» » “Brilyantın erməniyə göndərdiyi ürək...”

“Brilyantın erməniyə göndərdiyi ürək...” Ləman

Bölmə: SÖHBƏT
“Brilyantın erməniyə göndərdiyi ürək...”
Yazan çoxdur, danışan ondan da çoxdur. Boş danışan, çox danışandan da çoxdur. Amma az danışıb, saz yazan azdır. Həmsöhbətim söz oyunu ilə adamın beyninin qurdunu tökən əməkdar jurnalist Ləman Ələşrəfqızıdır.

Ləman Ələşrəfqızı deyir ki, ilahi, Rəsulzadə də jurnalist işləyib, mən də. Üzeyir Hacıbəyov da parlament müxbiri olub, mən də. Belə ləyaqətli peşəni ləyaqətsizlərə güzəştə getmək olmaz!

- Əməkdar jurnalist olmaq asandır?

- Asan heç nə yoxdur həyatda. “Əməkdar” sözünün də kökü əməkdirsə, deməli, heç asan deyil. Uşaqlıqdan əməkdar olmuşam. Əzizbəyov adına kolxozda işləyirdi anam. Bilirsiz ki, o illərdə hamı məcburən tütün becərməli idi. Bu işin də ağırlığı xüsusilə uşaqların boynundaydı. Məktəbdən gəlib tütün sahəsinə gedirdik. Evə gəlib yemək hazırlayırdıq. Anamın bir devizi vardı: Mənim üçün elə, özün üçün öyrən! Bu, xüsusilə ev işlərinə aid idi, yemək bişirməyə, səliqə-sahmana. Maraqlıdır ki, o qədər işin qabağında bizdən tələb olunan həm də keyfiyyətli təhsil idi. Bəli, işləmək o demək deyildi ki, dərslərdə axsayasan. Beləcə, əməyə də, təhsilə də sevgini öyrətdilər. Təcrübə göstərir ki, fiziki əməklə zehni əməyin tandemindən də pis nəticə alınmır. Əməkdar jurnalist adı da, düşünürəm ki, məhz bu tandemin nəticəsidir.

- Leksikonunuz çoxmu kəskindir? Tənqidlə təhqirin arasındakı o incə tel nədir?

- Xasiyyətimdə bir az sərtlik var. Bürcüm oxatandır. O özünü mütləq xasiyyətdə göstərir. Amma yer üzünün ən ürəyiyumşaq adamı da mənəm, inanın... Təhqirlə tənqidin sərhədlərini də yaxşı tanıyıram. Tənqidi çox sevirəm. Düşünürəm ki, bu, hamıda da belə olmalıdır. Tənqid olmasa, səhvlərimizi düzəldə bilmərik. Təəssüf ki, insanlıq tərifə daha çox qucaq açır. Təhqir isə olmamalıdır. Nə şəxsi həyatımızda, nə peşəmizdə təhqirə yer verməliyik. Tənqidlə təhqirin arasında incə tel dediyiniz şey əslində qalın bir divardır. Tənqidi sevməli, təhqirdən isə qaçmalıyıq.

- Gündəmi çalxalayan mövzu olan kimi ilk sizdən yazı gözləyirlər. Dərhal yazı yazmaq ürəkdən gəlir, yoxsa camaat gözləyir deyə?

- Ürəkdən gəlməyən heç nəyi yazmaram. Bəlkə də bir-iki istisna ola bilər, amma birmənalı yazacağım mövzu ürəyimin diktəsilə olur.

- Körpə Zəhra haqda yazdığınız yazı səs saldı. Yazılarınızda cəlbedici olan nədir?

- Bu sualı gərək mən sizə verəm. Doğrudan, yazılarımda cəlbedici olan nədir? (Gülür)

Düşünürəm ki, bunu oxucular daha yaxşı bilər. Amma özümün də bildiyim bir-iki qənaət var. Hələ televiziyada olanda gündə azı 10 adam küçədə qarşımı kəsirdi. Biri deyirdi, səsinə heyranam, biri deyirdi, həqiqəti deyirsən, biri xəbəri çatdırma tərzimi bəyənirdi. İndi də bir yazı yazıb paylaşanda çoxları rəy yerində yazır ki, Ləman xanım, bu yazını sanki öz səsinizdə dinlədim. Yəni, tamaşaçının yaddaşında həm səsim, həm də sözümlə qalmışam. Sözüm yerində olmayanda səsim məni xilas edib, səsim batanda sözüm. Bu məni çox sevindirir.

- İndi həvəskar jurnalistlər çoxdur, yoxsa peşəkar?

- Həvəskarlar çoxdur. İndi jurnalistika çox əlçatandır. Kim nə itirsə, onu jurnalistikada tapır. Amma elələri nə tapsalar da, jurnalistika onlara nə qazandırsa da, yaxşı ad qazandırmayacaq. Yaxşı jurnalist, yaddaşlarda qalan jurnalist bu peşəni sevən adamlardan olur. Təsadüfilərdən yox!

- Bu yaxınlarda evliliyinizin 16-cı ildönümünü qeyd etdiz. Bu 16 il necə keçdi?

- Su kimi... Baxmayaraq ki, heç rahat həyatım da olmayıb ha! Evliliyimizin ən gözəl çağlarını kirayələrdə keçirmişəm. Amma məni sevən, başa düşən həyat yoldaşım olub. İkimiz də bir-birimizə dəstək olub birgəyaşayışın 16 ilinə gəlib çıxmışıq. Təəssüf ki, bu gün ailələr hər xırda-para şeydən, hər cüzi anlaşılmazlıqdan dağılır. Qorxuram ki, bu gedişlə Azərbaycanda ailə institutundan da bir şey qalmasın.

- Yazılarınızda siyasətdən girib şoudan çıxırsınız. Hər mövzudan hardan belə cəld xəbər tutursunuz?

- Xəbər adamından elə şey soruşursuz ki... (Gülür)

Səhər açılandan gecə yarıyadək xəbərin içindəyik. İki gün əvvəl cəmi 3 saat ərzində internetlə bağlı problemim oldu. Elə bildim zaman dayandı. İndi internet əsridir, mövzu özü gəlib bizi tapır. Əgər o mövzu məni yazmağa vadar edirsə, yazıram. Yəni baxmıram ki, müzakirə predmeti kimdir, nədir?..

- Sosial şəbəkələrdə nə çox aktiv, nə də çox passivsiz. Bu gün sosial şəbəkələr həyatınızda hansı rolu oynayır?

- Cəmi 3 ildir sosial şəbəkədəyəm. Yəni belə deyək, ən gec qoşulanlardanam. Onda da “Xəbərçi”nin uşaqları məni buna həvəsləndirdi. Yadımdadır, hər gün deyirdilər ki, axşam Feysbukda sənin süjetinin müzakirəsi gedirdi. Xüsusilə, Murad Hüseynov, Vəfa Şəhlayidən eşidirdim bunu... Maraqlı gəldi və uşaqlar mənim üçün profil açdılar. İndi 18 mindən çox izləyicim, 2 mindən çox dostum var. Bəzən yoruluram, profilimi bağlamaq istəyirəm. Amma görürəm ki, alınan məsələ deyil. Sosial şəbəkə həyat tərzimizdir. Bütün müsbət və mənfi tərəfləri ilə...

- Yazı yazmaq üçün hansı ortam sizin üçün vacibdir? Sükut mütləqdirmi, ya qələbəlikdə də yazı gələ bilər? Ağ vərəq kifayət edirmi? Yoxsa qələmi klaviatura əvəz edib?

- Əgər beyində hazır məhsul varsa, onu qələbəlikdə də yazmaq olar. Yoxdursa, heç sükutda da yaza bilməyəcəksən. Qələmi isə klaviatura çoxdan əvəz edib. Qalan elə qələmin adıdır.

- Hansı mövzular sizin ürəyinizə daha yaxındır?

- Jurnalist hər mövzuda yazmalıdır. Jurnalist yazıçı deyil ki, ürəyinə yaxın olanı romanı üçün mövzu seçsin. Jurnalist günün əsas mövzusunu təhlil edib, ortaya düşündürən bir yazı çıxarmalıdır. Bu siyasətdən də ola bilər, sosial həyatdan da, şoudan da. Əsas odur ki, yazdığınla oxucunu düşündürə biləsən. Sənin bu yazını niyə yazdığını, nə məqsədlə yazdığını anlasınlar.

- Yazılarınızda mətnaltı mənalara, gizli hədəflərə daha çox yer verirsiz, yoxsa açıq və sözü üzə deməyi tərcih edirsiz?

- Hər ikisi də məqbul sayılır.

- Özünüzə vaxt ayıra bilirsizmi? Yoxsa uşaqlar, iş imkan vermir?

- Çalışıram ki, vaxt tapım. Televiziyada işləyəndə bu, mümkün olmurdu demək olar ki. İndi məndə 5 günlük işdir, şükür Allaha vaxtım olur. Kitab təqdimatlarına gedirəm, alış-verişə gedirəm, vaxtaşırı dostlarla da yığışırıq. Düşünürəm ki, bu, insan üçün çox vacib bir şeydir. Açığı, uzun illərdir mən özümə vaxt ayırmağı yaddan çıxarmışdım.

- Qeyri-peşəkar, yalan xəbər yayan, hətta özündən beyninə gələni yazan jurnalistlərin qarşısını necə almaq olar?

- Onlar həmişə olacaq. Amma onların da qarşısında biz olmalıyıq. Bu ölkənin mətbuatla bağlı strukturları olmalıdır. Çünki nəticə etibarilə hər şey jurnalistikanın gözdən düşməsinə, mətbuata inamsızlığa xidmət edir. Buna imkan verməməliyik. Jurnalistika Məhəmməd Əmin Rəsulzadənin, Üzeyir Hacıbəyovun bizə əmanətidir. Adam düşünəndə dəhşətə gəlir. Deyirsən ilahi, Rəsulzadə də jurnalist işləyib, mən də. Üzeyir Hacıbəyov da parlament müxbiri olub, mən də. Belə ləyaqətli peşəni ləyaqətsizlərə güzəştə getmək olmaz!

- Elə bir yazı varmı ki, yazmaq istəmisiz, amma qalıb?

- Elə bir yazı yoxdur, amma elə bir sənədli film var ki, onu çəkmək istəmişəm, çəkə bilməmişəm. O, Əlimərdan bəy Topçubaşov haqqında filmdir, o, Düdənginski haqqında filmdir. O, Ceyhun Hacıbəyli ilə bağlı çəkdiyim “Sonbeşik” filminin davamıdır. Hansı ki, Fransada nəvə-nəticəsi ilə görüşərək çəkmək istəmişəm. İnanıram ki, bir gün bu olacaq. Mütləq olacaq...

- Deyə bilmədiklərinizdən danışın...

- Deyə bilmədiyim çox az şey var. Söz gəldisə, mən onu deyirəm. Evdə də, işdə də, hər yerdə də!

- Bizim üçün 4-5 cümləlik qısa, təsirli, mətnaltı mənası olan yeni bir yazı - eksklüziv...

- Nədən yazım? Səhər açdım saytları, dəhşətə gəldim. Qızıl medal alan gənc idmançı intihar edib, 3 nəfər qəzada dünyasını dəyişib, Çovdarov Tağı Əhmədov haqqında dəhşətli rəqəmlər açıqlayıb. Amma daha dəhşətlisi Brilyant Dadaşovanın erməni qarmonçalan Varujan Şahbazyanın ifasını bəyənməsi, İnstaqram səhifəsindən ona ürək göndərməsidir. Ürəkli qızdır. Bilir ki, buna görə, onu xalq artisti adından məhrum edən olmayacaq... Uzağı iki gün adı qəzet və sayt manşetlərini bəzəyəcək, bir söyüş, iki tənqid, vəssalam-şüdtamam...

Sonra hər şey yoluna düşəcək. Brilyant bu millətin ürəyini oxuyur. Onun Şahbazyana göndərdiyi ürək də, əslində, millətin ürəyidir. Yorğun, çarəsiz, rəhmli...(teleqraf.com)

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler