DataLife Engine > Siyasət, BLOK XƏBƏR > Azərbaycanda “Ukrayna senarisi”ni kim hazırlayır? –

Azərbaycanda “Ukrayna senarisi”ni kim hazırlayır? –


9-01-2019, 14:53. Yerləşdirdi: Tural Azərbaycanda “Ukrayna senarisi”ni kim hazırlayır? –



Mehman Hüseynov məsələsi Qərbin bəzi dairələrinin “insan haqları” ilə məşğul olan təmsilçiləri və bəzi “demokratiya carçılarının” Azərbaycana qarşı hərəkətə keçməsi üçün formalaşdırdığı fürsətdir.

Bu sözləri Axar.az-a açıqlamasında politoloq Tofiq Abbasov deyib. Politoloq bildirib ki, məhz buna görə də sözügedən qüvvələr ölkədə baş verən hər hansı mikro-hadisələrə makro-effekt verməyə çalışırlar:

“İstənilən ölkədə hansısa insidentlər baş verir və bu olduqca normal bir haldır. Eləcə də Mehman Hüseynovun həbsi sıravi bir insidentdir. Belə olan halda əsas düşündürücü məqam bu hadisənin hədsiz şişirdilməsidir. Aydın məsələdir ki, məqsəd heç də Mehman Hüseynovun azadlığı deyil. Bu məsələ Qərbin bəzi institutlarının “insan haqları” ilə məşğul olan təmsilçiləri və bəzi “demokratiya carçılarının” Azərbaycana qarşı hərəkətə keçməsi üçün fürsətdir. Əgər adi bir məsələ bu şəkildə qabardılırsa, demək, ortada öncədən hesablanmış planlar var. Təbii ki, söhbət ilk növbədə Azərbaycan dövlətinə, hakimiyyətinə təzyiq göstərməkdən gedir. Bu mənada Qərbin bəzi təsisatlarının Azərbaycan daxilindəki fəalları əməlli-başlı fəaliyyətə başlayıblar. Belə ki, “5-ci kolon”un fəalları hazırda müxtəlif kanallarla informasiyalar toplayaraq, Azərbaycana qarşı istifadə edilməsi və ölkə hakimiyyətinə təzyiq edilməsi üçün Qərbin sözügedən dairələrinə ötürürlər. Onlar arasında casusluq edən xüsusi agentlərin olması da istisna edilmir. Baxın, Qərb Ukraynanı dağıtdı. Bunun nəticəsində hazırda Poroşenko ölkəni idarə etməkdə çox acizdir, hakimiyyət xaos dövrünü yaşayır. Konstitusiyadan irəli gələn müddəlar dövlətin rəhbərinin dinə qarışmasını rədd edir. Ancaq nədənsə, demokratik Qərb təsisatlarının Ukraynada baş verənlərlə bağlı səsi çıxmır. Çünki Ukraynanın Rusiyaya qarşı getməsi birbaşa Qərbə sərf edir. Bu mənada Ukrayna Qərbin əlaltısı, saterliki rolunu oynayır. Görünür, Qərb indi də Azərbaycanı Ukrayna, Moldova və Gürcüstanın gününə salmaq istəyir. Həmin ölkələr inqilabdan sonra nə qazandılar? Bu dövlətlərə Qərbə inteqrasiya qarşılığında verilən vədlər və investisiyalar haradadır? Mehman Hüseynovun həbsinin bu qədər qabardılması və onun ətrafında yaradılan olaylar yalnız bir məqsədə xidmət edir. Hesab edirəm ki, Qərbin bəzi institutları eynilə Azərbaycanın da daxilində gedən bütün proseslərə yiylənib, ölkənin bazar və tranzitlərini ələ almaqla tez-tez dəyişilə biləcək qısa elitalar qurmaq və bu fonda onların imkanlarından öz məqsədləri naminə istifadə etmək məqsədi güdür”.

Politoloq hesab edir ki, bu baxımdan mətbuat da olduqca diqqətli olmalı, yersiz şişirtmələrə yol verməməlidir:

“Hər səs-küy salana, Mehmanın tərəfində çıxış edərək kiçik qığılcımı alova çevirənlərə tribuna verilməməlidir. Bu, bir tərəfdən həmin məsələ ətrafında uydurmalara, digər tərəfdən isə iqtidar-müxalifət qalmaqalına gətirib çıxarır. Bütün bunlar yolverilməzdir. Çünki dünya və qonşu dövlətlər Azərbaycanda baş verənləri diqqətlə izləyir. Bu gün ölkəmiz Cənub Qaz Dəhlizi kimi mühüm layihənin reallaşmasına imza atıb. Ona görə də kiçik bir problemi böyüdərək dünyaya Azərbaycanda insan haqlarının və azadlığının boğulduğuna dair car çəkənlər ilk növbədə Azərbaycanın beynəlxalq və tranzit imicinə zərbə vurduqlarını dərk etməlidir. Digər tərəfdən, bu tip məsələlərin hədsiz qabardılması və Mehmanın adından sui-istifadələr elə ilk növbədə onun vəziyyətini kəskinləşdirir”.
Geri qayıt