DataLife Engine > Siyasət, Dünya > İran Paşinyana görə buna göz yumdu...

İran Paşinyana görə buna göz yumdu...


1-03-2019, 10:32. Yerləşdirdi: sefa İran Paşinyana görə buna göz yumdu...
Xarici qonaqların İrana səfərləri zamanı Ayətullah Əli Xamenei, adətən, dövlətin xarici siyasətində çox önəmli yer tutan ölkə başçıları ilə görüşür. Bu görüş də İran üçün ciddi önəm daşıdığından Ali dini lider ilə Paşinyanın görüşü baş tutub. Paşinyanın İran səfəri bir sıra qalmaqallı məqamlarla yadda qalıb.

Onun baş nazir kimi məhz Xocalı soyqırımından bir gün sonra Tehrana səfəri və səfər zamanı erməni icması ilə görüşü, orada qaldırılan plakat, İranın Ali dini lideri ilə səmimi danışıqları İran hakimiyyətinin Ermənistana nə dərəcədə önəm verdiyini, Ermənistanın İranın xarici siyasətində tutduğu yeri nümayiş etdirir. Paşinyanın müsəlmanlara qarşı soyqırım törətmiş ölkənin lideri kimi həmin cinayətin ildönümündən bir gün sonra yeganə şiə dövlətinin paytaxtına rəsmi səfəri heç bir məntiqə uyğun gəlmir.

İran dəfələrlə Ermənistanı işğalçı ölkə kimi tanıyaraq, Qarabağın Azərbaycan ərazisi olduğunu bildirib. Xocalı soyqırımını rəsmən soyqırım kimi tanımasa da, hadisəni dəfələrlə şiddətli şəkildə qınayıb. İranda yaşayan ermənilər tərəfindən “Ararat” klubunda qaldırılan “Qarabağ Ermənistandır və Son” yazılı plakat isə İran rəsmilərinin erməni şıltaqlıqlarına göz yumduğunun əyani göstəricisidir.

Digər tərəfdən, İran qanunlarına əsasən, ölkə daxilində istər yerli vətəndaşlar, istərsə də xarici vətəndaşlar dinindən və inancından asılı olmayaraq, yerli qanunlara hörmətlə yanaşmalıdırlar. Hicab məsələsi də bu qanunların bir hissəsidir. Qanunun doğru olub-olmamasından asılı olmayaraq, İran daxilində bu qaydaların xarici ölkə vətəndaşları, yaxud etnik dini azlıqlar tərəfindən pozulması yolverilməzdir. Paşinyanın “Ararat” klubunun üzvləri qarşısında selfi çəkdirməsi, eləcə də böyük bir zalda toplanan İran vətəndaşları və xarici qonaqların hicabsız iştirak etməsi yerli qanunların kobud şəkildə pozulması deməkdir. İran dövlətinin buna göz yumması da erməni liderə yaltaqlanmaq kimi dəyərləndirilə bilər.

Qeyd edək ki, xarici qadın idmançıları İranda yarışlara qatılarkən mütləq şəkildə başlarını örtürlər, bu qaydanı qəbul etməyən isə oyunlarda iştirak edə bilmir. Həmçinin qadınların stadionlara girməsi məsələsi İranda ciddi narazılıqlarla qarşılansa da, İran rəsmiləri qanunun aliliyini nəzərə alaraq heç bir güzəştə getməyib. Bu selfidə də erməni qadınların böyük bir stadionda baş örtüsüz oturmalarına etinasız yanaşmaq haqlı olaraq insanlarda ayrı-seçkiliyə yol verildiyi şübhəsi yaradır.

İranda İslam Cəza Qanununun 141-ci maddəsinə əsasən, “hər kim ümumi yerlərdə haram işlərə əməl etsə cəzalandırılacaq”. Qanunun davamında deyilir: “Ümumi yerlərdə və başqalarının görə biləcəkləri məkanlarda qadınlar hicaba riayət etmədiyi təqdirdə cəzalandıralacaq”./Axar.az/
Geri qayıt