DataLife Engine > Siyasət, BLOK XƏBƏR, MANŞET > Erməni ekspertlərdən sərsəm iddia: “Aprel döyüşlərində İsrail vətəndaşları iştirak edib”

Erməni ekspertlərdən sərsəm iddia: “Aprel döyüşlərində İsrail vətəndaşları iştirak edib”


17-08-2017, 20:52. Yerləşdirdi: sefa Erməni ekspertlərdən sərsəm iddia: “Aprel döyüşlərində İsrail vətəndaşları iştirak edib”
Üstündən az qala bir il yarım keçsə də, Ermənistan aprel döyüşlərinin nəticələrini unuda bilmir və təftişini davam etdirir. Xüsusilə də diqqətçəkən bir məqam var ki, işğalçı ölkə apreldə endirilən sarsıdıcı zərbələrdə üçüncü dövlətin iştirakında israr edir.

Bir vaxtlar Azərbaycanın qəhrəman xüsusi təyinatlıların şücaətindən təşvişə düşən erməni tərəfi onları “Türkiyədən gəlmiş Bozqurdlar” kimi qələmə verirdi. Bu günlərdə isə, erməni ekspertlər yenidən aprel döyüşlərinə qayıdaraq proseslərdə İsrail hərbçilərinin iştirakı barədə iddia irəli sürməyə başlayıblar.

Erməni politoloq Ara Papyan 17 avqustda keçirdiyi mətbuat konfansında iddia edib ki, aprel döyüşlərində İsrail vətəndaşlarının iştirakı beynəlxalq qalmaqaldır. Bunu deyərkən o, son zamanlar İsrailin bəzi mətbuat orqanlarında erməni lobbisinin təsiri altında yazılmış materiallara istinad edib.

Həmin yazılarda iddia olunub ki, İsrail istehsalı olan və aprel döyüşlərində Ermənistan ordusuna sarsıdıcı zərbələr endirən və düşmənin 30-dan artıq tankını məhv edən dronlar israilli mütəxəssislərin nəzarətində olub. İddialara görə, guya ki, həmin mütəxəssislər Azərbaycanın xahişi ilə bu əməliyyatda yer alıblar. Ermənilərin bildirdiyinə görə, bu barədə ilk dəfə “Maariv” qəzeti yazıb. Papyan deyib ki, bu, ciddi insidentdir və İsrail vətəndaşlarının bu hərəkətinə ölkə qanunlarına əsasən qiymət verilməlidir. Ermənilər aprel döyüşlərindən əvvəl Azərbaycandan İsrailə uçan təyyarə ilə bağlı da şübhələrini bölüşüblər və özlərindən fantazialar qurublar.

Erməni ekspertlərdən sərsəm iddia: “Aprel döyüşlərində İsrail vətəndaşları iştirak edib”

İnformasiya texnologiyaları birliyinin direktoru Karen Vardanyan da bənzər iddialarla çıxış edib. Onun iddiasına görə, İsrailin aprel döyüşlərində Azərbaycan tərəfində iştirakını təsdiq edən “aydın dəlillər mövcuddur”. Guya İsrail hökuməti bu faktların üzə çıxmaması üçün Azərbaycanın pilotsuz aparatlarla bağlı sonuncu müraciətinə mənfi cavab verib.

Qeyd edək ki, Azərbaycan tərəfi bu kimi sərsəm iddiaları dəfələrlə yalanlayıb və işğalçıya sarsıdıcı zərbənin ordumuz tərəfindən vurulduğunu konkret faktlarla sübut edib. Görünür Ermənistan bu kimi iddialarla bir tərəfdən Azərbaycan-İsrail münasibətlərini korlamağa, digər tərəfdən özünü “köməksiz” vəziyyətə göstərib himayədarlarından əlavə dəstək almağa çalışır.(musavat.com)
Geri qayıt