DataLife Engine > Siyasət > Erməni vandalizmi İŞİD-lə müqayisə edildi: Azərbaycanın 13 dünya əhəmiyyətli abidəsini məhv edir

Erməni vandalizmi İŞİD-lə müqayisə edildi: Azərbaycanın 13 dünya əhəmiyyətli abidəsini məhv edir


16-12-2019, 18:38. Yerləşdirdi: Tural Erməni vandalizmi İŞİD-lə müqayisə edildi: Azərbaycanın 13 dünya əhəmiyyətli abidəsini məhv edir
Azərbaycanın işğal olunmuş bölgələrində minlərlə dini və tarixi abidələr məhv olmaq təhlükəsi altındadır.

Cənubi Qafqazın zəngin tarixi-dini mirasının mühüm bir qismi məhv olur. Dağıdılmış Şuşa məscidi, heyvan salınmış Ağdam məscidinin fotoları dünyanın nüfuzlu media orqanlarında əksini tapıb. Amma bu hələ hamısı deyil.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərov bu gün bildirib ki, Azərbaycanın işğal olunmuş ərazilərində İslam və digər dinlərə aid dağıdılmış onlarla dini məbədlərdə heyvanların saxlanılması barədə də məlumatlar beynəlxalq ictimaiyyətə təqdim olunub. O qeyd edib ki, Ermənistan tərəfi arabir bəzi məbədləri təmir etmək imitasiyası ilə çirkin əməllərini gizlətməyə çalışır:

“Ancaq bu barədə beynəlxalq ictimaiyyətə kifayət qədər məlumat verilib. Ermənistan vandalizmini ehtiva edən kifayət qədər materiallar var və bu materiallar beynəlxalq təşkilatlara da təqdim olunub. Biz bu işi davam etdirəcəyik və bununla bağlı konkret planlar nəzərdə tutulub”.

Azərbaycan hökuməti bu məsələni, demək olar ki, bütün beynəlxalq tribunalarda qaldırır. Prezident İlham Əliyev oktyabrda Bakıda Qoşulmama Hərəkatının XVIII Zirvə Görüşündəki çıxışında bildirib ki, Azərbaycanın işğal olunmuş ərazilərində yerləşən 4500 abidənin 2550-nin görüntüləri, hansı coğrafi ərazidə yerləşməsi, yaşı haqqında və digər mühüm məlumatlar əldə olunub.

Qeyd edək ki, ermənilər zaman-zaman Azərbaycana qarşı tarixi abidələrin qorunmaması ilə bağlı əsassız iddialar qaldırsalar da, əslində, Azərbaycanın işğal olunmuş ərazilərindəki tarixi, dini abidələr məhz erməni işğalından sonra məhv edilib.

Bu günə qədər yalnız Şuşadakı tarixi Yuxarı Gövhər Ağa məscidi turist cəlb etmək məqsədilə İran şirkətləri tərəfindən təmir olunub və bu faktın özünü ermənilər Azərbaycana qarşı təbliğat vasitəsi kimi istifadə edir. Lakin işğal olunmuş Azərbaycan ərazilərində hazırda qədim tarixə malik yüzlərlə abidə dağıdılıb və baxımsız qalıb.

Hazırda Azərbaycan tərəfinin müəyyən edib sənədləşdirdiyi rəqəmlərə əsasən, işğal altındakı torpaqlarımızda yalnız tarixi-dini abidələrin sayı 403-dür. Bunlardan 67-si məscid, 144-ü məbəd, 192-si isə ziyarətgahlardır. “Buğakar” ziyarətgahı, “Ağadədə” ziyarətgahı tamamilə dağıdılıb, İrəvan “Göy məscidi” və Cəfərabad türbəsi özəlləşdirilib, dəyişdirilib.

Bu məbədlər içərisində Yuxarı Gövhər Ağa məscidi, Aşağı Gövhər Ağa məscidi, Saatlı məscidi, Ağdam Cümə məscidi dağıdılıb, Ağoğlan, Xudavəng, Tatev, Gəncəsər kimi qədim məbədlər isə erməniləşdirilib, bəzilərinə xaç işarələri vurulub.

Şuşa şəhəri yaxınlığında Tunc dövrünə aid Kurqan, Şuşa və Şuşakənd daş qutusu qəbirləri (son tunc və ilk dəmir dövrü), Qarabulaq və Dolanlar kənlərində Daş qutusu nekropolları, Qala divarı kimi tarixi abidələr işğal altında baxımsız qalıb. Ağdərədə Ulduztəpə piri, Müqəddəs Yelisey monastr kompleksi, Dovşanlı nekropolu, Balıqaya nekropolu (Ton Tunc, İlk Dəmir dövrü) və digər dini, tarixi abidələr qeydə alınıb.

Erməni terrorçuları tərəfindən zəbt olunmuş qədim Azərbaycan torpaqları olan Dağlıq Qarabağ və ona bitişik rayonlarda 13 dünya əhəmiyyətli (altı memarlıq və yeddi arxeoloji), 292 ölkə əhəmiyyətli (119 memarlıq və 173 arxeoloji) və 330 yerli əhəmiyyətli (270 memarlıq, 22 arxeoloji, 23 bağ, park, monumental və xatirə abidələri, 15 dekorativ sənət nümunəsi) tarix və mədəniyyət abidələri qalıb.

Keçmiş SSRİ-də yeganə olan Ağdam çörək muzeyi şəhərin bombardmanı zamanı yerlə-yeksan edilib, dünya şöhrətli Kəlbəcər Tarix-Diyarşünaslıq Muzeyinin 13 minədək, Laçın Tarix-Diyarşünaslıq Muzeyinin beş mindən çox qiymətli və nadir əşyası Ermənistana daşınıb.

O cümlədən, dünyada ən qədim yaşayış məskənləri sırasında olan Füzuli şəhərindən 16 km aralıda yerləşən, Qururçay sahilindəki məşhur Azıx mağarası erməni işğalı altında qalıb. 1999-cu ildən başlayaraq ermənilər Azıx mağarasında qazıntı işləri aparır, 300-350 min il bundan əvvəl yaşamış insanların izləri, alətləri və qədim heyvanların aşkar olunmuş sümükləri ekspedisiyanın sonunda Ermənistan və Qərb ölkələrinin muzeylərinə göndərilir.

Şuşa şəhərinin tarixi muzeyinin beş minədək əşyası, Azərbaycan xalçası və xalq tətbiqi sənəti dövlət muzeyi Şuşa filialının, Dövlət Qarabağ Tarixi muzeyinin 1000-dək əşyası, Azərbaycan peşəkar musiqisinin banisi, bəstəkar Üzeyir Hacıbəyovun (300-dən çox əşya), vokal sənətimizin əsasını qoymuş böyük müğənni Bülbülün (400-dək əşya), görkəmli musiqiçi və rəssam Mir Mövsüm Nəvvabın (100-dən çox əşya) xatirə muzeylərinin, Ağdam Tarix-Diyarşünaslıq Muzeyinin (iki mindən çox əşya), Qubadlı Tarix-Diyarşünaslıq Muzeyinin (üç mindən çox əşya), Zəngilan Tarix-Diyarşünaslıq Muzeyinin (6 minədək əşya) fondları qarət edilib.

Bundan başqa, işğal olunmuş rayonlardakı xatirə muzeyləri, Tarix-Diyarşünaslıq Muzeyləri də dağıdılıb. beş il əvvəl İŞİD İraq və Suriyada qədim tarixi abidələri dağıdıb bir qismini antik əşya tacirlərinə satanda bütün dünya bu hadisədən narahat oldu və bu hadisəyə görə, necə deyərlər, bütün dünya səfərbər oldu.

Terror təşkilatı antik dünyanın 10 ən məşhur tarixi mirasını yerlə-yeksan etmişdi. Müqayisəsi doğru olmasa da, erməni işğalı nəticəsində dağıdılımış abidələr yalnız Azərbaycan deyil, bölgənin tarixi üçün də mühüm əhəmiyyət kəsb edir.

Üstəlik, işğal hələ də davam etdiyi üçün dağıntının miqyası və təsiri daha böyükdür. Ancaq təəssüf ki, Azərbaycan ərazilərinin işğalı sonrası dağıdılıb məhv edilmiş qədim tarixə vurulan ziyan hələ də hüquqi qiymətini almayıb.

Bu məsələdə ən çox diqqət çəkən erməni işğalçılarının qədim Azərbaycan ərazilərindəki alban-xristian abidələrini erməniləşdirmək cəhdləridir. İşğal olunmuş ərazilərdəki abidələrə erməni qriqoryan kilsəsinin nişanlarını vurmaqla ermənilər Azərbaycan ərazilərində öz “izlərini” qoymağa və Azərbaycan izlərini silməyə çalışır. İşğalın davam etməsi ermənilərin bu vəhşiliyinin davam etməsinə xidmət edir. /Oxu.az/
Geri qayıt