də dərsliklərin hazırlanması, istedadlı uşaq və gənclərin üzə çıxarılması, ali məktəblərə təhsilin məzmununun müəyyənləşdirilməsi prosesində müstəqillik verilməsi, onların təhsil-tədqiqat-innovasiya mərkəzlərinə çevrilməsi, təhsil müəssisələrində şəffaf idarəetmə modelinin yaradılması və s. üzrə bir çox tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur.

Məktəbəqədər təhsilin rolu təhsilin sonrakı pillələrində mühüm olduğundan Fəaliyyət Planında uşaqların erkən yaş dövründə inkişafına xüsusi diqqət yetirilib. Təhsilin bu pilləsi ilə bağlı verilən ən mühüm qərarlardan biri məktəbəhazırlıq təhsilinin bir il müddətinə icbari olmasına dairdir. Hesab etmək olar ki, yeni sənədlə Azərbaycanda birinci sinifə gedəcək uşaqlar üçün bu yeniliyin tətbiqi 2018-ci ilədək reallaşacaq.

Fəaliyyət Planında toxunulan mühüm məsələlərdən biri də dünya təhsil sistemində çoxdan tətbiq edilən modula - 12 illik təhsil sisteminə keçidin təmin edilməsidir ki, bununla bağlı da qarşıya cox aydın məqsədlər qoyulub. Keçidi çoxdan planlaşdırılan 12 illik ümumi təhsil sisteminin milli məzmun və qiymətləndirmə standartlarının hazırlanmasına bu ildən başlanacaq. Bu da çoxdan nəzərdə tutulmuş bir mühüm yeniliyin icrası üçün atılmış əsaslı addım olacaq. 12 illik ümumi təhsil sisteminə keçid üçün ölkəmizdə icbari təhsil pilləsinin müddəti bir il artırılacaq və 10 illik icbari ümumi orta təhsil və 2 illik tam orta təhsil modeli tətbiq olunacaq. Hələlik ölkədə bu modelə mərhələli şəkildə keçmək planlaşdırılır.

12 illik təhsil sisteminə keçidə hazırlıq məqsədilə tam orta təhsil səviyyəsində təhsil müəssisələrinin müxtəlif istiqamətlər üzrə bölünməsi də nəzərdə tutulur ki, artıq bu məsələ Fəaliyyət Planına daxil edilib. Yeni sənədə əsasən, 2017-ci ildən etibarən mütəmadi olaraq tam orta təhsil səviyyəsində təhsil müəssisələri müxtəlif istiqamətlər üzrə bölünəcək. Tədrisin təmayüllər üzrə təşkili repetitorluğun qarşısını almaqla yanaşı, ali təhsil sistemində müəyyən dəyişikliklərin baş verməsinə də gətirib çıxaracaq.

Təhsil naziri Mikayıl Cabbarovun hələ bir müddət əvvəl açıqladığı məlumata görə, bu islahat yalnız orta təhsil sisteminə deyil, ali təhsil sisteminə də təsir göstərəcək. Belə ki, hazırda ali məktəblərdə bakalavriat səviyyəsi üzrə təhsil alan I və II kurs tələbələrinə bir sıra ümumi fənlər tədris edilirsə, 12 illik təhsil sisteminin tətbiqindən sonra I və II kurslarda həmin ümumi fənlər ixtisar ediləcək. Bu da tələbələrin ali təhsil müddətində seçdikləri ixtisaslara daha yaxşı yiyələnmələrinə imkan verəcək.

Müəllim hazırlığı və müəllim nüfuzunun artırılmasına xüsusi yanaşmanın tətbiq edildiyi strategiyanın icrası ilə bağlı təsdiqlənmiş Fəaliyyət Planı müəllim olmaq istəyənlər üçün də əsaslı dəyişikliklərin olunmasını da real edəcək. Müəllim hazırlığında praktik hazırlığı gücləndirməkdən ötrü vacib hesab edilən internatura modelinin tətbiqi qaydalarının hazırlanması və təsdiqi 2016-2017-ci illərdə həyata keçiriləcək. Bu isə onu deməyə əsas verir ki, artıq yaxın iki ildən sonra müəllim olmaq istəyənlər internaturadan keçməli olacaqlar və bütün bu yeniliklər gənc müəllimin orta məktəb sinfinə tam hazırlıqlı daxil olmasına imkan verəcək.

İnternaturanın neçə il davam edəcəyi hələ rəsmi olaraq, açıqlanmasa da, Təhsil Nazirliyi hələ ötən il verdiyi məlumatlarda internaturanın bir illik olmasının nəzərdə tutulduğunu bildirmişdi. İntenatura müddətində müəllim olmaq istəyənlər məktəblərdə məhz praktik fəaliyyətlə məşğul olacaq, praktik vərdişlər əldə edəcəklər. Bundan əlavə, ali məktəblərdə müəllimlik ixtisaslarını seçənlər üçün xüsusi stimullaşdırıcı tədbirlər həyata keçiriləcək, onlar üçün indiyədək rəqabət qabiliyyətinə əsaslanmayan əməkhaqqı sistemi dəyişdiriləcək. Yeni Fəaliyyət Planına görə, yaxın illərdə bununla bağlı - müəllimlərin əməkhaqqının artırılması, onlar üçün diferensiallaşdırılmış, əmək bazarında rəqabətqabiliyyətli əməkhaqqı və stimullaşdırma sisteminin yaradılması üzrə mexanizmlər hazırlanacaq. Bütün bu stimullaşdırıcı tədbirlərin icrasından sonra gözləmək olar ki, savadlı, bacarıqlı müəllimlər yaxın illərdə onları narahat edən “maaş azlığı” problemindən qurtulacaqlar.

Gözlənilir ki, Faəliyyət Planında müəllimlik ixtisası ilə bağlı tətbiq ediləcək yeni qaydalar - internatura, stimullaşdırıcı tədbirlərin görülməsi müəllimlik ixtisasının nüfuzunun yüksəlməsinə səbəb olmaqla yanaşı, ölkədə hər bir gələcək kadrın hazırlanmasında mühüm rol oynayan müəllimlik ixtisasını seçənlərin sayının artmasına da təsir göstərəcək.

Güman etmək olar ki, qeyd edilən məsələlərlə yanaşı, dərsliklərin hazırlanması, ilk peşə-ixtisas və orta ixtisas təhsili ilə bağlı bir çox problemləri həll edəcək bu yeni sənəd Azərbaycanda təhsilin bütün pillələri üzrə təhsilin məzmununun müasirləşməsinə, kadr hazırlığının əmək bazarının tələblərinə uyğunlaşdırılmasına, təhsildə idarəetmənin, infrastrukturun Azərbaycanın perspektiv inkişaf konsepsiyasına uyğun yenidən qurulmasına imkan verəcək. Hazırda yalnız kağız üzərində olan bu tədbirlərin icrası Azərbaycanda təhsilin yeni modelinin qurulmasına töhfə verəcək, ölkədə biliklərə əsaslanan iqtisadiyyatın və informasiya cəmiyyətinin təşəkkülünü, davamlı inkişafını təmin edəcək.


Trend

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler