DataLife Engine > Siyasət, BLOK XƏBƏR, MANŞET > “Bizim müxalifət kitabsızdır” - Sahib Kərimli

“Bizim müxalifət kitabsızdır” - Sahib Kərimli


22-08-2017, 09:15. Yerləşdirdi: sefa “Bizim müxalifət kitabsızdır” - Sahib Kərimli
AXCP sədrliyinə sabiq namizəd Əli Kərimlini tərəfdarlarını aldatmaqda suçladı; “Ona imkan verməyəcəm, qarşısında duracam”

Xalqinfo.az AXCP sədrliyinə keçmiş namizəd, aylar öncə partiya sıralarından xaric olunan politoloq Sahib Kərimlinin “Yeni Müsavat”a verdiyi müsahibəni təqdim edir.

- Sahib bəy, son aylarda demək olar siyasi arenada yoxsunuz...

- Burada təbii ki, yay fəslinin də təsiri var. Amma şəxsi işlərim də burada rol oynayır. Siyasətdə fasilə götürərkən qeyd etmişdim ki, kənd təsərrüfatı ilə bağlı müəyyən layihələrim var, onun icrası ilə məşğul olacam. Son dönəmdə də o işlərlə bağlı gərgin işləyirik. Çalışırıq ki, yeniliklər tətbiq edək. Bu mənada xeyli müddətdir siyasi proseslərdən kənarda görünürəm. Amma ümumən gündəmi izləyirəm. Ara-sıra mövqelərimi də ifadə edirəm.

- Hazırkı müxalifət düşərgəsinin fəaliyyətini necə dəyərləndirirsiz?

- Müxalifət yoxdur. Yanlış idarəetmə gətirib bu vəziyyətə çıxardı. Hazırda Azərbaycan müxalifəti ölkə gündəmində deyil. Sadəcə, 1-2 səs var. Onlar da ictimai rəy formalaşdırma qabiliyyətindən məhrumdurlar. Ölkə gündəminə və hakimiyyətin fəaliyyətinə təsiretmə imkanları məhduddur. Bütün bunların da ənənəvi səbəbləri var. Bunlardan biri müxalif liderlərin yanlış idarəetmələrinin və yanlış siyasətlərinin olmasıdır.

- Müxalif liderlər tezliklə fəallaşmanın olacağını deyirlər, 2018-ci ilə köklənirlər. Bəlkə gələnilki prezident seçkilərini gözləyirlər?

- Qısa zamanda toparlanıb hakimiyyətə ciddi alternativ olmaq real görünmür. Siyasətdə fors-major hadisələrə arxayın olub, nəyəsə ümid etmək, xarici güclərin ölkədə sabitliyi pozacağına arxayın olmaq, ona ümid etmək olduqca yanlış bir taktikadır. İllər uzunu müxalifət bu taktikadan istifadə edib. Nəticədə şəffaf idarəçilik olmayıb. Bizim müxalifət kitabsız müxalifətdir. Ortaya sistemli fəaliyyət qoya bilmirlər, komanda formalaşdırmaqda acizdirlər, hakimiyyətə alternativ olaraq cəmiyyətə güc göstərə bilmirlər. Proqramları, komandaları, təklifləri də yoxdur. Sistemsiz, konsepsiyasız, dağınıq fəaliyyət göstərirlər. Hakimiyyətin səhvlərini tənqid etməklə işini bitmiş hesab edən bir müxalifət uzağa gedə bilməz.

- Mövcud durum onu deməyə əsas verirmi ki, 14 aydan sonrakı seçkilərdə müxalifət ədalətli şəkildə uduzacaq...

- Görünən odur ki, müxalifət ölkə gündəmini dəyişdirəcək gücə sahib deyil. Hakimiyyəti nəyəsə məcbur etmək gücünün olmadığını yaxşı bilir. Elementar təsir imkanları məhdud olan bir müxalifətin prezident seçkiləri kimi əhəmiyyətli prosesdə nəticə əldə etməsi bəri başdan şübhəli görünür.

- AXCP-nin son qurultayında sədr Əli Kərimliyə 2018-ci ilə qədər vaxt qoydunuz. Artıq o ilə çox az qaldı...

- Əli Kərimliyə 2018-ci ilə qədər vaxt tanıdıq. Bu müddətdə sıravi üzv kimi 15 yaşımdan üzvü olduğum bir təşkilatdan məni qeyri-qanuni yollarla, saxta protokolla xaric etdilər. Əli Kərimlinin cəsarəti çatmadı ki, ona qurultayda alternativ olmuş, 2018-ci ilə qədər vaxt qoymuş bir şəxsi partiyada saxlasın. Nəinki buna cəsarəti, siyasi mədəniyyəti çatmadı, ən dəhşətlisi budur ki, adam ictimai rəydən də çəkinmədi. Bilir ki, ölkədə ictimai rəy yoxdur. Fikir verin, hakimiyyət də AXCP-nin son qurultayı ilə bağlı məsələnin üstünə gəlmir. Başqa alternativ yollarla qurultay təşkil edənlərə geninə-boluna şərait yaradılır, onlar tanıdılır. Qurultayda israrla gizli səsvermə tələbimiz qəbul olunmadı. Hələ də heç bir hakimiyyət sözçüsü Əli Kərimliyə qarşı bu amili siyasi kart kimi önə atmır. Halbuki Kərimli onları seçki saxtakarlığında ittiham edir. Hakimiyyətdən heç kim indiyə qədər Kərimlinin bu saxtakarlığını üzünə çırpmır. Ona ən yaxşı cavab partiyasında seçkiləri düzgün keçirmədiyinə görə onu tənqid etmək olardı. Bunun olmaması mənə çox qəribə gəlir. Burada ən əhəmiyyətli görünən odur ki, hakimiyyətə Əli Kərimlinin bir nömrəli alternativ olması sərf edir. İqtidar çox yaxşı bilir ki, adam illərdir əsaslı müxalif partiyanın rəhbəridir, bu zamana kimi uğur qazanmayıb. Durmadan hakimiyyət 1992-93-cü il hakimiyyətinin uğursuzluqlarını sadalayır. Durmadan da uğursuz hakimiyyətin nümayəndələri kimi bunları göstərirlər. Cəmiyyətə də o mesajı verirlər ki, bir dəfə bunlar hakimiyyətə gəliblər, görmüsünüz. Əli Kərimli qəbul etmir ki, cəbhəçilik siyasi brenddir, cəbhəçilər bu ölkədə müstəqilliyin qazanılmasında müstəsna rol oynayıblar, hazırda da AXCP mövcuddur və cəbhəçilər cəmiyyətdə əsas gücdürlər. Hakimiyyətin onlarla bağlı ittihamlarını yox etmək üçün Kərimli anlamadı ki, demokratiyanın, siyasi mədəniyyətin tələbi olaraq iddiasından geri çəkilməli, gənclərin yolunu açmalıdır.

- Qeyd etdiyiniz amildən nə üçün yararlana bilmirsiniz?

“Müxalifətin prezident seçkiləri kimi əhəmiyyətli prosesdə nəticə əldə etməsi bəri başdan şübhəli görünür”

- Hakimiyyət o zaman 1992-93-cü illərin ağır yükünü çiyinlərində daşımayan insanları ittiham edə bilməz. Bu mənada siyasi mədəniyyət tələb edir ki, iddiandan geri çəkiləsən. Çox təəssüf ki, Əli Kərimli bu addımı atmaq gücündə olmadı. 3-4 prezident və parlament seçkilərini yola verməsinə baxmayaraq, adam yenə qurultayda namizəd oldu, alternativə qarşı ciddi basqılar formalaşdırdı, gizli səsvermədən çəkindi. Sual oluna bilər ki, o, niyə gizli səsvermədən çəkindi? Çünki heç kimə, heç bir cəbhəçi yoldaşına da inanmır. Əgər inansaydı, bu riskə gedərdi. Bu gün aktual olmasa da, Əli Kərimlinin siyasi karyerasına alternativinə qarşı gizli səsvermədən qaçan bir siyasətçi kimi yazılıb. Nə zamansa bu onun qarşısında ciddi maneə olacaq. Norveçin Azərbaycanda çox məşhur bir səfiri var idi, Steynar Gil. İllər öncə o, Əli Kərimlinin hələ də AXCP-yə rəhbərlik etməsini təəccüblə qarşılamışdı. Kərimli mübarizəni daim fərdiləşdirmək yolunu seçir. Son müsahibələrinə baxın, siyasi məhbuslarla bağlı danışanda müavinlərim, müşavirlərim, partiyadaşım ifadələrini işlədir. Sanki bu partiya ona məxsusdur. Niyə müxalifətdə Əli Kərimli proseslərdə daim bir addım öndə görünür? Çünki alternativlərini müxtəlif şər-böhtan kampaniyaları ilə ləkələyib. Azərbaycanda siyasi gündəmi izləməyən daxildə və xaricdə xeyli sayda azərbaycanlı var. İnternet vasitəsilə ölkədəki siyasi vəziyyəti izləmək imkanı əldə edirlər.

Ölkədə ciddi elektorat var ki, iqtidardan narazıdır. Hakimiyyəti ən kəskin ifadələrlə tənqid, bəzən də təhqir edən siyasətçi həmin vətəndaşların qəlbindən haradasa tikan çıxarır. Əli Kərimli əslində Azərbaycanda protest elektoratı aldatmaqla məşğuldur. Özündə nə zamansa Əbülfəz Elçibəyə qarşı alternativ olmaq imkanı əldə edib, paralel strukturlar yaradıb, partiya daxilində təşkilatlanıb. Amma bunlara baxmayaraq, Elçibəy onu və digər siyasətçiləri vitrinə çıxardı. Qərb ölkələrinin səfirlikləri vaxtaşırı ziyafətlər, tədbirlər təşkil edirlər. AXCP o tədbirlərdə yalnız Əli Kərimli ilə təmsil olunub. Kərimli Elçibəydən fərqli olaraq, özündən başqa heç bir şəxsin önünə imkanlar açmayıb. O, ilk növbədə, qeyri-şəffaf siyasətçidir. Yaxınlarda hakimiyyətin ən korrupsioner məmurlarından biri olan Əli Həsənovla bağlı siyasi gündəm formalaşdı. Həsənovun necə məmur olduğu hər kəsə məlumdur. Əli Kərimli siyasi gündəm formalaşdırıb, onun istefasına nail olmaq istədi. Amma hakimiyyətin qarşı həmləsi ilə onun özü maliyyə hesabatı verməyə məcbur oldu. Bu hesabatı monoloq şəklində verdi. Heç kimin olmadığı, təkrar sualın verilmədiyi, debatın olmadığı şəraitdə monoloq şəklində saxta hesabat verdi.

- Bütün bunları niyə AXCP-də olduğunuz zamanlar dilə gətirmirdiniz?

- Kimdəsə bu sual mənə qarşı ünvanlanar ki, uzun müddət Kərimlinin silahdaşı olmusan. Amma heç zaman kimsə düşüncələrimi istiqamətləndirə bilməz. Düşündüyümü hər zaman inanaraq ifadə etmişəm. 2010-cu ilə qədər şəxsi resurslarımı siyasətə xərcləyərək, AXCP-nin təşkilatlanmasında xüsusi xidmətlərim olub. 2010-cu ildən sonra partiya rəhbərliyinə gəldim. Gəldiyim andan Rəyasət Heyətində Kərimlinin idarəetməsinə qarşı olduğumu ifadə etmişəm. Bunun şahidləri az deyil. Bundan 8 ay sonra həbs olundum. Həbsdən çıxdıqdan sonra da Əli Kərimli ilə münasibətlərimiz ciddi şəkildə artan xətlə gərginləşməyə doğru getdi. Nəticədə sədrə qarşı qurultayda alternativ oldum. Yaxınlarda vəkillərin maliyyə, qrant məsələləri ilə bağlı çəkişmələri oldu. Hamıya məlumdur ki, 1993-cü ildən bu yana beynəlxalq donorlar tərəfindən dəyəri milyardlarla ölçülən qrant layihələri ayrılıb. Bunların çox da az olmayan hissəsi müxalifət və QHT-lərə ayrılıb. Bu vəsaitlərin səmərəli xərclənməsi bir yana, bu layihələr korrupsiyaya uğrayıb. Hakimiyyət neft pullarını əgər 60-70% dəyərində korrupsiyaya uğradıbsa, müxalifət və vətəndaş cəmiyyəti layihələrin 95%-ni və bəlkə də daha çoxunu korrupsiyaya uğradıb. Bunun hesabını kim verəcək? Bu yöndəki çıxışlarım, təkliflərim partiya rəhbərliyində məni arzuolunmaz şəxsə çevirdi.

- “Azadlıq” qəzeti vasitəsilə AXCP sədrinin külli miqdarda vəsaitlər əldə etdiyi barədə daim iddialar səslənir...

- “Azadlıq” qəzeti partiya və Əli Kərimlinin birbaşa şəxsi inhisarında olan qəzetə çevrilmişdi. Qəzetin idarəetməsinə birbaşa Kərimli rəhbərlik edirdi. Rəyasət Heyətinin iclaslarında qəzetə yardımla bağlı müzakirələr olanda fikirlərimi bildirib, belə fikir ifadə etmişdim ki, qəzetin idarəsi ilə bağlı xüsusi marağımız varsa, gəlir və digər məsələlərlə bağlı açıq və şəffaf müzakirələr keçirməliyik. Yadımdadır, o vaxt beş minə yaxın abunəlik var idi. Bütün rayon təşkilatları bu işə səfərbər olunmuşduq. Orada bir şirkət var idi, bu şirkət abunə işini təşkil edirdi, rayonlara qəzetlər göndərilirdi. Cəbhəçilər qəzetin pulunu yığıb Bakıya göndərirdilər. O zaman bəzi rayonların qəzet borcu qalmışdı. Müzakirələrin birində çıxış etdim ki, ilk növbədə, biz cəbhəçilərə qəzeti niyə 40 qəpiyə göndərməliyik? Qəzet kifayət qədər qazanırdı, 7-8 min civarında satılırdı. Bu da aylıq 25-30 min manat gəlir demək idi. Amma qəzetin işçiləri yenə də əməkhaqqı ala bilmirdilər. Bu istiqamətdəki təkliflər daim süngü ilə qarşılanırdı. İstənilən rayon təşkilatına 40 qəpikdən göndərilən qəzet 30 qəpikdən hesablansa, 2 manat həmin cəbhəçiyə qalar, o da heç olmasa ya siqaret alar, ya da yol puluna verər. Qəzetləri qəbul edib lazımi ünvanlara çatdırmaq bir günlük iş norması deməkdir. Biz insanları özümüz pul qazana-qazana ictimai əsaslarla işlədə bilmərik. İllərdir Azərbaycan siyasətindəyəm, daim qazandığım pulu xərcləmişəm. Bir nəfər siyasətdə məni qeyri-şəffaflıqda suçlasın. Amma Əli Kərimli ilə bağlı yüzlərlə ittiham səsləndirə bilərəm. Bu gün monoloq şəklində insanları aldada bilər, amma nə zamansa bu ölkədə siyasi açılım olacaqsa, o zaman Əli Kərimliyə imkan verməyəcəm, onun qarşısında duracam. Qoyduğumuz suallara cəmiyyət qarşısında Əli Kərimli cavab verməyə acizlik çəkəcək.

- Son günlərdə Əli Kərimlinin hakimiyyətlə vaxtı ilə işbirliyində olması barədə məlumatlara tez-tez rast gəlirik. AXCP-də uzun müddət təmsil olunan bir şəxs kimi bu ittihamlara münasibətiniz?

- Yaxşı bilirsiniz ki, 1998-ci il prezident və 2000-ci illərin parlament seçkiləri ərəfəsində, eləcə də 2003-ci ilin prezident seçkilərində hakimiyyətin əsas alternativi Müsavat Partiyası idi. O zaman Müsavat AXCP tərəfindən heç vaxt dəstəklənmədi. Əli Kərimlinin maliyyə, idarəetmə işləri ilə bildiyim faktlar olduğu üçün əminliklə danışıram. Amma onun hakimiyyətlə işbirliyində olması barədə əlimdə faktlar olmadığı üçün rəqibəm deyə onun xatirinə fərqli fikirlər söyləyə bilmərəm. Bu məsələlərlə bağlı əlimdə konkret faktlar yoxdur. Onun üçün də nələrsə deyə bilmərəm. Amma onu yaxşı bilirəm ki, 2003-cü ilin prezident seçkiləri ərəfəsində AXCP-nin Ali Məclisindəki müzakirələrdə Müsavat Partiyası ilə birlikdə koalisiya yaratmaq və seçkilərə getməklə bağlı ümumi mövqeyi Əli Kərimli şəxsi mövqeyi ilə dəyişdirdi. Baxmayaraq ki, o zamanlar ciddi tələblər var idi, təkliflər səslənirdi ki, real alternativ Müsavatın namizədidir. Amma Əli Kərimli şəxsi mövqeyi ilə bu məsələni əngəllədi. O zaman buna qarşı da fikrimi ifadə etmişdim.
Geri qayıt