DataLife Engine > Siyasət > Müxalifət keçmişdən qopa bilmir -

Müxalifət keçmişdən qopa bilmir -


3-07-2019, 12:06. Yerləşdirdi: Tural Müxalifət keçmişdən qopa bilmir -




Partiya sədri: “Ölkədə böyük narazı elektorat var, lakin bu, o demək deyil ki, narazılar hamısı müxalifəti dəstəkləyir”
Hər bir ölkənin inkişafı üçün güclü müxalifətin olması çox vacibdir. Bunu inkişaf etmiş ölkələrin təcrübəsindən də görmək olar. Əslində rəqabətin fonunda hər bir düşərgə tərəqqi, ölkənin potensialının artırılması, bir sözlə, inkişafı üçün öz proqramı və fəaliyyəti ilə ön planda olmağa çalışır.

Təbii ki, bu məsələdə seçim xalqa məxsusdur və layiqlilərin qələbəsi labüddür. Azərbaycanda isə müxalifət partiyaları hələ də keçmişdən qurtula bilmir.

Bu barədə danışan Azərbaycan Liberal Demokrat Partiyasının sədri Fuad Əliyev “Yeni Müsavat”a bildirdi ki, müxalifət öz işini görməlidir, narazı elektoratı birləşdirib mübarizə aparmalıdır, bir-biri ilə mübarizə aparmamalıdır: “Təəssüf ki, müxalifət narazı olan vətəndaşların böyük bir hissəsini cəlb edə bilmir. Ölkədə böyük narazı elektorat var. Lakin bu, o demək deyil ki, narazılar hamısı müxalifəti dəstəkləyir. Həmin elektorat nə iqtidarı, nə də müxalifəti dəstəkləyir. Bu da müxalifətin son 15 ildə atdığı səhv addımlara görə baş verib. Müxalifətdaxili çəkişmələr, ”agent" axtarışı, bir-birinə qısqanclıq, keçmişdən qopa bilməmək müxalifəti zəiflədir, ona inamı itirir. İnsanlar artıq yeni simaları görmədiyinə görə, bəziləri isə etimadı itirdiyinə görə ümumi müxalifətə cəmiyyət dəstək vermir. Amma müxalifət mövcud siyasi və sosial problemlərdən yararlanmağı bacarmalıdır. Həmçinin yeni metodlardan və yeni texnologiyalardan istifadə etməyi bacarması vacibdir. Mən inanıram ki, müxalifət güc tapıb vətəndaşların inamını və dəstəyini yenidən qazanacaq".

Bir sıra siyasi analitiklər isə hesab edirlər ki, Azərbaycan müxalifətinin daha bir problemi ölkədaxili məsələlərin həlli ilə bağlı alternativ proqramlarının olmamasıdır. Müxalif qurumların taktiki sahədə yanlış addımları onun uzunmüddətli mübarizə üçün düşünülmüş strateji layihələrinin yoxluğundan xəbər verir. Müxalifət öz mübarizəsində illərdən bəri sınaqdan keçmiş, lakin müxtəlif səbəblərdən ciddi effekt verməyən mitinq taktikasından başqa heç bir taktikadan istifadə edə bilmir.

Mübarizəyə sivil qaydada qatılmaq və ictimaiyyətin, dövlətin maraqlarından çıxış etmək üçün müxalifətin yetərincə ciddi kadr potensialı da yoxdur. Ona görə də fəaliyyəti xaotik, dağınıq şəkildədir və illərlə bundan öncəki küçə, meydan toplantılarından başqa, heç bir istiqamətdə fəaliyyət gözə dəymir.

Müxalifətin ciddi problemlərindən biri də uzun müddətdir müxalif mövqeyində durub, bir-birinin ünvanına ittihamlar yağdırmaq, bununla da hər birinin özünü daha layiqli lider, daha üstün fiqur kimi göstərməyə çalışması və birincilik davasıdır. Müxalifət bütün səylərinə baxmayaraq parçalanmış, dağılmış, xaotik bir vəziyyətdədir və monolit komanda halında olan hakimiyyətlə üz-üzə qalıb.
Geri qayıt