DataLife Engine > Siyasət, BLOK XƏBƏR, MANŞET > ABŞ Əfqanıstandan çıxar-çıxmaz “Taliban”çılar Moskvaya getdi - Rusiya bölgəyə qayıdır?

ABŞ Əfqanıstandan çıxar-çıxmaz “Taliban”çılar Moskvaya getdi - Rusiya bölgəyə qayıdır?


10-07-2021, 09:57. Yerləşdirdi: Tural ABŞ Əfqanıstandan çıxar-çıxmaz “Taliban”çılar Moskvaya getdi - Rusiya bölgəyə qayıdır?
Rusiyanın terror təşkilatı kimi tanıdığı “Taliban”ın rəhbərləri Putinin Əfqanıstan üzrə xüsusi nümayəndəsi ilə görüşüblər, Moskva-Ankara regiona birgə nəzarət edə bilər; politoloq: “Rusiyanın qorxusu sərhədlərlə bağlıdır”

Əfqanıstanda “Taliban” yaraqlıları Amerika qoşunlarının ölkəni tərk etməsindən istifadə edərək bir-birinin ardınca Kabil hökumətinin nəzarətində olan rayonları ələ keçirdiyi bir vaxtda təşkilatın siyasi qanadının nümayəndələri gözlənilmədən Moskvada peyda olublar.

“Yeni Müsavat” xəbər verir ki, nümayəndə heyətinə “Taliban”ın Qətərdəki siyasi ofisinin rəhbərlərindən biri Şahabuddin Delavar başçılıq edir. Onların Moskvaya səfəri barədə iyulun 8-də məlum olub. “Talibançılar” Rusiya prezidentinin Əfqanıstan üzrə xüsusi nümayəndəsi, XİN-in ikinci Asiya departamentinin rəhbəri Zamir Kabulovla görüşüblər. Lakin səfər bu gün də davam edir və “Taliban” nümayəndələrinin Moskvada başqa görüşlərinin olacağı, o cümlədən Rusiya xüsusi xidmət orqanlarında görüşlərin keçiriləcəyi gözlənilir. Rusiya “Taliban”ı terror təşkilatı kimi tanıyır və öz ərazisində onun fəaliyyətini qadağan edib. Lakin göründüyü kimi, bütün bunlar təşkilatın siyasi qanadının Moskvaya səfəri üçün maneə yaratmır.
ABŞ Əfqanıstandan çıxar-çıxmaz “Taliban”çılar Moskvaya getdi - Rusiya bölgəyə qayıdır?
Rusiya yenidən Əfqanıstana qayıdır? Amerikalılardan sonra o ölkəyə Türkiyənin nəzarət edəcəyi haqda məlumatlar vardı. Hətta Türkiyə bəzi hava limanlarına nəzarət etməyə başlamışdı. Ola bilər ki, Türkiyə və Rusiya Əfqanıstana birgə nəzarət edəcəklər. Bunun Yaxın Şərqdəki münaqişə ocaqlarında xeyli örnəyi var. Həmçinin Qarabağ məsələsində də Türkiyə ilə Rusiyanın ortaq işinin olduğu kimsəyə sirr deyil. Ağdamdakı Monitorinq Mərkəzində Rusiya ilə Türkiyə hərbçiləri eyni sayla, eyni hüquqla təmsil olunurlar.

Bundan əlavə, “Taliban”ın üç qanadından biri Rusiyadakı dairələrlə işləyir. Yəni təşkilatda monolitlik yoxdur və bu pərakəndəlik müxtəlif mərkəzlər tərəfindən idarə olunur. Rusiyaya gedən “Taliban” üzvləri də, ehtimal ki, Moskva ilə əlaqəsi olan qruplaşmadır.

Danışıqlar zamanı Kabulov Əfqanıstanın şimalında vəziyyətin gərginləşməsindən narahatlıq ifadə edib və talibançıları münaqişənin Əfqanıstan hüdudlarından kənara çıxmasına yol verməməyə çağırıb. Cavab olaraq “taliban”çılar bildiriblər ki, Əfqanıstan ərazisindən başqa ölkələrə, o cümlədən Rusiyaya hücum üçün istifadə edilməsinə yol verməyəcəklər. Nümayəndə heyəti Orta Asiya respublikalarının sərhədlərinin təhlükəsizliyinə də təminat veriblər, Orta Asiya ilə Əfqanıstan arasında sərhəd-keçid məntəqələrinin stabil işini təmin edəcəklərini deyiblər.

Moskvadan əvvəl isə “Taliban” nümayəndələri Tehranda səfərdə olublar və İran xarici işlər naziri Cavad Zəriflə görüşüblər. O deyib ki, ABŞ Əfqanıstanda məğlub olub və bu səbəbdən öz qoşunlarını geri çəkir.

Bayden isə deyib ki, ABŞ-ın Əfqanıstandakı hərbi missiyası avqustun 31-də başa çatacaq. Ağ Evin mətbuat katibi Cen Psaki bildirib ki, Prezidentin bu qərarı verməsinin arxasında əsas səbəb var. O, 20 ildir davam edən bu müharibənin sonunun olmadığını düşünür. ABŞ-ın çıxışı ilə qiyamçılar Əfqanıstanın 400-dən çox rayonundan azı 150-sinin nəzarətini ələ keçiriblər. Əfqanıstan rəsmiləri bildirib ki, hökumət tərəfdarı qüvvələr “Taliban” qiyamçılarını ölkənin şimal-şərqində bir şəhərin bəzi hissələrindən qovublar və saatlarla davam edən şiddətli döyüşlər nəticəsində rəsmi binaların nəzarətini geri alıblar.

ABŞ Əfqanıstandan çıxar-çıxmaz “Taliban”çılar Moskvaya getdi - Rusiya bölgəyə qayıdır?
Elxan Şahinoğlu

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlunun “Yeni Müsavat”a bildirdiyinə görə, ABŞ 20 il Əfqanıstanda heç nəyə nail ola bilmədi. Onun fikrincə, Amerikanın yaxın tarixində belə ağır təcrübələri az deyil. Politoloq hesab edir ki, ABŞ Vyetnama daxil olanda minlərlə insan öldü, sonra ölkəni biabırçı şəkildə tərk etdilər: “Talibanı da məhv edəcəklərini söyləyirdilər. Ancaq bu təşkilat ABŞ-ın Əfqanıstanda olduğu dövrdə zəifləmədi. Amerika eyni səhvləri təkrar etdi. 20 ildə NATO qoşunları və ABŞ Talibanı ram edə bilmədi. Taliban hakimiyyəti götürsə belə sakitlik olmayacaq, ona itaət etmək istəməyən qüvvələr ortaya çıxacaq”.

Ekspertin sözlərinə görə, Türkiyə paytaxt Kabulun hava limanını qoruyacaq: “Ankara Pakistanla sıx əlaqələrə malikdir. Pakistan da Talibanla əlaqəlidir. Yəni Türkiyənin Talibanla münasibətləri var.

Rusiyanın da taliblərlə əlaqəsi. Sadəcə, bura Əfqanıstandır. İnanmıram ki, Taliban hansısa ölkələrlə razılaşmasına axıra qədər əməl etsin. Ola bilsin ki, indi Taliban hiylə işlədir, Rusiya ilə görüşə gedir, amma bu təşkilat Pakistanı belə tam eşitmir. Sadəcə, Əfqanıstanda təkhakimiyyətlilik istəyirlər. Rusiyanın qorxusu isə sərhədlərlə bağlıdır. Üstəlik, Mərkəzi Asiyada hərbi bazaları var".

E.Şahinoğlunun fikrincə, Əfqanıstanda heç vaxt sabitlik olmayıb və bundan sonra da Talibanı ram etmək çətin olacaq: “Taliban çox vəd verə bilər. Əfqanıstanda heç zaman intizam olmayıb. Liderləri öldürüblər, asıblar, Nəcibullanı edam ediblər.

Amma maraqlıdır ki, Əfqanıstanla Azərbaycanın yaxşı əlaqələri olduğu halda, əgər Taliban hakimiyyətə gəlsə, münasibətlər necə qurulacaq. Azərbaycanın heç vaxt Talibanla təması olmayıb".
Musavat.com
Geri qayıt