DataLife Engine > Siyasət > "Erməni işğalçılarını növbəti Aprel və Cünnüt şapalağı gözləyir" -

"Erməni işğalçılarını növbəti Aprel və Cünnüt şapalağı gözləyir" -


13-09-2018, 19:40. Yerləşdirdi: sefa "Erməni işğalçılarını növbəti Aprel və Cünnüt şapalağı gözləyir" -
İstər Nikol Paşinyanın Rusiyaya səfər zamanı sərsəm fikirlər söyləməsi, yəni, Qarabağı Ermənistanın tərkib hissəsi kimi görməsi, istər onun Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimin danışıqlar masasına gətirilməsi barədə iddiaları, istərsə də Ermənistanda keçirilən “Şant-2018” hərbi komanda-qərargah təlimləri çərçivəsində Ermənistan parlamentinin Azərbaycana qarşı müharibə elan etməsi ssenarisi yolverilməz və qəbuledilməz.

Bu, Ermənistanın işğalçı və təcavüzkar dövlət olmasının, eləcə də, millətçilik, şovinizm xəstəliyinə tutulmuş erməni siyasətçilərinin, Ermənistan liderlərinin avantüristliyinin, destruktivliyinin növbəti təsdiqi və etirafıdır. Bu, onu göstərir ki, Qarabağ münaqişəsi ilə bağlı Ermənistanda normal düşünə biləcək sağlam təfəkkürlü heç bir siyasətçi və dövlət adamı yoxdur.

Bunu Oxu.Az-a açıqlamasında millət vəkili, Azərbaycanın ATƏT Parlament Assambleyasındakı (PA) nümayəndə heyətinin uzun illər üzvü olmuş Eldar İbrahimov deyib.

O bildirib ki, bu gedişlə erməni siyasətçilərin və Ermənistan liderlərinin, siyasi rəhbərliyinin “sağalması” qeyri-mümkündür:

“Onlar nə danışdıqlarının, nə dediklərinin fərqinə varmırlar. Yaxın keçmişdə olanlardan da ibrət dərsi götürmürlər. Hər gələn özündən öncəkinin səhvlərini, xətalarını təkrarlayır, daha destruktiv, daha dağıdıcı, daha aqressiv mövqe sərgiləyir. Görünür, Nikol Paşinyan da koçaryanların, sarkisyanların yolu ilə getmək istəyir.

Onun özünü “demokrat” obrazında, “yeni nəsil, ağyaxalıqlı siyasətçi” qiyafəsində cəmiyyətə sırımaq, eləcə də, dünyaya təqdim etmək cəhdləri şirmadan, görüntüdən başqa bir şey deyil.

O, sadəcə, görüntü yaratmaq naminə cilddən-cildə girir. Amma mahiyyətcə hərbi canilər olan Koçaryandan və Sarkisyandan heç nə ilə fərqlənmir, bir çox hallarda avantüristliyi, qeyri-konstruktivliyi ilə onları belə geridə qoyur.

Ancaq o da, digər erməni siyasətçiləri, liderləri, siyasi hakimiyyət nümayəndələri də bilməlidirlər ki, bu cür mövqenin, bu cür addımların yaxşı sonu yoxdur. Həm də Azərbaycan kimsənin, xüsusilə də, Paşinyan kimilərinin qarşısından geri çəkiləcək, güzəştə gedəcək ölkə deyil. Bu gün Azərbaycan bütün sahələrdə və məsələlərdə Ermənistanla müqayisə olunmayacaq dərəcədə öndədir. Azərbaycan diktə olunan deyil, diktə edən tərəfdir.

Qarabağ münaqişəsi məhz Azərbaycanın istədiyi şəkildə həll olunmalıdır və olunacaq. Yaxşı olardı ki, erməni siyasətçiləri, Ermənistan rəhbərliyi də olmayan ağıllarını başlarını cəm eləyib, sülh, danışıqlar prosesində normal mövqe nümayiş etdirəydilər, ədalətli sülhə razı olaydılar.

Bu, onlar üçün, Ermənistan cəmiyyəti üçün həm də bir növ xilas, qurtuluş yolu olardı. Amma əgər onlar yenə xəstəhal şəkildə inadkarlıq edəcəklərsə, konstruktivliyə meyil etməyəcəklərsə, onda Azərbaycan bütün vasitələrdən istifadə etməklə, münaqişəni, nəhayət, öz xeyrinə bitirəcək.

Buna Azərbaycanın, Azərbaycan dövlətinin, Azərbaycan Ordusunun hər cür imkanı, gücü və qüdrəti yetir. Ermənilər Azərbaycan, Azərbaycan Ordusunun əlinin duzunu 2016-cı ilin Aprel zəfərində, o cümlədən, bu il Naxçıvanın Cünnüt kəndinin azad edilməsi əməliyyatında yaxşı görüblər. Onlar Azərbaycan və Azərbaycan Ordusunun nələrə qadir olduğunu yaxşı bilirlər və bilməlidirlər.

Odur ki, bu cür sərsəm, cəfəng və təxribat xarakterli addımlardan əl çəksinlər və danışıqlar prosesində konstruktiv mövqe nümayiş etdirsinlər. Azərbaycan Qarabağ məsələsində, torpaq, ərazi bütövlüyü məsələsində bir addım olsun belə güzəştə getməyəcək.

Danışıqlar prosesində separatçıların iştirakı da qeyri-mümkündür və Azərbaycan buna qəti şəkildə imkan verməyəcək, ermənilərin bu arzuları gözlərində qalacaq. Seçim etmək onlarındır. Ağılları varsa, nəhayət, düzgün seçim etsinlər. Yoxsa, onları növbəti Aprel və Cünnüt şapalağı gözləyir”.
Geri qayıt