DataLife Engine > Siyasət, MANŞET > Şuşanı 2-ci “erməni dövləti”nin paytaxtı kimi görənlərin demarşı – MQ-dən imtina zamanı çatdı

Şuşanı 2-ci “erməni dövləti”nin paytaxtı kimi görənlərin demarşı – MQ-dən imtina zamanı çatdı


11-07-2021, 17:37. Yerləşdirdi: Tural Şuşanı 2-ci “erməni dövləti”nin paytaxtı kimi görənlərin demarşı – MQ-dən imtina zamanı çatdı
Daşımız ermənilərlə birgə onların havadarları üçün də həmişə ağır olub. Doğrudur, ərazi bütövlüyü uğrunda mübarizədə çoxlu şəhid, qurban verdik, amma belə baxanda Qarabağ ixtilafının bizə bircə xeyri o oldu ki, dost-düşmənlərimizi əməllicə tanıdıq. Bundan sonra onlardan hansısa biri “dost” cildinə girib dişlərini bizə yalandan ağartsa da, xeyri olmayacaq. Dərsimizi almış, təcrübəmizi götürmüşük.

Artıq şəkk-şübhə yox ki, 44 günlük Vətən savaşında qələbəmizi həzm edə bilməyən təkcə Ermənistan deyil. Həm də və bəlkə daha çox onun havadarlarıdır. Bədnam “Minsk üçlüsü” – Rusiya, ABŞ və Fransadır. Səbəb də odur ki, Azərbaycan ayağa durub öz problemini güc yolu ilə özü həll eləməklə onların Qarabağla bağlı məkrli planlarını alt-üst edib! Torpaqlarımızda “referendum” hoqqası ilə paytaxtı Şuşa olacaq ikinci erməni “dövləti” yaratmaq ssenarisini pozub!..

Buna da əminlik hasil elədik ki, yeri gələndə bir-biri ilə didişən, qanlı-bıçaq olan böyük güclər (Rusiya, ABŞ), nə sirdirsə, erməni məsələsində, işğal və saxta “soyqırımı” məsələsində daima və inanılmaz yekdillik nümayiş etdirir və etdirib. ATƏT-in üzdəniraq Minsk Qrupunun üç həmsədr dövləti kimi...

Bu dəfə onlar sanki sözü bir yerə qoyubmuşlar kimi işğaldan azad edilən Şuşaya səfərdən imtina ediblər. Erməni vəhşiliklərini öz gözləri ilə görmək istəməyiblər. Ancaq görmək istəməmək o demək deyil ki, erməni vəhşiliyi, erməni talançılığı olmayıb, yoxdur.

Elə bil, bununla 8 aydır üzüqoylu qalan Ermənistana çatdırmaq istəyirlər ki, “narahat olma, başın əzilsə də, biz yenə sənin yanındayıq və Şuşanı da erməni şəhəri sayırıq, Azərbaycanın mədəniyyət paytaxtı yox!” Yoxsa ki, məsələn, Fransa səfiri Zakari Qross az öncə Füzuli və Ağdamda olmuşdusa, Şuşaya niyə getməsin ki, əgər budəfəki səfəri də Azərbaycan dövləti və onun rəhbərliyi təşkil edibsə?

Tutaq ki, Azərbaycan hökuməti diplomatları Gəncəyə hansısa tədbirə çağırsa, getməyəcəklər ki? Gedəcəklər. Əks halda bu, onların yerləşdiyi dövlətə – Azərbaycana sayğısızlıq sayılacaq. Eyni qənaət Şuşa üçün keçərlidir.

Lakin konkret halda bu, yalnız ərazi bütövlüyümüzə hörmətsizik deyil. Həm də kapitulyasiya ilə barışmayan erməni tərəfini, erməni revanşist-qırğıları “yeni ərazi işğalı uğrunda yeni müharibə”yə şirnikləndirməkdir. Onlara “status məsələsi bitməyib”, “MQ sağdır, nəfəs alır” ürək-dirəyi verməkdir. Nəhayət, Prezident İlham Əliyevin Şuşanı mədəniyyət paytaxtı elan eləməsinə, Ərdoğanın möhtəşəm Şuşa səfərinə, orada imzalanan və bədniyyətli xarici qüvvələrin sonuncu arzusunu da gözündə qoyan Şuşa Bəyannaməsinə etirazdır.

Aydındır ki, səfirlər bu demarşa öz dövlətlərinin izni olmadan getməzdilər. O halda yenə sual çıxır: ermənidən çox erməni olan Fransa heç, bizim Rusiyaya, Putinə hansı pisliyimiz dəyib ki, ilin-günün bu vaxtında Azərbaycana bu pisliyi edir? Üstəlik, bilə-bilə ki, bunun altını ən çox özləri çəkəcək. Çünki Azərbaycan Ermənistan kimi “cib dövləti” deyil və yanında supergüc Türkiyə var.

Bəlkə bu, Şuşaya atılan “İsgəndər M” raketləri ilə bağlı qalmaqala, daha dəqiqi, faş olan rüsvayçılığa, Bakının məsələdə israrına verilən cavabdır? Axı Moskvanın bu faktdan xeyli rəncidə olduğu hamıya bəlli idi...

Bütün hallarda Rusiya, ABŞ və Fransa səfirlərinin Şuşaya səfərdən imtinasına yəqin ki, Bakının reaksiyası olacaq. Sabiq xarici işlər naziri Tofiq Zülfüqarovun o təklifi ilə tam razıyıq ki, bundan sonra bu üç səfirliyin dəvət göndərdiyi bütün tədbirlər boykot edilməli, səfirlər Şuşaya gedənə qədər rəsmi və ictimai təcridə məruz qoyulmalıdır.

“Azərbaycan öz əraziləri üzərində suveren hüquqlarını bərpa edib. Azərbaycanın bu suveren hüquqlarını heç kim əlindən ala bilməz. Bu baxımdan Azərbaycan artıq birmənalı mövqe ortaya qoyaraq, ümumiyyətlə, ATƏT-in Minsk Qrupunun vasitəçiliyindən imtina etməlidir. Bunun vaxtı gəlib çatıb”. Bu da Zülfüqarovun sözləridir.

Əlavə edək: onlar Azərbaycanın havasına udmağa peşman edilməlidirlər. Ta ki, təmsil elədikləri ölkələr reallığı qəbul edib, beynəlxalq hüquqa sayğılı olub Bakıya normal səfirlər göndərənədək...
Musavat.com
Geri qayıt