DataLife Engine > Siyasət, BLOK XƏBƏR, MANŞET > Rusiyadan sabiq senator Fərhad Əhmədovun ideoloji diversiyasına YAP-dan reaksiya yetərli oldumu...

Rusiyadan sabiq senator Fərhad Əhmədovun ideoloji diversiyasına YAP-dan reaksiya yetərli oldumu...


14-12-2019, 00:24. Yerləşdirdi: Tural Rusiyadan sabiq senator Fərhad Əhmədovun ideoloji diversiyasına YAP-dan reaksiya yetərli oldumu...





Məlum olduğu kimi, Rusiyada yaşayan azərbaycanlı milyarder, tanınmış iş adamı Fərhad Əhmədov bu günlərdə özünün “Facebook” səhifəsində 2020-ci il fevralın 9-da Azərbaycanda keçiriləcək növbədənkənar parlament seçkilərinə dair "yol xəritəsi" ilə çıxış edib.

F.Əhmədov öz yazısında Azərbaycanın siyasi arenasındakı mövcud durumu təhlil etməyə çalışıb. Həm siyasi hakimiyyətin, həm də müxalifətin ünvanına tənqidi fikirlərin yer aldığı təhlildə göstərilir ki, son parlamentin tərkibində hakimiyyətdəki qruplaşmaların "cib deputatları" ilə yanaşı, təsadüfi adamlar və islahatlarla ayaqlaşa bilməyən şəxslər olub. Və buna görə də parlamentin ciddi keyfiyyət dəyişikliyinə, deməli, yeni seçkiyə ehtiyac vardı. F.Əhmədov bir az da uzağa gedərək, hakim Yeni Azərbaycan Partiyasını da sərt tənqid edib. Bu partiyanın da ciddi yeniləşməyə ehtiyacının olduğunu deyib.

F.Əhmədovun məlum yazısına media və siyasilər tərəfindən ciddi reaksiya verilib. Əksər mövqelərdə rusiyalı milyarder ifadə etdiyi sərt fikirlərə görə tənqid olunur. Maraqlıdır ki, YAP-ı təmsil edən millət vəkilləri tərəfindən F.Əhmədovun yazdıqlarına reaksiya verilməyib. Elə bu səbəbdən də biz YAP-ı təmsil edən millət vəkillərindən mövzu ilə bağlı münasibət öyrəndik.

Aydın Hüseynov: “YAP kiminsə məsləhətindən asılı olmayaraq daim yenilənir, gəncləşir”
Hakim partiyanı təmsil edən millət vəkili Aydın Hüseynov “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, F.Əhmədovun Azərbaycanda gedən yenilikləri, inkişafı görməsi üçün onun özünün yenilənməsinə böyük ehtiyac var: “Düşüncəsini, baxış bucağını yeniləsə, nə varsa, öz rəngində görə bilər. Əks təqdirdə atılan böyük addımlarla bağlı özünün bildiyi səviyyədə qiymət verəcək. Necə ki, bunu öz məqaləsində yazıb. Deputatları da təhqir edib. Bu yolverilməzdir. Hər bir deputatı Azərbaycan xalqı seçir. Hər hansı bir millət vəkilini təhqir etmək həm də onların seçicilərinə hörmətsizlik sayılır. F.Əhmədov, faktiki olaraq, Azərbaycan vətəndaşının seçiminə hörmətsizlik edib. Azərbaycan parlamenti və onun deputatları üzərlərinə düşüən bütün işləri yerinə yetirib. Bu gün isə YAP çox ciddi bir məsuliyyəti üzərinə götürərək, parlamentin yenilənməsi, qanunverici orqanın daha da müasirləşməsi, yeni çağırışlara tam cavab verməsi tələbilə Milli Məclisin buraxılması təşəbbüsü ilə çıxış edib. Ümummilli Lider Heydər Əliyevin zəkasından yaranan YAP Azərbaycanı məhv olmaqdan bugünkü vəziyyətə, inkişafa gətirib çıxarıb. YAP Prezident İlham Əliyevin rəhbərliyi ilə böyük nüfuza sahib olub. Hakim partiya Azərbaycan xaqının maraqlarını ifadə edir, dövlətçilik, qanunçuluq, sosial ədalət prinsiplərini əsas tutaraq inkişafını davam etdirir. YAP kiminsə məsləhətindən asılı olmayaraq, daim yenilənir, gəncləşir. F.Əhmədov kimilərin YAP-ı tənqid etməyə heç bir mənəvi haqqı yoxdur. Yaxşı olar ki, Rusiyada yaşayan milyarder öz piarı üçün daha uyğun mövzular seçsin”.
Geri qayıt