» » Fədayə Laçın Tacirlə aralarındakı münasibətlərdən danışdı

Fədayə Laçın Tacirlə aralarındakı münasibətlərdən danışdı

Bölmə: SÖHBƏT, BLOK XƏBƏR
Fədayə Laçın Tacirlə aralarındakı münasibətlərdən danışdı
İsti yay günlərində istirahətə yollanan müğənnilərdən biri də Fədayə Laçındır. İfaçı Tablod.az-a müsahibəsində Ramazan ayı ilə əlaqədar toyların keçirilməsində yaranan fasilədən istifadə edərək, dincəlmək üçün İstanbula gedəcəyini deyib.

Müğənni bu və şəxsi həyatı ilə bağlı digər suallarımıza cavab verdi.

-Oruc tutursunuz?

- Xeyir, oruc tuta bilmirəm. Heç vaxt tutmamışam da. Çünki aclığa dözümüm yoxdur.

-İstirahətlə bağlı planlarınız necədir?

-Mən bu yay həm istirahət etməyi, həm də müayinə və müalicə olunmağı düşünürəm. Bunun üçün Türkiyəyə gedəcəyəm. Bilirsiniz, artıq həkimlərə getməyə ehtiyac duyuram. Oğlum da mənimlə istirahətə gedəcək.

-Səhhətinizdə nə problem var?

-Bizdə belə bir adət var ki, ağır xəstə olmasaq, həkimə getmirik. Amma bu, doğru deyil. Hamımız bilirik ki, altı aydan bir həkim müayinəsindən keçmək lazımdır. Amma biz gözləyirik ki, səhhətimiz tamamilə pisləşsin, daha sonra həkimə müraciət edək. Mən artıq hiss edirəm ki, həkimə getmək lazımdır. Ağrılarım var. İstanbulda müayinədən keçəcəyəm ki, bunun səbəbini öyrənim. Bundan başqa, dişləri orada düzəltdirmək istəyirəm.

-Estetik əməliyyat etdirmək fikriniz varmı?

- Xeyir, düşünürəm ki, buna ehtiyacım yoxdur. Şükür Allaha kök deyiləm ki, arıqlayım, ya da qabırğalarımı çıxartdırım. Ayağımda əyriliyim yoxdur ki, gedib, düzəltdirim. Anam məni gözəl doğub. (Gülür)

Yaş ötdükcə, üzdə qırışlar əmələ gələrsə, kosmetoloji proseduralardan istifadə etməyi daha məqsədəuyğun hesab edirəm.

-Estetik əməliyyat etdirən müğənnilərə münasibətiniz necədir?

- Düşünürəm ki, ancaq yaşlı insanların estetik əməliyyata ehtiyacı var və bu halda edilən əməliyyata münasibətim normaldır. Onların qırışlarını açdırmasını qəbul edirəm.

Cavanlara isə yazığım gəlir. Dodağını şişirdən kim, qaşlarını qırxdırıb, tatuaj elətdirən kim... Sifətlərini bərbad vəziyyətə salanlara baxıram, yazığım gəlir. Başa düşmürəm ki, özlərini niyə bu günə qoyurlar axı.

Açığı qorxuram ki, əməliyyat etdirən müğənnilər bu fikirlərimə görə məndən incisinlər. Mənim haqlı olduğumu anlamaq üçün onlara güzgüyə baxmağı təklif edirəm. Onda anlayacaqlar ki, hamısı bir-birinə çox oxşayır. Ağlayanda da, güləndə də eyni sifətdə olurlar. Üzlərində mimika pozulub.

Onu da deyim ki, burun əməliyyatına da münasibətim mənfidir. Çünki hər bir insan Allah tərəfindən yaradılıb. Əgər Allah istəsəydi, burnu fındıq boyda edərdi, ya da ki, əksinə. Belə çıxır ki, sən Allahın işinə qarışırsan. İnsan kimdir ki, özünə yeni, qaş, burun və ya dodaq düzəltsin. Düşünürəm ki, İslamda da bu şeylər bağışlanmazdır.

-Xasiyyətcə necə insansınız, stabil yoxsa dəyişkən xarakterli?

- Əkizlər bürcüyəm. İnadkaram. Bir şeyi etmək istəyəndə məni heç kim yolumdan döndərə bilməz. Sonda ziyan çəksəm də, istədiyimi etməliyəm. Bu işi onsuz da edəcəyəm. Amma onu həyata keçirəndən sonra çox götür-qoy edib, fikirləşirəm. Kənardan işimə müdaxilə edəni dinləmirəm. Düzdür, nəticədə ziyan çəkdiyim də olur. Bununla belə, xasiyyətimi dəyişə bilmirəm.

-Dediniz ki, həyatınızda peşman olduğunuz məqamlar olub. Maraqlıdır, daha yaradıcılıqda yoxsa şəxsi həyatda uduzmusunuz?

-Şəxsi həyatda səhvlərim çox olub. Amma deyim ki, bununla belə, güclü peşmanlıq hissi yaşadığım yanlışım olmayıb. Sənətimlə bağlı peşmanlığım olmayıb. Oxuduğum mahnılara və ya iştirak etdiyim el şənliklərinə görə peşman deyiləm. Heç kimlə düşmənçilik etməmişəm Adım qalmaqallarda hallandırılmayıb. Bütün sənətkarla da salamım və xoş münasibətim var. Onların da mənə münasibəti çox yaxşıdır.

-Şəxsi həyatınızda sizi peşman edən nə olub?

-Gərək bu haqda fikirləşim. Çünki ilk olaraq, ağlıma heç nə gəlmir. Adi həyatda olub ki, nəyisə almışam, sonra onu digər bir yerdə ucuz qiymətə görmüşəm. Belə hallar olub. Buna da ki, peşmanlıq hissi demərəm. Adi, məişət səviyyəsində olan peşmanlıqlardır. Mənə elə gəlir ki, şəxsi həyatımda atdığım addımlarımda uduzmamışam. Hətta uduzsam da belə, düşünürəm ki, hər ziyanda bir xeyir var. Həyatımda azacıq uğursuzluq olanda özlüyümdə düşünmüşəm ki, hər ziyanda bir xeyir var. Bununla özümə təskinlik tapmışam.

-Tacir Şahmalıoğlu ilə sevgi macəranızı səhviniz kimi qəbul edirsiniz, yoxsa?

-Həyatımın bu dönəmini səhv kimi qəbul etsəm də, Tacirdən böyük sənət öyrənmişəm. Altı il onun yanında işləmişəm, ifa etdiklərini öyrənmişəm. Bəzən peşman da oluram. Amma ki, bu münasibətdə qazancım da olub. Bu gün də sənətkarlar tərəfindən bəyənilirəm.

-Neçə yaşınız var?

-Yaşımı gizlətmirəm, 38 yaşım var. Lakin yaşımdan çox cavan göründüyümü söyləyirlər. Ona görə də fəxrlə söyləyirəm ki, 38 yaşım var, amma mənə 30 yaş ancaq vermək olar.

-Növbəti dəfə ailə qurmaq niyyətiniz var? Ümumiyyətlə, tez-tez evlilik təklifləri alırsınız?

-Evlilik təklifi çox alımışam. Amma heç vaxt ailə qurmaq fikrində olmamışam. Çünki 19 yaşında oğlum var. O, filologiya fakültəsində təhsil alır. Hətta oğlum körpə olandan evlilik təkliflərini məhz oğluma görə rədd etmişəm. İstəməmişəm ki, oğlum ögey ata ilə böyüsün.

-Tacir Şahmalıoğlu ondan ayrılaraq solo oxumağınızı şərh edərək demişdi ki, Fədayənin solo fəaliyyət göstərməsinin ona yalnız ziyanı dəyib. Onun dedikləri ilə razısınız ki, bu gün səhnədə və sənətdə yoxsunuz?

- İnanın mənim toylardan başım açılmır. Dünyanın hər bir yerinə toylara və konsertlərə gedirəm. Hətta Hollandiyada belə azərbaycanlıların toyunda olmuşam. Görüm Tacir, Hollandiyada olub? Söhbət toydan və Hollandiya olmaqdan getmir. Söhbət ondan gedir ki, məni tanıyırlar. Tanımasalar, gündəmdə olmasam, xeyir işlərinə çağırmazlar. Bunu küçəyə çıxanda, insanların mənə necə baxmağından hiss edirəm. İnsanlar mənə yaxınlaşırlar, mənimlə şəkil çəkdirirlər. İndi Tacir elə deyib, daha neyləmək olar. Tacir belə danışır ki, ona cavab verim, o, gündəmə gəlsin. Axı, xeyli vaxtdır ki, gündəmdə deyil. O, böyük sənətkardır. Biz sənətkarlar gərək, bir-birimizin tərəfini saxlayaq, arxasınca danışmayaq. Bir-birimizi qalmaqala sürükləməyək. Bəlkə də Tacir elə deyir ki, mən ona cavab verim. Söz-söhbət çıxsın, o, da gündəmə gəlsin. Üzümü Tacirə tutub, deyirəm, belə şeylərə getmə. O, deyir ki, Fədayəni mən tanıtdım. Xeyr, o zamanlar, mən oxumağa yeni başlamışdım. İstedadım var idisə, onsuz da tanınacaqdım. İndi kimsə tanınmaq istəyirsə, gəlsin, adımla tanınsın. Sənin sənətin var, özünü sənətinlə göstər. Müğənnilər var ki, heç bir sənəti yoxdur, amma özlərini dartırlar. Baxırsan ki, heç normal görünüşü də yoxdur! Amma məclislərdə üz-üzə gələndə adama heç salam da vermirlər.

-Tacir Şahmalıoğlu ilə necə ayrıldınız?

- Biz dava ilə ayrılmamışıq. Toylarda və tədbirlərdə yalnız mənə tələbatı olduğunu müşahidə edirdim. Birlikdə fəaliyyət göstərəndə isə bu, mümkün deyildi. Dəvətlər alanda tək getsəydim, düz gəlmirdi. Ona görə müstəqil fəaliyyət göstərmək qərarına gəldim. Ona dedim ki, tək oxumaq istəyirəm. O, da dedi ki, sən istəyirsənsə, olsun. Bu gün də münasibətlərimiz normaldır. Bilmirəm, jurnalistlər onu necə suallar verirlərsə, başlayır arxamca danışmağa. Amma üzümü görəndə ürəklə salamlaşır. Deyirəm ki, Tacir haqqımda nələr deyirsən?! And içib, aman edir ki, nə danışırsan?! Mən ona hər zaman deyirəm ki, sən də ailəlisən, mənim də böyük oğlum var.

-Bacınız, müğənni İlahə Fədanın görünməməsinin səbəbi nədir?

-İlahə xanım bu sənətə hobbi kimi baxır, bizneslə məşğul olur. Mən oxumasam, ürəyim partlayar, ölərəm. Amma İlahə dövlət filarmoniyada dəvətnamə ilə konsert verib. Konsertinə 40 minə qədər xərci çıxıb. Yəni bunu “ürəyinin qurdunu öldürmək” üçün edib. İlahənin sənətə münasibəti bu cürdür. Yalnız, qohum, tanış toyuna gedir. Orada ona söz versələr, oxuyar. Toylara pul qazanmaq üçün getmir. Efirə də ancaq dəvət alanda çıxır.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler