DataLife Engine > Siyasət > Deputat köməkçilərinin aqibəti necə olacaq?

Deputat köməkçilərinin aqibəti necə olacaq?


11-12-2019, 15:00. Yerləşdirdi: Tural Deputat köməkçilərinin aqibəti necə olacaq?
Prezident İlham Əliyev dekabrın 5-də “Beşinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin buraxılması və Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin təyin edilməsi haqqında” sərəncam imzalayıb. Sərəncama əsasən, Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilər 2020-ci il fevralın 9-na təyin edilib.

Hazırda Milli Məclis üzvlüyünə namizədlərin müəyyənləşdirilməsi prosesinə start verilib.

Qeyd edək ki, parlamentin buraxılması həm də onun yenilənməsi iddialarını ortaya atıb.

Maraqlıdır, parlamentin deputatlarının yeniləndiyi halda Milli Məclisin aparat işçilərinin, deputat köməkçilərinin aqibəti necə olmalıdır?

Milli Məclisdən Modern.az-a verilən məlumata görə, hazırda parlamentin Aparatı öz işini davam etdirir:

“Aparat işçiləri dövlət qulluqçuları hesab olunur. Ona görə də onlar üzərlərinə düşən işi davam etdirir. Buna baxmayaraq, struktur dəyişikliyi ehtimalı ola bilər”.

Mənbənin dediyinə görə, deputat köməkçiləri dövlət qulluqçusu sayılmır:

“Deputatın təqdimatı əsasında aparat rəhbəri ilə müqavilə bağlanır. Deputat köməkçiləri ildə bir dəfə öz işləri barədə hesabat verirlər. Məsələn, bir köməkçi 5 il ərzində təcrübə yığır, ancaq sabah başqa deputat gələndə onunla işləmək istəmir. Deputat köməkçisinin təqdim olunması deputatın seçimidir. Hətta, vəfat edən deputatın köməkçisi belə işsiz qalır”.

O da bildirilib ki, deputat köməkçisinin səlahiyyət müddəti deputatın səlahiyyət müddəti bitənə qədər etibarlıdır.

“Deputat statusu haqqında” qanununun “deputatlıq fəaliyyətinin təminatları” bölməsində deputat köməkçisi barədə bunlar qeyd olunub:

Maddə 21-1. Deputatın köməkçisi

Deputatın fəaliyyətinin təmin edilməsi məqsədilə onun köməkçiləri ola bilər.

Deputatın köməkçiləri Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına saxlanılır.

Deputatın köməkçisinin işə qəbulu Azərbaycan Respublikasının əmək qanunvericiliyi ilə tənzimlənir.

Deputatın köməkçisinə aid əlavə tələblər Azərbaycan Respublikası Milli Məclisi sədrinin sərəncamı ilə müəyyən edilir.
Geri qayıt