DataLife Engine > Siyasət, BLOK XƏBƏR, MANŞET > “Məktəbin ən tərbiyəsiz sinifi biz olmuşuq” -İqbal Ağazadə

“Məktəbin ən tərbiyəsiz sinifi biz olmuşuq” -İqbal Ağazadə


7-11-2014, 16:10. Yerləşdirdi: Esi “Məktəbin ən tərbiyəsiz sinifi biz olmuşuq”  -İqbal Ağazadə"Xalqinfo.az" Ümid Partiyasının sədri İqbal Ağazadənin olke.az-a verdiyi müsahibəni təqdim edir:

- Mənə həmişə insanların həyatlarında baş verən bütün hadisələrin ilki maraqlı gəlir. Ona görə də, elə gəlin ilk qazandığınız puldan başlayaq. İlk dəfə öz pulunuzla nə almısınız?

- Vallah xatırlamıram, əslində maaş almazdan əvvəldən yaxşı pul qazandığım vaxtlar olub. Uşaq vaxtı yaxşı qumar oynamışam (gülür). Bundan da yaxşı pul qazanmışam. Buna görə də, ilk əmək haqqım mənim üçün elə də maraqlı olmayıb. Xüsusəndə məktəb vaxtları oynamışam, 5-6-cı siniflərdə oxuduğum illərdə. Oradan qazandığımı hara xərclədiyimi isə xatırlamıram, çünki o heç mənə maraqlı da deyildi.

- Məktəb illlərindən maraqlı xatirələriniz varmı?

- Sinfimiz çox maraqlı olub. Biz fars təmayüllü məktəbdə oxumuşuq və 3-cü sinifə qədər ən tərbiyəli sinif bizim sinif idi. Sinifimiz də olduqca səliqəli olurdu. Stolların üstündə süfrələr, qolumuzda qolçaqlar və.s. Sonrakı illərdə 4 fənn üzrə respublika olimpiadasının qalibi olmuşam. Hətta bir dəfə olimpiadanı baykot da etmişik. Heç birimiz olimpiadada iştirak etməmişik. İbtidai sinifi bitirdikdən sonra isə məktəbin ən tərbiyəsiz sinifi biz olmuşuq. Demək olar ki, məktəbdə ən yaxşı oxuyan sinif bizim sinif idi. İçimizdən 12 nəfəri medala namizəd idi. Təhsil səviyyəmiz yaxşı olsa da, məktəbin ən nadinc sinifi biz olmuşuq və o sinifin “vajak”larından birincisi də mən olmuşam (gülür). Dərslər əla, əxlaq isə kafi. Biz heç vaxt valideyn iclaslarını evdə demirdik, düşünürdük ki, evdə danlanılmaqdansa, qoy elə məktəbdə danlasınlar.

Bizim dövrlərdə sovet ideologiyası, Lenin, kommunist partiyası var idi və bizim yanaşmalarımız ona görə də, fərqli idi. Biz heç vaxt SSR-nin dağılmasını düşünmürdük, ay nə bilim gizli dərnəklər filan yaratmırdıq, amma milli haqq məsələsində çox həssas idik. Bizim bir rus dilli müəlliməmiz var idi, rəhmətlik Çebalina Anna Petrona o öz millətini həmişə qabardırdı və biz də ona qarşı hər zaman öz millətimizin xüsusiyyətlərini və öz keyfiyyətlərimizi qoruyurduq. Və yaxud da sinifimizdən birinin hər hansısa hərəkətinə, tərbiyyəsinə, buraxdığı nöqsanlara görə məktəbdən xaric etmək istəyəndə qətiyyən imkan vermirdik. Bizim rəhmətlik Bəşir müəllimimiz (tarix müəllimi) bir dəfə dedi ki, bilmirlər heç harda “zabastovka” etmək lazımdır. Mən ilk dəfə onda eşitdim o sözü. Biz də tarixdən oxumuşduq ki, fəhlələr, muzdlu işçilər “zabastovka” edirlər, ona görə də bu söz bizə çox maraqlı gəlmişdi, sən demə biz də "zabastovka" edirik (gülür).

Sinifimizdə oxuyan 27 uşaqdan demək olar ki, hamısı ali təhsil alıb. Düzdür, dünyasını dəyişənlər var, Allah onlara rəhmət etsin. Qarabağda dünyasını dəyişən var, o, təyyarəçi idi. 1991 oktyabr 29-da Xocalı üzərində vurulan təyyarədə pilot idi. Sinfimizlə indi də əlaqə saxlayırıq, mütəmadi görüşürük, əksəriyyəti ilə birlikdəyik. Aralarından bizim rayon şöbə sədri olanlar da var.

- Bəs yeniyetməlik illəri...

- Mən şərqşünaslıq fakültəsinə sənəd verdim. İki il konkursa düşdüm. O vaxt sovet dönəminin son illəri idi, mənə hər kəs deyirdi ki, bu fakültəyə elə-belə qəbul olmaq mümkün deyil, amma mən demişdim ki, mən mütləq bura daxil olacam. İki il sənəd verdim. Hər zaman xarici dildən əla qiymət almışam. Fars dilini mükəmməl bilirdim, indi də pis bilmirəm. Sonra getdim əsgərliyə, əsgərlik həyatım çox maraqlı oldu. Mənim üçün əsgərlik Qorkidən başladı ( indiki Nijni Novqorod) Sibirdə bitti. Keçmiş SSR-nin böyük əksər yerlərini gəzdik. Əsgərlikdən qayıtdıqdan sonra düşündüm ki, daha oxumayacam. Neynəyirəm oxumağı, evin son övladıyam, ev də var, eşik də var. Şofer işləməyə qərar verdim. Məni atam buna görə cəzalandırdı. Əsgərlikdən oktyabrda gəlmişdim, artıq dekabr ayının ortalarında atam anladı ki, mən oxumaq istəmirəm və mənə dedi ki, mən daha səni saxlamayacam, get işlə, nə vaxta qədər evdə yatacaqsan. Mən də dedim, yaxşı özümə iş tapacam, ancaq atam heç məni gözləmədi. Bir az keçəndən sonra su idarəsinə fəhlə düzəltdi. Səhər saat 5-də durmalı idim. Qonşumuz da həmin yerdə işləyirdi. Onunla birlikdə getməli idik. Ordan Füzuli rayonunun mərkəzindən Zəngilan rayonun Məmmədli kəndinə su çəkməli idik. Və üstü açıq maşın, dekabr, qış ayı...

Cəmi 2 ay işə getdim. Bizim iş icrasısı atamla yaxın idi. Atam ondan həmişə soruşurmuş ki, nəyə etiraz edirsə, onu mənə de. Mən ona bir dəfə demişdim ki, məni heç vaxt kiminsə qapısına işləməyə göndərmə. O vaxt bildiyiniz kimi Sovet dönəmi idi və fəhlələri onun-bunun qapısında işlətməyə göndərirdilər. Bir gün o mənə dedi ki, sən şəhərdə qalacaqsan. Dedim niyə? Dedi burda işləyəcəksiniz. Füzulinin düz rayon mərkəzində mənə dedi ki, buranı qazacaqsınız kanalizasiya çəkirik. Mən də rayonda gənclər arasında kifayət qədər tanınırdım. Və əlimə lom(ling) verdikdə içimdə bir qorxu yarandı ki, indi məni dostlardan kimsə görəcək. Saat təxminən 1 olardı, lomu atdım yerə taksiyə mindim gəldim evə. Atam məni gördü təəccübləndi, tez gəlməyimin səbəbini soruşanda mən dedim ki, daha işləmirəm, universitetə hazırlaşacam. Ondan sonra heç bir şey demədi. Ondan sonra birbaşa təhsilə yollandım.
Tələbəliyimin bir dövrü Qarabağda döyüşlərdə keçib. Üniversitet könüllülərinin komandiri olmuşam. Həddindən artıq keşməkeşli dövr olub. Bizim üniversitet dönəmimiz gecələri yatmamaq, küçələrə yığışmaq, istefa, 20 yanvar, Xocalı, o qədər hadisələrlə üst-üstə düşüb ki, heç mənim yadıma düşmür ki, biz nə vaxt oxuduq.

Tələbə yoldaşlarımla elə indi də çox sıx əlaqəmiz var. Bu yaxınlarda 20 illiyimizi qeyd etdik. Ayrıca sosial şəbəkədə qapalı qrupumuz var ki, orada daim əlaqə yaradırıq. Hamı bir-birini həddindən artıq çox istəyir.

- Demək o illərdə sevmək imkanınız olmadı... Bəs sonra? Bəlkə bir az da sevginizdən danışaq?

- Sevgi bilirsiniz nədir, gəlin sizə sevgini belə danışım. Siz deyə bilərsinizmi ki, bu gün həmin adamın əri qısqancdırmı, yoxsa yox. Mən danışım, bəs sonra onun taleyi necə olsun?

- Yox, ad çəkməyə ehtiyac yoxdur...

- Bəzən ad çəkmirsən, danışırsan və hamı bilir, hətta yanında olan da bilir ki, bu odur. Sevgi elə bir intim bir şeydir ki, o danışılanda artıq sevgi deyil, nağıldır, hekayədir. O belə bir hisdir ki, onu bölüşmək, onun məhrəmliyinə kölgə salmaq olmaz. Kim özünə məxsus olan oğlan, ya da qızı hamı ilə bölüşər ki, o hissləridi də bölüşsün? O hissləri hamı ilə bölüşmək, elə sevgilini bölüşmək kimi bir şeydir.

- Sizi nə üzər? Daha çox kədərlənməyinizə nə səbəb ola bilər?

- Kədər də xoşbəxtlik kimi anidir. Mən deyə bilərəm ki, filan şeyləri itirsəm kədərlənərəm, amma onu kədər sözü ifadə etməyəcək. Heç ağlamaq, üzülmək də. Bu sadəcə ruhi boşluq yarada bilər. Məni toylara çox dəvət edirlər. Bəzən dostlar, çevrə mənə deyir ki, əşi sən də hər toya gedirsən. Deyirəm baxın sadə bir şeydir. Mən az çox ictimai yükü, statusu olan adamam. Təsəvvür edin ki, ər-arvad birlikdə dəvətnamə yazır. Ər mənim adımı yazır, xanımı isə deyir ki, əşi onun adını niyə yazırsan, o onsuz da gələn deyil. Mən də əksər vaxtlarda bəy tərəfdən qonaq çağırılıram. Və təsəvvür edin mən getmədiyim an ər xanımının qarşısında necə sına bilər. Ona görə də, mən dəvət aldığım toylara 15-20 dəqiqəlik də varsa gedirəm. Bəzən məni birinin sınması da üzə bilər. Çox şeyə..."Ögey ana" filmində İsmayılın "Ana, Anacan" deməyinə hətta gözümdən yaş da axa bilər. Ola bilər ki, kimin üçünsə həmin səhnə artıq adiləşib, amma mən 50 dəfə də baxsam, yenə də həmin səhnədə gözümdən yaş axa bilər. Və yaxud da hamını dəhşətli dərəcədə kədərləndirən bir şeyi mən çox sakit qəbul edə bilərəm. Çalışıram ki, insanları üzməyim.

- Deyirlər bizim cəmiyyətdə qadın olmaq çətindir, bu fikirlə razısınız?

- Bizim cəmiyyətdə insan olaraq yaşamaq çətindir. Bilirsiniz dəyərlər bir müstəvidən, başqa müstəviyə keçir. Köhnələrlə, yenilərin mübarizəsi gedir, belə olanda yaşamaq çətin olur. Dünən adət dediyimiz dəyər, bu gün geridə qalmışlıq kimi qiymətləndirilir. Dünən mental dəyər dediyimiz bir şey, bu gün insanın xofuna çevrilir. Bu cür şeyləri nəzərə alaraq bu gün asandır yaşamaq demək özü məntiqsizdir. Qadınlar üçün onsuz da hər zaman çətin olub. Bilirsiniz, bir kişi 5 xanımla münasibətdə olsun, deyəcəklər yaxşı kişidir. Bir xanım 2 kişi ilə münasibətdə olsun ona cəmiyyət yarlıq yapışdıracaq-fərq budur. Mən hər zaman buna zarafatla bu cür izah verirəm. Məsələn bir açar 5 qfılı açırsa, çox yaxşı açardı, onu gəzdirməyə dəyər, yox əgər bir qfılı 5 açar açırsa, demək o qfılı qapıdan asmağın mənası yoxdur. Qadınla kişinin fərqi bundadır. Kişiləri xəyanətdə günahlandırırlar. Amma bizim elə tərəf müqabillərimiz də xanımlardır (gülür). Hər şey tarazlı şəkildə tərəflər arasında bölünür. Günah isə hər iki tərəf arasında bərabərdir. Təbiətdən yaranış var. Hər şey kişi orqanizmindən xaric olur. Kişi heç bir şeyi ruhuna, qanına, bədəninə daşımır, ancaq qadın hər bir şeyi qəbul edir. Təsadüfi deyil ki, Allah uşaq kimi məsum bir varlığı daşımaq qabilliyyətini qadına verib. Onu bakirə bir hiss kimi qəbul etdiyi üçün qadına verib. Məhz buna görə də qadın olaraq yaşamaq çətindir. Kişi üçün nə var ki, bəlkə də kişi bir az da təmizləndi, ancaq qadın üçün eyni sözləri demək olmaz. Təsəvvür edin kənarda olan bir şeyi həm də evinə gətirir, doğmalarının ruhuna qarışdırır. Buna görə də qadın üçün ağırdır. Ümumiyyətlə təkcə Azərbaycanda yox, dünyada qadın olmaq çətindi. Bəzən də xanımlar bu məsələni abartır. Lətifəsi xanımlardan uzaq dəvəquşu kimi qaçmaq gələndə qanadlarını, uçmaq gələndə ayalarını göstərirlər (gülür). Hər zaman qadın hüquqlarından danışırlar, ancaq bir şey dedikdə isə kişisən sən bunu et deyirlər (gülür) Qadınlar ya bərabər hüquqlu yaşamağı öyrənməli, ya da qadın kimi yaşamağı öyrənməlidirlər. Bunun ikisinin arasında qalıblar, seçim edə bilmirlər. Heç kişi üçün də bu cəmiyyətdə yaşamaq asan deyil. Heç kişini qoyurlar ki, kişi kimi də qalsın?

- Sizə görə vicdan anlayışı nədən ibarətdir?

- Bir dəfə dinlə bağlı mənə sual vermişdilər, demişdim ki, din mənim üçün inamdır, imandır, Allahla mənim aramda vicdan məsələsidir. Vicdan da belə bir şeydir. Vicdan İnsanın özünün özünə hesabatıdır. Vicdan insanın öz üzərində qurduğu məhkəmə, özünə verdiyi hökmüdür. Ən vicdansız insan belə özü ilə tək qaldıqda haqlı-haqsız olduğunu özü anlayır. Bax vicdan budur.

- Çoxmu vicdan əzabı çəkmisiniz?

- O qədər, mən Allah deyiləm ki. Yalan da danışmışam, insan da incitmişəm, haqsız da olmuşam. Çox olub belə şeylər. 45 il ömür yaşamışam, mən təbii ki, müqəddəs deyiləm, nə qədər günahlarım var. Bu günahların qarşısında vicdan əzabı çəkdiyim anlar çox olub. Peşiman olduğum anlar çox olub. Ancaq səhvimi anladığım an çalışıram onu həmin an düzəldim. Asanlıqla üzr də istəyə bilirəm və bunu böyüklük-kiçiklik kimi də qəbul etmirəm. Elə şeylər də var ki, bəzən gec olur, o zaman isə vicdan əzabı çəkməkdən başqa çarə olmur. Ta onu unudana qədər. Və yaxud da heç vaxt unutmursan. İnsan beyni komputer kimi bir şeydir, ola bilsin nə vaxtsa xatırladın. O insanın üstündə hər zaman qalır.

- Bir az bundan öncə dediniz ki, sizdən dinin nə olduğunu soruşublar siz cavabında vicdan demisiniz. Din demişkən son zamanlar sosial şəbəkələrdə ateistlər tərəfindən İslam dini ciddi tənqid olunur. Bu mövzuya, bu cür yanaşma sizcə doğrudur?

- Ateistlər yaxın Şərqdə, xüsusəndə İslam dünyasında baş verən hadisələrə görə, bir az haqlı çıxmış kimi görünürlər və bir az ayaqları yer almış kimidir. İŞİD-in İslam adı altında fəaliyyəti və qəddarlıqları, bütövlükdə İslam dünyasından cərəyan edən hadisələr, Allahu Əkbər deyərək göydən bomba yağdırmaq, baş kəsmək İslama zidd olan bir hadisələrdir ki, nəticədə dinə, Allaha inanmayanlar vəziyyətdən istifadə etməyə çalışırlar, halbuki onlar din deyil, təşkilatlardır və baş verənlər təşkilatların mənafeyidir.

Ona görə də allahsız olanlar allahsızlığın üzərində ayaq açır, çünki İslamın şəklini dəyişirlər. Təşkilatların dinə aidiyyatı yoxdur, onlar maraqlar uğrunda vuruşur. Bəzi cahil insanlar da bunu dinin siması kimi görürlər. Heç dindar insanların böyük əksəriyyəti mən dindaram deyib, qışqırmır ki... Hə, bir də var dünyanın maddiliyinə daha çox inananlar. Mən onları da qınamıram. Ümumiyyətlə qınaq anlayışı mənə yaddır. Mən yaşam tərzi, düşüncə tərzi, inanclara görə insanları heç vaxt qınamaram, ancaq səbəblərini axtararam ki, insanlar bu şəkildə niyə yaşayır. Ümumilikdə qınaq anlayışı toplum mənafeyi üçün yaxşıdır. Toplum mənafeyini isə bizimkilər yaxşı dərk etmir. Bu gün küçəyə çıxın və sorğu keçirin ki, biri bədənini satır, digəri isə oğurluq edir. Sizcə hansı yaxşı adamdır?... Sorğuda iştirak edənlərin 90%-i deyəcək ki, oğurluq edən. Ancaq burda bir adam özünə məxsus olanı satır, digəri isə başqasına məxsus olanı oğurlayır. Biri özünə, digəri isə başqasına zərər vurur.

- Əxlaqsızlıq nə deməkdir? Ümumilikdə bu anlayış təsəvvürünüzdə necə canlanır?

- Əxlaq anlayışı dedikdə hamı yaşam anlayışı başa düşür. Əxlaqsızlıq insanların üzünə yalan deməkdir. İnsanları aldatmaq, vəzifəndən sui-istifadə etmək, topluma zərər vura biləcək hərəkətlərdir. Şəxsi həyatın əxlaqla əlaqəsi yoxdur. Bizdə bəzi tendensiyalar qarışıb, cəmiyyətdə dəyərlər yerində deyil, dəyərlərə baxış sistemi dəyişməlidir. Ən başdan uşaqlar düzgün tərbiyə olunmalıdır. Bizdə uşaqlara haqq və hüquqla bağlı biliklər öyrədilməkdənsə, "müəllim nə deyir, onu eşit" deyirlər. Bir adam, bir valideyn demir ki, insan ol, hüquqlarını müdafiə et, bu cür şəxsiyyətlər yetişdirilmir. Cəmiyyətin problemi bundadır. Bizi tərbiyə edən mühit zaman-zaman dəyişməlidir.

- Sonuncu dəfə nə vaxt mühakimə olunmusunuz?

- Hər gün mühakimə olunuram. Bu mövzuda hər zaman da Həzrət Əlinin hədisindən misal gətirmişəm. İstərdim ki, bunu sizin vasitənizlə bir də səsləndirim.

- Buyurun...

- Bir gün Həzrət Əliyə deyirlər ki, filankəs səni çox möhkəm söydü. Həzrət Əli bundan xəbər tutandan sonra yollanır həmin adamın yanına və deyir: Mən gəlmişəm səndən üzr istəməyə.
Təhqir edən təəccüblənir və səbəbini soruşur.

Həzrət Əli deyir ki: "günah səndə deyil, günah məndədir, çünki mən sənə özümü düzgün tanıtmamışam. Əgər belə olmasaydı sən mənim haqqımda belə fikirləşməzdin. Bunun günahı məndədir".
Əgər kimsə məni mühakimə edirsə, demək məni tam olaraq tanımır. Mən bu məmləkətin nə qədər qəhrəmanı, nə qədər xaini, nə qədər satqını olmuşam. Mən bunlara öyrəşmişəm. Ona görə də, bunlara fikir vermədən yoluma davam edirəm.

- Mühakimə demişkən. Xatırlayırsınızsa, parlamentdə çıxışınız zamanı girovlarla bağlı səsləndirdiyiniz fikir ziyalılar, eləcə də həmkarlarınız tərəfindən mühakiməyə, tənqidə səbəb oldu. Təklifinizin yanlış olmasını sonradan qəbul etdinizmi, yoxsa ümumiyyətlə səslənən fikirlərlə razı deyilsiniz?

- Qətiyyən razı deyiləm. Mənim onlara siz yanlış düşünürsünüz demək haqqım yoxdur. Onların biri hüququ, biri siyasəti, biri Ermənistan-Azərbaycan münaqişəsinin xarakteri və dünyada tanıdılma istiqamətini bilmir. Ona görə də, fikrini bu cür ifadə edir. Ancaq mən ki, onu proseslərə açıq gözlə baxan və prosesləri bilən adam kimi demişəm. Məni ittiham edirlər ki, hüquqi nöqteyi həmin adamları müdafiə etmək Dağlıq Qarabağı tanımaqdır. Mən sual verirəm, siz nədən bildiniz ki, mən onların hüquqlarını Cinayət Prosessual Məcəlləsinin tələblərinə uyğun müdafiə edirəm? Mən çıxışımda bir ştrix qeyd etdim ki, bu müdafiəni siyasi yönümə yönləndirmək lazımdır. Onu isə siyasi adam kimi mən edə bilərəm. Gəlin, ittihama siyasi nəzər salaq. Ümumilikdə mövcud olmayan bir dövlətin sərhətlərinin pozulması nə dərəcədə düzdür? Olmayan bir dövlətin ərazisində hansı terrordan söhbət gedə bilər? və.s Çox qəribədir ki, bu çıxışı populist çıxış adlandırdılar. Mən doğrudan da, tam səmimi deyirəm ki, heç taleyimi düşünmədən, başıma gələcək hər hansısa bir hadisədən qorxmadan ora gedərəm. İnsanlar bəzən baxışlarının pəncərəsindən çıxış edirlər və unudurlar ki, bir başqa da pəncərə var. Ona görə də, heç vaxt heç kimin baxış və pəncərəsini qınamaq olmaz. Kim hansı pəncərədən baxırsa, hadisələrə də o cür qiymət verir.

- Deyirlər ki, növbəti parlament seçkilərində bir çox millət vəkili mandatını itirəcək. Sizcə, mandatını itirəcək millət vəkilləri sırasında siz də ola bilərsiniz?

- Vallah, bu seçicilərdən, seçicilərin mənə münasibətindən asılıdır. İkincisi hakimiyyətin siyasi proseslərə, siyasi partiyalara münasibətindən, seçkinin demokratikliyindən asılıdır.

- Sizcə, seçicilərin inamını qazana bilmisiniz?

- Onu artıq seçicilərimdən soruşun. 44000 seçicinin adından danışa bilmərəm. Onu doğru ancaq onlar cavablandıra bilərlər.

- Ümumilikdə mandatınızı itirmiş olsanız, bu sizin həyat tərzinizə hər hansısa təsir göstərmiş olacaqmı?

- Mən anadan mandatlı doğulmamışdım ki. Mənim dəyərlərim və prinsiplərim var. Hər zaman da bu dəyər və prinsiplərə uyğun yaşayıram. Statusuma görə geyimimi, münasibətimi, həyata baxışımı formalaşdırmamışam. Mən düşüncəmə, ağlıma, insanlığıma görə formalaşdırmışam. Çoxlarından fərqli olaraq Vətəni başqa cür sevirəm. Mənə görə Vətən sevgisi dağı, daşı, meşəni sevmək deyil. Hərdən dostlarıma da deyirəm ki, əgər dağ, meşəyə görə, bu məmləkəti sevirsənsə, bundan da gözəl meşələrə rast gələ bilərsən. Mən bu məmləkəti insanına görə sevirəm. Bu yerin insanları mənə başqa yerlərin insanlarından daha çox doğmadır. Bu yerlər mənə dili, nəfəsi, baxışı, musiqisi, mədəniyyəti, mətbəxi, adət-ənənələri ilə doğmadır. Və coğrafiyanı mənə doğmalarım sevdirir.

- Düşüncələrinizə, dediklərinizə çoxmu məhdudiyyət qoyursunuz?

- Mən ümumiyyətlə sərhədli adamam, çünki sərhədsizlik itki ilə nəticələnə bilir. Bəzən qarşında çox gözəl bir xanım əyləşir və sən düşündüklərinin hamısını desən ya xanım qaçasıdır, ya da elə özün başını götürüb getməli olacaqsan. Ona görə də hökmən sərhəd olmalıdır.

- Sizi müasir hesab etmək olar?

- Mən adamam. Hər halda ötən əsrdən qalmamışam, amma mənim də adətlərim, baxış bucağım var. Məni sevənlər mənim pəncərəmdən görünməyi istəyərlər ki, mən də bunu qiymətləndirirəm.

- İlk öpüşünüzü xatırlayırsınız?

- Niyə xatırlamıram ki… 6-cı sinifdə oxuyurdum, detallarını danışmasam da, çox təsadüfü halda olmuşdu. Xanım məndən çox böyük idi. O xanımla illər keçəndən sonra 2002-ci ildə ( 2002-ci ildə artıq onun 60 yaşı olardı) bir yerdə liftin qarşısında rastlaşdıq və mən xanımı dərhal tanıdım. Artıq süpürgəçi işləyirdi, liftin düyməsini basdıq, lift açılanda bizim birinci keçməmizi istədi, ancaq mən ona adı ilə müraciət edib, buyurun keçin dedim. Məndən onu hardan tanıdığımı soruşdu. Mən isə ona dedim ki, sizi hardan tanıdığımı deyib, sizi incidə bilmərəm. Bəlkə də siz məni heç xatırlamayacaqsınız, amma mən sizi bir ömür xatırlayacam. Və o, mənim kim olduğumu bilmədi, çünki bunu deməklə onun ruhunu incidə bilərdim.

- Nəyə görə bəylər o yaşlarda olanda özlərindən böyük qadınlara qarşı daha maraqlı olurlar?

- Bioloji bir şeydir. Əslində oğlanlar özlərindən böyüklərə heç vaxt meyl etmirlər, bu çox təsadüfü alına bilər. Bütün hallarda özlərindən kiçiklərə meyl edirlər. Adi məktəb dönəmindən qızlar özlərini yuxarı, oğlanlar isə aşağı siniflərə nəzər salır. Bu hələ ilkin mərhələdir. 25 yaşdan sonra isə bütün yaşlar bərabərləşir. Bircə fərq emosiyalarda qalır. Bəzən bir xanımı özündən çox böyük bir bəylə münasibətinə görə qınayırlar. Ancaq görünən odur ki, artıq onların emosiyaları və baxışları bərabərləşib. Əksər insanlar o yaşda bərabərləşir. Bu məsələlər bir az qəlizdi. Əslində yaş heç nəyi dəyişmir. Bəzi şeylər var ki, onları danışmağa ehtiyyac olmur və insan onları gözlə görür.

- Sizə görə ölüm nədir?

- Mənə görə ölüm çox ağır şeydir. Ola bilsin özümü ovutmaq üçün ölüm haqdır deyə bilərəm, amma heç ölümü sevmirəm. Düzdür ölümü guya kim sevir ki...Ölüm bir az qorxuludur. Yarımçıq arzular, qoyub getdiklərin, yaşaya bilmədiklərin, ən çox da yaşaya bilmədiklərin. İnsanın hər bir yaşında inamı var ki, mən bunu yaşayacam. Musa Yaqubun gözəl şeiri var, deyir ki:

Bu nə gözəllikdir küçədən keçir,
Elə bil işıqdır gecədən keçir.
Onu kim yaradıb, harda yaradıb,
Harda sığallanıb, harda daranıb.
Gözəl, bircə dəfə bax mən tərəfə,
Demə, baxışlarım ötürdü səni,
Gözümün aynası götürdü səni,
Qalacaq aynamda bu göz, bu baxış,
Nə yaxşı bu təzə gözəlliyə də,
Baxmağa gözümün qisməti varmış.

İnsan öləndə bilir ki, bütün bunlar onsuz qalacaq və mən ölməkdən yox, dünyanın mənsiz qalacağından qorxuram. Mənsizliyə neçə nəfər dözməyə bilər, mənsizlikdən neçə nəfər əziyyət çəkəcək bunlar çox maraqlıdır. Məndən sonra mənsizliyin əziyyətini çəkən nə qədər adam ola bilər...O çətin şeydir.

- Ən çox sizi nə xoşbəxt edə bilər?

- Məni sevgidən böyük heç nə xoşbəxt edə bilməz. Mənim üçün sevgi hər şeydir. Təbii ki, bu sevgi çoxunun düşündüyü dar mənada olan sevgi deyil, sevgi hər şeydir. Ona görə də istəyirəm ki, ətrafımda olan hər kəsin içində, ruhunda sevgi olsun. Sevgi insanı pozitiv, xoşgörünüşlü edir. Sevgisi olan insandan pislik gözləmə. Onlarda kin, nifrət, qisas hissi olmur. Ona görə də, məni tək xoşbəxt edən şey sevgidir.

- Ayrılıqlar sizin üçün nə deməkdir?

- Mən heç kimdən ayrılmıram. Düşünmürəm ki, kimdənsə ayrılmışam. Bir-birimizin həyatında statuslar, məsafələr dəyişə bilər, amma niyə, nədən ötrü ayrılmalıyıq ki?...İnsan münasibəti belə bir şeydir ki, bir yerdə dost, bir yerdə iş yoldaşı, bir yerdə yol yoldaşı ola bilirsən. Gərək sən onu düzgün seçəsən, ola bilməz ki, bir adam sənə heç bir yerdə yaramasın. Sən onu seçib doğru yerə qoymalısan. İnsan itirmək elə də asan deyil. Ona görə də, kimisə itirdiyim yadıma düşmür. Statuslar dəyişsə də, amma münasibətlər qalır.
Geri qayıt