DataLife Engine > Siyasət > Yıldırımın Naxçıvandan İrəvanı qorxuya salan mesajı

Yıldırımın Naxçıvandan İrəvanı qorxuya salan mesajı


21-12-2017, 17:22. Yerləşdirdi: sefa Yıldırımın Naxçıvandan İrəvanı qorxuya salan mesajıTürkiyənin Baş naziri Binəli Yıldırımın ən mühüm bölgəmizə səfəri əsnasında 100 il bundan öncə imzalanan tarixi Qars müqaviləsinin xatırlanması və istənilən real situasiyada addımların atıla biləcəyinə işarə olunması bizim üçün çox önəmlidir.

Bunu Axar.az-a Türkiyənin Baş naziri Binəli Yıldırımın Naxçıvana səfərini şərh edən millət vəkili Zahid Oruc deyib. Millət vəkili sözügedən səfərin böyük siyasi və iqtisadi əhəmiyyətli hadisə olduğunu vurğulayıb:

“Hazırkı regional kontekstdə səfərin təhlükəsizlik aspektini bu iki amildən daha önə qoyardım. Əslində, bu bölgənin geosiyasətinə diqqət yetirsək, görərik ki, Ermənistan uzun illər Dağlıq Qarabağ vasitəsilə Azərbaycanın siyasi inikişafı yolunda böyük buxovlar yaratmağa çalışıb. Məqsəd əlbəttə ki, ölkəmizin xarici əlaqələrini məhdudlaşdırmaq, daxili sabitliyə zərbə vurmaqla investisiyaları Azərbaycandan kənar salmaq idi. Ərazilərmizin işğal edilməsi azmış kimi, Dağlıq Qarabağ vasitəsilə hər zaman müxtəlif xarakterli zərbələr almışıq. Ancaq Azərbaycan dövlət başçısı Türkiyə rəhbərliyini inandıra bilib ki, Naxçıvanla əlaqələrin güclənməsi Ermənistanın bölgədəki təxribatlarının qarşısının alınması üçün çox mühüm bir həlqədir. Yəni Qarabağla bağlı planlara Naxçıvan vasitəsi ilə cavab vermək mümkündür. Bu, dövlətin resurslarını genişləndirmək deməkdir. Türkiyə baş nazirinin Naxçıvana ilk səfəri və orada verilən mühüm siyasi mesajlar göstərir ki, Türkiyə də Naxçıvanın strateji önəmini qəbul edir və bu yöndə mühüm addımlar atır.

İkincisi, iqtisadi cəhətdən Naxçıvan həmişə Azərbaycanın büdcəsindən asılı olub. Açığı, lokal bir ərazini bütün beynəlxalq daşımaların və iqtisadi əlaqələrin mərkəzinə çevirmək çox çətindir. Lakin 30 oktyabrda Bakı-Tiflis-Qars dəmiryolu xəttinin açılışından bir gün öncə Türkiyə lideri Naxçıvandan gələn məhsullara tətbiq olunan gömrük rüsumlarını ləğv etdi. 150 milyon dollara qədər mal üçün kvotanın verilməsi ilə Türkiyə sanki Naxçıvan iqtisadiyyatına dolayı yollarla investisiya qoymuş oldu”.

Millət vəkilinin fikrincə, region gücləndiyi təqdirdə bu, təkcə Azərbaycan üçün deyil, uzun illər Türkiyənin baş ağırısına çevrilən İrəvanın siyasəti qarşısında da mühüm bir bənd rolunda çıxış edəcək:

“Son aylar erməni mediasında bu sual çox kultivasiya olunur: “Türkiyə Naxçıvan vasitəsilə Ermənistana hücum çəkmək istəyir? Bu tezislərin Ermənistan Prezident Administrasiyasından qaynaqlandığına şübhə yeri yoxdur. Deməli, bu qorxu və həyəcan elementləri erməni elitasının özündə var. Naxçıvanı az qala Rusiya ilə Türkiyənin toqquşma məkanı kimi göstərməyə çalışsalar da, bu reallaşmır. Türkiyənin Baş naziri Binəli Yıldırımın Naxçıvana səfəri əsnasında ən mühüm bölgəmizdə 100 il bundan öncə imzalanan tarixi Qars müqaviləsinin xatırlanması və istənilən real situasiyada addımların atıla biləcəyinə işarə olunması bizim üçün çox önəmlidir. Ən əsası isə Azərbaycanın – Naxçıvandan cəmi 62 kilometr məsafədə yerləşən İrəvana hansı istiqamətdə zərbə vura biləcəyi və Gümrüdəki bazanın burada nə kimi rol oyana biləcəyi ilə bağlı məsələlərin həllini tapdığına şübhə yoxdur. Səfər zamanı verilən bəyanatlar gələcəkdə müştərək olaraq Türkiyə və Azərbaycan üçün Naxçıvanı birləşdirici körpüyə çevirəcək. Şübhəsiz ki, bu, Prezident İlham Əliyevlə Rəcəb Tayyib Ərdoğan arasında imzalanan mühüm razılaşmaların nəticəsidir”.
Geri qayıt