» » Dilqəmlə Şahbaz azad olmayanadək əl götürüb qol qaldırmayacam-Video

Dilqəmlə Şahbaz azad olmayanadək əl götürüb qol qaldırmayacam-Video

Bölmə: SÖHBƏT, BLOK XƏBƏR, MANŞET
Dilqəmlə  Şahbaz azad olmayanadək əl götürüb  qol qaldırmayacam-Video

Mənim Məkkəm, Kərbalam, ziyarətim, boya-başa çatdığım doğma Kəlbəcərdi.
Xalqinfo.az xəbər portalı muğam ifaçıları ilə silsilə görüşlərini davam etdirir. Xalqinfo olaraq xalq muğamlarının yeni nəslə təbliğini vacib sayırıq. Unutmaq olmaz ki, milli muğamımızda millilik və mənəvi şüur, vətənpərvərlik hisləri, insanpərvərlik duyğuları hər bir insanda vətənə olan məhəbbəti, sevgini, münasibəti, səmiyyəti artırır və bu münvalla gəlin birlikdə çıxaq muğamlı dünyamızın sehrinə... İstəkli muğamsevərlər! Bu dəfə sizlərə təqdim edəcəyimiz gənc xanəndə, tanınmış muğam ifaçısı, 2005-ci ildə keçirilən ilk ümumrespublika muğam müsabiqəsində 3-cü yerə layiq görülmüş, hal-hazırda Milli Konservatoriyada magistr təhsilini davam etdirən Babək Niftəliyevdir.
Babək Niftəliyevlə Vətənpərvərlik ruhlu müsahibəni sizlərə təqdim edirik.
İlk öncə özünüz haqqında izləyicilərimizə məlumat verin, sonra deyin görək aşıqlıqdan, xanəndəliyə necə oldu gəlişiniz?

İlk öncə mən sizə və əməkdaşlarınıza dəyərli vaxtınızı mənə ayırdığınız üçün təşəkkürümü bildirirəm. Sizləri hər zaman internetdən izləyirəm. Görürük ki, milli muğamımızın təbliği ilə məşğulsunuz, eyni zamanda muğam ifaçıları ilə görüşlər keçirirsiniz. Yazılarınızı oxuyuram, çox gözəl təsir bağışılayır. Mən Babək Muğan oğlu Niftəliyev 1985-ci ildə Kəlbəcər rayonunda anadan olmuşam. Uşaqlıq illərimdə Kəlbəcərdə oxuyardım. Bilməzdim ki, gələcəkdə muğam ifaçısı olaram. 1993-cü il aprelin 2-də Kəlbəcər işğal olundu. Biz məcburi köçkün olaraq Gəncədə məskunlaşdıq. Elə oldu ki, Kəlbəcər Musiqi Məktəbinin tar müəllimi Bahadur müəllimlə görüşdükvə o, atamla məni qonaq dəvət etdi. Sonra da, özünün hazırladığı sazı mənə bağışladı. Həmin vaxt on yaşım olardı.O mənə, oğul sazı götür ,çal görüm dedi. Mən də götürdüm ,bacardığım qədər yaxşı çalmağa çalışdım.Bahadur müəllim bu bacarığımı görüb,deməli Babəkin istedadı var,dedi. Sazla tanışlığım da elə oradan başladı... Qəmkeş Allahverdiyə Allah rəhmət eləsin! Bizim ustad aşıqlardan biri olub.Misal olaraq deyim ki, Dəli dağlı Ədalətin ustadı Qəmkeş Allahverdi olub. Sazı gütürdü simlərini boşaltdı və dedi bu səsi bir-birinə uyğunlaşdır.Görüm sən bu səsi bir-birinə yaxın edə bilirsənmi?

Gördü ki, mən tam da olmasa müəyyən qədər uyğunlaşdırdım. Bir neçə illər sazda çalıb oxudum. Ailəmizdə dedilər ki, Babəkin səsi aşıq yox xanəndə səsidir. Elə oldu ki, başladım xanəndəliyə... Gəncə Musiqi məktəbində Sərdar Bağırovun tələbəsi oldum. Gəncə Musiqi məktəbini bitirdikdən sonra Məmmədbağır Bağırzadənin tələbəsi oldum. Fürsətdən istifadə edib mərhum sənətkarımızın ailə üzvlərinə baş sağlığı verirəm. Allah ona qəni-qəni rəhmət eləsin! Məmmədbağır müəllim gözəl insan, qayğıkeş müəllim, dəyərli xanəndə kimi biz gənclərin yaddaşında qalıb. 2003-cü ildə Asəf Zeynallı adına Musiqi Kollecinə daxil oldum. Orada müəllimim xalq artisti, professor, şöhrət ordenli Canəli Ələkbərov oldu.Yeri gəlmişkən üzərimdə xidmətləri olan ustadlara təşəkkür edirəm. Onu da qeyd edim ki, 2007-ci ildə Asəf Zeynallı adına Musiqi Kollecini bitirdim. 2009-cu ildə Milli Konservatoriyaya daxil oldum. Konservatoriyanın rektoru Siyavuş müəllim bizləri qəbul etdi. Kanervatoriyada professor, şöhrət ordenli, Arif Babayevin tələbəsi oldum. Hal-hazırda Milli Konservatoriyanın 2 –ci kurs magistrində təhsilimi davam etdirirəm.
İlk Muğam musabiqəsində iştirak etməyiniz necə oldu?
Bilirsiniz ki, 2005-ci ildə Heydər Əliyev adına Fondun prezidenti, ölkəmizin birinci xanımı Mehriban xanımın muğamımıza dərin diqqəti və qayğısı nəticəsində ilk televiziya muğam müsabiqəsi keçirildi. Bununla əlaqədər olaraq, istedadlıların yığımına başlandı. Səsi , istedadı olan hər bir gəncin müsabiqəyə müraciət edə bilməsi haqqında televiziyada elan verildi. Bunu eşidən kimi mən də bir ifaçı kimi yarışmaya qatılmağa qərar verdim və sənətlərimi hazırlayıb müsabiqəyə təqdim etdim. Seçim turlarında nəticələrim yaxşı olduğu üçün müsiflər tərəfindən 20-liyə daxil oldum. Müsabiqədə yaxşı nəticələr əldə etmək çox çətin idi. SMS-lər həlledici rola malik idi. Gərgin yarışma gedirdi. Xalqın bizə dəstəyi çox idi. Orada neçənci yerin qalibi olmaq o qədər də vacib deyildi. Önəmli o idi ki, böyük sənətkarların qarşısında xalq mahnılarını və milli muğamlarımızı ifa edirdik. Ustadların qarşısında muğam ifa etmək həm çətin , həm də şərəfli idi... Muğam müsabiqəsində qabaqcıl yerlərdən birini də siz tutdunuz, bu nailiyyətiniz karyeranıza nə kimi təsir etdi? İlk növbədə xalq arasında bir muğam ifaçısı kimi tanınmağımızda çox böyük rolu oynadı. El şənliklərində, tədbirlərdə mənə- muğam müsabiqəsində oxuyanlardan biri də budur, Babək Niftəliyev 3-cü yerin qalibi -deyərdilər. Yeri gəlmişkən , muğamsevər soydaşlarımız müsabiqədə iştirak edən ifaçıların hər biri ilə maraqlanırdılar. Muğam Musiqinin 7 ladında köhlənir. Məsələn, bir də görürsən hər hansı bir ifaçı hansısa bəstəkar mahnısı oxuyur və soruşurlar hansı muğam ütündədir. Bax budur, muğamımızın qüdrəti və böyüklüyü.
Muğam müsabiqəsindən keçən 9 ildə yaradıcılığınızda hansı irəliləyişlər oldu?
Dövlət tədbirlərində mütəmadi olaraq iştirak edirəm, el şənliklərində oluram, televiziya verilişlərinə qatılıram. Bundan əlavə dünyanın bir çox xarici ölkələrində, qastrollarda milli muğamımızı, xalq mahnılarımızı ifa etməyi davam etdirirəm. Bu günə qədər iki albomum işıq üzü görüb. Bir albomum da hal-hazırda hazırlanır. Konsert vermək fikrinizdə varmı?
Bizim tamaşaçılar qarşısında çıxış etiyimiz ifalar konsert qədər əhəmiyyətlidir. Konsert keçirmək xərc tələb edən bir işdir. Kifayət qədər, Telekanallarda xalqın istəyinə uyğun ifalar edirik, gecə-gündüz efirlərdə oxuyuruq.Mən bunun özünü elə konsert hesab edirəm. Heydər Əliyev adına sarayı bir günlük arendaya götürsəniz zalı doldura bilərsinizmi? Vallah qohum –aşına ilə yəqin ki, dolar. Oraya hamı gəlməz ki, yəqin ki, məni sevənlər gələr. Hər bir muğam ifaçısının öz pərəstişkarı var. Yəqin ki, mənim ifamda muğama qulaq asmaq istəyən mütləq oraya təşrif buyurar.
Bir çox peşə növlərində olduğu kimi, siz gənc muğam ifaçıları arasında da rəqabət varmı?Biz muğam ifaçılarının arasında sağlam rəqabət var. Estrada və digər musiqi növlərindən fərqli olaraq, biz demirik ki, ay filankəs getdi bahalı maşın aldı, bizdə alaq və yaxud, villa tikdirdi biz də tikdirək və s. Bu cəhətlər bizə yaddır. Biz muğam ifaçıları arasında bir-birimizə qarşı səmimiyyət və əsl sənət nümayişi gedir. Söhbət düşəndə deyirik, filankəs maraqlı repertuar seçib.Gərək biz də beləsini seçək, çalışaq üzərimizdə işləyək ki, ondan fərqli olsun. Yalnız muğam ifaçılarında sözləri mükəmməl olan qəzəllərə meyllilik var. Yaxşı nə varsa ona həvəs var. Biz həm ustadlardan, həm də bir-birimizdən öyrənirik...
El şənliklərində,tədbirlərdə tez-tez olursunuz, Azərbaycan gəncliyinin muğama münasibəti necədir?

Mən deməzdim ki, muğama münasibət zəifdir. Bu gün dövlətimiz tərəfindən milli musiqimizə, milli muğamlarımıza, milli alətlərimizə çox böyük diqqət və qayğı vardır. Biz bu qayğını hiss edərək daha çox məsuliyyətlə öz üzərimizdə çalışırıq.Respubilkamızda muğam mərkəzləri fəaliyyət göstərir ki, burada muğamlar oxunur, öyrədilir və təbliğ edilir. El şənliklərində gənclərlə rastlaşanda görürsən ki, dövlətin muğama dəstəyinin nəticəsidir ki, gənclər muğam ifalarını həvəslə dinləyirlər. Çoxları hətta öz toy-düyünlərində muğam səslənməsini istəyirlər. Dədə- babalarmız toy-düyünlərini estrada ilə etməyib ki. O zamanlar palatka toylarında xalq mahnıları, milli muğamlar səslənərdi.Toylarda ustad xanəndələr Cabbar Qaryağdı oğlu, Xan Şuşunski, Seyid Şuşunski, Hacıbaba Hüseynov və s.kimi xanəndələr məclislərimizdə oxuyardı. Biz bütünlüklə xalq musiqisinin təsiri altında böyümüşük. Xəmrimiz xalq musiqisi ilə yoğrulub. Bu gün 10 toydan səkkizində muğam sələnir. Bu danılmaz faktdır. Muğamımıza olan marağı gördükcə biz muğam ifaçıları da daha yaxşı oxumağa həvəslənirik. Muğam janrı ağır janrlardan biridir. Azərbaycanın muğamına dünyada diz –çöküb qulaq asanlar var. Diqqətinizə çatdırım ki, muğam bir çox ölkələrdə var, ancaq ən zəngini bizim ölkədədir. Bizim muğamlarımız şöbə və güşələri ilə də çox zəngindir.
Kəlbəcərin işğalından bir neçə il keçib, Babək Niftəliyevin yaddaşında Kəlbəcər necə qalıb? Kəlbəcərdən çıxanda 8 yaşım var idi. Mən uşaq olanda Taxta düzə,İsti suya getdiyim günlər, içdiyim bulaq suyu- hamısı yadımdadır.Hal-hazırda ermənilər İsti suyun adını dəyişib “Cermux” suyu qoyub. Taxta düzünə at belində tərəkəmələr yaylağa gələrdi. Hətta Sağrı yer deyilən bir yer var idi, oraya İmişlidən tərəkəmələr gələrdi. Kələbəcər suyu, qızılı ,civəsi ilə zəngin olan diyar idi. Min bir dərdin dərmanı bulaqlarımız, məlhəm çiçəklərimiz, təbii müalicəvi otlarımız var idi. İndi biz onların haqqında televiziyadan, internetdən məlumat əldə edirik. İnanırıq ki, dövlət başçısı İlham Əliyevin səriştəli siyasəti nəticəsində doğma Kəlbəcərimizə qayıdacağıq... Nə qədər şənlənsək də, nə qədər xoşlansaq da, Qarabağsız şən yerimiz, xoş günümüz olmaz.
Hardansa , eşitsəniz ki, Kəlbəcər azad edilib nə edərsiniz?

Bu dəqiqə eşitsəm ki, Qarabağımız işğaldan azad edildi, inanın Allaha, heç kimə demədən oturaram maşına ,gedərəm Qarabağa, doğma Kəlbəcərə, o yaylaqlara, sərin buz- bulaqlaradan su içə-içə, dağlardan öpə-öpə qoşularam Karvana...Mən vətən həsrəti ilə böyüyən bir insanam. Dağlarda, təbiət qoynunda tez-tez oluram .Şamaxıda və digər dağ rayonlarımızdakı dağları görüb paxıllıq hisləri keçirirəm,ağlayıram, kövrəlirəm... Uşaqlar,dost tanışlar deyir bu cür gözəl yerdəsən niyə ağlayırsan? Deyirəm bura təpəciklərdir, bu dağ deyil, sizə buralar dağ gəlir. Siz görməmisiniz Laçını, Ağdamı, Şuşanı, Kəlbəcəri, oradakı uca dağları... Əsl dağlar Qarabağda, Kəlbəcərdə qaldı. Üzr istəyirəm, mənim övladım nə bilir ki, Kəlbəcər necə yer olub. Ona nə qədər başa salsanda Kəlbəcərin gözəlliyini, isti və soyuqluğunu sənin, mənim kimi başa düşməyəcək. İnşallah! Torpaqlarımız alınar övladlarımız da gedib o yerləri görər...Keçmiş nəsil görmüşdü, bəziləri isə dözə bilməyib vətən həsrəti ilə dünyasını dəyişdi.Dəyərli yazarlarımız Şücayət, Bəhmən Vətənoğlu vətən deyə-deyə dünyadan köçdü. İndi hər birimiz vətənpərvərlik hissimizi ovladlarımıza elə aşılamalıyıq ki, onların hər biri vətənpərvərlik ruhunda böyüsün. Ümid edirik ki, ölkə başçımız cənab İlham Əliyevin qətiyyətli siyasəti nəticəsində torpaqlarımız tez bir vaxtda azad ediləcək, həsrətli,niskilli günlərimizə son qoyulacaq. Biz xanəndələr də muğamlarımızı, Qarabağ şikəstəsini, sarı gəlini pərvazlanaraq Qarabağda, cıdır düzündə oxuyarıq..Vətənpərvərlikdən söz düşmüşkən bu yaxınlarda əslən Kəlbəcərdən olan Dilqəm Əsgərov və Şahbazın qorxmadan dədə-baba ocağına getməsini necə qiymətləndirirsiniz?Sizcə Dilqəmin bu gedişi gənclərimizin vətənpərvərlik ruhunun artmasına təsir edəcəkmi?

Çox sağolun ki, belə bir suala, günün aktual mövzusuna toxunursunuz. Dilqəmin vətənə gedişi vətənsevər hər bir Azərbaycan gəncində düşmənə nifrət, vətənə sevgi ruhunu qaldırdı. Xüsusən də, Kəlbəcər camaatı bununla bağlı yas içindədir. Sanki, vətən itgisindən də ağır oldu bu dərd bizə... Dilqəm Əsgərov Kəlbəcərdə doğulmuş, uşaqlığı orada keçmiş bir insandır. O, bir neçə ildir ki,oraya yaxınlarının qəbirlərini ziyarət etməyə gedərək , gizli videolar çəkib gətirir. Dilqəmi ora aparan torpaq sevgisi,el-oba məhəbbətidir .Dilqəm bu acıya, həsrətə dözməyərək qayaları, cığırları aşaraq ,vətən yanğısını söndürmək üçün vətənə getdi, ancaq əsirliyə düşdü. Belə vətənpərvər insanlarımız,qəhrəmanlarımız çoxdur. Onların hər biri qəlbinin səsi, gözünün çəkdiyi yolla, acı duyğularla Kəlbəcərin azadlığını səbirsizliklə gözləyir. İndi nankor ermənilər Dilqəmlə Şahbazı əsir saxlayır. İndi hər birimizin ağrı-acısı birə -beş artıb. Qaysaqlı yaramızın üstünü açdı Dilqəmlə Şahbaz... Etiraf etmək lazımdır ki, Dilqəm kimi ürəkli oğlanlarımız çox azdı. Dilqəmin çəkilişlərinin birində- Dilqəm sən niyə Kəlbəcəri ziyarət etməyə gedirsən,gedək Məkkəni ziyarət edək-deyirlər. Dilqəmin cavabı isə belə olur -siz oturursunuz maşına, pulunuzla xərc çəkib, gedib Məkkəni ziyarət edib gəlirsiniz. Oğul istəyirəm ki, düşmən tapdağında olan torpaqlarımıza ayaq bassın və oranı ziyarət etsin. Sonra Dilqəm deyir! Mənim Məkkəm, Kərbəlam, ziyarətim doğulduğum, boya-başa çatdığım doğma Kəlbəcərdi. İnanın müqəddəs yaradana ki, onun internetdə yayılmış videolarda tutulduğu anlara baxandan özümə yer tapa bilmirəm, sanki, rahatlığım, yuxum ərşiyə çəkilib o, andan... Bunu hər yerdə demişəm - Dilqəmlə, Şahbaz qayıtmasa heç bir tədbirdə, toy-düyündə əl götürüb, qol qaldırmayacam. İnşallah, dövlətimiz Dilqəmlə, Şahbazı bizə qaytarar. Biz də o günü bayram edərik.Bir vətənpərvər xanəndə olaraq cavabınızı bilmək çox xoşdur.

Bu gün Azərbaycan gəncliyinə baxanda hiss olunurmu ki, Qarabağ boyda dərdimiz var?

Muğam ifaçılarında, xalq ifaçılarında Qarabağa məhəbbət hissi açıq-aydın görünür. Müasirlik düşüncəsində olan bəzi gənclik, qərbin yabanı təsiri altına düşdükdə burada mütləq bir boşluq yaranır. Biz vətəndaşlar bu məsələdə həssaslıq nümayiş etdirməliyik, Qarabağı sevmək yönümündə hər birimiz öz fəaliyyətimizdə çalışmalıyıq. Nə qədər deyib-gülsək də Qarabağı yaddan çıxarmamalıyıq. Şəxsən mən elə gün olmaz ki, Qarabağ haqqında fikirləşməyim, düşünməyim ... Arzu və ümidlərlə yaşayıram ki, Qarabağ alınacaq. Qarabağ torpağında Seyid Şuşunski səsim işləməyəndə cıdır düzündə, gözəl mənzərədə dururam, səhərin bir vaxtı var o, hava mənə dəyəndə səsim düzəlir, demişdi. Hacıkəndə gədəndə Kəlbəcərin qoxusunu alıram, mənə elə gəlir Kəlbəcərin bir addımlığındayam. Bilirsiniz, Kəpəzin o tərəfi Murovdu, Kəpəzdən Kəlbəcər qoxusu gəlir.Tərtər çayında əl- üzümü yuyanda kövrələrək göz yaşlarımı su ilə yuyuram, Tərtər çayı Kəlbəcərdən axıb gəlir. Bu da mənə təsəlli olur.

Gənclərlə Vətənpərvərlik ruhunda söhbətləriniz olurmu?

Təbii ki, yaxınlarla, dostlarla, ətrafımızda olan hər bir gənclə söhbət edəndə demək olar ki, söhbətimizin böyük bir hissəsi Qarabağdan, Kəlbəcərdən düşür. Vətənpərvərlik ruhunda olan videolara yutubda baxırıq, ətrafımızdakı gənclərlə müzakirə edirik. Nəzərə alsaq ki, torpaqlarımızın 20% -i düşmən istilası altındadır, bir milyon soydaşımız öz doğma yurd-yuvasından didərgin düşüb, məcburi köçkün halında yaşayır deməli, gəncindən və yaşlısından aslı olmayaraq hər birimiz vətənpərvərlik ruhunda olmalıyıq.
Zamin Zeynal



Dilqəmlə  Şahbaz azad olmayanadək əl götürüb  qol qaldırmayacam-Video
Dilqəmlə  Şahbaz azad olmayanadək əl götürüb  qol qaldırmayacam-Video
Dilqəmlə  Şahbaz azad olmayanadək əl götürüb  qol qaldırmayacam-Video
Dilqəmlə  Şahbaz azad olmayanadək əl götürüb  qol qaldırmayacam-Video

Şərh Yaz
ŞƏRH(1)

Qefer Rehimov 28 iyul 2014 18:01
Babək gözəl insan göəl muğam ifaçısıdır. Söhbət Dilqəm və Şahbazdan gedəndə gərək Babaək Həsəndən də danışaydı ən azından Cəbrayıllıdır Həsən həmdə Babəkin hazırda yaşadığı yerdə yaşayıb. Babək yaşadığı yerdə Cəbrayıllar çoxdur Həsənin adının çəkilməməsi çox pis təsir etdi

Babək gözəl insan göəl muğam ifaçısıdır. Söhbət Dilqəm və Şahbazdan gedəndə gərək Babaək Həsəndən də danışaydı ən azından Cəbrayıllıdır Həsən həmdə Babəkin hazırda yaşadığı yerdə yaşayıb. Babək yaşadığı yerdə Cəbrayıllar çoxdur Həsənin adının çəkilməməsi çox pis təsir etdi
Çit          1

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler