» » VƏTƏNSEVƏR ZİYALIDAN, VƏTƏNPƏRVƏRLİK ÇAĞIRIŞI-Foto

VƏTƏNSEVƏR ZİYALIDAN, VƏTƏNPƏRVƏRLİK ÇAĞIRIŞI-Foto

Bölmə: SÖHBƏT, MANŞET
VƏTƏNSEVƏR ZİYALIDAN, VƏTƏNPƏRVƏRLİK ÇAĞIRIŞI-Foto
.
Mən qorxmuram savaşdan, kimdi ki, “Erməni” Türk Azəri oğullarının torpağını alsın!

Xalqinfo.az İnformasiya agentliyi Vətənsevər ziyalıdan, vətənpərvərlik çağrışı adlı müsahibəni sizlərə təqdim edir. Dilqəm Quliyevlə həmsöhbət olmaq çox maraqlıdır. Bizə maraqlı oldu, sizədə olsun!

Elə ziyalılar var ki, canından əzizdir ona vətən, yarasına məlhəm, gözünə işıq, qəlbinə nurdur vətən. Vətən anadır, ana da vətən, bu qırılmaz tellər bir-birinə zəncirvari bağlıdır. Vətənsiz insan qolu qırılmış quşa, qəfəsdə olan bir bülbülə bənzəyir. Vətəndən kənarda da doğma torpağının qoxusu sanki, geriyə qayıt deyir insana. Bu qoxudan ayrılmaqmı, doymaqmı olar?,. Yox,yox! Vətən, ölsəm burada öləcəm - sənin ağuşunda... Qalsam inan, səninçün yaşayacam - quracam ,yaradacam. Qoruyacam səni göz bəbəyim kimi, qoymaram sənə kimsə toxuna vətən... Ana vətən,, doğma diyarım deyir sənə insan!. Vətən əcdadlarımızın bizə miras qoyub getdiyi doğma ocaqdır.Hər birimiz ana vətən xatirinə gərək qoymayaq bu ocaq sönsün! Yansın, közərməsin, ruhumuza istilik versin müqəddəs vətən. Vətən müqəddəsdir, vətən and yeridir. Andımıza sadiq qalaq. İşğal altında olan 20% torpaqlarımızı geri qaytaraq, verməyək nankor erməniyə, vəhşiləşmiş şovinslərə... Olmaz bir də belə səhv. Təəssüf vətən, təəssüf!.. Verdi bəzi namərd - sapı özümüzdən olan baltalar. Bir milyon soydaşımızın gözünü yolda qoyaraq, qəlbinə od yaxdı fərsiz övladların. Bilirəm, onları bağışlamayacaqsan! Bağışlamasan da haqlısan, vətən, heç haqqını da halal etmə!. Tarixin yaddaşına qara hərflərlə düşəcək onlar, inan!. Vətən deyiləndə başlarını aşağa əyəcək belə dırnaqarası övladların. Gərək hər zaman ayıq-sayıq olaq vətən üçün. Yalnız itirdiklərimizi qaytarmaq əzmində olaq ,əziz vətəndaşlarımız!. Xalqinfo.az informasiya agentliyinin bu dəfə ki,vətənpərvər ziyalı qonağı, çox hörmətli, dəyərli ziyalılardan biri, 300 əsərin müəllifi, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının (ADBTİA) prorektoru, pedaqogika üzrə fəlsəfə doktoru Dilqəm müəllimi oxuculara geniş təqdim etməyə ehtiyac yoxdur. Çünki Azərbaycanın idman ictimaiyyəti onu yaxşı tanıyır. Bu dəfə biz əməkdar məşqçi, idman ustası, Azərbaycan Milli Olimpiya Komitəsinin üzvü, "İdmançı” qəzetinin baş redaktoru, "Əməkdar bədən tərbiyəsi və idman xadimi”, Gənc Vətənpərvərlər Birliyinin ADBTİA üzrə dayaq mərkəzinin sədri, "Tərəqqi” medalına layiq görülən, alovlu vətənpərvər, ləyaqətli insan, vətənsevər Azərbaycan ziyalısı Dilqəm Quliyevdir. Dilqəm müəllim öz işini yalnız ali təhsil ocağında tələbələrə məruzə oxumaqla bitmiş hesab etmir. Daim öz üzərində çalışır, tədqiq edir. Bu təmənnasız və qayğıkeş insan tələbələrinə həmişə ata qayğısı ilə yanaşır, onların problemləri ilə maraqlanır.
İmam Sadiq buyurur: "İnsanlar üç qisimdirlər: alimlər, tələbələr və su üstə saman çöpü kimi adamlar (nə öyrənən, nə də öyrədənlər)”.Həmsöhbətim həm öyrənən, həm öyrədəndir.. Dilqəm müəllim idmanı çox sevir, daha doğrusu, idman onun həyat tərzidir.
İnsanlar dara düşəndə çox vaxt müdrik və ziyalı insanlara üz tutur, onların ağıllı məsləhətlərinə pənah aparırlar. Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının prorektoru Dilqəm Quliyev də belə müdrik və ağsaqqal ziyalılarımızdandır. Bu insan həmişə özünü vətən, xalq qarşısında borclu hesab edir.O, müsahibə zamanı Qarabağ müharibəsi ilə bağlı təəssüratlarını bizimlə bölüşdü.

- Dilqəm müəllim, müharibə illərində Azərbaycanın ayrılmaz hissəsi Qarabağda baş verən hadisələri öz gözlərinizlə görmüsünüz. O illər yaddaşınızda necə qalıb?

-1989-cu ilin martın 7-də Qarabağda işləmək üçün 25 tələbədən ibarət könüllü dəstə yaradaraq Şuşaya yola düşdük. Axı mən 15 il tələbə inşaat dəstəsinin xətti rəhbəri və zona komandiri olmuşam. O qanlı-qadalı illərdə Qarabağda olduğum günləri, yaşadığım hisləri heç cür yadımdan çıxara bilmirəm. Həmin anları xatırlayanda kövrəlirəm. Biz Şuşaya birbaşa gedə bilmədiyimiz üçün təyyarə ilə Ağdama yollandıq. Sonra sərnişin avtobusu ilə (Ağdam-Şuşa) Şuşaya yola düşdük. Bizim sərnişin avtobusunu Xocalıda rus əsgərləri saxladılar. Bildiyiniz kimi, həmin dövrdə insanlar məlum Sumqayıt hadisələrinin acılarını yaşayırdılar. Respublikada komendant saatı tətbiq olunduğuna görə qeydiyyatı olmayanları Qarabağdan çıxarırdılar. O dövrdə bizimlə bərabər respublikanın 17 ali təhsil müəssisəsinin nümayəndələri də bura gəlmişdilər. Həmin vaxt Azərbaycan Komsomol Komitəsinin katibi Sahib Ələkbərov idi. Ölkənin ali təhsil ocaqlarının tələbə inşaat dəstələrinin komandirləri Ermənistandan qovulan məcburi köçkünlərə könüllü olaraq kömək etmək üçün komitədən razılıq almışdılar. İşə başlamaq üçün, ilk növbədə müvafiq təşkilatlarla müqavilə bağlanmalı idi. Komendantın əmrinə əsasən, qeydiyyatı olmayan nümayəndələrin hamısını geriyə, Bakıya qaytardılar. Əlimdə dövlət sənədi, yəni ezamiyyə vərəqi olduğundan mənə toxunmadılar. Mən iş müqaviləsi bağlamaq üçün Şuşada fəaliyyət göstərən tikinti təşkilatları ilə danışıqlar apardım. Onlarla işləmək istədiyimi desəm də, məni qəbul etmədilər. Onu da deyim ki, komendant saatı olduğuna görə, Kərkicahan, Malıbəyli kəndlərinə giriş və çıxış qadagan olunmuşdu. Bakıdan göndərilən ərzağı həmin kəndin sakinləri Şuşadan gəlib aparırdılar.
Heç yadımdan çıxmaz, tikinti təşkilatının yanında bir neçə adam göy otun üstünə uzanmışdı. Danışıqlarından başa düşdüm ki, həmin adamlar Kərkicahan və Malıbəyli kəndinin sakinləridir, Şuşaya ona görə gəliblər ki, bir iş tapıb işləsinlər. Sən demə, tikintiyə fəhlə düzəlmək üçün onlardan 200 dollar rüşvət istəyiblər. Belə çətin şəraitdə ailələrini dolandırmaq üçün yollara düşən bu fəhlələrin aqibəti məni çox narahat etdi, ürəyim ağrıdı.

Dilqəm müəllim, Qarabağ müharibəsində həyatınızı təhlükə altına qoyaraq döyüş bölgəsinə getmisiniz. Orada hansı hisləri keçirdiniz və ən çox xatirinizdə qalan hansı məqamlardır?

-Belə bir məsəl var: "Sonunu düşünən qəhrəman ola bilməz”. Mən də Qarabağa gedəndə həyatım haqqında düşünmürdüm. Ancaq düşünürdüm ki, imkanım çatdığı qədər millətimə, xalqıma kömək edim, ehtiyacı olan insanlara yardım əlimi uzadım.
İndiki kimi xatırlayıram. 1989-cu il martın 10-u idi. Məni Çaykənddən qatarla geri göndərmək istəyirdilər. Orada Kərkicahan kəndinin sakini, tikintidə işləyən Rafiq adında bir oğlanla tanış olmuşdum. Rafiq mənim qatarla getməyimə razı deyildi. İstəyirdi ki, məni maşınla aparsın. Amma bir problem var idi: onun sürücülük sənədində ikinci şəkil vurulmadığına görə bizi mütləq saxlayacaqdılar. Nə isə biz qatarla getməli olduq. Çaykəndə gedən yolda bir maşın yolumuzu kəsdi. Sürücü bizə dedi ki, qabağa getməyin, sizi vuracaqlar. Rafiq mənə dedi ki, qonaq, kəlmeyi-şəhadətini bilirsən?. Dedim ki, necə bəyəm? Məlum oldu ki, ermənilər bizdən qabaqda gedən maşını (maşında bütöv bir ailə - Bərdədən gələn ata, ana və oğlu olub) yandırıblar. Ermənilər bütün yolları bağlamışdılar. Rafiq yolu tanıyırdı deyə Xankəndinə Topxanadan girməli olduq. Şəhərin girəcəyində 1 tank və iki rus hərbçisi dayanmışdı. Sənədləri yoxladıqdan sonra bizi buraxdılar. Xankəndinə girəndə Rafiq maşının işıqlarını söndürdü. Soruşanda ki, niyə belə edirsən, bəs yolu necə görəcəksən, o dedi: "Mən bu yolları gözü yumulu tanıyıram. Bilirsiniz, maşının nömrəsini görsələr, bizi maşınla birlikdə yandıracaqlar bu mənfurlar. Qardaş, beşmərtəbəli binaların altında zirzəmiləri görürsən? Divarda hər 5 metrdən bir 1 kubik çıxardılıb. Bunu gecələr bizi vurmaq üçün ediblər. Hətta axşam saat 8-dən sonra kimin evində işıq yanırsa, ermənilər o evin altını üstünə çevirirlər. Bax görürsən, o yanan evlər azərbaycanlılarındır”. Mən sürücüyə sual verdim: "Deyirlər, ermənilər Sumqayıtda ölənlərə qardaşlıq qəbirstanlığı salıblar. Bu, düzdür?” Dedi, bəli. Amma Rafiq mənə bu qəbirstanlığı sabah səhər qayıdanda göstərəcəyini vəd etdi.

- Dilqəm müəllim, Kərkicahan yaddaşınınsa necə qalıb?

- Kərkicahan haqqında danışmamışdan əvvəl onu qeyd edim ki, Qarabağda şahidi olduğum hadisələrin bəzi hissəsi "Şəhid idmançılar” adlı kitabımda verilib.
Kərgicahan Xankəndinin arxasındakı dağın yamacında yerləşir. Təsəvvür edin, kəndin girəcəyində axarlı-baxarlı bir göl vardır və həmin gölün kənarında ancaq dövlət qulluğunda olan erməni ailələri yaşayırdılar. Kənddə işıq yox idi. Biz dağı qalxaraq kəndə çatanda kənd sakinləri qorxa-qorxa maşının səsinə yola çıxmışdılar. Rafiqgilin evlərinə yaxınlaşanda kənd sakinləri həyəcanla pıçıldaşır və biri-birinə deyirdilər: "Rafiq gəldi, bəs deyirdilər, öldürüblər. Təsəvvür edin ki, sürücü, komendant saatı tətbiq olunduğuna görə evinə, ailəsinin yanına gələ bilmirdi.
Kərkicahan dözülməz şəraitdə yaşayırdı. Kənd sakinləri qorxu, təşviş içində idilər. Aclıq hökm sürürdü. Kişilərin əksəriyyəti evi dolandırmaq üçün qazanc dalınca müxtəlif yerlərə işləməyə getmişdilər. Rafiqin həyat yoldaşı utana-utana bizə yavan çörək gətirdi. Soruşdum ki, ərzağınız varmı, uşaqlara nə verirsiniz yeməyə? Evin xanımı Xuraman Abbasovanın kənd sakinlərinə payladığı undan bir az ləyənin dibində qaldığını dedi. Bizə gətirdiyi çörək həmin undan idi (bu zaman Dilqəm müəllimin gözləri yaşla dolur). O çörək bizim boğazımızdan keçərdi? Məni qəhər boğurdu. Özümü güclə saxlayırdım.
Kənd sakinləri ermənilərin qəfil hücumundan qorunmaq üçün növbə ilə keşik çəkməli olurdular. Həmin gecə Rafiqin növbəsi idi. Mən onunla birgə gedəcəyimi bildirdim. Rafiq: "Mən qonağı ölümə apara bilmərəm”, - dedi. Mənə görə o da növbəyə getmədi. Gecə saat dörddə biz yola düşdük. Kənddən çıxanda gördük ki, gölün yanında iki avtobus dayanıb. Bu Şuşa və Ağdam marşrutları ilə işləyən avtobuslar idi. Karantin vaxtı artıq başa çatmışdı. Biz yolboyu 32 postdan keçdik. Qəribədir ki, yolda Azərbaycan dilində yazılan bir küçə adına belə rast gəlmədik. Ermənilər küçə adları yazılan lövhələri güllə ilə deşik-deşik etmişdilər. Nəhayət, biz Bərdəyə çatdıq. Mən xilaskarıma, Rafiqə minnətdarlıq edərək ondan ayrıldım. Amma təəssüf ki, bu xeyirxah insanın sonrakı taleyindən xəbərim olmadı.

- Sizin rəhbərliyiniz altında “Vətən” tələbə inşaat dəstəsinin arxa cəbhədə fəaliyyəti nədən ibarət idi?

- Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının tələbə inşaat dəstəsi Bərdədə idi və mənim qayıtmağımı gözləyirdi. Mən qaytdıqdan sonra biz müqavilə əsasında işləməyə başladıq. Tələbələr erməni qəsbkarları tərəfindən öz doğma yurd-yuvasından didərgin düşmüş və Bərdə rayonunda məskunlaşmış əhaliyə kömək edirdi. Qeyd edim ki, "Vətən” tələbə inşaat dəstəsinin üzvləri mart-may aylarında 30 min manatlıq iş görmüşdülər. Tələbələrin hesabına toplanan vəsaitin hamısı Ermənistandan qovularaq Bərdədə məskunlaşmış məcburi köçkünlərə və 70076 nömrəli hesaba köçürüldü.

- Dilqəm müəllim, uzun müddət Gənc Vətənpərvərlik Birliyinin ADBTİA üzrə dayaq mərkəzinin sədri işləmisiniz. Rəhbərlik etdiyiniz qurum qarşısına hansı məqsədi qoymuşdu?

- Gənc Vətənpərvərlər Birliyinin ADBTİA-nın dayaq mərkəzi və onun üzvləri torpaqlarımızın 20 faizindən çoxunun işgal altında olduğu bir vaxtda düşmənə qarşı mübarizədə və qələbə uğrunda bütün qüvvələrini səfərbər etmişdilər. Dayaq mərkəzi döyüşən orduya əlindən gələn lazımi köməkliyi göstərirdi. Qeyd edim ki, qanlı-qadalı müharibə illərində Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının tələbələri M.Mirhəsənov adına 1 nömrəli Respublika Klinik Xəstəxanasında 31 nəfər kimsəsiz uşağın, Zərifə Əliyeva adına Göz Xəstəlikləri İnstitutunda isə 7 xəstənin müalicəsini öz üzərlərinə götürmüşdülər. Bundan başqa, tələbələr Kəlbəcər rayonunda yerləşən yerli batalyona 37 min manatlıq yardım etmişdilər. Onlar həmin illərdə dəfələrlə Bakı şəhərinin 196 nömrəli qanköçürmə məntəqəsində və süd kombinatında yaralılar üçün qan veriblər. Eyni zamanda tələbələrimiz tərəfindən milli qəhrəmanlarla görüşlər, hərbi hissələrə səfərlərin təşkili təmin edilmiş, Qarabağ müharibəsi ilə bağlı fotosərgi, albomlar hazırlanmış və s. tədbirlər həyata keçirilmişdir.
Gənc Vətənpərvərlər Birliyinin ADBTİA üzrə dayaq mərkəzi həm də Azərbaycanın milli qəhrəmanlarının həyatından bəhs edən fotostendlərin hazırlanmasında, həmin qəhrəmanların adına turnirlərin keçirilməsində, şəhid idmançıların ailələrinə yardımın göstərilməsində, bayram günlərinin təntənəli şəkildə qeyd edilməsində yaxından köməklik göstərib.

- Belə düşünmək olarmı ki, vətənə olan borcunuzu pedoqoji fəaliyyətlə davam etdirirsiniz?

- Mən Bərdə şəhərində idim. Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının rektoru Ağacan Abiyev tələbə inşaat dəstəsinin heyətində fəaliyyət göstərən tələbələrimizə və onların gördükləri işlərə nəzarət etmək üçün institutdan nümayəndə heyəti göndərmişdi. Bu dəfə akademiyanın komsomol komitəsinin katibi İlqar Əliyev və Həmkarlaq Komitəsinin katibi Asif Quliyev bizə baş çəkməyə gəlmişdilər. Onlar sözarası mənə dedilər ki, Bakıya qayıtdıqdan sonra Ağacan müəllim yaxşı işimə görə məni mükafatlandıracaq. Amma, doğrusu, bilmədim, bu mükafat nə olacaq? Bir də mən bura mükafat almaq üçün gəlməmişdim axı. Məni bura gətirən Qarabağ dərdi, müharibənin xalqımız üçün törətdiyi problemlər və ağrılar idi. Düzdür, doğma institutu fərqlənmə diplomu ilə bitirərək, təyinatla burada saxlanılsam da, idman ustası kimi 11 il baş laborant vəzifəsində işləmişəm. Professor A.Abiyev uzun illərdən sonra mənə nəinki müəllim, hətta institutun prorektoru vəzifəsini etibar etdi. Bunun üçün Ağacan müəllimə çox minnətdaram. Bu insan təkcə mənə deyil, neçə-neçə peşəkara, öz işini bilən kadra köməyini əsirgəməyib. Bir sözlə, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında peşəkar və səriştəli pedaqoji kadrların yetişdirilməsində Ağacan müəllimin əvəzsiz xidmətləri var.

- Dilqəm müəllim, Qarabağ müharibəsində şəhid olan ADBTİA-nin tələbələrinə həsr etdiyiniz "Şəhid idmançılar” kitabı hansı zərurətdən yarandı?

- Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası Qarabağ müharibəsində 32 şəhid verib. Onlardan 2 nəfəri Azərbaycanın Milli Qəhrəmanıdır. "Şəhid idmançılar” kitabının yaranmasının maraqlı tarixi vardır. Akademiyanın şəhid tələbələri haqqında çoxdan yazmaq istəyirdim. Amma nəsə alınmırdı. Elə bil hansısa qüvvə mənə mane olurdu. Bilirsiniz, hər bir insanın özünütənqid və özünümühakimə formaları vardır. Bununla insan özünü görmək istədiyi hansısa bir iş üzərində kökləmiş olur. Etiraf edim ki, bu proses mənə özüm haqqında, gördüyüm iş haqqında tənqidi yanaşma etibarı ilə yazılmış məktubla başa gəlir. Gördüm ki, məndə kitabla bağlı heç nə alınmır, oturdum özüm-özümə tənqidi məktub yazdım. Bu məktubumla özümü hər şeydən məhrum etdim: evə getmədim, şəhərə çıxmadım, kiminləsə görüşmədim. Mən özümü hətta çaydan-çörəkdən də məhrum etmişdim. Bax, "Şəhid idmançılar” kitabı belə yarandı. 1995-ci ildə yazılan bu kitab vətənpərvərlik mövzusunda qələmə aldığım ilk kitablardandır. Bundan başqa "Tələbə-gənclərin hərbi vətənpərvərlik tərbiyəsi” (1996), "XX əsrin qan yaddaşı” (1998), "Tələbə-gənclərin vətənpərvərlik və hərbi-fiziki tərbiyəsinin təşkili” (2007), "İlqar İsmayılovun şəhidlik zirvəsi -50” və başqa kitabların müəllifiyəm. Vətənpərvərlik mövzusunda yazılan "Xocalım, sağalmaz yaram mənim” (2013) kitabı Etibar Quliyev və Aydan Quliyevanın birgə müəllifliyi ilə ərsəyə gəlib. "Azərbaycan və Anadolu türklərinə qarşı soyqırım” (2013) kitabında isə mənfur qonşularımızın Azərbaycan və Anadolu türklərinə qarşı həyata keçirdikləri soyqırım siyasətindən söhbət açılır.

- Dilqəm müəllim, ümummilli lider Heydər Əliyevlə dəfələrlə görüşmək sizə də qismət olub,xatirinizdə necə qalıb...

- Heydər Əliyev dahi şəxsiyyət, müdrik siyasətçi, gözəl insan idi. Bu insan mənim idealım idi və idealım olaraq qalacaq da. Ümummilli liderlə görüşmək imkanını da mənə kitablarım verib. Belə ki, "Şəhid idmançılar” "XX əsrin qan yaddaşı”, "Azərbaycan ulduzları Olimpiya oyunlarında”, "Bədən tərbiyəsi və idmana dövlət qayğısı” kitablarımı xalqımızın ümummilli lideri Heydər Əliyevə şəxsən özüm təqdim etmişəm. Bu müdrik insanla sonuncu görüşümü indiki kimi xatırlayıram. 2001-ci il dekabrın 29-da Maştağa qəsəbəsindəki Olimpiya İdman Kompleksinin açılışında xalqımızın ümummilli lideri Heydər Əliyevə "Azərbaycanda bədən tərbiyəsi və idmana dövlət qayğısı” kitabımı təqdim etdim. Heydər Əliyev mənə minnətdarlığını bildirdi və dedi: "Gözəl kitabdır, bu işi mütləq davam etdir”. Bu görüş mənim sonrakı yadacılıq taleyimdə çox əhəmiyyətli rol oynadı. Ümummilli lider öz əməlləri, vətənpərvərliyi, Azərbaycan xalqı üçün qoyub getdikləri ilə hər birimizin qəlbində əbədi yaşayacaq. Hər birimizin borcudur ki, Heydər Əliyevin bizə miras qoyduğu müstəqil dövlətçilik ənənələrini gözbəbəyi kimi qoruyaq. Müstəqilliyimiz və azadlığımız uğrunda onun layiqli davamçısı gənc və qətiyyətli ölkə Prezidenti İlham Əliyevin ətrafında sıx birləşək.

- Torpaqlarımızı düşmən işğalından azad etmək çağırışı gələrsə, döyüşə getməyə hazırsınızmı?
- Vətən hər birimizindir. Onu qorumağa hamımız borcluyuq. Fərqi yoxdur, müəllim, tələbə, həkim, mühəndis və ya başqa sənət sahibi. Əsas odur ki, əsl vətəndaş mövqeyi nümayiş etdirəsən. Üzərində gəzdiyin torpağın qədrini biləsən, onun sərvətlərindən istifadə etdiyin kimi, qorumağı da bacarasan. Mən vətənim Azərbaycanı çox sevirəm. Vətən sevgisi əzəli və əbədi qəlb odudur, o heç vaxt sönmür. İnsan bu sevgiyə köklənəndə dünyanın bütün gücü onun qolunda toplanır, göyün bütün işığı və nuru onun qəlbinə dolur. Vətənsiz vətəndaş olmaz, vətəndaşsız da vətən. Vətən hər birimizin uca tutduğumuz, yaşayıb-yaratdığımız, doğulduğumuz müqəddəs ocaq, məmləktimizdir. Vətən hər bir insanın qəlbində sözdə deyil əməldə milli qürur, milli təəssübkeşlik yeri olmalıdır. Ana laylasında, nəğmələrimizdə,şeirlərimizdə qanımıza yeriyir, ruhumuza hopdurulur vətən. Türk üçün vətən bölünməzdir. Qeyrət, namus mücəssiməsidir vətənimiz. Bu ahıl yaşımda düşmənin üstə vüqarla getməyə hazıram. Ali Baş Komandanının bir əmri yetər. Mən qorxmuram savaşdan, kimdi ki, erməni Türk oğullarının torpağını alsın, güc birlikdədir. Gücümüzü birləşdirsək Türk bahadırlarının nərəsindən, silahı atıb qaçar “Erməni”…Elə bu məqamda Platonun maraqlı bir fikrini diqqətinizə çatdırım. Platon 90 yaşında demişdi: “Qılıncın səsindən, atın kişnəməsindən gözəl musiqi yoxdur”. Döyüşdə silahın səsindən qorxmamalıdır Türk-Azəri əsgəri, özünün hünər səsini göstərməlidir düşmənə, yağıya... İnşalllah! Göstərəcəkdə....

Zamin Zeynal
VƏTƏNSEVƏR ZİYALIDAN, VƏTƏNPƏRVƏRLİK ÇAĞIRIŞI-Foto

Şərh Yaz
ŞƏRH(1)

Məmməd Əlizadə 21 avqust 2014 21:11
Ən birinci təşəkkür "Xalqinfonun" rəhbərliyinə düşür. Ona görə ki, ləyaqətli, layiqli ziyalıları tapıb ortalığa çıxarır və gəncliyə təqdim edir. Bu isə öz növbəsində vətəndaş-şəxsiyyət anlamının aşılanmasında yardımçı rolunu oynayır.Böyük Vətəndə qürbət ömrü yaşayan VƏTƏNİMİZİN - torpaqlarımızın azad olunmasında, cənab prezidentlə bir mövqeydə olan ziyalılarla vətənpərvərlik mövzusunda söhbətlər aparmaq çox düzgündür.Sizlərə böyük həriflərlə yazılan ziyalı SAĞ OLU.
Çit          1

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler