DataLife Engine > Siyasət, BLOK XƏBƏR, MANŞET > 2019-cu ildə Qarabağ: Yeni ideyalar, “Nöqtə”yə “nida” ilə tutarlı cavab

2019-cu ildə Qarabağ: Yeni ideyalar, “Nöqtə”yə “nida” ilə tutarlı cavab


9-12-2019, 15:15. Yerləşdirdi: Tural 2019-cu ildə Qarabağ: Yeni ideyalar, “Nöqtə”yə “nida” ilə tutarlı cavab
2019-cu ilin bitməsinə az qalır. Bu il Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması ilə bağlı bir çox addım atıldı.

2019-cu ildə də dialoq təmasları davam etdirilib, ümumilikdə tərəflərin Xarici İşlər nazirləri arasında beş, Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın Baş naziri arasında dörd görüş baş tutub.

2019-cu ildə konfliktin sülh yolu ilə həlli istiqamətində aparılan danışıqların Xarici İşlər nazirləri səviyyəsində növbəti raundu yanvarın 16-da Parisdə keçirildi. ATƏT-in Minsk Qrupunun həmsədrlərinin iştirakı ilə keçirilən görüş dörd saatdan çox davam edib.

XİN başçılarının Paris görüşü ictimai-siyasi, hərbi ekspert dairələrində müzakirələrə yeni “nəfəs”in gətirilməsi üçün zəmin oldu.

ATƏT-in Minsk Qrupunun həmsədrlərinin görüşün yekunları ilə bağlı yaydığı bəyanatda bildirilirdi ki, XİN rəhbərləri Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı geniş spektr məsələləri müzakirə ediblər.

Həmçinin, əhalinin sülhə hazırlanması ilə əlaqədar konkret addımların atılmasının zəruriliyi barədə razılığa gəlindiyi bildirilib.

Ekspertlərin “Əhalinin sülhə hazırlanması” prinsipinin danışıqlarda yeni motiv olmasına diqqət çəkmələri diqqətdən yayınmadı.

Amma bu prinsip, əslində, ən yeni ideyalar siyahısına daxil deyil. Belə ki, 2018-ci ilin 6 dekabr tarixində qəbul edilmiş birgə “Milan bəyanatı”nda da əhalinin sülhə hazırlanması üçün konkret addımların atılması çağırışı əks olunub. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi bəyanat vermişdi.

XİN başçılarının Paris görüşündən sonra yanvarın 22-də Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında Davos Dünya İqtisadi Forumu çərçivəsində qeyri-rəsmi görüş baş tutdu.

Görüşdə Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair danışıqlar prosesinin cari vəziyyəti müzakirə edilib.

Bundan sonra Azərbaycan Prezidenti İlham Əliyev martın 29-da Nikol Paşinyanla Vyanada görüşüb.

ATƏT-in Minsk Qrupu həmsədrlərinin Vyana görüşü ilə bağlı bəyanatında qeyd olunub ki, Prezident və Baş nazir tənzimləmə prosesinin bir sıra vacib məsələləri və substantiv ideyalar üzrə fikir mübadiləsi aparıblar.

“Onlar sülh üçün əlverişli mühitin yaradılmasının və münaqişənin sülh yolu ilə həllinin tapılması üzrə danışıqlar prosesində konkret və tutarlı addımların atılmasının vacibliyini vurğulayıblar.

Bundan əlavə, hər iki ölkə lideri Düşənbədəki söhbətə istinad edərək atəşkəsin möhkəmləndirilməsinin və birbaşa əlaqə mexanizminin təkmilləşdirilməsinin vacibliyini yenidən təsdiq ediblər”, - bəyanatda bildirilib.

Diplomatik təmaslar nəticəsində növbəti görüş yeri isə Rusiyanın paytaxtı Moskva seçildi. Rəsmi Moskvanın təşəbbüsü ilə Azərbaycan və Ermənistan xarici siyasət idarələrinin rəhbərləri növbəti dəfə bir araya gələrək “Qarabağ düyününü” açmağa çalışdılar.

Bu görüş də tərəflər arasında etimadın yaradılması üçün münaqişənin həllinə yeni yanaşma gətirilməklə yadda qaldı.

Azərbaycan, Ermənistan və Rusiya Xarici İşlər nazirlərinin danışıqların yekunu ilə bağlı yaydıqları birgə bəyanatda qeyd olunurdu ki, tərəflər kütləvi informasiya vasitələri nümayəndələrinin qarşılıqlı səfərləri də daxil olmaqla, insanlar arasında əlaqələrin qurulması istiqamətində praktiki işlərin başladılmasına hazır olduqlarını da bildiriblər.

Jurnalistlərin qarşılıqlı səfərləri ilə bağlı məqam isə heç də birmənalı qarşılanmadı.

Azərbaycanda bunun lehinə olanlar da oldu, əleyhinə çıxanlar da.

Ancaq nəticədə, bu ilin noyabrında Azərbaycandan və Ermənistandan olan jurnalistlərin qarşılıqlı səfərləri baş tutdu. Ekspertlər jurnalistlərin səfərləri ilə bağlı ideyanın Rusiyanın Xarici İşlər naziri Sergey Lavrova məxsus olduğunu bildirirlər.

İlham Əliyevlə Nikol Paşinyan arasında növbəti danışıqların məkanı bu ilin mayın 14-də Brüssel oldu.

Görüş Avropa İttifaqının Şərq Tərəfdaşlığı təşəbbüsünün 10 illiyinə həsr olunmuş tədbir çərçivəsində reallaşdı.

Qısa görüş zamanı Dağlıq Qarabağ münaqişəsi müzakirə edilib.

Azərbaycan və Ermənistan Xarici işlər nazirlərinin növbəti görüşə hazırlaşdıqları ərəfədə Ermənistan Qarabağ cəbhəsində növbəti təxribata əl atdı.

Mayın 30-da səhər saatlarında cəbhənin Ağdam rayonu istiqamətində düşmən tərəfindən açılan snayper atəşindən Azərbaycan Ordusunun hərbi qulluqçusu Omarov Aqil Akif oğlu şəhid oldu.

İyunun 3-də Xarici İşlər naziri Elmar Məmmədyarov Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarı qəbul edərkən deyib ki, snayper atəşi nəticəsində A.Omarovun şəhid olması danışıqlar prosesinə zərbə vurub.

Bununla belə, bir neçə gün sonra ABŞ tərəflərin baş diplomatlarını bir araya gətirərək təşəbbüsü Rusiyadan “təhvil aldı”.

İyunun 20-də ABŞ-ın paytaxtı Vaşinqtonda Elmar Məmmədyarovla erməni həmkarı arasında növbəti görüş keçirildi. ABŞ paytaxtında belə görüş on il bundan əvvəl baş tutmuşdu.

Ekspertlərin fikrincə, görüşün Vaşinqtonda keçirilməsi münaqişənin həllində ABŞ-ın rolunun güclənməsi ilə əlaqədar idi.

Əsas müzakirə mövzusunu nazirlərin bundan öncəki Paris və Moskva görüşləri nəticəsində əldə olunmuş razılaşmaların həyata keçirilməsi məsələsi təşkil edib.

Həmsədrlər görüşün nəticəsi ilə bağlı bəyanatlarında cəbhə zonasında baş verən insan itkisi ilə bağlı (Aqil Omarovun snayperlə vurulması) təəssüfləndiklərini bildirərək, tərəfləri təkidlə əsaslı danışıqlar üçün sülhə uyğun əlverişli mühitin bərpasından ötrü təcili tədbirlər görməyə çağırıblar.

Davam edən danışıqlar fonunda isə Nikol Paşinyanın açıqlamalarından müharibə qoxusu gəlirdi. Bu ilin avqustun əvvəllərində Azərbaycanın işğal altındakı Xankəndi şəhərində Paşinyanın “Qarabağ Ermənistandır. Nöqtə” bəyanatı beynəlxalq aləmdə və Ermənistanın ictimai-siyasi dairələrində süngü ilə qarşılandı.

Paşinyanın nostalgiyaya qapılıb “Miatsum”u danışıqlar masasına gətirmək cəhdinin fonunda sentyabrın 23-də Nyu-Yorkda Azərbaycanın və Ermənistan Xarici İşlər nazirləri arasında görüş keçirildi.

Ancaq diplomatik təmas Paşinyanın sərsəmləməsini yaddan çıxara bilməzdi. Ermənistanın hökumət başçısına ən yaxşı, yerində və layiqli cavabı Azərbaycan Prezidenti İlham Əliyev verdi. İlham Əliyev Paşinyanı yüksək səviyyəli auditoriyada diplomatik nokauta saldı.

Oktyabrın 3-də “Valday” Beynəlxalq Diskussiya Klubunun iclasının plenar sessiyasında iştirak edən Prezident İlham Əliyev bildirdi:

“Qarabağ tarixi, əzəli Azərbaycan torpağıdır. Beləliklə, Qarabağ Azərbaycandır və nida işarəsi”.

Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın Baş Naziri Nikol Paşinyan Aşqabadda MDB Dövlət Başçıları Şurasının iclasından sonra (oktaybrın 11-də) bir araya gəldilər.

Onlar əsasən Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi üzrə cari məsələləri müzakirə ediblər.

Nəhayət, bu ilin dekabrın 4-də Bratislavada tərəflərin XİN rəhbərlərinin ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə görüşü keçirildi.

2019-cu il Qarabağ münaqişəsinin həlli ilə bağlı tərəflərin mövqelərində prinsipial dəyişiklik baş vermədi. Azərbaycan öz qətiyyətli və haqlı mövqeyi, Ermənistan isə ənənəvi işğalçılıq ritorikası ilə yadda qaldı. Beynəlxalq təşkilatlarda Azərbaycanın mövqeyi dəstəkləndi, Ermənistana BMT Təhlükəsizlik Şurasının qətnamələrini xatırlatdılar.

Yekun olaraq, deyə bilərik ki, 2019-cu ildə diplomatik təmaslar cəbhədə insidentləri minimum səviyyəyə endirməyə, gərginliyi azaltmağa yönəldilsə də, Ermənistan tərəfi təxribatlarından da əl çəkmədi.

Ermənistan rəhbərliyinin münaqişəyə kəmiyyətcə yeni məzmun yükləmək cəhdləri isə fiasko ilə nəticələndi. Söhbət Paşinyanın Azərbaycanın işğal altındakı torpaqlarında yaradılmış separatçı rejimi danışıqlar masasında “üçüncü tərəf” kimi görmək xülyasından gedir – bu isə yalnız Ermənistanın özünə qarşı tuşlanmış “silahdır”.

Bu il Ermənistan Qarabağ cəbhəsi ilə paralel olaraq Azərbaycanla sərhəddə də provokasiyalara imza atdı.

Bunlara baxmayaraq, əvvəlki illərdən fərqli olaraq, 2019-cu ildə cəbhədə atəşkəs rejiminin pozulması hallarının azaldığını demək olar.

Azərbaycan münaqişənin BMT Təhlükəsizlik Şurasının qətnamələri, Helsinki Yekun Aktı və beynəlxalq hüququn prinsiplərinə uyğun şəkildə mövcud format əsasında həllini dəstəkləyir.
Geri qayıt