DataLife Engine > Siyasət, BLOK XƏBƏR, MANŞET > Novruz Məmmədov nazirlərə göstərişlər verdi

Novruz Məmmədov nazirlərə göstərişlər verdi


19-10-2018, 20:22. Yerləşdirdi: sefa Novruz Məmmədov nazirlərə göstərişlər verdi
Oktyabrın 19-da baş nazir Novruz Məmmədovun sədrliyi ilə “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il üçün iş planına” uyğun olaraq, Nazirlər Kabinetinin növbəti iclası keçirilib.

Xalqinfo.az xəbər verir ki, iclasda “Peşə təhsili müəssisələri şəbəkəsinin təşkili, idarə edilməsi və maliyyələşdirilməsinin təkmilləşdirilməsi ilə bağlı məsələlərin müzakirəsi üçün mövcud vəziyyət və qarşıda duran problemlər” və “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın həyata keçirilməsi ilə bağlı Fəaliyyət Planı”nın icra vəziyyəti müzakirə olunub.

N.Məmmədov bildirib ki, Strategiyada nəzərdə tutulmuş beş mühüm istiqamət müəyyən edilib, hədəflərə nail olmaq üçün təhsilin müxtəlif pillə və səviyyələrinə, o cümlədən peşə təhsili pilləsinə aid dövlət sənədləri qəbul olunub, qanunvericilik bazasının təkmilləşdirilməsi məqsədilə tədbirlər görülüb.

Bununla yanaşı, müzakirə olunan sahədəki mövcud problemlərə də toxunan Baş nazir bildirib ki, müasir çağırışlara cavab verən, əmək bazarının tələblərinə uyğun peşələr üzrə kadr hazırlığını təmin edən ixtisaslaşdırılmış peşə tədris mərkəzlərinin yaradılması xüsusilə önəmlidir.

Lakin peşə təhsili müəssisələri şəbəkəsinin optimallaşdırılması, yeni peşə təhsili mərkəzlərinin yaradılması bu tipli müəssisələrdə müasir tələblərə cavab verən maddi-texniki baza və təhsil şəraiti olmadan səmərə verə bilməz.

Bu baxımdan “Təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın əsas məqsədləri ölkədə ən yeni texnologiyalara əsaslanan infrastruktura malik, keyfiyyət nəticələrinə və əhatəliliyinə görə qabaqcıl mövqe tutan təhsil sistemini yaratmaq, Azərbaycanın təhsil sistemini iqtisadi cəhətdən dayanıqlı və dünyanın aparıcı təhsil sistemlərinin standartlarına uyğunlaşdırmaq, nəticə etibarı ilə ölkənin davamlı inkişafını təmin etməkdir.

Sonra gündəlikdə duran hər iki məsələyə dair təhsil naziri Ceyhun Bayramovun məruzələri dinlənilib.

Məruzələr ətrafında əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev, Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədr müavini Namiq Babayev, Nazirlər Kabinetinin şöbə müdiri Musa Ələkbərov və başqaları çıxış ediblər.

Ölkədə təhsilin inkişafı məsələlərinə dair aparılan ətraflı fikir mübadiləsindən sonra müzakirələrə yekun vuran baş nazir Novruz Məmmədov nəzərdə tutulmuş tapşırıqların icrası ilə əlaqədar müvafiq göstərişlər verib.
Geri qayıt