DataLife Engine > Siyasət, BLOK XƏBƏR, MANŞET > Azərbaycan və Türkmənistan prezidentlərinin mətbuata birgə - Bəyanatı

Azərbaycan və Türkmənistan prezidentlərinin mətbuata birgə - Bəyanatı


8-08-2017, 17:18. Yerləşdirdi: sefa Azərbaycan və Türkmənistan prezidentlərinin mətbuata birgə - Bəyanatı
"Tarix, mədəniyyət, etnik köklər birdir və biz fəaliyyətimizi bu möhkəm təməl üzərində qururuq".

Xalqinfo.az-ın məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov ilə birgə mətbuata bəyanatla çıxışında deyib.

Dövlət başçısı bildirib:

"Hörmətli cənab Prezident, mən Sizi bir daha Azərbaycanda səmimiyyətlə salamlayıram. Ölkəmizə “Xoş gəlmisiniz” deyirəm. Bu səfəriniz Türkmənistan-Azərbaycan əlaqələrinin inkişafında çox böyük yer tutur. Bu gün apardığımız danışıqlar və imzalanmış sənədlər bir daha onu göstərir ki, Türkmənistan-Azərbaycan əlaqələri ən yüksək səviyyədədir. Bu əlaqələrin təməlində xalqlarımızın birliyi, dostluğu, qardaşlığı dayanır. Əsrlər boyu türkmən və Azərbaycan xalqları bir yerdə yaşamışlar, əməkdaşlıq, dostluq etmişlər. Dövlətlərarası münasibətlər bu möhkəm təməl üzərində qurulub. Bu il biz diplomatik münasibətlərin yaradılmasının 25-ci ildönümünü qeyd edirik. Bu 25 il ərzində Azərbaycan və Türkmənistan böyük və uğurlu yol keçmişdir. Cənab Prezident, mən bu gün xüsusilə Sizin rəhbərliyinizlə Türkmənistanın əldə etdiyi uğurlar haqqında danışmaq istərdim. Sizin rəhbərliyinizlə ölkəniz sürətlə inkişaf edir, sosial, iqtisadi məsələlər uğurla həll olunur, vətəndaşların rifah halı yaxşılaşır, Türkmənistan beynəlxalq aləmdə böyük rol oynayır. Sizin neytrallıq siyasətiniz dünya ictimaiyyəti tərəfindən dəstəklənir və Birləşmiş Millətlər Təşkilatı Türkmənistanın neytrallığı ilə bağlı iki il əvvəl qətnamə qəbul etmişdir. Azərbaycan da o qətnamənin həmmüəllifi olmuşdur".

Prezident İlham Əliyev qeyd edib ki, bu gün imzalanan sənədlər arasında Birgə Bəyannamə xüsusi yer tutur: "Bu, strateji tərəfdaşlıq haqqında imzalanan Bəyannamədir. Yəni, bu, əlaqələrin ən yüksək səviyyəsidir. Bu gün Türkmənistan və Azərbaycan artıq strateji tərəfdaşlardır. Bu Bəyannamədə gələcək birgə fəaliyyətimizin demək olar ki, bütün istiqamətləri müəyyən edilib, həm siyasi, həm iqtisadi, humanitar, mədəniyyət, nəqliyyat, energetika, təhlükəsizlik məsələləri öz əksini tapıb. Bəyannamədə hər iki tərəf bir-birinin ərazi bütövlüyünə, suverenliyinə, sərhədlərin toxunulmazlığına qətiyyətli dəstək nümayiş etdirmişdir. Bizim əlaqələrimiz uğurla inkişaf edir. Biz bir çox istiqamətlər üzrə fəaliyyətimizi gücləndirəcəyik. Bu gün beynəlxalq təşkilatlar çərçivəsində uğurla əməkdaşlıq edirik - BMT-də, ATƏT-də, İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində bir-birimizi dəstəkləyirik. Ticarət sahəsində, iqtisadi sahədə yaxşı nailiyyətlər var. Keçən il ticarət dövriyyəmiz artıb".

İlham Əliyev deyib ki, bu gün danışıqların böyük hissəsi nəqliyyat məsələlərinə həsr edilib: "Həm Türkmənistanda, həm Azərbaycanda yeni dəniz ticarət limanları tikilir və yaxın zamanlarda istifadəyə veriləcək. Bu, yük daşımalarının həcminin artırılmasına gətirib çıxaracaq. Eyni zamanda, bu gün müzakirə edilən mövzulardan biri də Bakı-Tbilisi-Qars dəmir yolunun inşasıdır. Bu yol həm Türkmənistanın, həm Azərbaycanın tranzit imkanlarını böyük dərəcədə artıracaq. Energetika sahəsində əməkdaşlıq üçün yaxşı imkanlar var. Bu gün imzalanan Memorandum gələcək fəaliyyətimiz üçün yaxşı əsas yaradır. Biz bütün sahələrdə, təbii ki, humanitar sahədə uğurla əməkdaşlıq edirik. İctimaiyyət onu da görür ki, bizim üçün tərcüməçi də lazım deyil. Biz cənab Prezidentlə söhbət əsnasında dedik ki, əgər bizim vətəndaşlar bir ay bir-birinə qonaq getsələr onda heç, ümumiyyətlə, tanış olmayan kəlmə də qalmaz. Yəni, bu oxşarlıq bizim böyük sərvətimizdir. Tarix, mədəniyyət, etnik köklər birdir və biz fəaliyyətimizi bu möhkəm təməl üzərində qururuq".

Prezident İlham Əliyev vurğulayıb ki, Türkmənistan bizim üçün yaxın, dost, qardaş ölkədir, türkmən xalqı bizim qardaş xalqımızdır: "Biz bunu yüksək qiymətləndiririk. Mən xüsusilə Prezident Berdiməhəmmədovun fəaliyyətini bir daha qeyd etmək istərdim. Çünki bizim uğurlu əməkdaşlığımızın tarixi hadisəsi 2008-ci ildə baş vermişdir. Həmin ilin may ayında ilk dəfə olaraq Türkmənistan Prezidenti Azərbaycana səfər etmişdir və ondan bir neçə ay sonra - 2008-ci ilin noyabr ayında mən Türkmənistana səfər etmişdim. O səfərlər dönüş nöqtəsi idi. O səfərlərdən sonra geniş əməkdaşlıq formatı formalaşdı, yaradıldı və biz bu gün onun gözəl bəhrəsini görürük. Cənab Prezident, mənim dəvətimi qəbul edib Azərbaycana səfər etdiyiniz üçün Sizə bir daha minnətdarlığımı bildirmək istəyirəm. Əminliyimi ifadə etmək istəyirəm ki, səfərinizin çox gözəl nəticələri olacaq. Türkmənistan və Azərbaycan bir-birinə daha da yaxın olacaq. Sağ olun".

“Azərbaycan bizim mühüm və etibarlı tərəfdaşımızdır”.

Bunu isə Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov deyib.

Q.Berdiməhəmmədov bildirib:

"Əvvəlcə Türkmənistanın nümayəndə heyəti adından Azərbaycan Respublikasının Prezidenti İlham Heydər oğlu Əliyevə, bütün azərbaycanlı dostlara və həmkarlara göstərilmiş qonaqpərvərliyə, səmimi qəbula və birgə iş üçün gözəl şəraitin yaradılmasına görə səmimi minnətdarlığımı bildirmək istəyirəm.

Bu gün Türkmənistan ilə Azərbaycan arasında ən yüksək səviyyədə danışıqlar aparıldı. Həmin görüşlər zamanı ikitərəfli münasibətlərin durumu və perspektivləri, regional və beynəlxalq siyasət məsələləri müzakirə olundu, gələcək qarşılıqlı fəaliyyətimizin konkret istiqamətləri təyin edildi. İki ölkə arasında ənənəvi olan qarşılıqlı inam və açıqlıq mühitində keçən danışıqların konstruktiv və məzmunlu xarakterini xüsusilə qeyd edirəm. Görüşlər zamanı bu gün bütün istiqamətlərdə - siyasi, iqtisadi, mədəni, humanitar sahələrdə aparılan ikitərəfli dialoqun indiki səviyyəsini yüksək dəyərləndirdik".


Türkmənistan Prezidenti qeyd edib ki, Azərbaycan ilə əlaqələrimiz qarşılıqlı hörmət, bərabərlik və qarşılıqlı surətdə faydalı əməkdaşlıq prinsipləri əsasında dinamik və yüksələn xətlə inkişaf edir: "Hörmətli azərbaycanlı dostlarımız, hörmətli qardaşlarımız, Azərbaycan bizim mühüm və etibarlı tərəfdaşımızdır. Biz Mərkəzi Asiya, Xəzər hövzəsi zonasında sülhün, sabitliyin və təhlükəsizliyin təmin edilməsi, burada səmərəli əməkdaşlıq mexanizmlərinin qurulması üçün müvafiq şəraitlərin yaradılması məqsədilə fəal şəkildə birgə çalışırıq. Türkmənistan və Azərbaycan arasında qarşılıqlı addımlar bu gün strateji sabitlik və regional proseslərin müsbət inkişaf amilidir. Hər iki ölkə Xəzəryanı məkanın Avrasiyada uzunmüddətli sabitliyin mənbəyinə, geniş beynəlxalq tərəfdaşlığın arenasına çevrilməsinin tərəfdarıdır. Keçirilmiş danışıqlarda iki ölkənin nüfuzlu beynəlxalq və regional strukturlar - Birləşmiş Millətlər Təşkilatı, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı, Müstəqil Dövlətlər Birliyi, İslam Əməkdaşlıq Təşkilatı və İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində fəal əməkdaşlıq etməsinə hazırlıq vurğulandı. Hörmətli dostlar, Türkmənistan ilə Azərbaycan arasında sıx qarşılıqlı fəaliyyət Xəzər dənizində beştərəfli tərəfdaşlıq çərçivəsində davam edəcək. Mən bir daha təkrar etmək istəyirəm ki, bu əməkdaşlıq beştərəfli əməkdaşlıqdır. Biz iqtisadi əməkdaşlıq məsələlərini təfərrüatı ilə müzakirə etdik və iki dövlətin güclü sənaye və infrastruktur potensialına uyğun olaraq bu sahədə qarşılıqlı fəaliyyətin artırılmasının zəruriliyi haqqında ümumi rəyə gəldik".

Q.Berdiməhəmmədov deyib ki, danışıqlar zamanı Türkmənistan ilə Azərbaycan arasında ticarət sahəsində tərəfdaşlığa, qarşılıqlı mal dövriyyəsinin artırılması və şaxələndirilməsinin zəruriliyinə xüsusi diqqət yetirildi: "Biz qarşılıqlı ticarətin genişləndirilməsi, sənaye, xidmətlər və aqrar kompleks sahələrində geniş birgə layihələrin həyata keçirilməsi üçün sərmayə siyasətinin fəallaşdırılması məqsədilə tədbirləri nəzərdən keçirmək barədə razılığa gəldik. Bu baxımdan iki ölkənin biznes qurumlarının xətti ilə qarşılıqlı fəaliyyət mühüm rol oynamalıdır. Əməkdaşlığımızın strateji istiqamətləri energetika və nəqliyyatdır. Türkmənistan və Azərbaycan enerji daşıyıcılarının istehsal həcminə görə Avrasiyada lider mövqeləri tutur. Bizim müasir infrastrukturumuz var və söhbət nəinki Avrasiya və regiondan gedir, mən söyləyə bilərəm ki, bütün dünyada ölkələrimiz məhz enerji daşıyıcılarının istehsal həcminə görə lider mövqeyindədir. Müvafiq infrastrukturumuz var, enerji və nəqliyyat marşrutlarının konfiqurasiyası ilə bağlı ümumi rəyimiz mövcuddur. Enerji və nəqliyyat axınlarının şaxələndirilməsi baxımından biz öz potensialımızın davamlı istifadəsi, yeni, birgə layihələrin reallaşması üçün bütün imkanlardan istifadə edəcəyik".

Türkmənistan Prezidenti vurğulayıb ki, danışıqlar zamanı iki ölkə arasında geniş mədəni, humanitar, elmi, təhsil və idman əlaqələrinin daha da inkişafı və həvəsləndirilməsi üzərində ümumi razılıq əldə olunmuşdur: "Hörmətli azərbaycanlı dostlarımız və qardaşlarımız, nümayəndə heyətimiz bugünkü görüşlərin nəticələrini yüksək dəyərləndirir. Yekun olaraq, böyük ikitərəfli sənədlər paketi imzalandı. Hörmətli kütləvi informasiya vasitələrinin nümayəndələri, Türkmənistan Azərbaycan ilə münasibətlərinə xüsusi əhəmiyyət verir, onu qardaş dövlət sayır.

Ölkələrimiz və xalqlarımız əsrlər boyu formalaşmış yaxşı qonşuluq, ümumi tarix, mədəniyyət, dil və mənəvi dəyərlər ənənələri ilə bağlıdır. Biz bu irsi xüsusi olaraq qoruyub saxlayırıq, ona müasir reallıqlar ruhunda yeni məzmun gətiririk.

Qarşımızda duran əsas məqsəd ənənələrimizin və ən ülvi dəyərlərimizin gələcək nəsillərə çatdırılmasından ibarətdir.

Türkmənistan ilə Azərbaycan arasında əməkdaşlıq bütün istiqamətlər üzrə durmadan inkişaf edəcək. Bu, iki ölkənin və xalqın uzunmüddətli maraqlarına cavab verir, beynəlxalq proseslərin müsbət inkişafının güclü amilidir. İkitərəfli əlaqələrin gücləndirilməsində, Türkmənistanla əməkdaşlıq məsələlərinə daimi diqqətin göstərilməsində Azərbaycan Prezidentinin böyük şəxsi xidmətlərini xüsusi qeyd etmək istəyirəm. Hörmətli İlham Heydər oğlu, icazə verin, Azərbaycan ilə Türkmənistan arasında qardaşlıq əlaqələrinin inkişafına göstərdiyiniz yüksək diqqətə görə Sizə dərin minnətdarlığımı bildirim. Hörmətli iştirakçılar, hörmətli qardaşlar və həmkarlar, sonda qardaş Azərbaycan xalqını bir daha salamlayır, ona sülh, rifah və tərəqqi arzu edirəm. Sizə bu arzularımı bütün türkmən xalqı adından çatdırıram. Diqqətinizə görə minnətdaram".



www.xalqinfo.az
Şəfa Rasimqızı
Geri qayıt