DataLife Engine > Siyasət > Talassemiya Mərkəzinə publik hüquqi şəxs statusu verildi

Talassemiya Mərkəzinə publik hüquqi şəxs statusu verildi


6-12-2017, 19:02. Yerləşdirdi: sefa Talassemiya Mərkəzinə publik hüquqi şəxs statusu verildi
Azərbaycan prezidenti İlham Əliyev Səhiyyə Nazirliyinin tabeliyində Talassemiya Mərkəzinin yaradılması haqqında fərman imzalayıb.

Xalqinfo.az Report-a istinadən xəbər verir ki, fərmanla Səhiyyə Nazirliyinin “Respublika Talassemiya Mərkəzi” əsasında Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tabeliyində publik hüquqi şəxs statuslu Talassemiya Mərkəzi yaradılıb.

Mərkəzin saxlanılması və fəaliyyətinin təmin edilməsi dövlət büdcəsindən ayırmalar, fəaliyyət istiqamətlərinə uyğun olaraq görülən işlərdən, göstərilən xidmətlərdən əldə edilən daxilolmalar, ianələr, qrantlar və nizamnaməsində müəyyən edilmiş digər mənbələrdən daxil olan vəsaitlər hesabına həyata keçirilir.

Mərkəzdə 3 nəfərdən ibarət Müşahidə Şurası yaradılır.

Mərkəzin Müşahidə Şurasının sədrini və digər üzvlərini Azərbaycan Respublikasının səhiyyə naziri vəzifəyə təyin və vəzifədən azad edir.

Mərkəzin fəaliyyətinə cari rəhbərliyi Müşahidə Şurası tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən İcraçı direktor həyata keçirir.

Mərkəzin yenidən təşkil və ləğv edilməsi və icra orqanının yaradılması prezidentə həvalə edilib.

Nazirlər Kabinetinə prezidentin aktlarının bu fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb prezidentə təqdim etmək tapşırılıb.

Nazirlər Kabineti Mərkəz dövlət qeydiyyatına alındığı gündən Səhiyyə Nazirliyinin “Respublika Talassemiya Mərkəzi”nin balansındakı əmlakın Mərkəzin balansına verilməsini bir ay müddətində təmin edəcək.

Səhiyyə Nazirliyinə Mərkəzin nizamnaməsini Azərbaycan prezidenti ilə razılaşdırmaqla təsdiq edilməsi tapşırılıb.

Nazirlik Mərkəzin strukturunu təsdiq edəcək.
Geri qayıt